Məhkəmə qərarları › İş №2-1(112)-11033/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11033/2022

23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11033/2022 23.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı yaşayış yeri üzrə qeydiyyat alınma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ünvana qeydiyyat alınmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddaçı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu yaşayış yeri üzrə qeydiyyata alınmağına dair sərəncam verilməsi öhdəliyinin cavabdeh Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar verilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ünvanında ailəsi ilə birlikdə yaşayır. Həmin ünvanda yerləşən evi artıq uzun müddətdir ki, inşa edib həmin evdə yaşayır. Həmin torpaq sahəsinə çıxarış verilmişdir. Torpağın layihəsi, bölgü eskizi təsdiq edilmiş və bu barədə ona sənəd verilmişdir. Lakin dəfələrlə o yaşadığı evə qeydiyyata düşmək istəsə də, həmin evin ilkin qeydiyyatdan keçməsi üçün o Suraxanı RİH-nə müraciət etsə də onun müraciətindən imtina edilmiş, həmin evin qeydiyyatdan keçirilməsi üçün ona heç bir sənəd verilməmişdir. Lakin eyni zamanda Suraxanı RİH tərəfindən onun həmin evdə yaşamağına etiraz edilməmiş, o ailəsi ilə həmin evdə yaşamışdır. Həmin evdə yaşasa da qeydiyyatı başqa yerdə olmuş və həmin evin yiyəsi onları məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxartmışdır və hal-hazırda onun heç yerdə qeydiyyatı olmadığı üçün havada qalmışdır. Onun uzun illər həmin evdə yaşamasına baxmayaraq həmin evə qeydiyyata alınmadığından onun yaşadığı ünvanda qeydiyyatda olması barədə şəxsiyyət vəsiqəsi ala bilməmiş və bu da onun Azərbaycan Respublikası Konstitusiyası ilə nəzərdə tutulmuş bir çox hüquqlarından istifadə etməyinə maneələr törədərək hüquqlarının pozulmasına səbəb olmuşdur. Həmin evə qeydiyyata alınmaq üçün Suraxanı RPİ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqələri şöbəsinə müraciət etsə də onun həmin evə qeydiyat alınmasından imtina edilmiş, bu barədə ona rəsmi məktub da verilmişdir. Belə hesab edir ki, həmin Şöbənin onun qeydiyyata alınmağına dair verdiyi imtinası əsassızdır və həmin ünvana qeydiyat alınmağı vəzifəsi Suraxanı RPİ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqələri şöbəsinə həvalə edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, iddiaçı və cavabdehin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildə doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2003-cü ildə doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1954-cü ildə doğulmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ******* №-li qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.03 ha torpaq sahəsi xx.xx.2010-cu il tarixdən başlayaraq doxsan doqquz il müddətinə icarə hüququ üzrə X2 istifadəsindədir. - Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1887 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Hövsan qəsəbəsi, Quşçuluq sovxozu küçəsi №-siz saylı evdə qeydiyyatsız şəkildə ailə tərkibi (X4 anası X5) ilə birgə yaşayır. - 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzi tərəfidən verilmiş xx.xx.2021-ci il tarixli, 05/5380/70 №-li arayışın surətindən görünür ki, X1 və X2 nikah haqqında xx.xx.2015-ci il tarixdə 1605 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Sultanov, arvada Sultanova soyadı verilmişdir. Nikah xx.xx.2020-ci il tarixində ər-arvadın birgə ərizəsinə əsasən pozulmuşdur və 129 №-li akt qeydi ilə dövlət qeydiyyatına alınmışdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 096160905-1222 №-li məktubundan görünür ki, ərizəsinə baxılmışdır. Yaşayış yeri müəyyən olunduğundan, lakin yaşadığı evin hüquqi sənədi olmadığından aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ailə üzvləri ilə birgə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda yerləşən evdə qeydiyyatsız yaşayırlar. Həmin ünvan üzrə əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçı sözügedən ünvana qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir. İddiaçı yaşadığı həmin yaşayış sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi təqdim etməmiş və bu səbəbdən də cavabdeh inzibati orqan onları yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina etmişdir. Hazırda iddiaçı cavabdeh inzibati orqanın imtinasını mübahisələndirir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaa üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb oluna bilməz. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunun qeyd edilən tələblərindən görünür ki, şəxsin yalnız qanuni əsaslarla yaşadığı ev onun yaşayış yeri sayıla bilər ki, həmin yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün də həmin şəxs tərəfindən ərizə-anketlə birlikdə şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə) və həmin yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsinin müvafiq icra hakimiyyəti orqanına təqdim olunması tələb olunur. Qeyd edilən Qanunun 8-ci maddəsinin tələbindən isə görünür ki, bu qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə müvafiq icra hakimiyyəti orqanları (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. İşin halları ilə isə iddiaçının daimi yaşamaq məqsədilə qanuni əsaslarla həmin yaşayış sahəsinə köçüb yaşamasına hüquq verən sənədlərin mövcudluğu müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı mübahisəli ünvanda olan yaşayış sahəsinə qeydiyyata alınmasını tələb etsə də həmin yaşayış sahəsinə qanuni əsaslarla köçüb yaşamasını və buna hüquq verən sənədlərin, yəni Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ünvanında yerləşən evə dair orderin, qeydiyyat vəsiqəsinin (və ya reyestrdən çıxarışın), kirayə və ya icarə müqaviləsinin mövcudluğu tərəfindən sübuta yetirilmədiyindən cavabdeh orqan iddiaçını qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Bu imtina qanuna zidd deyildir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Ona görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsas ən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar