Məhkəmə qərarları › İş №2-1(112)-11034/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11034/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11034/2023 12.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “uşağa adın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “uşağa adın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 12 oktyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.2023-cü il tarixdə doğulmuş uşağına “Muhammed” adının verilməsi üçün cavabdeh 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə etdiyi müraciət “Məhəmməd” və “Məmməd” formasına yazılmasının mümkünlüyü qeyd edilməklə təmin edilməmişdir. İddiaçı cavabdeh 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə doğulmuş uşağına “Muhammed” adının verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2023-cü il tarixdə uşağı doğulmuşdur. Doğum haqqında tibbi şəhadətnamə və digər zəruri sənədlərlə doğum haqqında şəhadətnamə almaq üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən uşağa “Muhammed” adının qoyulması ilə bağlı imtina məktubu verilmişdir. “Muhammed” adının uşağa qoyulmasının iddiaçı üçün xüsusi əhəmiyyəti vardır. Bu adın qoyulmasına etiraz edilməsi mövcud qanunvericiliyin normalarına ziddir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılması xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə doğulmuş uşağına “Muhammed” adının verilməsi üçün cavabdeh 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə etdiyi müraciət “Məhəmməd” və “Məmməd” formasına yazılmasının mümkünlüyü qeyd edilməklə təmin edilməmişdir. İmtina məktubunda “Muhəmməd” yazılsa da, inzibati icraat materiallarından müəyəyn edilmişdir ki, iddiaçının müraciəti hazırkı iddia ərizəsi ilə uyğun təşkil etməklə, uşağına “Muhammed” adının verilməsi ilə bağlı olmuşdur. İddiaçı hazırda xx.xx.2023-cü il tarixdə doğulmuş uşağının doğumunun qeydə alınması və ona “Muhammed” adının verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbini irəli sürmüşdür. Uşağın anası X1 notarial qaydada təsdiq edilmiş ərizə verməklə uşağına “Muhammed” adının verilməsinə etirazının olmadığını bildirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 168.1. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”: 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1016-İİİQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 294 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri (bundan sonra - qeydiyyat şöbəsi) və ya rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra - icra hakimiyyətinin nümayəndəliyi), xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra – konsulluq idarəsi) tərəfindən adların, ata adlarının və soyadların verilməsi, həmçinin qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən onların dəyişdirilməsi məsələlərini tənzimləyir. 1.4. Uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. 2.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Yuxarıda göstərilən qanunvericiliyin tələbindən göründüyü kimi, hər bir uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir və uşağa ad valideynlərin razılığı ilə verilir. Uşağa adın verilməsi ilə bağlı valideynlər arasında fikir ayrılığı olmadıqda uşağa adın verilməsi ilə bağlı məhdudiyyət nəzərdə tutulmamışdır. Yalnız yuxarıda istinad olunan qaydalarda uşağın mənafeyinə xələl gətirə biləcək, habelə onun cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə məhudiyyət nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə cavabdehin imtinasını əsaslı saymır və hesab edir ki, bu imtina qanuni sayıla bilməz. Qeyd edilməlidir ki, cavabdeh inzibati orqan məsələnin həllindən imtina edərkən hər hansı normativ hüquqi aktın müddəasına istinad etməmişdir. Həmçinin məhkəmə vurğulayır ki, “Muhammed” adının uşağın mənafeyinə xələl gətirməməsi, habelə uşağın cinsinə uyğun gəlməsi, gülünc ad olmaması və hər iki valideynin razılığının olması nəzərə alındıqda, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Bundan əlavə, məhkəmə, hazırkı işlə eyni məzmunlu (uşağa “Muhammed” adının verilməsi) mübahisə üzrə Konstitusiya Məhkəməsi Plenumunun “L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 1 iyun 2022-ci il tarixli Qərarında ifadə olunmuş, hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2023-cü il tarixdə doğulmuş uşağının doğumunun qeydə alınması və ona “Muhammed” adının verilməsi öhdəliyi 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdə doğulmuş uşağının doğumunun qeydə alınması və ona “Muhammed” adının verilməsi öhdəliyi 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar