Məhkəmə qərarları › İş №2-1(112)-11034/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11034/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11034/2025 03.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit borcunun illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il müddətinə ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanına əsasən "xxxx" ASC-yə olan 2.782,43 (iki min yeddi yüz səksən iki manat qırx üç qəpik) manat məbləğində qalıq kredit borcunun iddiaçı X1 tərəfindən cavabdeh Əmanətlərin Sığortalanaması Fonduna illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il müddətinə ödənilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Nəsrulla Bayramova xx.xx.2015-ci il tarixdə “Atrabank" ASC-dən tərəfindən 3.100 (üç min yüz) ABŞ dolları (5.270 ( beş min iki yetmiş) manat məzənnəsində) məbləğində kredit borcu verilmişdir. Azərbaycan Respublikasının Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx.xx.2019-cu il tarixli 551 nömrəli fərmanına əsasən xx.xx.2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na əsasən restrukturizasiya əməliyyatlarının həyata keçirilməsi təmin edilir. “Problemli Kreditlərin kompensasiyası" na əsasən iddiaçının 5.270 ( beş min iki yüz yetmiş) manat kredit borcundan 2.487,57 (iki min dörd yüz səksən yeddi manat əlli yeddi qəpik) manat məbləğində hissəsi kompensasiya edilmişdir. Belə olan halda iddiaçının kredit borcu 2.782,43 ( iki min yeddi yüz səksən iki manat qırx üç qəpik) manat təşkil edir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək qalıq kredit borcunun, yəni 2.782.43 ( iki min yeddi yüz səksən iki manat qırx üç qəpik) manat məbləğində borcun Fərmana uyğun olaraq 5 il müddətinə hissə-hissə ödənilməsini xahiş etmişdir. Lakin, cavabdeh xx.xx.2025ci il tarixli 12-5/2-B-21xx-xx-6214/2025 saylı cavab məktubunda bildirmişdir ki, xx.xx.2019cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədi ilə müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Qeyd edir ki, cavabdehin mövqeyi yalnış və əsassızdır. Belə ki, cavabdeh müddətin başa çatmasını əsas tutaraq qalıq borcun 5 il müddətinə hissə-hissə ödənilməsinə razılıq verməmişdir. Halbuki, Azərbaycan Respublikasının Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx.xx.2019cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya və ya restrukturizasiya edilmiş borcların qalıq məbləği 5 il müddətinə 1 faizlə ödənilir. Bu baxımdan cavabdehin imtinası əsassız olması Prezidentin Fərmanına ziddir.

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

5. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

8. İddia ərizəsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında mübahisə iddiaçıya xx.xx.2015ci il tarixdə “Atrabank" ASC (ləğv prosesindədir) tərəfindən verilmiş kredit borcu nəticəsində yaranmış hüquq münasibətlərindən irəli gəlir. İddiaçı hazırda kredit borcunun tərəfindən illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il müddətinə “Atrabank" ASC-nin ləğvedicisi cavabdeh Əmanətlərin Sığortalanması Fonduna ödənilməsinə dair qərar qəbul edilməsi xahiş edir.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

10. Məhkəmə hesab edir ki, tələb (kredit) müqavilənin şərtlərinin dəyişdirilməsi ilə bağlıdır, yəni mübahisə mülki xarakterli olmaqla cavabdehin “İnzibati icraat haqqında” Qanundan irəli gələn fəaliyyəti ilə bağlı deyildir. Belə olan halda, tərəflər arasında olan hüquq münasibəti inzibati xarakter daşımır, xüsusi hüquq münasibət kimi müəyyənləşdirilir.

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının: 11-ci bəndinə əsasən inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. 17-ci maddəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

12. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Belə ki, hazırkı mübahisə inzibati orqan olmayan hüquqi şəxslə iddiaçı arasındakı müqavilə münasibətlərindən irəli gəlir. Hazırda iddiaçı üçün səmərəli hüquq müdafiə vasitəsi müvafiq iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etməkdir.

13. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

14. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

15. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar