Məhkəmə qərarları › İş №2-1(112)-11035/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11035/2023

28.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11035/2023 28.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X14, X13, X15, X7, X12 və X22) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 7 ünvanında yerləşən 61 saylı mənzildən X8, X4, X9 və onların yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X17 qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı üçüncü şəxslərin qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzil AN - İ ******* nömrəli, 27 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satıcı X5 almışdır. Daha sonra həmin mənzilə onun adına mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da verilmişdir. Qeyd olunan alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən satıcı X14 özünün və həmin mənzildə qeydiyyatda olan yaxın qohumlarının xx/xx/2023-cü il tarixinədək qeydiyyatdan çıxacağını öhdəsinə götürmüşdür. Onların yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2009-cu il təvəllüdlü X22 da mənzilimdə qeydiyyatdadırlar. Onun üçüncü şəxslərin bu günədək mənzilində qeydiyyatda qalmasından xəbərim olmamışdır. O elə bilmişdir ki, müqavilədə göstərilən sonuncu tarixdə onlar avtomatik qeydiyyatdan çıxacaqlar. Üçüncü şəxslərin özü də bu barədə ona məlumat verməmişdirlər. Bu yaxınlarda onlarla əlaqə saxladıqda evlərinin mansard tipli olmasına və ən əsası da sənədləri olmadığına görə qeydiyyata düşə bilmədiklərini qeyd etmişdirlər. Bunun onun problemi olmadığını deyərək, təcili onun evindən qeydiyyatdan çıxmalarını tələb etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Uzun müddətin keçməsinə baxmayaraq üçüncü şəxslər bu günə kimi mənzilindən qeydiyyatdan çıxmamışdırlar. Üçüncü şəxslərin faktiki olaraq harada yaşaması ona məlum deyil. Beləliklə, üçüncü şəxslərlə heç bir əlaqəsi olmadığına, mənzilində yaşamadıqlarına baxmayaraq, əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışdırlar. Bu bir mülkiyyətçi kimi onun bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. X8 və onun ailə üzvlərinin mənzildən qeydiyyatdan çıxarılması ilə əlaqədar bu yaxınlarda Nəsimi Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin imtina məktubunda mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən mənzildən qeyd olunan şəxslərin qeydiyyatdan çıxarılması ilə əlaqədar məhkəməyə müraciət edə biləcəyi qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11035/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə X14, X13, X15, X7, X12 və X22 İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı, cavabdeh və üçüncü şəxslərə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1987-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışına xx.xx.1972-ci il təvəllüdlü X14, xx.xx.1995-ci il təvəllüdlü X13, xx.xx.1993-cü il təvəllüdlü X15, xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2009-cü il təvəllüdlü X22 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanındakı mənzil İddiaçı adına xx.xx.2022-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 18/2-22352/23 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2023-cü il-tarixli 2-1(112)- 11035/2023 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, X14 11,09.2004-cü il tarixdən, Məmmədova (İsmayılova) Pərvanə Akif qızı xx.xx.2009-cu il tarixdən, X13 xx.xx.2011-ci il tarixdən, X12 xx.xx.2015-ci il tarixdən, X7 xx.xx.2015-ci il tarixdən, X22 xx.xx.2015-ci il tarixdən ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qeydiyyata əsas verən sənədlərin saxlama müddəti (5 il) bitdiyinə görə məhv edildiyindən həmin sənədlərin Sizə təqdim edilməsi mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baki Şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 51/2-22317 nömrəli məktubunda bildirilmişdir ki, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 7, mənzil 61 ünvanına sorğuda adları qeyd olunan şəxslər, X14 xx.xx.2004-cü il, X13 xx.xx.2011-ci il, X15 xx.xx.2009-cu il, X7 xx.xx.2012-ci il, X12 xx.xx.2015-ci il və X22 xx.xx.2015-ci il tarixlərdə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər 23 saylı Notariat Ofisinin verdiyi xx.xx.2023-cü il tarixli, 1746 nömrəli məktubu ilə xx.xx.2022-ci il tarixdə 23 saylı notariat ofisində 4Ə-2080 reyestrli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanması ilə əlaqədar notariat işinin surətindən görünür ki: -Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli MH seriyalı Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində istifadədə olan 0.85 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 6 mərtəbəli binada 73.88 kv.m ümumi, 46.18 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 61 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 564 nömrəli reyestr kitabının 51859 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi: 110797763, qeydiyyat tarixi: xx.xx.2007. -xx.xx.2022-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən satıcı X14 tam mülkiyyət hüququ üzrə özünə məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 73.88 kv.m, yaşayış sahəsi 46.18 kv.m olan 3 otaqlı mənzili alıcı İddiaçı mülkiyyətinə verir. -X10 notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsində bildirmişdir ki, X14 nümayəndəsi olduğu X10 qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini (ev, mənzil, otaq) tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür. -X13 notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsində bildirmişdir ki, X15 nümayəndəsi olduğu X4 qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini (ev, mənzil, otaq) tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür. -X15 notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsində bildirmişdir ki, qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini (ev, mənzil, otaq) tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi verdiyi xx.xx.2023-cü il tarixli, **********95 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanına dair sorğuda qeyd olunan şəxslərin istifadə hüquqlarının dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 51/2-A-16932 nömrəli məktubunda bildirilmişdir ki, Sizin, Nəsimi RPİ-yə etdiyiniz müraciətinizə X6 baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxslərin Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 7, mənzil 61 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qərarı əsasında həyata keçirilir. Nəzərinizə çatdırırıq ki, Sizin məhkəmə orqanlarına müraciət etmək hüququnuz var. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İş üzrə yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanındakı mənzilin xx.xx.2022-ci il tarixdən xüsusi mülkiyyətçisidir. İddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxslər- X14 mənzilin keçmiş mülkiyyətçisi, X13, X15 və yetkinlik yaşına çatmayanlar X7, X12 və X11 mülkiyyətçinin qohumlarıdır. Belə ki, xx.xx.2022-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən X1 mənzili alıcı İddiaçı satmış, müqavilənin 13-cü maddəsinin tələbinə uyğun olaraq xx.xx.2023-cü il tarixdək ünvan üzrə qeydiyyatdan çıxmaq öhdəliyini üzərinə götürmüş olsa da həmin tarixdən qeydiyyatdan çıxmamışdır. Eləcə də müqavilə bağlanan zaman yetkinlik yaşında olan şəxslər- X13 və X15 həmin mənzilin satılmasına razılıq vermiş, alqı-satqı müqaviləsi rəsmiləşdikdən sonra həmin müqavilədə nəzərdə tutulan müddət ərzində qeydiyyatdan çıxmağı öhdələrinə götürmüş olsalar da ünvan üzrə qeydiyyatda qalmışlar. Hazırda üçüncü şəxslər iddiaçıya məxsus sözügedən ünvanda yaşamırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etməməlidir. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair 2020-ci il 27 avqust tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Hazırkı işdən də müəyyən olunur ki, üçüncü şəxslər mübahisəli ünvanda qeydiyyatda olsalar da hazırkı mülkiyyətçinin ailə üzvü deyildirlər, həmin ünvanda faktiki olaraq yaşamırlar, onların mənzilə dair istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda üçüncü şəxslər iddiaçıya məxsus evə mənzilə əmlak hüquqları olmayan şəxs olduqlarından mənzilin hazırkı mülkiyyətçisi onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Bakı şəhəri Nəimanov Rayon Polis İdarəsinin isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1972-ci il təvəllüdlü X14, xx.xx.1995-ci il təvəllüdlü X13, xx.xx.1993-cü il təvəllüdlü X15, xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2009-cü il təvəllüdlü X22 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. X14, X13, X15, X7, X12 və X17 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar