Məhkəmə qərarları › İş №2-1(112)-11039/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11039/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11039/2022 14.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı X13 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Kəpic küçəsi, 14 saylı evin 13 saylı mənzilində qeydiyyatda olan X6 qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-11039/2022 nömrəli qərardadı ilə X13 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə üçüncü şəxs X13 19 oktyabr 2003cü il taridə nikaha daixl olmuş və 29 may 2021-ci il tarixdə nikahları pozulmuşdur. Birgə nikahda olan vaxt X13 iddiaçının razılığı ilə onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi,14 saylı evin 13 saylı mənzilinə qeydiyyata düşmüşdür. X18 həmin evdən istifadə hüququ olmamışdır. Artıq bir ildən çoxdur ki, Könül Ağayeva həmin mənzildə yaşamır və onun evdə formal qeydiyyatda qalmasına ehtiyac yoxdur. Mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı iddiaçı tərəfindən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə müraciət olunmuş, lakin həmin idarədən daxil olmuş 04 iyul 2022-ci il tarixli, 227932-3222 saylı məktubla bundan imtina olunmuşdur. Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, X13 iddiaçı ilə xx.xx.2003-cü il tarixdə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Ailə qurduqdan sonra o, iddiaçının yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi, 14 saylı evin 13 saylı mənzilinə köçmüşdür. Könül Ağayeva bütün cehiz əşyalarını həmin mənzilə yerləşdirmiş, iddiaçı ilə birlikdə ailə təsərüffatı aparmışlar, etibarlı ailə əlaqələri olmuş, ailə münasibətləri uzun illər ərzində yaxşı olmuşdur. K.Ağayeva sözügedən mənzilə xx.xx.2007-ci il tarixdə pasport qeydiyyatına düşmüşdür. Birgə nikahlarından xx.xx.2008-ci il tarixdə X14 adlı övladları anadan olmuş, o, həmin mənzilə pasport qeydiyyatına alınmışdır. xx.xx.2010-cu il tarixdə qaynanası X5 rəsmi qaydada həmin mənzili oğluna - iddiaçıya bağışlamış, iddiaçı isə həmin mənzilə dair öz adına mülkiyyət çıxarışını xx.xx.2010-cu il tarixdə rəsmiləşdirmişdir. Bundan sonra onların xx.xx.2016-cı il tarixdə X15 adlı ikinci qız övladları dünyaya gəlmişdir. Həmin uşaq da həmin mənzilə pasport qeydiyyatına alınmışdır. Münasibətləri pozulunadək iddiaçı, X13 və iki qızı həmin mənzildə birlikdə yaşamışlar, həmin mənzildən birlikdə istifadə etmişlər, mənzili birlikdə idarə etmişlər, mənzillə bağlı bütün ehtiyacları birlikdə qarşılamışlar, normal ailə kimi bir-birlərini başa düşmüşlər. Rəsmi nikaha daxil olduqları tarixdən təxminən 17-18 il sonra aralarında olan münasibətlər pisləşmiş, anlaşılmazlıqlar artmış, bu səbəbdən Könül Ağayeva nikahlarının pozulması barədə Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Onların arasındakı rəsmi nikah pozulmuş və birgə nikahlarından olmuş hər iki uşağın analarının yanında qalması qət edilmişdir. Aralarındakı münasibətlər gərginləşdiyi dövrdə iddiaçı sözügedən mənzilin kilidini dəyişmiş, bir daha Könül Ağayevanı və öz övladlarını həmin mənzildə yaşamağa buraxmamışdır. K.Ağayevanın mənzildə qalan şəxsi və cehiz əşyalarını iddiaçı taksi vasitəsi ilə ona göndərmiş, mənzildən özünün götürməsinə belə şərait yaratmamışdır. K.Ağayeva müvəqqəti olaraq az müddət valideynlərinin mənzilində, daha sonra övladları ilə birlikdə də kirayədə qalmaq məcburiyyətində qalmışdır. Onun adına hər hansı bir daşınmaz əmlak yoxdur. Göründüyü kimi X6 və azyaşlı övladlarının həmin mənzildən istifadə hüquqları vardır. Bir sözlə onun pasport qeydiyyatında olması formal xarakter daşımamışdır. Mənzildən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, hazırda onların orada yaşamamasının səbəbi mülkiyyətçinin onların mənzildən istifadəsinə imkan verməməsidir. Göstərilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi hazırki qeydiyyatdan çıxarma barədə iddiaçının tələbini yerinə yetirməməkdə haqlı olmuşdur. Yuxarıda şərh edilənləri və qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, X13 iddiaçının razılığı ilə onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi, 14 saylı evin 13 saylı mənzilinə qeydiyyata düşmüşdür. X18 həmin evdən istifadə hüququ olmamışdır. Artıq bir ildən çoxdur ki, Könül Ağayeva həmin mənzildə yaşamır və onun evdə formal qeydiyyatda qalmasına ehtiyac yoxdur. Üçüncü şəxsin nümayəndəsi Mülki Məcəllənin 228.3, 228.4 və 228.5-ci maddələrinə istinad etmiş, lakin həmin maddi hüquq normalarmı da öz xeyrinə təfsir etməyə çalışmışdır. Halbu ki, Mülki Məcəllənin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşmmaz əmlakm dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 228.2-ci maddəsinə görə isə yaşayış binasmın tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinə görə şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən qeydiyyatdan çıxarılır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarma görə şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasım təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqmda razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasmda tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Konstitusiya Məhkəməsinin qərarında eyni zamanda göstərilir ki, qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasmda qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Bundan başqa, Ü.Rəhimovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 dekabr 2009-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasmda köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Göründüyü kimi üçüncü şəxs X7 Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi 14 saylı evin 13 saylı mənzilindən istifadə hüququ yoxdur. Bundan başqa, üçüncü şəxsin nümayəndəsinin etirazından da görünür ki, orada yaşamır. Buna görə də onun qeydiyyatdan çıxarılması üçün bütün əsaslar mövcuddur. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, üçüncü şəxs qeydiyyatda olduğu mənzillə bağlı mülki məhkəmə icraatı qaydasında mübahisə qaldırmaq niyyətindədir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdeh məhkəməyə müraciət edərək məhkəmə iclasına onların iştirakları olmadan baxılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi, ev 14, mənzil 13 ünvanında yerləşən ümumi sahəsi 157,0 kvm. olan mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* №-li arayışdan görünür ki, xx.xx.1980-cı il təvəllüdlü İddiaçı, xx.xx.1984-cü il təvəllüdlü X16, xx.xx.2008-ci il təvəllüdlü X14, xx.xx.2016-cı il təvəllüdlü X15 Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi, ev 14, mənzil 13 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-805/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən İddiaçı ilə X16 arasında xx.xx.2003-cü il tarixdə Səadət Sarayında 2496 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X9 anaları X10 yanında qalması, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X9 yetkinilik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin xx.xx.2020-ci il tarixdən (“müvəqqəti alimentin tutulması barədə” Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 805/2021 saylı qərardadı nəzərə alınmaqla) tutularaq iddiaçı X12 ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 381214 №-li, xx.xx.2021-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X16 arasında olan nikah Nəsimi rayon məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdə pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə, 139 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Əliyev, qadına Ağayeva soyadı verilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 018-20088- 1222 №-li, məktubundan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Ağayeva (Əliyeva) Könül Akif qızı xx.xx.2007-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi, ev 14, mənzil 13 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Qeyd olunan şəxsin qeydiyyata alınmasına əsas olunmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyinə görə müvafiq qaydada məhv edildiyindən məhkəməyə göndərilməsi mümkün deyildir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyeystri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********86 nömrəli məktubdan görünür ki, Ağayeva (Əliyeva) Könül Akif qızının Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi, ev 14, mənzil 13 ünvanı üzrə istifadə hüquqlarının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. - Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.1999-cu il tarixli, 076112 nömrəli müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən 8 otaqdan ibarət daşınmaz əmlak "xxxx" Firması tərəfindən X1. xx.xx.2002-ci il tarixli müqaviləyə əsasən X11 mülkiyyətində olan həmin 8 otaqdan ibarət mənzilin 4 otağını (mənzil 13) gəlini X3 bağışlamışdır. xx.xx.2010-cu il tarixli, 117834 nömrəli mənzilin bağışlanmasına dair müqaviləyə əsasən X5 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi, 14 nömrəli binada yerləşən dörd otaqlı 13 saylı mənzili oğlu İddiaçı bağışlamışdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 082227937-3222 nömrəli məktubdan görünür ki, müraciətinə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikasının "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən X6 Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi, ev 14, mənzil 13 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Nəzərinə çatdırılır ki, məhkəmə orqanlarına müraciət etmək hüququ vardır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2010-cu il tarixdən iddiaçının mülkiyyətindədir. İş üzrə üçüncü şəxs X2 Adil Fuad oğlunun keçmiş arvadıdır. Üçüncü şəxs mübahisəli mənzilə yaşayış yeri üzrə xx.xx.2007-ci ildə qeydiyyata alınmışdır. Onların arasında olan nikah Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-805/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı üçüncü şəxs Könül Ağayevanın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlı müraciəti cavabdeh inzibati orqan tərəfindən sonuncunun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilməsi əsas gətirilərək təmin edilməmişdir. Hazırda iddiaçı üçüncü şəxsin sözügedən mənzildə yaşamadığına istinad edərək onun qeydiyyatdan çıxarılmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqan: vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası: vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin Qərarda həmçinin göstərilmişdir ki, “yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur”. Beləliklə, Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. Hazırki mübahisə üzrə üçüncü şəxs mübahisəli yaşayış ünvanı üzrə qeydiyyata mənzilin əvvəlki mülkiyyətçisinin razılığı ilə alınmış və iddiaçı ilə birlikdə ailə münasibətləri pozulanadək həmin ünvanda yaşamışdır. Üçüncü şəxsin hal-hazırda həmin mənzildə yaşamamasına səbəb iddiaçı ilə aralarında olan nikah münasibətinin pozulması olmuşdur. Üçüncü şəxsin bildirdiyinə görə iddiaçının mənzilin açarlarını dəyişdirməsi, bununla da mənzildən istifadəsinə maneələr yaratması nəticəsində qeydiyyata olduğu mənzildə yaşaya bilmir. Üçüncü şəxs Könül Ağayevanın qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, bu barədə əsaslar nə inzibati orqana, nə də məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə üçüncü şəxsin mübahisəli yaşayış sahəsinə hər hansı əmlak hüququnun olub-olmamasının müəyyən edilməsi nə inzibati orqan tərəfindən aparılan icraatda və nə də hazırki inzibati məhkəmə icraatında araşdırmanın predmeti deyildir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirili - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası qanuna zidd olmadığından və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar