Məhkəmə qərarları › İş №2-1(112)-11041/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11041/2023

31.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11041/2023 31.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq barədə arayışın (çıxarışın) verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçsının (bundan sonra mətndə Səbail rayon İHB) xx.xx.1993-cü il tarixli, 2618 №-li sərəncamı əsasında Badamdar qəsəbəsi, 2-ci Massivinin 39 nömrəli 600 kv. metr torpaq sahəsinin mərhum əri X5 adına mülkiyyət hüququnu təsdiq edən arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması ilə bağlı qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Səbail rayon İHB-nın “Badamdar qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə” xx.xx.1993-cü il tarixli, 2618 №-li Sərəncamı ilə ayrılmış Badamdar qəsəbəsi, 2-ci Yaşayış massivində (döngə 2, 39 №-li sahədə) yerləşən 600 kv. metr torpaq sahəsinin mərhum əri X6 məxsusluğu (mülkiyyət hüququ ilə) barədə arayışın (çıxarış) ona verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum ərinə Səbail rayon İHB-nın xx.xx.1993-cü il tarixli, 2618 saylı sərancamı əsasında Badamdar qəsəbəsinin, 2-ci massivində 39 nömrəli, 600 kv. metr. ev tikmək üçün torpaq sahəsi ayırılmışdır. Qeyd olunan torpaq sahəsi ayrılandan sonra əri torpaq sahəsini hasara almış və fərdi yaşayış evi tikmişdir. Hal-hazırda həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evində yaşayır. Əri 2017-ci ildə cavabdeh orqana qeyd olunan torpaq sahəsinə çıxarış alınması üçün müraciət etmiş, lakin müraciətə imtina cavabı alımışdır. İmtina cavabı aldıqdan sonra mərhum əri Azərbaycan Respublikası 1 saylı Baki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir (işin nömrəsi 2-1(81)-3244/2017). Ərinin səhhəti pisləşmiş və o, 1 saylı Baki İnzibati-İqtisadi Məhkəməsində təyin olunan məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Nəticədə həmin məhkəmənin xx.xx.2017-ci il tarixli qərardadı ilə iddia geri götürülmüş hesab edilmişdir, qərardaddan şikayət verilməmişdir. Mərhum əri X8 ağır sürən xəstəlikdən xx.xx.2018-ci il tarixində vəfat etmişdir, Torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması ilə bağlı mərhum ərinin hüquqi varisi olaraq cavabdeh orqan - DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş, müraciətə imtina cavabı verilmişdir. İmtina cavabının əsası bundan ibarət olmuşdur ki, qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra mətndə DNŞ) istifadəsinə verilmiş ərazisində yerləşir. Lakin bu faktı təsdiq edən heç bir sənədi imtina məktubuna əlavə edilməmişdir. Bundan əlavə olaraq, cavabdeh orqan imtina məktubunda qeyd etmişdir ki, 1 saylı Baki İnzibati-İqtisadi Məhkəməsinin icraatında qeyd olunan torpaq sahəsi ilə bağlı 2-1(81)-3244/2017 işin yekunlaşması ilə bağlı məhkəmə aktı idarəyə daxil olmamışdır. Torpaq sahəsinin yerləşdiyi ərazinin DNŞ-nin istifadəsinə verilməsi qeyrimümkündür çünki 1993-cü il tarixində Səbail rayon İHB-nın müvafiq sərancamına əsasən qeyd olunan torpaq sahələri paylanmışdır və bu faktı təsdiq edən Səbail rayon İHB tərəfindən təsdiq edilmiş topraq sahəsinin yerləşmə cizgisini iddia ərizəsinə əlavə etmişdir. Torpaq sahəsinin yerləşdiyi ərazinin DNŞ-nin istifadəsinə verilməsini təsdiq edən heç bir sənəd cavabdeh orqan tərəfindən onlara təqdim edilməmişdir. Bundan əlavə olaraq qeyd olunan ərazidə, qonşu sahələr artıq mülkiyyət hüquqlarını təsdiq edən çıxarışları əldə etmişdilər. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 16 iyun 2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsiə cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmuşdur. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, döngə 2 ünvanında yerləşən 32 saylı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinin yerləşmə mövqeyini göstərən yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməmiş və yerləşmə cizgisi səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq olunmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya **********08 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubu ünvanlanmışdır. Elektron kadastr baza məlumatlarına əsasən qeyd edilən torpaq sahəsindən 50 metr şimalda işlək olmayan neft quyusu mövcuddur. Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə quyulardan şəxsi tikililərə 300 metrlik mühafizə zonası müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları: İş materiallarında olan: iddiaçıya məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, İddiaçı xx.xx.1970-ci il təvəllüdlüdür. Bakı şəhər İcra Hakimiyyəti Başçısının: - “Torpaq sahəsinin geri alınması haqqında” 674 saylı xx.xx.1999-cu il tarixli sərəncamından (surəti) müəyyən olunur ki, DNŞ-nin Quruda Neft və Qazçıxarma Birliyinin xx.xx.1999-cu il tarixli JÇ-011/218 saylı məktubu nəzərə alınaraq, Səbail rayonu ərazisində yerləşən və DNŞ-yə məxsus “Bibiheybət” NQÇİ-nin istifadəsində olan torpaq sahələrindən 266,05 ha-nın geri alınması qərara alınmışdır. - “ARDNŞ-nə məxsus torpaq sahələrinin Bakı şəhərinin istifadəçiliyinə qaytarılmasına dair verilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 211 saylı və xx.xx.1999-cu il tarixli 674 saylı sərəncamlarının ləğv edilməsi haqqında” 144 saylı, xx.xx.2010-cu il tarixli sərəncamı (surəti) ilə DNŞ-nin xx.xx.2010-cu il tarixli, İƏ-329 saylı müraciəti nəzərə alınaraq, ARDNŞ-ə məxsus Sabunçu rayonu, Balaxanı-Sabunçu- Ramana yatağına və Səbail rayonu, “Bibiheybət” NQÇİ-yə aid torpaq sahələrinin Bakı şəhərinin istifadəçiliyinə qaytarılması barədə Bakı şəhər İHB-nın xx.xx.1999-cu il tarixli 674 saylı sərəncamlarının ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-08133-2022 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə İddiaçı təqdim olunmuş Səbail Rayon İcra Hakimiyyətinin Başçısının “Badamdar qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə” 2618 №-li, xx.xx.1993-cü il tarixli sərəncamın surətindən müəyyən olunur ki, Bakı şəhər İcraiyyə Komitəsinin 3/104 №-li xx.xx.1992-ci il tarixli qərarına əsasən, rayon icra hakimiyyətində, rayon ərazisində yerləşən müəssisə və təşkilatlarda mənzil növbəsində qeydiyyatda olan, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlara Badamdar qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması; İcra Hakimiyyətinin nəzdində yaradılmış torpaq bölgüsü komissiyasının 7 №-li xx.xx.1993-cü il tarixli protokolunun təsdiq edilməsi; Badamdar qəsəbəsində 2-ci massivdə “Xəzərneftdonanma” idarəsinin Gəmi təmiri zavodunun Azad Həmkarlar komitəsinin təsdiq etdiyi siyahıya əsasən torpaq sahələrinin palanılması; ___ №-li, 600 (altı yüz) kv. m. torpaq sahəsinin fərdi ev tikmək üçün Rövşən İmanova ayrılması barədə sərəncam verilmişdir. Səbail rayonu İHB-nın Badamdar qəsəbəsində Nümayəndəliyi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş 135 №-li çıxarışdan müəyyən olunur ki, Səbail rayon İHBnın 2618 №-li 20 iyul 1993-cü il tarixli sərəncamı ilə vətəndaş X6 ayrılmış Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 2-döngədə yerləşən 39 №li 600 kv. m. torpaq sahəsinə dair yerləşmə cizgisi tərtib olunmuş və həmin cizgi Səbail rayon Hİ tərəfindən təsdiq edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3244/2017 saylı iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qərardadın surətindən müəyyən olunur ki, iddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və üçüncü şəxs Səbail rayon İH-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayon İHB-nın 2618 nömrəli 20 iyul 1993-cü il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Badamdar qəsəbəsi ünvanında yerləşən 600 kv. m. torpaq sahəsinin və onun üstündə tikib yaşadığı evin qeydiyyata alınmasının cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3244/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə iddiaçı X5 cavabdeh ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə və üçüncü şəxs Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsinin və həmin torpaq sahəsinin üstündəki evin cavabdeh tərəfindən qeydə alınması tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddianın geri götürülmüş sayılması qərara alınmışdır. 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 941237 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X8 xx.xx.2018-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin 04-cü ayının 26-cı günündə 735 nömrə ilə qeyd edilmişdir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin notariat kontoru tərəfindən ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 398 №-li, xx.xx.2018-ci il tarixli məktubu ilə, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin notariat kontorunda xx.xx.2018-ci il tarixdə vəfat etmiş X5 adına 18 may 2018ci il tarixdə açılmış V-124/2018 saylı vərəsəlik işinin həlli üçün Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində, 2-ci massivdə yerləşən 600 kv. m. torpaq sahəsinə dair mərhumun adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunun” 5.1.-1-ci maddəsinin tələblərinə və Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında “Təlimat”ın 5-ci hissəsinə uyğun olaraq Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın mərhumun vərəsəsi arvadı X1 verilməsi xahiş olunmuşdur. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara əsasən: DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********38 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci massiv, döngə 2 ünvanında yerləşən 39 saylı torpaq sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə aktının surətindən müəyyən olunur ki, torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə sahəsi 600,0 kv. m., faktiki sahəsi 635,0 kv. m. (35,0 kv.m., artıq) təşkil edir. Torpaq sahəsi dörd tərəfindən daş hasarla və tikilinin çöl divarı ilə sərhədləndiyi, üzərində bir mərtəbəli fərdi yaşayış evinin olduğu, çoxmərtəbəli yaşayış binasından 15,0 metr aralı məsafədə yerləşdiyi qeyd olunmuşdur. Faktiki sahənin koordinatı aşağıdakı kimi qeyd olunmuşdur. XY 399051.189 4466362.548 399053.817 4466342.821 399036.371 4466340.925 399022.674 4466339.242 399020.993 4466360.188 399033.272 4466361.510 SOCAR “Azneft” İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, sözügedən torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün “Azneft” İstehsalat Birliyinin (“Bibiheybətneft” NQÇİ-nin) daimi istifadəsinə ayrılmış torpaq sahələrinin hüdudları daxilində yerləşir. Həmçinin, vətəndaşın müraciətində qeyd olunmuş torpaq sahəsindən 80 m. məsafədə 2584 saylı ləğv olunmuş neft-qaz quyusu mövcuddur. Məktuba əlavə olunmuş “Azneft” İB-nin Geodeziya və hidroqrafiya şöbəsinin arayışında sözügedən torpaq sahəsinin künc nöqtələrinin koordinatları aşağıdakı kimi qeyd olunmuşdur. S/s X Y 1 399024 4466320 2 399054 4466324 3 399053 4466341 4 399023 4466338 İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq cavabdeh inzibati orqan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, mərhum X4 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, döngə 2, “32” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli müraciətə baxılmışdır. Müraciətdə göstərilən torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən DNŞ-nin istifadəsinə verilmiş ərazidə yerləşir. Bundan əlavə, qeyd edilən ünvanla bağlı 1 sayiı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-3244/2017 nömrəli inzibati iş üzrə mübahisənin yekunlaşması barədə məhkəmə aktı idarəyə daxil olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanının 2-ci hissəsinə əsasən müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının; - 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən; Dövlət mülkiyyətində olan torpaqlara dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar daxildir (maddə 46.1). Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər (48.2). Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (maddə 48.4). Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur (maddə 50.1). Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır (maddə 55). Torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir (84.1-ci maddə). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (8.0.1); - bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (8.0.8). Maddə 10.2. Qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə)

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir.

Məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Səbail rayon İHB-nın 20 iyul 1993-cü il tarixli 2618 №-li Sərəncamında qeyd edilən torpaq sahəsi həmin normaların tələblərinə uyğun olaraq iddiaçının mərhum əri Rövşən İmanovun istifadəsinə verilmişdir. Həmin sərəncamın qüvvəsi, mötəbərliyi (qanuna uyğunluğu) və iddia olunan torpaq sahəsinin koordinatlarının həmin sərəncamla ayrılan torpaq sahəsinə uyğunluğu qəbul edildikdə, sərəncamın qəbul edildiyi vaxtda ayrılan torpaq sahəsinin onun ayrılma məqsədinə və təyinatına uyğunluğu da qəbul edilməlidir. Bunun əksini, habelə torpağın təyinatının sonradan qanunla müəyyən edilmiş qaydada dəyişdirildiyini cavabdeh sübut etməlidir. İddiaçının mərhum ərinə məxsus mübahisəli torpaq sahəsi hazırda onun faktiki istifadəsindədir. Daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatının həyata keçirilməsi ilə bağlı torpaq sahələrinin inventarlaşdırma işlərinin aparılması və texniki sənədlərin, torpaq sahələrinin planının və ölçüsünün tərtib edilməsi cavabdeh inzibati orqanın vəzifələrinə aiddir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsindən 80 m. məsafədə neft-qaz əməliyyatlarının aparılması üçün “Azneft” İstehsalat Birliyinə (“Bibiheybətneft” NQÇİ-nin) məxsus 2584 saylı ləğv olunmuş neft-qaz quyusu mövcuddur (SOCAR “Azneft” İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli cavab məktubu). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 07 iyul 2022-ci il tarixli 259 №li Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.3-cü bəndi aşağıdakı redaksiyada verilməsi qərara alınmışdır: 3.3. Əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə, sənaye və kənd təsərrüfatı müəssisələrinə, elektrikötürücü xətlərinə və elektrik yarımstansiyalarına qədər minimum məsafələr (metrlə) aşağıdakı cədvəldə verilmişdir: Neftqazçıxarma sənayesi obyektləri - Ləğv olunmuş quyular - aşayış binaları, fərdi yaşayış evləri, yataqxanalar, inzibati binalar və müvəqqəti salınmış qəsəbələrdə 75 metr məsafədə. Bundan əlavə məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təqdim olunmuş ərazini əks etdirən fotoşəkillərdən və DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin məktubu ilə təqdim olunmuş mübahisəli torpaq sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə aktından (surəti) müəyyən olunmuşdur ki, dörd tərəfindən daş hasarla və tikilinin çöl divarı ilə sərhədləndirilmiş, üzərində bir mərtəbəli fərdi yaşayış evi inşa olunmuş torpaq sahəsi yaşayış massivində yerləşməklə, çoxmərtəbəli yaşayış binasından 15,0 metr aralı məsafədə yerləşir. Beləliklə cavabdehin imtinasından və iddiaya dair etirazından görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının “Badamdar qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə” xx.xx.1993-cü il tarixli, 2618 №-li Sərəncamı ilə Badamdar qəsəbəsi, 2-ci Yaşayış massivində (döngə 2, 39 №-li sahədə) yerləşən 600 kv. metr torpaq sahəsinin İddiaçı mərhum əri X6 məxsus olması (mülkiyyət hüququ ilə) barədə arayışın (çıxarış) iddiaçıya verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar