Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11048/2022 16.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevin Nizami qızının katibliyi, İddiaçının nümayəndələri X2 və X1, Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Mənzil Tikinti Kooperativi (bundan sonra – İddiaçı) cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (bundan sonra – Cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Müavininin 451 saylı, xx.xx.2018-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 335 saylı sərəncamı ilə İddiaçı Mənzil Tikinti Kopperativinin xx.xx.2012-ci il tarixli, 01 saylı müracəti nəzərə alınaraq Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov D.Əliyeva, Ə.Topçubaşov və M.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə ticarət mərkəzi, ofis və yaşayış binaları kompleksinin tikintisinin layihələndirilməsi üçün icarə əsasında həmin kooperativə icazə verilmişdir. 2018-ci ilin əvvəllərində MKT-ya süni maneələr yaradılmağa başlanılmışdır. Belə ki, ərazidə tarixi memarlıq abidəsinin sökülməsi barədə yalan məlumat verilməklə tikinti işləri dayandırılmışdır. Halbuki, həmin tikili sökülməmiş, İcra Hakimiyyətinin söküntü işləri zamanı binanın bir divarı zədə almışdır. Həmin binanın yararsız olması və təcili olaraq boşaldılaraq istismarının qadağan edilməsinə dair Fövqəladə Hallar Nazirliyinin xx.xx.2018-ci il tarixli, xx/xx-05280 saylı rəyi mövcuddur. Bu binanın tarixi mədəniyyət abidəsi kimi siyahıdan çıxarılmasına dair Azərbaycan Milli Elimlər Akademiyasının rəyi də mövcuddur. MTK-ya yaradılan süni maneələrin qarşısının alınması üçün təkrarən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilmiş və Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsini müvəqqəti icra edən Rasim Quliyevin xx.xx.2018-ci il tarixli 346 saylı Sərəncamı ilə tikintiyə icazə verilmişdir. Bundan sonra Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş tapşırıqlar İddiaçı MTK tərəfindən tam icra edilmişdir. Belə ki, Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan tapşırığa əsasən ərazinin və tikiləcək obyektin şəhərsalma əsaslandırılmasına dair layihə sənədləri Şəhərsalma və Arxitektura Komitəsində təsdiq edilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilmişdir. Buna dair Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixində 253 saylı “Xüsusi Nişan” verilmişdir. İddiaçı MTK-ya Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Əliyev küçələrinin kəsişməsində yerləşən ərazidə əsasən istismar vaxtı keçmiş və qəzalı vəziyyətdə olan mənzillərin sökülüb yerlərində çoxmərtəbəli müasir standartlara uyğun yaşayış binasının tikintisinə bütün icazələr verilmiş, binanın inşaat pasportu, layihənin ekspertizası, xüsusi nişanın alınması, tikinti işlərinə başlanma haqqında icazə və sair sənədlər toplanılmış, tikintiyə sərəncam alındıqdan sonra MTK tərəfindən dövlət rüsumları tam olaraq ödənilmiş və tikinti işlərinə başlanılmışdır. Lakin 2018-ci il tarixindən tikinti işləri məcburi dayandırılmış və Bakı şəhər İcra Hakimiyyəti Başçısının vəzifələrini müvəqqəti icra edən X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 314-2.3cü maddələri ilə ittiham elan edilərək cinayət işi başlanmışdır. Cinayət işinin əsas məğzi isə İddiaçı Mənzil Tikinti Kooperativinə Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Əliyev küçələrinin kəsişməsində tikinti aparılması üçün verilmiş xx.xx.2018-ci il tarixli Sərəncamın qanunsuz olaraq imzalanması və möhürlə təsdiq edilməsi olmuşdur. Heç bir əsas olmadan xx.xx.2018-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2018-ci il tarixli xx/xx-2198 saylı məktuba əsasən İddiaçı MTK-nın Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə ofis və yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 346 saylı Sərəncamı və bu sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşmə işlərinin ləğv edilməsi barədə sərəncam verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 335 saylı sərəncamı ilə İddiaçı MTK ilə yanaşı digər MTK-lara da tikinti üçün icazə verilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3934/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(006)-4192/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(006)-6128/2021 saylı, xx.xx.2022-ci il tarixli, e-2(006)- 594/2022 saylı, xx.xx.2022-ci il tarixli, e-2(006)-1790/2022 saylı və Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli, 2(102)-790/2017-ci il tarixli Qərarı ilə İddiaçı MTK-nın üzərinə öhdəliklər qoyulmuşdur. Bu öhdəliklər göstərilən ünvanda mənzillərin tikilərək təhvil verilməsindən ibarətdir. Hazırkı vəziyyətdə Bakı şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qanunsuz əməlləri ilə məhkəmə qərarlarının icrası qeyri mümkün olmuşdur. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəməyə təqdim etdiyi iddiaya etirazda iddia tələbinin təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov D.Əliyeva, Ə.Topçubaşov və M.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə yaşayan vətəndaşların şikayətləri əsasında Komitə tərəfindən “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 1.2-ci bəndinə uyğun olaraq sözügedən əraziyə baxış keçirilmiş, orada İddiaçı MTK tərəfindən tikinti işlərinin aparılması təsdiqlənmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı MTK-nın tikintiyə icazə sənədlərində ciddi hüquq pozuntuları mövcuddur. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 346 nömrəli Sərəncamı ilə İddiaçı MTK-ya tikinti obyektinin tikintisinə icazənin verilməsinə dair X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2 və 314-2.3-cü maddələri ilə cinayət işi açılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1511/2021 nömrəli hökmü il təqsirli bilinmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 51 nömrəli qərarı ilə təsdiq edilmiş "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın tələbinə əsasən yaşayış zonalarında çoxmərtəbəli, çoxmənzilli yaşayış binaları tikinti sıxlığı əmsalı 1,6 olduğu halda qeyd olunan ünvanda “FF-2011" Mənzil-Tikinti Kooperativi tərəfindən bir neçə dəfə yüksək tikinti sıxlığı əmsalı ilə hazırlanmış layihə əsasında tikinti-quraşdırma işlərinə başlanılmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələblərinə uyğun olaraq ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində binanın xarici divarlarından hündürlüyünün 0,6 hissəsindən ərazinin sərhədinə qədər saxlanılmalıdır. Lakin sözügedən layihə üzrə bu normaya riayət olunmamışdır. Bununla yanaşı, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 346 nömrəli sərəncamı ilə Bakı şəhər, Nəsimi rayonu, M İbrahimov, D Əliyeva, Ə Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə “FF-2011" Mənzil-Tikinti Kooperativinə tikintiyə icazə verilmiş, lakin həmin sərəncam aidiyyəti şəxs tərəfindən imzalanmadığından Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 451 nömrəli sərəncamı ilə ləğv edilmişdir. Qeyd edilənlər Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 451 nömrəli Sərəncamının qanuni və əsaslı olduğunu təsdiq edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdilər. Cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh qismində həm Bakı şəhər İcra Hakimiyyətini və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsini göstərmişdir. Lakin iddia tələbi Bakı şəhər İcra Hakimiyyətinin 451 saylı, xx.xx.2018-ci il tarixli sərəncamının etibarsız hesab edilməsindən ibarət olmaqla, yalnız cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə yönəlmiş, cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə münasibətdə hər hansı bir tələb irəli sürülməmişdir. Belə olan halda aydındır ki, hazırkı iddia üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi cavabdeh qismində çıxış edə bilməz. Buna görə də iddia tələbi Komitəyə münasibətdə mümkünsüzdür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iddiaya cavab verməli orqan Bakı şəhər İcra Hakimiyyəti olsa da, iddia digər mümkünlük şərtlərinə cavab vermir. Belə ki, işdə olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 335 saylı, xx.xx.2012-ci il tarixli sərəncamından görünür ki, İddiaçı Mənzil Tikinti Kooperativinin xx.xx.2012-ci il tarixli, 01 saylı müraciəti nəzərə alınaraq ona Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə və Yasamal rayonu, İ.Səfərli, M.A.Əliyev, M.İbrahimov və D.Əliyeva küçələrinin kəsişməsindəki 228-ci məhəllədə ticarət mərkəzi, ofis və yaşayış binaları kompleksinin tikintisinin layihələndirilməsi üçün icarə əsasında həmin kooperativə icazə verilmişdir. xx.xx.2012-ci ildə İddiaçı ilə Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti arasında Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə və Yasamal rayonu, İ.Səfərli, M.A.Əliyev, M.İbrahimov və D.Əliyeva küçələrinin kəsişməsindəki 228-ci məhəllədə ayrılmış 8729 kv.metr torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. İddiaçı xx.xx.2018-ci il tarixdə 28/18 saylı məktubla cavabdehə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyətinin 335 saylı xx.xx.2012-ci il tarixli sərəncamı əsasında Nəsimi rayonu ərazisində M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə inşa ediləcək yüksəkmərtəbəli binaların tikintisinə İddiaçı MTK-ya icazə verildiyini bildirməklə tikintiyə başlamaq üçün sərəncam verilməsini xahiş etmişdir. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 346 saylı, xx.xx.2018-ci il tarixli sərəncamı ilə İddiaçı xx.xx.2018-ci il tarixli, 28/18 saylı müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 335 saylı sərəncamını nəzərə alaraq Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsisindəki 318-ci məhəllədə ofis və yaşayış binalarının tikintisinə İddiaçı MTK-ya icazə verilmişdir. İşdən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 451 saylı, xx.xx.2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2018-ci il tarixli xx/xx-2198 saylı məktubu nəzərə alınaraq İddiaçı MTKnın Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə ofis və yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 346 saylı Sərəncamı və bu sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri ləğv edilmişdir. İddiaçı hazırda bu sərəncamın etibarsız sayılmasını xahiş edir, hansı ki, bu iddia müəyyən etmə və tanınma haqqında iddia növünə aididr. İPM-in həmin iddia növünü tənzimləyən 36.1-ci maddəsinə əsasən, müəyyən etmə və tanınma haqqında iddia vasitəsilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci bəndinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin maddənin 4-cü bəndinə əsasən, hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Qeyd edilməlidir ki, subsidiarlıq tələbinə əsasən, müəyyən etmə haqqında iddia iddiaçının öz məqsədinə mübahisələndirmə, məcburetmə və ya öhdəliyin icrası haqqında iddia ilə nail olmaq imkanı olduğu halda mümkünsüzdür. Yəni, müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük (yolverilənlik) şərtlərindən (məs: İPM-in 38-ci maddəsi) yayınmağa xidmət edə bilməz. Bu hüquqi müdafiəyə olan maraq barəsində ümumi tələbdir. Yəni, məsələn mübahisələndirmə haqqında iddia üzrə iddia müddətini ötürmüş şəxs eyni məsələ ilə bağlı müəyyən etmə haqqında iddia qaldıra bilməz. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında deyilir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İPM-in 2.2.1, 32 və 70-72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. Qərarda qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İşdə olan 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)- 1699/2019 saylı qərardadından görünür ki, iddiaçı hazırda mübahisə predmeti olan sərəncamın ləğvi ilə bağlı məhkəməyə müraciət etmiş, daha sonra ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş, məhkəmənin həmin tarixli qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı MTK-nın cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə, 3-cü şəxslər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşıBakı şəhər İcra Hakimiyyətinin 451 saylı, xx.xx.2018-ci il tarixli sərəncamının ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin işə baxılmadan iddiaçıya geri qaytarılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı hazırda həmin iddianın faktiki əsaslarını dəyişmədən həmin sərəncamın etibarsız sayılması ilə bağlı xx.xx.2022-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə hesab edir ki, iddiaçı sərəncamın etibarsız sayılması barədə iddia irəli sürsə də, hazırkı iddia mahiyyət etibarilə mübahisələndirmə haqqında iddiadır, iddiaçı daha əvvəl geri götürdüyü iddianın faktiki əsaslarına istinad etməklə, eyni məsələ ilə bağlı yenidən iddia irəli sürmüş və prosessual məhdudiyyətlərin (iddia müddətinin) tətbiqini istisna etmək üçün həmin sərəncamın ləğvini deyil, etibarsızlığını xahiş edərək hazırkı iddianı "müəyyən etmə və tanınma haqqında iddia” növü kimi göstərmişdir. Nə qədər ki, iddiaçı tərəfindən 2019-cu ildə sözügedən sərəncam məhkəmədə mübahisələndirilmişdir, iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi ilə bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur və İPM-in 38.1-ci maddəsinin tələbləri nəzərə alındıqda, iddiaçı hazırda mübahisələndirdiyi sərəncamın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Məhkəmə xüsusilə qeyd edir ki, müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük (yolverilənlik) şərtlərindən (məs: İPM-in 38-ci maddəsi) yayınmağa xidmət edə bilməz. Bu hüquqi müdafiəyə maraq barəsində olan ümumi tələbdir. Yəni mübahisələndirmə haqqında iddia üzrə iddia müddəti ötürüldükdən sonra eyni məsələ ilə bağlı müəyyən etmə haqqında iddia qaldırıla bilməz. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayyət edilməklə iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-11048/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11048/2022
16.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver