Məhkəmə qərarları › İş №2-1(112)-11049/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11049/2025

05.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11049/2025 05.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüdün ötən dövr üzrə ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “fəlsəfə doktoru elmi dərəcəsi üçün Prezident təqaüdü” təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə pensiya təyin ediməsi ilə əlaqədar, xx.xx.2021-ci il tarixdə isə “elmi dərəcəyə görə Prezident təqaüdü” təyin edilməsi ilə əlaqədar, 4 saylı Bakı Dost Mərkəzinə müraciət etdi. İlk müraciətinə cavab olaraq, xx.xx.2021-ci il tarixdən pensiya təyin edildi. İkinci müraciətinə cavab olaraq bildirildi ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli, 1229 nömrəli Fərmanına uyğun olaraq, “Əmək kitabçasında müvafiq qeydiyyatı aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi (fəlsəfə doktoru, elmlər doktoru) olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Prezident təqaüdü təyin edilir”, lakin əlavə məlumatlara ehtiyac yarandığı üçün təqaüdün təyin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir. Daha sonra, Türkiyə Respublikasının universitetlərində müəllim olaraq çalışdığı müddətlərə aid əmək stajı əmək kitabçasına qeyd edildi və xx.xx.2023-cü il tarixli Qərarla haqqında “fəlsəfə doktoru elmi dərəcəsi üçün Prezident təqaüdü” xx.xx.2023-cü il tarixdən təyin edildi. Beləliklə, Azərbaycan Respublikasında pensiyaya çıxdığı tarixdən deyil, Türkiyə Respublikasında pensiyaçı olduğu xx.xx.2023-cü il tarixdən başlayaraq ona Prezident təqaüdü ödəndi. Lakin hesab edir ki, xx.xx.2021-ci il tarixdən barəsində “fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdü” təyin edilməlidir. Bununla bağlı cavabdeh orqana müraciət edib, səbəbini soruşduqda, bildirdilər ki, xx.xx.2023-cü il tarixədək Sivas Cümhuriyyət Universitetində davam edən əmək müqaviləsi mövcud olduğundan həmin tarixdə, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.8-ci maddəsinə əsasən “işləyən şəxs”, “məşğul şəxs” hesab edildiyinə görə, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli Fərmanına uyğun olaraq, barəsində “fəlsəfə doktoru elmi dərəcəsi üçün Prezident təqaüdü” xx.xx.2023-cü il tarixdən etibarən hesablanmağa başlanıldı. Cavabdeh orqanın ona münasibətdə bu formada davranışını qanunvericiliklə hüquqlarının pozulması hesab edir. 4 saylı Bakı Dost Mərkəzinə təqdim etdiyi sənədlərdə, onun Türkiyə Respublikasının Cümhuriyyət Universitetində xx.xx.2021ci il tarixdən və xx.xx.2023-cü il tarixədək Türkiyə vətəndaşı olaraq, işlədiyi açıq aşkar görünür. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları məşğul şəxs hesab edilir. Lakin xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixləri arasında Türkiyə Respublikası vətəndaşı olaraq, çalışmışdır. Bu iki ildə Azərbaycan vətəndaşı kimliyi ilə işləmədiyi üçün Qanunun 4.1.8-ci maddəsinin tələblərinin ona şamil olunmadığı qənaətindədir. Bu səbəblə ona xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli Fərmanına uyğun olaraq, Prezident təqaüdü ödənilməlidir deyə hesab edir. Həmin tarix aralığında onun Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla çalışan məşğul şəxs hesab edilməyi qanunvericiliklə hüquqlarının pozulmağıdır.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan imtinada bildirilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən xx.xx.2021-ci il tarixindən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023cü il tarixli 1969 nömrəli Fərmanına əsasən xx.xx.2023-cü il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün məbləği 500 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manata çatdırılmışdır. Qeyd olunan Fərmana uyğun olaraq sizə xx.xx.2023-cü il tarixindən fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları məşğul şəxs hesab edilirlər. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, xx.xx.2023-cü il tarixinədək X1 ilə qüvvədə olan əmək müqaviləniz olduğundan həmin tarixdən əvvəlki dövr üzrə sizə Prezident təqaüdünün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mükün hesab edilmir.”

4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli, 1229 nömrəli Fərmanının birinci bəndinə əsasən fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manat məbləğində Prezident təqaüdünün təyin edilməsi üçün aşağıdakı şərtlərin ödənilməsi zəruridir: Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il stajı olsun; elmi dərəcəsi olsun; işləməsin; əmək pensiyası hüququ olsun. Sözügedən təqaüdün təsisi Azərbaycan Respublikasına məxsus olduğunun müvafiq normativ tənzimlənmə və anlayışlar da Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Buna uyğun olaraq şəxsin işləməməsi faktının müəyyən edilməsi də bu baxımdan zəruri əhəmiyyət kəsb edir. Şəxsin məşğul olub-olmamasının müəyyən edilməsi ilə bağlı məsələləri həll edən normativ hüquqi akt olan “Məşğulluq haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli, 1196-VQ nömrəli Qanununun 1.1.10-cu maddəsinə əsasən məşğulluq dedikdə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - şəxslər) Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və qazanc (gəlir) gətirən hər hansı fəaliyyəti nəzərdə tutulur. Həmin Qanunun 4.1.8-ci maddəsində məşğul şəxslər qismində Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları da nəzərdə tutulmuşdur. İddiaçının xx.xx.2023-cü il tarixinədək Sivas Cümhuriyyət Universiteti ilə qüvvədə olan əmək müqaviləsi olduğundan əvvəlki dövrə Prezident təqaüdünün ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İddiaçının yeganə arqumenti həmin dövrdə onun Türkiyə Cümhuriyyətinin vətəndaşı olaraq məşğul şəxs olduğudur. İddiaçı hansı tarixlər üzrə Türkiyə Cühmuriyyətinin vətəndaşı olduğuna dair sübutları təqdim etmək əvəzinə, sadəcə şəxsiyyət vəqisələrini təqdim etmişdir. Müvafiq şəxsiyyət vəsiqələrindən isə şəxsin vətəndaşlıq vəziyyətinə dair məsələləri aydınlaşdırmaq, daha doğrusu müvafiq arqumentin dəlili qismində araşdırmaq mümkün olmamışdır. İddiaçının Azərbaycan Respublikasının vətəndaşı kimi məşğul olmasının anlayışını verdiyimiz kimi, Türkiyə Cümhuriyyətinin qanunvericiliyi ilə də həmin məsələ tənzimlənir. Bununla yanaşı, Prezident təqaüdü Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsis edilmiş, həmin təqaüdün təyin edilməsi üçün lazımi kriteriyalar da Azərbaycan Respublikasının qanunvericiliyi rəhbər tutulmaqla müəyyən edilmişdir. Yəni şəxsin işləməsi faktı kifayət edir ki, təqaüd təyin edilməsin. Şəxsin hansı ölkənin vətəndaşı olub-olmaması isə məsələ ilə bağlı heç bir əlaqəsi yoxdur. Azərbaycan Respublikası Höküməti ilə X2 arasında 17 iyul 1998-ci il tarixdə sosial müdafiə sahəsində əməkdaşlıq haqqında bağlanmış sazişin ikinci maddəsində iki ölkə arasında tətbiq ediləcək normativ baza müəyyən edilmişdir. Məşğul şəxsin, yəni işləyən şəxsin anlayışı Azərbaycan Respublikasının "Məşğulluq haqqında” Qanununda verildiyi kimi, Türkiyə Cümhuriyyətinin 4857 nömrəli “İş Kanunu”nda da işləmə faktı ilə bağlı qeyd edilir: bir iş sözleşmesine dayanarak çalışan gerçek kişi işçidir. İddiaçının həmin dövrdə Sivas Cümhuriyyət Universiteti ilə qüvvədə olan əmək müqaviləsinin olması danılmaz fakt olması ilə yanaşı, hər iki ölkənin qanunları ilə onun işləməsi, yəni məşğul şəxs olması sübuta yetirilmişdir. Başqa sözlə, şəxsin vətəndaş və ya əcnəbi olmasının bu məsələyə heç bir aidiyyəti yoxdur. Azərbaycan Respublikasının qanunvericisi tərəfindən müəyyən edilmiş təqaüdün kriteriyalarından əcnəbi statusunda olmaqla yayınmaq isə qəbuledilməzdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında iddiaçı iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

7. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

8. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

9. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

10. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

III. Məhkəmənin mövqeyi

11. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində hər kəsin sosial təminat hüququ ilə yanaşı sosial müavinətlərin ən mühüm növlərinin təqdim edilmə əsasları da (məs., xəstəlik, əmək qabiliyyətini müvəqqəti itirmə, işsizlik) təsbit edilmişdir. Həmin maddənin İİİ hissəsində göstərilir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İV hissəsinə əsasən təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir.

12. Pensiya kimi təqaüdlər də də sosial təminatın bir növü kimi qanunla nəzərdə tutulmuş qaydada vətəndaşlara təyin olunan pul ödənişləridir. Lakin təqaüdə anlayış verərkən ilk növbədə onu məhz pensiyalardan fərqləndirən aşağıdakı əlamətlərə diqqət yetirmək lazımdır: Təqaüd, tələbələrə, fərqlənən mütəxəssislərə, veteranlara və ya xüsusi nailiyyət göstərənlərə dövlət, fondlar və ya şirkətlər tərəfindən müntəzəm olaraq verilən maddi yardımdır. Əsas məqsəd təhsili dəstəkləmək, yaradıcılıq və peşə fəaliyyətini stimullaşdırmaq, habelə müəyyən təbəqələrin sosial ehtiyaclarını qarşılamaqdır.

13. xx.xx.2020-ci il tarixli 1229 nömrəli “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı:

1. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir;

14. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə iddiaçının Azərbaycan Respublikasında pensiyaya çıxdığı tarixdən təqaüdün ödənilməsi ilə bağlıdır. Cavabdeh orqan İddiaçı xx.xx.2023-cü il tarixinədək X1 ilə qüvvədə olan əmək müqaviləsi olduğundan həmin tarixdən əvvəlki dövr üzrə təqaüdün ödənilməsinin mümkün olmadığını bildirmişdir.

15. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.2023-cü il tarixindən fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. İddiaçıya cavabdeh tərəfindən həmin tarixdən aylıq 300 manat məbləğində (ömürlük) 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslər üçün təsis edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilərək ödənilir. Hazırda iddiaçı təqaüdün ona əvvəlki dövr üçün – Azərbaycan Respublikasında pensiyaya çıxdığı xx.xx.2021-ci il tarixdən ödənilməsini tələb edir.

16. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1.10. məşğulluq – Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - şəxslər) Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və qazanc (gəlir) gətirən hər hansı fəaliyyəti;

3. Bu Qanun Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. 4.1. Məşğul şəxslərə aşağıdakılar aiddir: 4.1.8. Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları;

13. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində əmək fəaliyyəti ilə bağlı məsələlər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə, bu Qanuna, məşğulluq sahəsində Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tənzimlənir.

17. Məhkəmə qeyd edir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən “Əmək pensiyaları haqqında” AR Qanununa əsasən yaşa görə əmək pensiyası təyin olunsa da, sonradan Türkiyə Cümhuriyyətində işləməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixinədək Sivas Cümhuriyyət Universiteti ilə əmək müqaviləsi olmuşdur. Bununla da, iddiaçının pensiyaya çıxmasından sonra işləyən şəxs olması müəyyən olunur. Şəxsin işləyən, yəni məşğul olub-olmamasının müəyyən edilməsi ilə bağlı məsələlər “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanunda məşğulluğun anlayışı verilmişdir, belə ki, məşğulluq dedikdə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və qazanc (gəlir) gətirən hər hansı fəaliyyəti nəzərdə tutulur. Həmin şəxlərə Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları daxil edilmişdir.

18. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə əmək fəaliyyəti ilə bağlı məsələlərin bu Qanunla yanaşı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tənzimləndiyini nəzərə alan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında 17 iyul 1998-ci il tarixdə sosial müdafiə sahəsində əməkdaşlıq haqqında bağlanmış sazişin ikinci maddəsində iki ölkə arasında tətbiq ediləcək normativ baza müəyyən edilmişdir. Türkiyə Cümhuriyyətində şəxsin məşğul olub-olmamasının müəyyən edilməsi ilə bağlı məsələlər isə Türkiyə Cümhuriyyətinin 4857 nömrəli “İş Kanunu” ilə tənzimlənir. Həmin Qanunda qeyd edilir ki, bir iş müqaviləsinə əsaslanaraq işləyən şəxs işçidir.

19. Beləliklə iddiaçının Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, həmçinin Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında bağlanan beynəlxalq müqaviləyə uyğun olaraq Türkiyə Cümhuriyyətinin qanunvericiliyinə əsasən xx.xx.2023-cü il tarixədək məşğul şəxs hesab olunması sübuta yetirilir.

20. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçıya xx.xx.2023-cü il tarixdə Prezident təqaüdü həmin dövrdə qüvvədə olan “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Pespublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən təsis edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir və ödənilir. Qeyd olunan Fərmanda həmin ödənişin təyin edilməsi, ödənilməsi müddətləri, onu almaq hüququ olan səxlərin dairəsi və qaydası konkret olaraq müəyyən edilmişdir və təqaüdün işləməyən şəxslərə ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı da məhz xx.xx.2023-cü il tarixdən işləməyən şəxs hesab olunduğundan ona həmin tarixdən fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Qeyd olunan təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda da təqaüdün onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi və ya ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır.

21. Beləliklə, əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. İddiaçı xx.xx.2023-cü il tarixdən işləməyən şəxs olduğundan məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Ona görə də iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

23. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar