Məhkəmə qərarları › İş №2-1(112)-1105/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1105/2021

09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1105/2021 09.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X4 kаtibliyi, cavabdehin nümayəndəsi X9 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi işləyir), üçüncü şəxs X1(Xaçmaz rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, işləmir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X5 üçüncü şəxs qismində işə cəlb olunmaqla “Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağlar sahəsindəki 89 saylı BTK-nın 384p saylı bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 1i ünvanında yerləşən 384p saylı bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 10 dekabr 2019-cu il tarixli 246-112 nömrəli Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilən arxiv arayışından göründüyü kimi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20.10.1994-cü il tarixli, 1463 saylı sərəncamından çıxarışla “bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair” Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-cı il 195 nömrəli qətnaməsinə əsasən iddiaçıya bağ tikinti kooperativinin tərkibində Göradil BTK №89 384p nömrəli bağ sahəsi ayrılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadı Məhkəməsinin 17 avqust 2017-ci ıl tarixli, 2-1(81)3849/2017 saylı qərardadından görünür ki, iddiaçı qonşuları ilə bərabər "xxxx" ASC-yə qarşı Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə tədbirlər planına əsasən Bakı şəhərinin şimal hissəsindən, o cümlədən, Bilgəh, Nardaran Kürdəxanı, Pirşağı, Fatmayi, Goradil, Novxanı, Saray, Corat, Sumqayıt istiqamətində Corat Goradil hissəsində avtomobil yolunun tikintisi altına düşən iddiaçılara məxsus torpaqların dövlət ehtiyacları üçün alındığına görə onlara vurulmuş maddi və mənəvi ziyanın əllərindən alınmış torpaqların hər bir 100 kvadrat metrə görə 6000 manat, uçurulmuş hasarların hər bir kvadrat metrinə görə 20 manat, darvazaların hər birinə görə 1000 manat mənəvi ödənilməsi vəzifəsinin cavabdehin üzrərinə qoyulması tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı 27 fevral 2020-cı il tarixdə ünvan 2i ünvanında yerləşən 384p saylı bağ sahəsinin koordinatlarının müəyyənləşdirilməsi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə plan və ölçünün verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə cavab olaraq iddiaçıya daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağlar sahəsində yerləşən 384p nömrəli bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası etirazla qarşılanır. Sözügedən bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritəsində öz əksini tapmayıb və bağ sahəsinin yerləşməsi qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlmir. (qonşu bağ nömrələri 450ç, 447Ş, 448e) Həmçinin eyni nömrəli bağ sahəsi eyni BTK-nın nəzdində digər şəxsin adına (X3) təkrarlanır. Bundan əlavə, təqdim edilmiş etibarnamədə yalnız 600.0 kv.m torpaq sahəsi üzərində əməliyyat aparılması qeyd olunmuşdur. Sərəncam və arxiv siyasında bağ sahəsinin nömrəsi 384p kimi qeyd olunsa da, vətəndaş tərəfindən təqdim edilmiş ərizə və arxiv cizgisində 384n kimi yazılmışdır. Habelə, təqdim edilmiş orderdə bağ sahəsinin nömrəsində düzəliş edilmişdir. Bu səbəblərdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış və bu barədə **********23 saylı 25.12.2019-cu il tarixli cavab məktubu verilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi sözügedən bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritəsində öz əksini tapmadığını və bağ sahəsinin yerləşməsi qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlmədiyini (qonşu bağ nömrələri 450ç, 447Ş, 448e), həmçinin eyni nömrəli bağ sahəsi eyni BTK-nın nəzdində digər şəxsin adına (X3) təkrarlandığını, bundan əlavə, təqdim edilmiş etibarnamədə yalnız 600.0 kv.m torpaq sahəsi üzərində əməliyyat aparılması qeyd olunduğunu bildirmişdir. Əlavə olaraq sərəncam və arxiv siyasında bağ sahəsinin nömrəsi 384p kimi qeyd olunsa da, vətəndaş tərəfindən təqdim edilmiş ərizə və arxiv cizgisində 384n kimi yazıldığını, habelə, təqdim edilmiş orderdə bağ sahəsinin nömrəsində düzəliş edildiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs məhkəməyə təqdim olunmuş sənədin həqiqiliyi və onun üzərindəki bağ nömrəsinin “384p” olması İddiaçı tərəfindən X2 verildiyini, Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X6 təsdiq etdiyi 19.11.2019-cu il tarixli etibarnamə ilə də sübut olunduğunu, İddiaçı adına verilmiş sərəncamla orderdə bağ sahəsinin nömrəsi eyni olduğu lakin hərf səhvi olduğunu nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışındа nümayəndəsinin iştirakını təmin etməmişdir. Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı 28.04.1949-cu il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 10.12.2019-cu il tarixli, N-246-112 nömrəli arxiv arayışına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20.10.1994-cü il tarixli, 1463 saylı sərəncamdan çıxarışa əsasən “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair” Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 nömrəli qətnaməsinə əsasən İddiaçı Göradil BTK № 89 bağ № 384p ünvanında bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılmışdır. Cavabdehin İddiaçı ünvanladığı 19.08.2014-cü il tarixli, **********57 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən 384n saylı bağın torpaq sahəsinin sxematik bölgüsünün aparılması üçün bölgü sxeminin verilməsinə dair 1780 nömrəli, 16.07.2014-cü il tarixli ərizəyə və əlavə edilmiş sənədlərə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində baxılmış və yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, bağ sahəsinin nömrəsi Goradil bağlar massivinə dair sxematik xəritədə öz əksini tapmamışdır. Bakı şəhər ərazi idarəsinin arxiv məlumatlarına əsasən sərəncamda bağ sahəsinin nömrəsi 384p qeyd olunmuşdur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə’’ Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə Yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə baş istehsalat idarəsinin bağlar təsərrüfatı idarəsinin 68 nömrəli orderindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20.10.1994-cü il tarixli, 1463 saylı qərarına əsasən İddiaçı Göradil bağlar sahəsindəki 89 nömrəli kooperativdə, 384p nömrəli bağ sahəsi ayrılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 25 dekabr 2021-ci il tarixli, **********23 nömrəli bildirişində qeyd olunmuşdur ki, sözügedən bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritəsində öz əksini tapmayıb və bağ sahəsinin yerləşməsi qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlmir. Həmçinin eyni nömrəli bağ sahəsi eyni BTK-nın nəzdində digər şəxsin adına da təkrarlanır. Bundan əlavə, təqdim edilmiş etibarnamədə yalnız 600.0 kv.m torpaq sahəsi üzərində əməliyyat aparılması qeyd olunmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının bağ sahələrinin ayrılması, bölünməsi və ada keirilməsinə dair 20.10.1994-cü il tarixli, 1463 saylı sərəncama əsasən Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il, 6/333 və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyul 1988-ci il, 195 nömrəli qətnaməsinə əsasən İddiaçı Göradil BTK № 89 bağ № 384p ünvanında bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının nümayəndəsinə ünvanladığı 16 oktyabr 2020-ci il tarixli, **********08 nömrəli məktubunda bildirilir ki, Bakı şəhər İcra Hakimiyyətinin 20.10.1994-cü il tarixli, 1463 nömrəli “bağ sahələrinin ayrılması, bölünməsi və ada keçirilməsi”nə dair sərəncamın İdarənin arxivində mövcud olan nüsxəsində 384p saylı bağ sahəsi göstərilmişdir. İddiaçı həmin sərəncam əsasında Göradil qəsəbəsində 384p saylı bağ sahəsinin ayrılmasına dair orderin arxiv nüxəsi İdarənin arxivində aşkar edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı adına 89 nömrəli BTK nəzdində Göradil qəsəbəsində 384N saylı bağ sahəsinin ayrılmasına dair 98 nömrəli orderin yalnız surəti mövcuddur. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 30.04.2021-ci il tarixli, **********17 nömrəli məktubda bildirilmişdir ki, kadastr baza məlumatlarına əsasən 89 nömrəli BTK-nın sxematik xəritəsi mövcud deyil. Həmçinin Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 89 nömrəli BTK nəzdində olan 384p nömrəli bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmayıb. Bu səbəbdən sənəd surətinin verilməsi mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri 11 saylı notariat ofisinin 13 aprel 2021-ci il tarixli, XK-442 nömrəli məktuba əlavə edilmiş ilə 19.11.2019-cu il tarixli 1M/1704 reyestr nömrəli torpaq sahəsinin alqı-satqısına dair ilkin müqavilədən görünür ki, İddiaçı ilə digər tərəflər arasında bağlanmış müqaviləyə əsasən tərəflər 19.11.2049-cu il tarixə kimi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə baş istehsalat idarəsinin bağlar təsərrüfatı idarəsinin Göradil bağlar sahəsindəki 89 nömrəli kooperativ, 68 nömrəli orderə əsasən İddiaçı 384p nömrəli bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra ikinci tərəflərə satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının nümayəndəsinə ünvanladığı 19 mart 2020-ci il tarixli, **********59 nömrəli imtina məktubunda bildirilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi ünvanında yerləşən 269j saylı bağ sahəsinin koordinatlarının müəyyənləşdirilməsi barədə ********** nömrəli, 27.02.2020-ci il tarixli ərizəyə baxılmış və bildirilmişdir ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsinə mütəxəssis tərəfindən texniki baxış keçirilmiş və məlum olmuşdur ki, sözügedən sahəyə digər fiziki şəxs tərəfindən müraciət edilmişdir. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə mövcud deyildir. Bundan əlavə 1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən 269j saylı bağ nömrəsi digər fiziki şəxsin adına təkrarlanır və bağ sahəsinə dair iddiaçı tərəfindən təqdim edilmiş “Order”in arxiv nüsxəsi aşkar edilməmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, iddiaçıya Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20.10.1994-cü il tarixli, 1463 saylı sərəncamından çıxarışla “bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair” Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-cı il 195 nömrəli qətnaməsinə əsasən iddiaçıya bağ tikinti kooperativinin tərkibində Göradil BTK №89 384p nömrəli bağ sahəsi ayrılmışdır, iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı, cavabdehin imtinasını isə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 15-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. “İnzibati icraat haqqında” Qanunun 23.1-ci maddəsində göstərilir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Qanunun 32.2-ci maddəsinə müvafiq olaraq isə ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. “İnzibati icraat haqqında” Qanunun qeyd olunan normalarından görünür ki, inzibati orqan hər bir müraciəti hərtərəfli, tam və obyektiv araşdırmalı, formal səbəblərə görə müvafiq qərarın qəbul olunmasından imtina etməməli və maraqlı şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün vasitələrdən istifadə etməklə yardım göstərməli, eləcə də inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməlidir. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir. Mülki Məcəllənin 139-cu maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 238.1-ci maddəsinə görə, torpaq daşınmaz əmlak kimi mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Daşınmaz əmlaka, o cümlədən torpağa mülkiyyət hüququ və onunla bağlı digər hüquqların dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.. İşin faktiki hallarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi ünvanında yerləşən 384p saylı bağ sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə iddiaçıya ayrılmışdır. İddiaçı həmin sərəncamı cavabdehə təqdim edərək sərəncamda qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də müraciəti təmin edilməmiş, imtinanın əsası kimi sözügedən bağ sahəsinin nömrəsi Göradil bağlar massivinə dair sxematik xəritədə öz əksini tapmaması, bağ sahəsinin nömrəsi 384p qeyd edilməsi, eyni nömrəli bağ sahəsi eyni BTK-nın nəzdində digər şəxsin adına təkrarlanması göstərilmişdir. Məhkəmə cavabdehin imtinasında göstərilənlərə bağlı ilkin olaraq qeyd edir ki, sözügedən bağ sahəsinin iddiaçıya ayrılmasına dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20.10.1994-cü il tarixli, 1463 saylı sərəncamı mövcuddur. Sözügedən bağ sahəsinin nömrəsində olan hərflə bağlı uyğunsuzluq bağ sahəsinə dair sərəncamın verildiyi 1994-cü ildə ölkə ərazisində istifadə edilmiş kiril qrafikalı azərbaycan əlifbası ilə hal-hazırda istifadə olunan latin qrafikalı əlifbası arasında olan fərqdən irəli gəlir. Belə ki, kiril qrafikalı azərbaycan əlifbasında “n” hərfi latin qrafikalı əlifbasında “p” hərfinə uyğundur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində hüquqların dövlət qeydiyyatı üçün təqdim edilməli olan sənədlərin siyahısı göstərilmişdir. Bu maddəyə görə, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1.hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2.torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi;10.2..4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Belə ki, sözügedən Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Halbuku iddiaçıya torpağın(bağ sahəsinin) ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20.10.1994-cü il tarixli, 1463 saylı sərəncamına uyğun olaraq, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi ünvanında yerləşən 384p saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına dövlət qeydiyyatına alınması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20.10.1994-cü il tarixli, 1463 saylı sərəncamına uyğun olaraq, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi ünvanında yerləşən 384p saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına dövlət qeydiyyatına alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar