Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1105/2025 27.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə Yadulla qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 60 yaşının tamam olduğu, xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyası hüququnun yarandığı həmin vaxtdan ödənilməyən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləğinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. 1977-ci ildən 1979-cu ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. 1974-cü ildən 1976-cı ilə qədər texnikomda təhsili almışdır. Bakı Baş Tikinti İdarəsinin 10 saylı Tikinti İdarəsində 4-cü dərəcəli malyar yəni rəngsaz vəzifəsinə işə daxil olmudur. 1973-cü il tarixdən 1992-ci il tarixə qədər həmin müəssisədə 4-cü dərəcə rəngsaz kimi çalışmışdır. Bu dövrdən sonra olan vaxtlarda işləmiş olduğu müəssisələrdə də, zərərli peşələr üzrə işləmişdir. O, ilk öncə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən zərərli iş şəraitində işlədiyi dövrün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahısında nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları iş yerinin arayışda dəqiq göstərilməlidir. Verilmiş olan imtinanı əsassız hesab edir, çünki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının “Ümumi peşələr” bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazların güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ göstərilmişdir. Bu o deməkdir ki, o, rəngsaz kimi 4-cü sinifdən yuxarıdır. O ki, qaldı iş yerindən güzəştli arayışın verilməməsinə hazırda həmin idarələrin fəaliyyəti çoxdan dayandırıldığından və onların hüquqi varisliyi də, hər hansı hüquqi şəxsə keçmədiyindən ona məxsus olan sənədlərdən hər hansı birinin dövlət arxivinə verilməməsinin səbəbkarı o deyildir. İşləməsi ilə bağlı bütün qeydlər əmək kitabçasında qeyd edilmişdir. 2017-ci ilə qədər onun 25 il ümumi iş stajı, 12 il 6 aydan çox isə güzəştli iş stajı vardır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Ə.X1 güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmidir. İddiaçının müraciətinə baxılaraq xx.xx.2024-cü il tarixli, 3-17-1/2-A- 49453/2024 nömrəli imtina məktubu ilə qanunvericiliklə tələb olunan güzəştli iş stajının olmaması səbəbindən güzətli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə müəssisənin fəaliyyət istiqaməti və s.) iş yeri tərəfindən təqdim edilən arayışda dəqiq göstərilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın ümumi peşələr (35) bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsi nəzərdə tutulmuşdur. Yəni, rəngsaz vəzifəsi o halda güzəştli staj hesab olunur ki, müvafiq vəzifəni icra edərkən tətbiq olunan zərərli maddələr Qərarda göstərilmiş sinifdən aşağı olmasın. İddiaçı əmək kitabçasında müxtəlif dövrlərdə rəngsaz vəzifəsində işlədiyi qeyd edilsə də, iddiaçı tərəfindən güzəştli iş stajını təsdiq edən, arayış təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması qanunvericilik tələbləri baxımından mümkün hesab edilməmişdir. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək stajı yoxdur.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.
8. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-A-49453/2024 nömrəli məktubla imtina edilmişdir.
9. İddiaçıya məxsus ИТ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən onun əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1974-xx.xx.1976, xx.xx.1976-xx.xx.1977, xx.xx.1980-xx.xx.1982, xx.xx.1982 – xx.xx.1988, xx.xx.1988 - xx.xx.1992, xx.xx.1992xx.xx.1993, xx.xx.1993 – xx.xx.2005.
10. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş 2344 nömrəli, 21 iyul 1976-cı il tarixli attestata əsasən İddiaçı xx.xx.1974-xx.xx.1976-cı illərdə peşə təhsili almışdır.
11. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 11 dekabr 2023cü il tarixli, 3-48-2F/2-A-08849/2023 nömrəli məktubla iddiaçıya bildirilmişdir ki, həqiqətən Bakı Baş Tikinti İdarəsi 10 saylı Tikinti İdarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında vət. İddiaçı xx.xx.1976-cı il tarixli, 136/s saylı əmrlə xx.xx.1976-ci il tarixdən Texniki Peşə məktəbindən buraxıldıqdan sonra 4 cü dərəcəli “маляр” vəzifəsinə işə qəbul olunması, xx.xx.1977-ci il tarixli, 53/s sayli əmrlə xx.xx.1977-ci il tarixdən hərbi xidmətə çağırışla əlaqədar işdən azad olunması, yenidən xx.xx.1980-cı il tarixli, 9/k saylı əmrlə xx.xx.1980-cı il tarixdən 4-cü dərəcəli"маляр" kimi işə qəbul olunması, xx.xx.1982-ci il tarixdən 48/k saylı əmrlə xx.xx.1982-ci il tarixdən iş yerinin BBTİ Təmir Tikinti idarəsinə dəyişdirilərək işdən azad olunması və 1981-ci il, 1982-ci ilin yanvar-avqust aylarına dair hesabat cədvəllərində əmək haqqı hesablanması, BBTİ Təmir Tikinti İdarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında xx.xx.1982-ci il tarixli 71/k saylı əmrlə xx.xx.1982-ci il tarixdən 4-cü dərəcəli "маляр" kimi işə qəbul olunması, xx.xx.1988-ci il tarixli, 67/s saylı əmrlə xx.xx.1988-ci il tarixdən işdən azad olunması (iş yerinin 3 saylı Tikinti İdarəsinə dəyişdirilərək) və 1982-ci ilin sentyabr-dekabr aylarına dair, 1983, 1984, 1985-ci illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar Dövlət Arxivinin Bakı filialında mövcuddur. BBTİ 3 saylı Tikinti İdarəsinin 1988-1992-cu illərə dair arxiv sənədləri və BBTİ Təmir Tikinti idarəsinin 1985-ci ildən sonrakı dövr üçün arxiv sənədlərinin əmək haqqı cədvəlləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Mövcud dövrlər üçün tərtib olunmuş arxiv arayışı əmək haqqı cədvəli təqdim olunur.
12. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 28 sentyabr 2023-cü il tarixli, 3-48-4/2-A-20xx/xx-2023 nömrəli məktubla bildirilmişdir ki, sorğuda qeyd olunan "Azərtəmir" kiçik müəssisəsinin arxiv sənədləri mühafizə üçün Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
13. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 28 sentyabr 2023-cü il tarixli, 3-48-4/2-A-20xx/xx-2023 nömrəli məktubla bildirilmişdir ki, sorğuda qeyd olunan Qafqaz Müsəlmanları İdarəsi Xüsusi Təmir Tikinti İdarəsinin (sonrakı adı "Şərq" Təmir-Tikinti müəssisəsi) arxiv sənədləri mühafizə üçün Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
14. НЗ seriyalı, ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1977-xx.xx.1979-cu illərdə Azərbaycan SSR ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.
15. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş 28 noyabr 2024-cü il tarixli, 3-21- 2-1/2-7878/2024 nömrəli məktubla bildirilmişdir ki, dövlət reyestrində Bakı Baş Tikinti İdarəsi Təmir Tikinti İdarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir.
16. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən verilmiş 29 noyabr 2024-cü il tarixli, 3-34/2-841/01-3/2024 nömrəli məktubla bildirilmişdir ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfinden təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız "ada" görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə onu maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməyiniz xahiş olunur.
17. Məhkəmənin sorğusuna əsasən SOCAR “Neftqaztikinti” tresti tərəfindən 06 may 2025-ci il tarixli, 14-2-14/2-873/2025 nömrəli məktubla bildirilmişdir ki, sorğuda qeyd edilən peşəyə oxşar rəngsaz peşəsi "Neftqaztikinti" trestində mövcud peşələr siyahısında vardır. Məlumat üçün qeyd etmək istəyirlər ki, "Neftqaztikinti” trestinin əsas fəaliyyəti SOCARin müəssisə və təşkilatları tərəfindən həyata keçirilən neft-qaz əməliyyatları çərçivəsində dərin, dayaz dəniz neft-qaz yataqlarında və quruda tikinti-quraşdırma və təmir işlərinin yerinə yetirilməsindən ibarətdir və Trestin istehsalatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın (Siyahı) 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aiddir. Rəngsaz peşəsi Siyahının qeyd olunan bölməsinin “a) fəhlələr” alt bölməsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi öz əksini tapmamışdır. İstehsalat sahələrindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr Siyahının "35. Ümumi peşələr” bölməsində nəzərdə tutulmuşdur. Həmin bölmədə "təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar" peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi öz əksini tapmişdır. ГОСТ 12.1.007-76* "Zərərli maddələr. Təsnifat və ümumi təhlükəsizlik tələbləri" dövlətlərarası standartına əsasən insan orqanizminə təsirinə görə zərərli maddələr 4 təhlükəlilik sinfinə bölünürlər. 1-ci sinif — daha çox təhlükəli maddələr, 2-ci sinif - yüksək təhlükəli maddələr, 3-cü sinif - zəif təhlükəli maddələr, 4-cü sinif - az təhlükəli maddələr. "Neftqaztikinti" trestində rəngsaz peşəsi üzrə tətbiq edilən zərərli maddənin (aseton) təhlükəliliyi 4-cü sinif (az təhlükəli maddələr) olduğu üçün həmin peşə Siyahının "35. Ümumi peşələr" bölməsində nəzərdə tutulmuş "təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” peşəsi ilə uyğunluq təşkil etmir. Məktuba qoşma olaraq standartdan çıxarış əlavə edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
18. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
19. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
21. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
22. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
23. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
24. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır:
18. İddiaçının hazırki tələbinin hüquqi əsasını ona xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşlaırn pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi təşkil edir.
19. Məhkəmə iddiaçının iddiaçının tələbi ilə bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
20. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur.
21. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciərin Siyahı”sı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.
22. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır.
23. Həmin artırılma nəzərə alındıqda iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ tələbi irəli sürmək hüququ yaranmış olurdu. Lakin, hazırki işin hallarından görünür ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatsa da, o, yuxarıda qeyd edilən qanunvericilik normasının digər şərti olan xx.xx.2006-cı il tarixədək o, güzəştli iş stajına malik deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, 1 yanvar 2006-cı il tarixədək onun güzəştli iş stajının olması müəyyən edilə bilmir. Məhkəmə tərəfindən iddiaçının işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olmasının müəyyən edilməsi məqsədilə analoji sahə olaraq SOCAR ““Neftqaztikinti” trestinə sorğu göndərilmiş, lakin, qeyd edilən müəssisədən daxil olmuş cavab məktubunda bildirilmişdir ki, Təsnifat və ümumi təhlükəsizlik tələbləri" dövlətlərarası standartına əsasən insan orqanizminə təsirinə görə zərərli maddələr 4 təhlükəlilik sinfinə bölünürlər. 1-ci sinif — daha çox təhlükəli maddələr, 2-ci sinif - yüksək təhlükəli maddələr, 3-cü sinif - zəif təhlükəli maddələr, 4-cü sinif - az təhlükəli maddələr. "Neftqaztikinti" trestində rəngsaz peşəsi üzrə tətbiq edilən zərərli maddənin (aseton) təhlükəliliyi 4-cü sinif (az təhlükəli maddələr) olduğu üçün həmin peşə Siyahının "35. Ümumi peşələr" bölməsində nəzərdə tutulmuş "təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” peşəsi ilə uyğunluq təşkil etmir. Belə olan təqdirdə, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı tələbi əsaslı hesab edilə bilməz.
24. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu səbəbdən də, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva