Məhkəmə qərarları › İş №2-1(112)-11056/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11056/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11056/2024 23.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun əmək kitabçasında qeyd olunmuş xx.xx.1991-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək Azərbaycan Dövlət X1 rayonlararası təchizat bazasında olan əmək fəaliyyəti ilə məşğul olduğu müddəti (3 il 8 gün) sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması və qanunla pensiya yaşına çatdığı tarixdən ödənilməyən pensiya fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq icraatı üzrə məhkəmə iclasında məhkəmə ərazi aidiyyət məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və cavabdehin nümayəndəsi iddia ərizəsinin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədilər. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq müəyyən edir ki, iş ərazi aidiyyəti baxımından Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - İPM) 8.1.2-ci madəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Belə ki, iddia tələbindən görünür ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibatiprosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Cavabdehin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. Həmçinin, iş materiallarından müəyyən edilmişdir ki, iddiaçı Füzuli rayonu, Babı kəndində qeydiyyatdadır. Eyni zamanda məhkəmə tərəfindən Azərbaycan Respublikasının Qaçqınların və X4 Üzrə Dövlət Komitəsinə verilmiş məhkəmə sorğusuna cavab olaraq Komitənin xx.xx.2024cü il tarixli məktubunda bildirilmişdir ki, iddiaçı Füzuli rayonu, Babı kəndində məskunlaşmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Yuxarıda göstərilənlərdən göründüyü kimi iddiaçının qeydiyyatda olduğu və məskunlaşdığı ünvan Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğundan hazırkı işə baxmağa səlahiyyətli məhkəmə Şirvan İnzibati Məhkəməsidir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi və inzibati məhkəmələrin ərazi yurisdiksiyası” təsdiq edilmişdir ki, həmin qərara görə Füzuli rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-ə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir (8.2). Bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər (8.5). Şərh edilənlərə əsasən və İPM-in 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "işlədiyi illərin sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi" tələbi barədə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-11056/2024 saylı iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar