Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11058/2021 02.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı X15, X9, X12 və X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla yaşayış sahəsinə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X15, X9, X12 və X2 ona məxsus olan Nərimanov rayon, Ə.Əliyev küçəsi 7, mənzil 29-dan pasport qeydiyyatından çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 06.10.2021-ci il tarixli, 2-1(112)-11058/2021 nömrəli qərardadı ilə X15, X9, X12 və X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qətnamələr üzrə cavabdeh X15 ilə 24.08.2003-cü ildə qeyri-rəsmi, 05.10.2003-cü ildə isə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Bu nikahdan üç övladı dünyaya gəlmişdir Mehriban, Rüqəyya və Əliyusuf. Lakin 11 il sonra ailə münasibətlərinə Nərimanov rayon məhkəməsinin 2(005)-2199/2015 nömrəli, 28.12.2015-ci il tarixli qətnaməsi ilə xitam verilmişdir. Rəsmi nikahdan ayrılandan illər sonra, yəni ki, 2019-cu ilin mart-aprel aylarında cavabdehə həmin ildə alınmış Əliyar Əliyev 7 küçəsində yerləşən bir otaqlı mənzilini onların müvəqqəti istifadəsinə vermişdir. Onların hər dördü sözügedən mənzilə 2019-cu ilin oktyabr ayında qeydiyyata salınmışdırlar. Lakin çox qısa zaman, yəni ki, 3 ay sonra 2020-ci ilin yanvar ayında cavabdeh övladları ilə birlikdə bir qayda olaraq mənzili tərk etmişdirlər və gəldikləri Lənkəran şəhərinə həmişəlik geri dönmüşdürlər. O vaxtdan tam 22 ay keçmişdir. Lakin cavabdeh müvafiq qanunları pozaraq mənzilində passport qeydiyyatında qalmaqda davam edir. Bu isə onun qanunla müəyyən olunmuş mülkiyyətçi hüquqularını kobud şəkildə pozur. Nərimanov rayon məhkəməsinin 2(005)-153/2021 saylı, 20.04.2021-ci il tarixli qətnaməsinə əsasən yuxarıda sadalanan şəxslərin sözügedən mənzilə istifadə hüquqlan olmamaları müəyyən edilmişdir və bu həmçinin passport qeydiyyatından çıxarılmaları üçün əsas hesab edilmişdir. Lakin bir müddət sonra Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6192/2021 saylı, 02.07.2021-ci il tarixli qətnaməsi ilə ilkin qərar istifadə hüquququnun ümumiyyətlə yaranmamasını və olmayan bir hüququn itirilməsi və yaxud olmayan hesab edilməsini mümkün olmadığı əsası ilə tam dəyişdirmişdir. Bakı Apelyasiya Məhkəməsinin tövsiyyəsinə əsasən Nərimanov Rayon Polis İdarəsinə 24 sentyabr 2021-ci il tarixdə müraciət olunub, lakin oradan 30 sentyabr 2021-ci il tarixində imtina cavabı alınıb. Sadalanan faktlara əsasən görünür ki, cavabdeh onun mənzilində sadəcə formal qeydiyyatdadır. Bunun nəticəsi olaraq o mənzili ilə bağlı heç bir sərbəst qərar qəbul edə və sərəncam verə bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxslər lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdehin səlahiyyətli nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak 06.03.2021-ci ildən İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 24.11.2021-ci il tarixli, ******* №-li arayışından görünür ki, 25.06.1983-cü il təvəllüdlü X15, 10.08.2005-ci il təvəllüdlü X9, 22.02.2010-cu il təvəllüdlü X10 və 25.10.2006-cı il təvəllüdlü X12 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 151 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 17.11.2021-ci il tarixli, 215 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 7 ünvanında yerləşən 29 saylı mənzil qeydiyyat vəsiqəsinə əsasən İddiaçı məxsusdur. X15, X9, X12 və X10 həmin ünvanda qeydiyyatda olmalarına baxmayaraq yaşamırlar. - Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 28.12.2015-ci il tarixli, 2(005)- 2199/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən İddiaçı ilə Əzimzadə (Şükürova) Rəna Elman qızı arasında 07 oktyabr 2003-cü ildə Bakı şəhəri, Nərimanov rayon Qeydiyyat Şöbəsində qeydə alınmış və 528 nömrəli akt qeyd ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş 10 avqust 2005-ci il təvəllüdlü X3, 25 oktyabr 2006-cı il təvəllüdlü X5 və 22 fevral 2010-cu il təvəllüdlü X2 iddiaçı Əzimzadə (Şükürova) Rəna Elman qızının yanında saxlanılması, cavabdeh İddiaçı 30 mart 2015-ci il tarixdən başlayaraq 10 avqust 2005-ci il təvəllüdlü X3, 25 oktyabr 2006-cı il təvəllüdlü X5 və 22 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər bir uşaq üçün 117 (bir yüz on yeddi) manat, cəmi 351 (üç yüz əlli bir) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı Əzimzadə (Şükürova) Rəna Elman qızına ödənilməsi qət edilmişdir. - Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 20.04.2021-ci il tarixli, 2(005)- 153/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən iddia tələbi təmin edilərək cavabdeh X11 İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əlyar Əliyev küçəsində yerləşən 7 saylı evin 29 nömrəli mənzilinə istifadə hüququnun olmaması müəyyən edilmiş, hazırki iş üzrə çıxarılmış qətnamənin X11, X9, X12 və X10 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əlyar Əliyev küçəsində yerləşən 7 saylı evin 29 nömrəli mənzildən pasport qeydiyyatından çıxarılması üçün əsas olması qeyd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.07.2021-ci il tarixli, 2(103)- 6192/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 2(005)-153/2021 saylı iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, X6 X13 qarşı mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. - Qeyd olunan məhkəmə qərarlarından həmçinin görünür ki, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, cavabdeh Rəna Əzimzadə iddiaçının (Mehriban Əzimovanın) oğlu İddiaçı ilə 05.10.2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, 2004-cü ildən cavabdeh Mehriban Əzimovanın mülkiyyətindəki ünvan 4 ünvanında yerləşən mənzilə pasport qeydiyyatına alınmış, Rəna Əzimzadə və İddiaçı nikahları 28.12.2015-ci il tarixdə pozulmuş, X1rşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə baxan Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 22 iyun 2017-ci il tarixli qətnaməsi əsasında cavabdeh sözügedən mənzildən qeydiyyatdan çıxarılmış, Mehriban Əzimova 01 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əlyar Əliyev küçəsində yerləşən 7 saylı evin 29 saylı mənzilini mülkiyyət hüququ üzrə əldə etmiş, 2019-cu ilin mart ayında cavabdehi həmin mənzilə pasport qeydiyyatına aldırmışdır. Rəna Əzimzadə ilə mübahisəsi gedən mənzilin əvvəlki mülkiyyətçisi olan iddiaçının oğlu arasında olan ailə münasibətinə 2015-ci ildən son qoyulmuşdur və tərəflərin izahatlarına görə cavabdeh mübahisəsi gedən mənzildə (yəni keçmiş qayınanasının mənzilində) 2020-ci il ərzində təxminən 10 ay ərzində yaşamışdır. Bu o deməkdir ki, Rəna Əzimzadənin Bakı şəhəri, Nərimanov rayonu, Əlyar Əliyev küçəsində yerləşən 7 saylı evin 29 saylı mənzilinə istifadə hüququ yaranmamışdır və olmayan bir hüququn itirilməsi, yaxud “olmayan hesab edilməsi” isə mümkün deyildir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 19.10.2021-ci il tarixli, **********77 nömrəli məktubdan görünür ki, sorğuda adları qeyd edilən X11, X3, X8 və X2 ünvan 1 üzərində istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməməmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 30.09.2021-ci il tarixli, 078-2578ƏƏ №li məktubdan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks təqdirdə şəxsin qeydiyyatdan çıxarılması tərəflərindən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyi məqsədə müvafiqdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 7 ünvanında yerləşən 29 saylı mənzil iddiaçının anası X4 mülkiyyətində olmuş, vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçmişdir. İş üzrə üçüncü şəxsləri iddiaçının keçmiş arvadı və uşaqlarıdır. İddiaçı ilə üçüncü şəxs Rəna Əzimzadə arasında olan nikah məhkəmə qaydasında pozulmuş və tərəflərin birgə nikahdan anadan olmuş uşaqları analarının yanında saxlanılmışdır. Üçüncü şəxslər X15, X9, X12 və X10 mübahisəli mənzilin əvvəlki mülkiyyəçisi olmuş X4 müraciətinə əsasən mübahisəli mənzilə qeydiyyata alınmışlar. Üçüncü şəxslərin həmin mənzildə yaşamamaları və istifadə hüquqlarının olmaması qanun qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçı mülkiyyətçisi olduğu mənzildə qeydiyyatda olan, lakin həmin mənzildə yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqana müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. - 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: -mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; -həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; -istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin ikinci hissəsində olan digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-nin 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə qeyd edir ki, yaşayış sahəsindən qeydiyyatdan çıxarılması tələb edilən şəxslərin mübahisəli yaşayış sahəsi üzrə istifadə hüquqlarının yaranmasına dair iddiaçı ilə bağlanmış notariat qaydada təsdiq edilmiş yazılı razılaşmanın mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə üçüncü şəxslərin mübahisəli ünvanda istifadə hüquqlarının olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessial Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi) - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Belə olan halda mülkiyyətçi ona məxsus mənzildə qeydiyyatda olan, lakin faktiki olaraq həmin ünvanda yaşamayan və istifadə hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Mübahisəli yaşayış sahəsində qeydiyyatda olan üçüncü şəxslər X15, X9, X12 və X10 qeyd olunan ünvanda yaşamadıqlarından həmin şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaması qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməklə X11, X3, X8 və X2 iddiaçının mülkiyyətində olan ünvan 6 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X11, X3, X8 və X2 ünvan 6 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-11058/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11058/2021
02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver