Məhkəmə qərarları › İş №2-1(112)-1106/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1106/2020

19.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1106/2020 19.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 (baş məsləhətçi, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı təhsil müddətinin sosial sığorta stajına əlavə edilməklə, güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, peşə məktəbində təhsil aldığı 01 ilin nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə kimi sabiq “V.İ.Lenin” adına sovxozda fəhlə işləmişdir. 01 sentyabr 1981-ci ildə Bakı şəhəri 18 nömrəli OŞTPM-nə daxil olmuş, 19 iyul 1982-ci ildə elektrik qaynaqçısı peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. xx.xx.1983-cü ildən xx.xx.1988-ci ilə kimi sabiq “V.İ.Lenin” adına sovxozda fəhlə işləmiş, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilə kimi Neftçala rayonu N.Nərimanov adına kolxozda işləmiş, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə kimi sabiq “V.İ.Lenin” adına sovxozda fəhlə işləmiş, xx.xx.1989-cu ildən xx.xx.2000-ci ilə kimi “Xəzərdəniztəmir-tikinti” trestinin 1 saylı ixtisaslaşmış təmir tikinti idarəsində elektrik qaynaqçısı işləmiş, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilə kimi “Azərdənizneftinşaat” trestinin 3 saylı tikinti quraşdırma idarəsində əl ilə qaynaq aparan elektrik qaynaqçısı işləmiş, xx.xx.2001-ci ildən xx.xx.2014-cü ilə kimi “Azərdənizneftinşaat” trestinin 3 saylı tikinti quraşdırma və təmir filialına əl ilə qaynaq aparan elektrik qaynaqçısı işləmiş, xx.xx.2014cü ildən xx.xx.2015-ci ilə kimi ARDNŞ “Neftqaztikinti” trestinin 4 saylı tikinti quraşdırma idarəsində əl ilə qaynaqda elektrik qaynaqçısı işləmiş, xx.xx.2015-ci ildən hal-hazırki vaxta kimi SOCAR “Neftqaztikinti” trestinin 4 saylı tikinti quraşdırma bölümündə əl ilə qaynaqda elektrik qaynaqçısı işləyir. xx.xx.1989-cu ildən elektrik qaynaqçısı vəzifəsində işləyir. Elektrik qaynaqçısı vəzifəsi isə əmək şəraiti xüsusi ilə zərərli və ağır olan iş sayılır. Onun xx.xx.2006-ci ilə kimi 24 il 8 ay 26 gün iş stajı vardır. Ümumilikdə isə 37 ildən artıq iş stajına malikdir ki, həmin iş stajı hazırda işlədiyi üçün davam etməkdədir. Həmin 24 il 8 ay 26 gün iş stajının üzərinə peşə məktəbində təhsil aldığı 1 ili də gəlmiş olsa onun iş stajı 25 il 8 ay 26 gün etmiş olur. Eləcə də xx.xx.1989-cu ildən elektrik qaynaqçısı vəzifəsində (yəni əmək şəraiti xüsusi ilə zərərli və ağır olan iş sayılan işdə) işləyir ki, bu da xx.xx.2006ci ilə kimi 16 il 9 ay 26 gün edir və həmin iş stajı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün yetərlidir. Həmçinin o, xx.xx.1962-ci ildə anadan olmuşdur və güzəştli pensiya təyin edilməsi üçün lazım olan 57 yaşı tamam olmuşdur. Lakin bütün bunlara baxmayaraq ona güzəştli şərtlərlə pensiya təyin olunmasından ötrü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etdiyi zaman, ona güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina edildi. Səbəbi olaraq onun 25 il iş stajının olmadığı göstərildi. Eyni zamanda peşə məktəbində oxuyub təhsil aldığı 1 ili ona staj kimi hesablanmadılar. Halbuki, o, həmin oxuduğu bir ilin hesabına elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Eləcədə işlədiyi həmin illər əmək kitabçasında qeyd olunmuşdur. Buna görə də məcbur olub ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün məhkəməyə müraciət etmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə (edilmiş əlavə və dəyişikliklərlə birlikdə) uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Onun xx.xx.2006-ci ilə kimi 24 il 8 ay 26 gün iş stajı və peşə məktəbində təhsil aldığı 1 ili də gəlməklə 25 il 8 ay 26 gün iş stajının, xx.xx.1989-cu ildən elektrik qaynaqçısı vəzifəsində (yəni əmək şəraiti xüsusi ilə zərərli və ağır olan iş sayılan işdə) işləyir ki, bu da xx.xx.2006-ci ilə kimi 16 il 9 ay 26 gün etməsini və xx.xx.1962-ci ildə anadan olmaqla güzəştli pensiya təyin edilməsi üçün lazım olan 57 yaşı tamam olmasını nəzərə alıb ona güzəştli şərtlərlə pensiya təyin edilməlidir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Etiraza görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamarn olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının İdarəyə təqdim etdiyi sənədlərdən göründüyü kimi onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiəsi nazirliyinin kollegiyasinın 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarın 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə müəyyən edilir: - əmək kitabçası; - əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; - mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə); - Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; - İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); - sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1962-ci il tarixdə Masallı rayonu Xırmandalı kəndində anadan olmuşdur. İşdə olan Azərbaycan SSR X3 Təhsil Komitəsi tərəfindən verilmiş Б № 682656 saylı diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01 sentyabr 1981-ci il tarixdən 19 iyul 1982-ci il tarixədək elektrik qaynaqçısı peşəsi üzrə texniki məktəin tam kursunu bitirmişdir. İşdə olan Socar “Neftqaztikinti” tresti tərəfindən verilmiş 22 iyul 2019-cu il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.1989-cu il tarixində (əmr № 10/k, xx.xx.1989-cu il) “Xəzərdəniztəmirtikinti” trestinin 1 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinə elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib və xx.xx.2000-ci il tarixində (əmr № 46, 2M2.1999-cu il) işdən azad edilib. Əmək stajı 10 il 9 ay 29 gün (on il doqquz ay iyirmi doqquz gün) təşkil edir. İddiaçı xx.xx.2000-ci il tarixində (əmr № 01/k, xx.xx.2000-ci il) “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib və xx.xx.2001-ci il tarixində (əmr № 40, xx.xx.2001-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 1 il 4 ay 1 gün (bir il dörd ay bir gün) təşkil edir. İddiaçı xx.xx.2001-ci il tarixində (əmr № 02/k, xx.xx.2001-ci il) “Azərdənizneftinşaat” trestinin 3 saylı İxtisaslaşmış Tikinti Quraşdırma və Təmir filialına əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib və xx.xx.2002-ci il tarixinədək həmin peşədə işləyib. xx.xx.2002-ci il tarixindən (əmr № 29, xx.xx.2002-ci il) xx.xx.2014-cü il tarixinədək (əmr № 233-k, 03.11,2014-cü il) polad və dəmir-beton konstruksiyaların quraşdırıcısı peşəsində işləyib. Əmək stajı 13 il 06 ay 3 gün (on üç il altı ay üç gün) təşkil edir. “Azərdənizneftinşaat” tresti və onun struktur bölmələri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.1 və 56.2 maddələrinə uyğun olaraq yenidən təşkil olunaraq SOCAR-ın ‘‘Neftqaztikinti” trestinə verilib. SOCAR-ın xx.xx.2007-ci il tarixli 61 nömrəli əmrinə əsasən ‘‘Azərdənizneftinşaat” trestinin 3 saylı İxtisaslaşmış Tikinti Quraşdırma və Təmir filialının adı dəyişdirilərək “Neftqaztikinti” trestinin 7 saylı Tikinti Quraşdırma İdarəsi adlandırılıb. İddiaçı 04.11,2014-cü il tarixində (əmr № 161/k, 04.11,2014-cü il) “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib və xx.xx.2015-ci il tarixində (əmr № 336/k, xx.xx.2015-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 9 ay 10 gün (doqquz ay on gün) təşkil edir. İddiaçı xx.xx.2015-ci il tarixində (əmr № SOCAR/15-2500/xx-xx-000263, xx.xx.2015-ci il) “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma bölümünə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib və hal-hazıradək bu peşədə işləyir. Əmək stajı 3 il 11 ay 6 gün təşkil edir. İddiaçı ümumi iş stajı 30 il 4 ay 17 gün təşkil edir. İşdə olan iddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci il tarixədək, xx.xx.1983-cü ildən xx.xx.1988-ci il tarixədək sabiq “V.İ.Lenin” adına sovxozda fəhlə işləmiş, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilə kimi Neftçala rayonu N.Nərimanov adına kolxozda kolxozçu, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə kimi sabiq “V.İ.Lenin” adına sovxozda fəhlə işləmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********9 saylı, 26 noyabr 2019-cu il tarixli imtina məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə istinad olunaraq, onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az təşkil etdiyi əsas göstərilərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi bildirilmişdir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» bəndinə və həmin maddəyə xx.xx.1997-ci il tarixli, 321-İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndi ilə xx.xx.1997-ci il tarixli 321 İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-ci maddələrində və 90-cı maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il 6 ay artırılır. İşin hallarından və cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi barədə məktubdan görünür ki, hazırki halda cavabdeh tərəfindən iddiaçının 01 yanvar 2006-cı il tarixədək 12 il 6 ay güzəştli iş stajına malik olması mübahisələndirilməmiş, onun həmin dövrədək ümumi iş stajının 25 ildən az təşkil etdiyi əsası ilə ona pensiya təyin edilməsindən imtina edilmişdir. Lakin iddiaçı peşə məktəbində təhsil aldığı 01 il müddət sosial sığorta stajına hesablandığı təqdirdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinin tələblərinə əsasən onun Qanun qüvvəyə mindiyi günədək, yəni 01 yanvar 2006-cı il tarixədək 12 il 6 ayı güzəştli olmaqla 25 il ümumi stajının olduğunu əsas gətirərək, ona həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməli olduğunu iddia edir. Məhkəmə hesab edir ki, iddiaçı 01 sentyabr 1981-ci il tarixdən 19 iyul 1982-ci il tarixədək texniki peşə məktəbində təhsil aldığı müddətin sosial sığorta stajına hesablanması barədə tələbində haqlıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müddətlərin daxil edilməsi sadalanmış, lakin texniki peşə məktəbində təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulduğu göstərilməmişdir. Lakin məhkəmə hesab edir ki, iddiaçının 01 sentyabr 1981-ci il tarixdən 19 iyul 1982-ci il tarixədək peşə məktəbində təhsil aldığından, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən texniki peşə məktəbində təhsil müddəti iş stajına daxil edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdirlər. 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı texniki peşə məktəbində təhsil aldığı müddətin də sosial sığorta stajına əlavə edilməsi tələbində haqlıdır. İş materiallarında olan arayış və əmək kitabçası əsasında iddiaçının ümumi iş stajının xx.xx.2006-cı il tarixədək 24 il 8 ay 24 gün təşkil etdiyi müəyyən edilmişdir. Belə olan halda iddiaçının 01 sentyabr 1981-ci il tarixdən 19 iyul 1982-ci il tarixədək elektrik qaynaqçısı peşəsi üzrə texniki məktəbdə təhsil aldığı müddət sosial sığorta stajı kimi nəzərə alındıqda onun 01 yanvar 2006-cı il tarixə kimi 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı yaranacaqdır. xx.xx.2019-cu il tarixdə iddiaçının 57 yaşının tamam olduğundan onun həmin tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ yaranmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının 01 sentyabr 1981-ci il tarixdən 19 iyul 1982-ci il tarixədək elektrik qaynaqçısı peşəsi üzrə texniki peşə məktəbində təhsil aldığı müddət sosial sığorta stajına hesablanmaqla, 01 yanvar 2006-cı il tarixə kimi 25 il ümumi sosial sığorta stajı və 12 il 6 ay güzəştli iş stajının olması nəzərə alınaraq, ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 32.1-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən təyin olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALİR: İddia təmin edilsin. İddiaçı 01 sentyabr 1981-ci il tarixdən 19 iyul 1982-ci il tarixədək elektrik qaynaqçısı peşəsi üzrə texniki peşə məktəbində təhsil aldığı müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar