Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1106/2025 15.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi və s” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi və s”barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdehin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini, əlilliyin səbəbli əlaqəsinin Azərbaycan Respublikası müdafiəsi ilə əlaqədar formasında bərpa edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbinə əlavə ərizə verərək iddia ərizəsinə əlavə olaraq ümumi xəstəlik səbəbindən əlillik təyinatına dair qərarın iddiaçıya aid hissədə ləğv edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Göründüyü kimi hal-hazırda iddia tələbi ümumi xəstəlik səbəbindən əlillik təyinatına dair qərarın ləğvi və Azərbaycan Respublikası müdafiəsi ilə əlaqədar səbəbli əlaqə kimi əlillik təyinatının həyata keçirilməsi ilə əlaqədardır. İddiaçının əsaslandırması: İddia tələbinin məzmunundan görünür ki, iddiaçı təyin edilmiş əlilliyin səbəbli əlaqəsindən narazıdır, hesab edir ki, əlilliyin səbəbli əlaqəsi Azərbaycan Respublikası müdafiəsi ilə əlaqədar olmalıdır. Belə ki, hərbi xidmət keçərkən döyüşlərdə travma almış, bununla əlaqədar çoxsaylı müalicələr almışdır. Cavabdehin etirazları: Etiraz onunla əsaslandırılmışdır ki, hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir, əlillik təyinatına əsas verən şəkərli diabet xəstəliyinin xüsusi səbəbli əlaqəsi müəyyən edilməmiş, əlillik ümumi xəstəlik ilə əlaqədar müddətsiz, orqanizmin funksiyalarının 80 faiz pozulması əsası ilə təyin edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Digər tərəfdən işə mahiyyəti üzrə iddiaçının qeydiyyat yeri Göygöl rayonu olsa da, Bakı İnzibati Məhkəməsində baxılmalı olmasına dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müvəqqəti qeydiyyat vəsiqəsindən və arayışdan görünür ki, iddiaçı Bakı şəhərində 27 may 2025-ci il tarixədək aidiyyəti polis orqanı tərəfindən müvəqqəti qeydiyyata alınmışdır, Bakı şəhərində yaşayır. İstər müvəqqəti qeydiyyat vəsiqəsi, istər, Bakı şəhərində faktiki yaşama, eləcə də iddiaçının əziyyət çəkdiyi xəstəliyin xüsusiyyəti də nəzərə alınmaqla məhkəmə hesab edir ki, hazırkı məhkəmə hazırkı mübahisəyə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmədir. Xüsusi olaraq da, qeyd olunmalıdır ki, müvəqqəti qeydiyyat vəsiqəsi yaşayış yeri üzrə qeydiyyatı həyata keçirən, orqan tərəfindən tərtib edilir və şəxsin müvəqqəti yaşayış yerini müəyyən edir ki, 27 yanvar 2025-ci il tarixədək iddiaçının Bakı şəhəri üzrə müvəqqəti qeydiyyatının olması, onun həmin şəhərdə faktiki yaşaması deməkdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mərkəzi Hərbi Həkim Komissiyasının 15 dekabr 2016-cı il tarixli qərarından görünür ki, iddiaçıya başın tüklü hissəsinin, sağ alın nahiyyəsinin əzilmiş yarası, qapalı kəllə beyin travması, kontuziya, bədənin çoxsaylı travmatik zədələri, üz nahiyyəsinin didilmiş çapılmış yaraları, başın tüklü hissəsinin, sağ alın nahiyyəsinin əzilmiş yaraları diaqnozu əsasında hərbi travmadır, Azərbaycan Respublikası Müdafiəsi zamanı alınmışdır əsası ilə barəsində qərar qəbul edilmişdir. 19 mart 2024-cü il tarixli qərardan görünür ki, iddiaçıya ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 80 faiz pozulması əsası ilə əlillik təyin edilmiş, xüsusi səbəbdən diaqnozun əlillik təyin etmədiyi qərara alınmışdır. Əlillik altsistemindən çıxarışdan görünür ki, 10 yanvar 2019-cu il tarixli müayinə əsasında iddiaçıya ikinci dərəcə etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması əsası ilə əlillik təyin edilmiş, səbəbli əlaqə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmuş, əlillik 5 il müddətə təyin edilmişdir. Əlillik altsistemindən çıxarışdan görünür ki, 27 yanvar 2024-cü il tarixli müayinə nəticəsində müddətsiz iddiaçıya ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 80 faizi pozulması səbəbindən şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2, insulin tələbli ağır forma, digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, sağ ayaq İİ sol ayaq İİ İİİ barmaqların amputasiyasından sonrakı vəziyyət, digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, hər iki aşağı ətrafın diabetik angiopatiyası, işemiyası diaqnozu ilə əlillik təyinatı aparılmışdır. Əlilliyin təyinatına əsas olmuş göndərişdən görünür ki, T 90.5 kəllədaxili travmaların nəticələri , keçirilmiş qapalı kəllə beyin travmasının nəticələri, eləcə də, yanaşı xəstəliklər kimi E 11.7 şəkərli diabet, İ67.8, beyin damalarının digər dəqiqləşdirilməmiş zədələnmələri, beyin qan dövranının pozğunluğu, ağırlaşma G44.3 xroniki posttravmatik baş ağrısı, minimal beyin atrofiyası, G63.2 diabetik polinevropatiya və digər xarakterli yanaşı xəstəliklər diaqnozları müəyyən edilmişdir. Səhiyyə Nazirliyinin T 508/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmiş, əlillik təyinatına əsas verən şəkərli diabet xəstəliyinin xüsusi səbəb əlaqəsi müəyyyən edilməmişdir. Müdafiə Nazirliyinin K/11 nömrəli rəyində qeyd edilmişdir ki, iddiaçının aldığı qapalı kəllə-beyin travması və həmin travmanın qalıq əlamətlərinin, onun əlillik təyinatına əsas verən şəkərli diabet xəstəliyi ilə səbəbli əlaqəsi yoxdur, şəkərli diabet xəstəliyi sərbəst nozoloji xəstəlik olub, hazırkı travma ilə bağlı deyildir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia rədd edilməlidir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur (bu Qaydanın 2.11-1-ci bəndinin tələbləri nəzərə alınmaqla). Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçıya ilkin əlillik təyinatında olduğu kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə əlillik təyinatının növbəti dəfə aparılmalı olub-olmaması ilə əlaqədardır. Belə ki, cavabdeh ilkin əlillik təyinatı zamanı adıçəkilən xüsusi səbəbdən əlillik təyinatını aparmış olsa da, sonrakı təyinat zamanı əlillik ümumi səbəblərlə əlaqədar, ümumi xəstəliklə bağlı olmuş, göstərilən xüsusi səbəb növbəti əlillik təyinatında öz əksini tapmamışdır. İş materiallarından da göründüyü kimi, hazırkı inzibati mübahisənin həlli baxımından 2 istiqamət üzrə məhkəmə iddiaçının hüquqi marağına uyğun qiymətləndirmə və araşdırma aparmışdır. Belə ki, iddiaçıda yuxarıda adıçəkilən xüsusi səbəbdən əlillik təyinatına əsas olan halın müəyyən edilməsi baxımından, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında istinad edilən xəstəliklərlə, eləcə də ona uyğun olaraq göndərişdə əksini tapan xəstəliklərlə (ən əsası da T90.5 kod üzrə göstərilən) yoxlama aparılmışdır ki, iş üzrə Səhiyyə Nazirliyinin təqdim etdiyi ekspert rəyindən də göründüyü kimi döyüşlərdə travma ilə əlaqəli xəstəliyin əlillik təyinatına əsas yaratmaması mötəbərliyi şübhə doğurmayan rəylə öz təsdiqini tapmışdır. Həmin rəydən əlavə, məhkəmə tərəfindən göndərişdə travma ilə əlaqəli göstərilmiş xəstəliyin kodları üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” üzrə də araşdırma aparılmış, lakin iddiaçının göndərişində əksini tapan xüsusi səbəbdən əlillik təyinatına əsas ola biləcək hər hansı xəstəlik də müəyyən edilə bilməmişdir. Lakin, işin faktiki hallarından da göründüyü kimi iddiaçı şəkərli diabet xəstəliyindən əziyyət çəkir və həmin xəstəliklə, ağırlaşmaları da nəzərə alınmaqla əlilliyi müəyyən edilmiş şəxs statusundadır. Göstərilən səbəbdən də hərbi xidmət zamanı almış olduğu travma və xəstəliklərlə iddiaçıda əlillik təyinatına əsas olmuş xəstəlik arasında hər hansı əlaqənin olub-olmaması, şəkərli diabet və onun ağırlaşmalarının göstərilən hərbi xidmət dövründə alınan travma və xəstəliklərin qalıq əlaməti olub-olmaması formasında ikinci istiqamət üzrə də araşdırma aparılmışdır. Lakin, istər mötəbərliyi şübhə doğurmayan Səhiyyə Nazirliyinin ekspert rəyində, istərsə də, Müdafiə Nazirliyi tərəfindən verilmiş ekspert rəyində əlillik təyinatına iddiaçıda əsas olmuş xəstəliklərin müharibə zamanı alınmış travma və xəstəliklə hər hansı səbəbli əlaqəsinin olmaması təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçının əlillik təyinatına əsas olmuş xəstəliyi xüsusi səbəbdən olmamışdır. İddiaçı müharibə dövründə travma alsa da, həmin travmanın qalıq əlamətləri isə ekspert rəyləri ilə müəyyən edilir ki, əlillik təyinatına əsas verən xəstəlik olmamışdır. Odur ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-1106/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1106/2025
15.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver