Məhkəmə qərarları › İş №2-1(112)-11062/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11062/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11062/2024 10.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi X1 Əmir oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1954-cü il təvəllüdlür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-4453/2017 qərarına əsasən İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1991-ci il tarixədək Bakı şəhər XDS İK-nin Sosial Təminat İdarəsində işlədiyi dövrlər onun dövlət qulluqçusu kimi qulluq stajına daxil edilmişdir. İddiaçıya ilk dəfə xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlilliyi olan şəxs kimi beş il müddətinə əlilliyə görə əmək pensiyası təyin edilmiş və əlilliyin qüvvədə olduğu xx.xx.2022-ci il tarixədək dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının ödənişi həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixdən etibarən iddiaçıya ümumi əsaslarla yaşa görə pensiya təyin edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət etmişdir. Cavabdehin imtina məktubunda bildirilmişdir: “...“Əmək pensiyaları haqqında” Qanunun 20.11.1 -ci və 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixindən qüvvədə olan redaksiyalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filialda mövcud sənədlərdə sizin dövlət qulluğu stajınız 15 ildən az (11 il 7 ay 10 gün il) təşkil edir. Bu səbəbdən də sizə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Yuxarıda qeyd olunanlarla bağlı sizə Mərkəzi Filialın 1 sentyabr 2022-ci il tarixli **********2 nömrəli məktubu ilə məlumat verilib.” İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının pensiyasının növbə dəyişmə olduğunda yəni ilkin təyinat olunmuş əlillik kimi saxlanmasını və keçmiş illərdən qalmış artımları və fərqlərin ödənilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının “İddiaçı xx.xx.2022-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi, keçmiş illərdən qalmış artımların və fərqlərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2017-ci il (5 illik) 2-dərəcəli əlillik ilə əlaqədar dövlət qulluqçusu kimi pensiyaya çıxmışdır. O tarixə kimi dövlət qulluğuna 5 il staj tələb olunurdu. 2018-ci ildə yaş pensiyası çatanda ərizə ilə müraciət edərək dövlət qulluqçusu kimi pensiyanın saxlanılmasını xahiş etmişdir. Qeyd etmək lazımdır ki, növbə dəyişmə olduğundan əlilliyə görə təyinat ilkin təyinat sayılır və həmin dövrdəki qanunveriçilik əsas götürülür. Lakin xx.xx.2022-ci ildə əlillik başa çatandan sonra ona adi pensiya (yəni yaşa görə) təyin olunub. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına dəfələrlə müraciət edilsədə nəticəsiz qalmışdı. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Həmin müraciət Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2- A-135366/2024 nömrəli məktubu ilə cavablandırılmış və dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçı iddia ərizəsində pensiyasının ilkin təyin olunmuş pensiya kimi saxlanılmasını və əvvəlki illər üzrə artım və fərqin ödənilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarından məlum olur ki, İddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuşdur və hazırda ümumi əsaslarla yasa görə əmək pensiyası alır. Belə ki, iddiaçının pensiya işinə əlavə edilmiş 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-4453/2017 qərarına əsasən İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1991-ci il tarixədək Bakı şəhər XDS İK-nin Sosial Təminat İdarəsində işlədiyi dövrlər onun dövlət qulluqçusu kimi qulluq stajına daxil edilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” və “Əlillik” altsistemləri vasitəsilə əldə edilmiş məlumatlara əsasən iddiaçıya ilk dəfə xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlilliyi olan şəxs kimi beş il müddətinə əlilliyə görə əmək pensiyası təyin edilmiş və əlilliyin qüvvədə olduğu xx.xx.2022-ci il tarixədək dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının ödənişi həyata keçirilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 41-ci maddəsinin tələblərinə uyğun olaraq əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Deməli, pensiya ödənişinin xx.xx.2022-ci il tarixədək həyata keçirilməsi qanunauyğun olmuşdur. İddiaçı ümumi əsaslarla, yəni “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələblərinə əsasən yaşa görə pensiya hüququ 63 il 6 ay yaş həddinə çatdığı xx.xx.2018-ci il tarixdə yaranmış və əlilliyə görə pensiya ödənişi başa çatdıqdan sonra xx.xx.2022-ci il tarixdən etibarən ona ümumi əsaslarla yaşa görə pensiya təyin edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı ona dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının təyin edildiyi tarixdə qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə almaqla dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. Bununla əlaqədar bildiririk ki, iddiaçıya əlilliyə görə pensiyanın təyin edildiyi 01.6.2017-ci il tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən şəxsin dövlət qulluğu vəzifəsində 5 il qulluq stajının olması ona əlilliyə görə pensiyanın təyin edilməsi üçün kifayət edirdi. İddiaçının pensiya yaşına çatdığı xx.xx.2018-ci il tarixdə isə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin pensiya yaşına çatması və dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajına malik olması tələb edilirdi. Belə ki, İddiaçı təqdim edilmiş imtinanın hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsi təşkil etmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinin məzmunu aşağıdakı kimi ifadə olunmuşdur: “23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 23.2-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır.” “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən, əmək pensiyası yaşına çatmış və yə bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991 -ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991 -ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 20.11-ci maddəsində isə aşağıdakı normalar təsbit edilmişdir: “20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayma mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir." İstinad olunan normaların müddəaları baxımından, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması üçün dispozisiya şərtləri əmək pensiyası yaşına çatmaq və dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajının tamamlanmasıdır. İddiaçıya məxsus əmək kitabçasına əsasən İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1991-ci il tarixədək işlədiyi dövrlər dövlət qulluqçusu kimi qulluq stajına daxil edilmişdir. Beləliklə, iddiaçının dövlət qulluğu stajı 11 il 7 ay 10 gün təşkil edir. Bu isə qanunvericiliklə tələb olunan 15 ildən azdır. Qanunvericilikdə əlilliyə və yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri fərqləndirilmişdir. Həmçinin, işin hallarına hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan qanunvericiliyin müddəaları tətbiq edilməlidir. Odur ki, hazırkı iş üzrə iddiaçının tələbinin təmin edilməsi qanunvericiliyin tələbləri baxımından qeyri-mümkündür. Məlumdur ki, cavabdehin imtinasının hüquqi baxımdan qanuni olub-olmadığını müəyyənləşdirmək üçün aşağıdakı hallar yoxlanılmalıdır:

1. imtinanın hüquqi əsasını təşkil edən səlahiyyətverici normanın dispozisiya şərtlərinin müvafiq iş üzrə mövcud olub-olmaması;

1. Cavabdehin müvafiq norma üzrə yol verilən hüquqi nəticəni seçib-seçməməsi. Nəticə olaraq, müvafiq normaların bütün dispozisiya şərtlərinin mövcud olubolmadığını yoxladıqdan sonra növbəti addım qismində cavabdehin düzgün hüquqi nəticəni seçib-seçmədiyi müəyyən olunmalıdır. “Dövlət qulluğu haqqında” Qanunun və “Əmək pensiyaları haqqında” Qanunun maddələri üzrə əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı mövcud olmalıdır. Cavabdeh bu şərt mövcud olmadığı təqdirdə iddiaçıya pensiya təyinatından imtina etməkdə haqlıdır. Beləliklə, cavabdeh İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməklə düzgün hüquqi nəticəyə gəlmişdir və cavabdehin imtinası qanunauyğundur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər.

Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkünlük şərtlərinə cavab verir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq:

“Dövlət qulluğu haqqında” Qanun: Maddə 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Maddə 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Maddə 2.5. Bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Maddə 7.1. Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Maddə 9. Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Maddə 14.1 Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyaina əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanun: (1 iyul 2017-ci il tarixindən qüvvədə olan redaksiyaları) Maddə 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. İddiaçının pensiya yaşı tamam olduğu 2018-ci ildə “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddəsinin tələbinə görə ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsi üçün dövlət qulluqçusu vəzifəsində azı 15 il staj olması tələb olunur. Mübahisə ilə bağlı işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya DSMF-nin Yasamal rayon şöbəsinin qərarı ilə - 11 il 7 ay 10 gün dövlət qulluğu stajı nəzərə alınmaqla, 2017-ci il tarixdən dövlət qullquçusu kimi əlillyə görə pensiya təyin edilmiş, xx.xx.2022-ci il tarixədək əlilliyi təsdiq edilməklə həmin pensiya ödənişi davam etmiş, əlilliyin qüvvədə olduğu müddət başa çatdıqdan sonra isə ümumi əsaslarla ona yaşa görə pensiya təyin edilmişdir. Cavabdeh imtina məktubunda və iddia ərizəsinə etirazında “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan 20.11.1-ci və 20.11.2-ci maddələrinə istinadən bildirmişdir ki, Mərkəzi Filialda mövcud olan sənədlərdə dövlət qulluğu stajı 15 ildən az (11 il 7 ay 10 gün: (xx.xx.1979-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər) təşkil etdiyi səbəbindən ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanması mümkün deyildir. Məhkəmə qeyd edir ki, xx.xx.1954-cü il təvəllüdlü iddiaçının 63 yaş 6 ayının tamam olduğu xx.xx.2018-ci il tarixinə 15 il dövlət qulluğu stajına malik olması müəyyən olunmur. İddiaçının dövlət qulluqçusu kimi işlədiyi dövrlər xx.xx.1979-xx.xx.1991-ci il illərdə onun Bakı şəhər XDS İK-nın Sosial Təminat İdarəsində işlədiyi mühasib-müfəttiş vəzifəsində işlədiyi cəmi 11 il 7 ay 10 gün aid edilmişdir. Məhkəmə qeyd edir ki, analoji mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2287/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarında kassasiya instasiyası məhkəməsinin mövqeyi eyni olaraq göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2018-ci il tarixdə mövcud qanunvericiliyə əsasən 15 il dövlət qulluğunda stajı yaranmadığından, iddiaçının tələbi əsaslı sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar