Məhkəmə qərarları › İş №2-1(112)-11065/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11065/2024

19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11065/2024 19.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin müddətsiz bərpa edilməsinə dair işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin müddətsiz bərpa edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1960-cı il təvəllüdlü olmaqla, uzun illərdir ki, ağır xəstədir. Uzunmüddətli müalicələr almağına baxmayaraq, səhhətində müsbət irəliləyiş müşahidə olunmamışdır. Bununla əlaqədar olaraq, TSEK-ə müraciət olunmuş və müayinələrdən keçdikdən sonra xx.xx.2010-cu ildə «Ürəyin xroniki işemik xəstəliyi. Stabil gərginlik stenokardiyası 3-cü funksional sinif. Hipertoniya xəstəliyi 3-cü mərhələ. Ürək çatışmazlığı 2-ci funksional sinif. Nevrosteniya. Torlu qişanın angiopatiyası» diaqnozu ilə ona TSEK tərəfindən 2-ci (ikinci) qrup əlillik təyin edilmişdir. İddiaçı dəfələrlə stasionar və uzunmüddətli ambulator müalicələr almışdır. Hər il əlilliyi ilə bağlı Tibbi Sosial Ekspertiza Komissiyası (Agentlik) tərəfindən müayinə olunmuş və hər dəfə əlilliyi təstiq edilmişdir. 2016-cı ildə təkrar müayinədən sonra 2-ci dərəcə 5 (beş) il müddətinə əlillik təyin edilmişdir. Ümumilikdə onun 12 (on iki) il fasiləsiz əlilliyi olmuşdur. Azərbaycan Respublikası Nazirllər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı Qərarı ilə təstiq edilmiş «Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»-nin 4.2. bəndinə əsasən, «ikinçi və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Lakin, 04 avqust 2022-ci ildə 12 (on iki) il fasiləsiz əlilliyi olduğu halda, növbəti qiymətləndirmədə iddiaçıya əlillik müddətsiz təyin olunmalı olduğu halda, iş üzrə cavabdeh olan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yuxarıda göstərilən Nazirlər Kabinetininn 30.12.,2015-ci il tarixli 413 saylı Qərarının tələblərini kobud surətdə pozaraq əlilliyi ləğv etmiş və təqaüdünü əsassız olaraq dayandırmışdır. Səbəbini isə «Əlavə müaliyəcə ehtiyac olmasını qeyd etmişdir. Ətraflı: «müalicə müddəti yetərli deyil, ixtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür» kimi göstərmişdir.Tibbi sənədlərlə ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda, əlilliyin müddətsiz müəyyən edilməsi üçün «Forma-88-in tərtib edilərək, əlilliyi müəyyən edən orqana göndərilməsi nəzərdə tutulmamışdır. İkinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsinin yeganı şərti əlillik müddətinin fasiləsiz olaraq 10 il olmasıdır. Bununla belə, həmin dövrdə Forma 88 alınması üçün müəyyən edilmiş yeni və daha sərt qaydalara riayyət edərək, o, stasionar müalicə almış və çoxsaylı müayinələrdən keçərək, zəruri tibbi sənədləri X5 təqdim etmiş, peşəkar və tanınmış 8 nəfərlik mötəbər həkim komissiyasından da keçdikdən sonra ona qoyulmuş ağır xəstəlik diaqnozu tam təstiq edildikdən sonra Forma 88 elektron qaydada xx.xx.2022ci il tarixdə iş üzrə cavabdehə göndərilmişdir. Lakin cavabdeh heç bir qanuni əsaslar olmadan xx.xx.2022-ci ildə əsassız olaraq imtina etmişdir. Cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli əsassız imtinası ilə əlaqədar olaraq iş üzrə olan mötəbər tibbi sənədlər əsasında iddiaçıya 2-ci (ikinci) qrup əlillik təyin edilməsi barədə xx.xx.2024-cü il tarixdə cavabdehə rəsmi müraciət olunmuşdur. Lakin, cavabdehin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bundan əsassız olaraq imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə X3 xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Əlavə müalicəyə ehtiyacın olması barədə imtina verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçının əlillik vəziyyətinə xx.xx.2022-ci ildə baxıldıqdan sonra həmin tarixdə verilən imtina barədə qərardan iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, xx.xx.2024-cü ildə qərardan məhkəməyə şikayət etmişdir. AR İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Məhkəmə qeyd edir ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Prosessual qanunvericiliyin aşkar tələbi odur ki, məhz qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut edilməli, inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırılmalı, konkret halda hüquqi müdafiəyə ehtiyacının olub müəyyən edilməlidir. Hazırki işin faktiki hallarından göründüyü kimi İddiaçı tələbi 18 may 2021-ci il tarixdən etibarən ikinci dərəcə əlilliyin müddətsiz olaraq bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının əlilliyi dayandırılması müddətin bitməsi ilə (xx.xx.2016-cı il tarixdə 5 illik müddətinə təyin olunmuş) əlaqədar olmuşdur. Göründüyü kimi iddiaçının əsl hüquqi marağı və məqsədi isə cavabdeh tərəfindən ona əlilliyin təyin edilməsi barədə qərarın (əlverişli inzibati aktın) qəbul edilməsinə nail olmaqdan ibarətdir. Bu baxımdan hazırkı iddia məcburetmə haqqında iddia növünə aiddir. Məcburetmə haqqında iddia növü və iddia müddəti ilə bağlı prosessual müddəalar İnzibati Prosessual Məcəlləsinin 33-cü və 38-ci maddələri ilə təsbit olunmuşdur. İPM-nin: 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi qüvvədə olan qanunvericiliyin tələblərində məcburetmə haqqında iddia növünə müddət institutu tətbiq olunur. Bu müddət isə müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddəti ilə tənzimlənir. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır. Yuxarıda istinad olunan normalara görə, məcburetmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır və iddia müddəti, şəxsin tələb etdiyi inzibati aktın qəbul olunmasından imtina barədə müvafiq inzibati aktın ona təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müəyyən olunmuşdur. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarına əsasən, iddiaçı məcburetmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Belə ki, iş üzrə materiallardan görünür ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə X3 08 avqust 2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyac olması səbəbi ilə xx.xx.2022-ci il tarixdə ona əlilliyin təyin olunmasından imtina edilmişdir. İddiaçı isə prosessual qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddət keçdikdən sonra məhkəmədə hazırkı iddianı qaldırmışdır. Eyni zamanda, iddiaçı tərəfindən iddianın vaxtında qaldırılmasını və ya müddətin onun təqsiri olmadan buraxılmasını təsdiq edən sübutlar, eləcə də müddətin bərpasına dair ərizə (vəsatət) məhkəməyə təqdim olunmamışdır. İPM-nin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Nəzərə alınmalıdır ki, prosessual müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. Göründüyü kimi, iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli imtina qərarından məlumatlı olmasına və həmin zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində iddia qaldırmamışdır. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1318/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə qərarı əsas gətirilir. Həmin məhkəmə qərarında kassasiya instansiya məhkəməsi məcburetmə haqqında iddia növündə 30 günlük müddət ilə bağlı şərtin ödənilib-ödənilməməsinə qiymət vermiş, həmin iş üzrə iddiaçının əlillik vəziyyətinin sonuncu dəfə Abşeron rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 0215003AAFJJ nömrəli göndərişi əsasında qiymətləndirildiyi və göndərişin natamam doldurulması səbəbi ilə xx.xx.2022-ci il tarixdə ona əlilliyin təyin olunmasından imtina edildiyi, lakin onun tərəfindən 30 günlük prosessual müddət ötürülərək iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi müəyyən etmiş, bununla da iddianın mümkünlük şərtlərinin ödənilmədiyi qənaətinə gəlmişdir. Məhkəmə iddiaçıya hüquqi yardım baxımından qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tibb müəssisəsi tərəfindən yeni göndərişin tərtib olunmasını və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün həmin göndərişin TSEK-ə göndərilməsini tələb edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar