Məhkəmə qərarları › İş №2-1(112)-1107/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1107/2022

13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1107/2022 13.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh X3 Xidmətinə qarşı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində cəlb edilməklə “birdəfəlik ödənişin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X3 Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona pensiya yaşına çatdığına görə dövlət qulluğuna öz arzusu ilə xitam verildiyi üçün ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1976-cı il 24 noyabr tarixindən 2019-cu il 28 avqust tarixinədək 43 il ərzində avtomobil nəqliyyatı sahəsində fasiləsiz əmək fəaliyyəti göstərmiş. 15 il rəhbər vəzifələrdə çalışmışdır. 2012-ci il 5 yanvar tarixindən X3 Xidmətinin 16/k nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28ci maddəsinə əsasən, məsləhətçi qismində daimi dövlət qulluğuna qəbul edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 2018-ci il 7 mart tarixində pensiya yaşının 63 il 6 ay olmasına baxmayaraq, öz arzusu ilə dövlət qulluğuna xitam verməyərək, tutduğu vəzifədə işləməyə davam etmişdir. X3 Xidmətinin 2019-cu il 28 avqust tarixli 86/k nömrəli əmri ilə 1-ci dərəcə dövlət qulluqçusu kimi, dövlət qulluğunda olmanın yaş həddinə çatanadək dövlət qulluğuna 2019-cu il 29 avqust tarixindən öz arzusu ilə xitam verilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən ona ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqq verilməsi üçün X3 Xidmətinin rəhbərliyinə rəsmi qaydada müraciət etsə də (X4 2019-cu il 19 iyun tarixli, 08/08-08/2256 nömrəli məktubu həmin müraciətə əlavə edilmişdir), bir aya yaxın müddət keçdikdən sonra Xidmətin 2019-cu il 1 oktyabr tarixli K-563/x/ nömrəli məktubu ilə rədd cavabı almışdır. Bundan sonra, o, 2021-ci il 22 fevral tarixində müraciətə tam aydınlıq gətirilməsi məqsədilə X5 yenidən rəsmi qaydada müraciət etmişdir. X4 2021-ci il 10 mart tarixli, 04/08-08/0603 nömrəli cavab məktubunda birinci müraciətə əlavə olaraq bildirilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsi artıq pensiya yaşına çatmış, lakin dövlət qulluğunda fəaliyyətini davam etdirərək dövlət qulluğunda olmanın yaş həddinə çatanadək öz arzusu ilə (Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən) dövlət qulluğundan çıxmış şəxslərə münasibətdə tətbiq edilir. Beləliklə, tərəflər arasında yaranmış əmək mübahisəsinə əslində, X4 2021-ci il 10 mart tarixli, 04/08-08/0603 nömrəli cavab məktubu ilə daha dürüst cavab verilmişdir və bununla əslində, X3 Xidmətinin iddiaçıya aid qərarının tam əsassız olduğu sübut edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Maddənin mətnindən göründüyü kimi, pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsi üçün iki şərt olmalıdır: dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmalı və öz arzusu ilə dövlət qulluğundan çıxmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 2018-ci il 1 iyul tarixindən 2019-cu il 1 iyul tarixinədək pensiya yaşının 64 olmasına və 7 sentyabr 2018-ci il tarixdə pensiya yaşına (64 yaş) çatmasına baxmayaraq, öz arzusu ilə dövlət qulluğuna xitam verməyərək tutduğu vəzifədə işləməyə davam etdiyinə görə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsində nəzərdə tutulmuş halın iddiaçı barəsində tətbiq edilməsi mümkün olmamışdır. İş üzrə 18 iyun 2021-ci il tarixli məhkəmə iclasında iddiaçının “iddiaçı, İddiaçı pensiya yaşına çatdığına görə dövlət qulluğuna öz arzusu ilə xitam verildiyi üçün ona ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində, 01.01.2006-cı il tarixinədək təhsil illəri, həmçinin digər artımlar nəzərə alınmaqla, təyin edilmiş aylıq cari pensiyanın 6 misli məbləğində birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə" iddia ərizəsinə əlavə icraata qəbul edilmişdir Məhkəmənin 08 sentyabr 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmənin 29 sentyabr 2021-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs sırasından çıxarılmış və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İş üzrə 13 aprel 2022-ci il tarixli məhkəmə iclasında iddiaçının “iddiaçı, İddiaçı pensiya yaşına çatdığına görə dövlət qulluğuna öz arzusu ilə xitam verildiyi üçün ona ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqq verilməsi barədə qərar qəbul edilməsi və aylıq cari pensiya məbləğinin 2022-ci ilin yanvar ayından müvafiq qaydada artırılmasının nəzərə alınması barədə" iddia ərizəsinə əlavə icraata qəbul edilmişdir Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin faktiki hallarından görünür ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq 07.03.2018-ci il tarixdə, yəni 63,5 yaşdan yaşa görə pensiya hüququndan istifadə edərək təqaüdə çıxmış olsa da, dövlət qulluğunda olmanın yaş həddinin imkan verdiyi 65 yaş həddinə çatmaması səbəbindən işləməyə davam etmişdir və 29.08.2019-cu il tarixdən öz arzusu ilə dövlət qulluğundan azad olunmuşdur. Hazırda “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsində nəzərdə tutulan imtiyazdan istifadə etmək istəyir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəaları təhlil olunmalıdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin şərh edilməsinə dair 08.12.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, ... “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Göründüyü kimi, qanunverici bu halda iki əsas şərti irəli sürür: - dövlət qulluqçusunun pensiya yaşına çatması; - öz arzusu ilə dövlət qulluğundan çıxması. Bu Qanunun 33.2-ci maddəsi dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə məhz öz arzusu ilə dövlət qulluğundan çıxmasına həvəsləndirir, yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şəraitin yaradılması məqsədini daşıyır. Göstərilən maddənin məzmunundan da aydın olur ki, burada “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilən pensiya yaşı nəzərdə tutulur. Həmin maddəyə görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu maddənin “Qeyd” hissəsi nəzərə alınmaqla, kişilər üçün pensiya yaşı 63, qadınlar üçün isə hazırda 59,5 (bu yaş həddi 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır) yaş təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin həmin Qanunun 2.3cü maddəsinin tələbləri baxımından şərh edilməsinə dair 05.06.2018-ci il tarixli Qərarında göstərilmişdir ki, ... həmin Qanunun 33.2-ci maddəsində nəzərdə tutulmuş birdəfəlik haqqın verilməsi də pensiyaya çıxan dövlət qulluqçusunun sosial vəziyyətinin yaxşılaşdırılmasına və layiqli həyat səviyyəsinin təmin edilməsinə yönəlmişdir. Bu maddədə təsbit olunmuş münasibətlər əmək hüquq münasibətlərinin bitəcəyi anda yaranır və işçinin pensiyaya çıxmasına həvəsləndirilməsi məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bu Qərarında həmçinin daha əvvəlki, 08.12.2014-cü il tarixli Qərarındakı mövqeyinə istinad edərək, yuxarıda göstərilənləri bir daha vurğulamışdır. İşin mübahisəsiz hallarından məlumdur ki, iddiaçı “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinin, eləcə də “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq 07.03.2018-ci il tarixdə, yəni 63,5 yaşdan yaşa görə pensiya hüququndan istifadə edərək təqaüdə çıxmış olsa da, dövlət qulluğunda olmanın yaş həddinin imkan verdiyi 65 yaş həddinə çatmaması səbəbindən işləməyə davam etmişdir. Belə olan halda, pensiya yaşına çatdıqdan sonra işləməklə və 65 yaşı tamam olmağına az qalmış, 29.08.2019-cu il tarixdən öz arzusu ilə dövlət qulluğundan azad olunması iddiaçıya “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsində nəzərdə tutulan imtiyazdan istifadə etmək imkanını saxlaya bilməzdi. Yuxarıda istinad edilən Konstitusiya Məhkəməsi Plenumunun hər iki Qərarında da “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinə şərh verilərkən o hüquqi mövqe nümayiş etdirilmişdir ki, dövlət qulluqçusu pensiya yaşına çatmasına görə məhz öz arzusu ilə dövlət qulluğundan çıxması üçün həvəsləndirilir ki, yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şərait yaradılsın. Eyni zamanda, göstərilən maddənin məzmunundan da aydın olur ki, burada “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilən pensiya yaşı nəzərdə tutulur. İddiaçı hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 07.03.2018-ci ildən yaşa görə pensiya hüququndan yararlanmaqla təqaüdə çıxsa da, işləməyə davam etməklə “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsi ilə nəzərdə tutulan imtiyaz hüququnu itirmişdir. İddiaçının istinad etdiyi və iddiaçının mövqeyinə uyğun olaraq Azərbaycan Respublikası X4 “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinə şərh verməsi ilə bağlı məktubuna (iş/v 35) münasibətdə məhkəmə bildirir ki, sözügedən qurum normativ hüquqi aktı şərh etmək səlahiyyətinə malik deyildir və həmin məktub (şərh) hazırkı mübahisənin həllində rəhbər tutula bilməz. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun: 90.1-ci maddəsinə əsasən, normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir; 90.2-ci maddəsinə əsasən, normativ hüquqi akt şərh edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir, onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən digər normalar ilə funksional və başqa əlaqələri müəyyən edilir. Məhkəmə həmçinin vurğulayır ki, dövlət qulluqçusuna aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsi ilə bağlı digər işlər üzrə də Ali Məhkəmənin kollegiyasının hüquqi mövqeyi hazırkı məzmunda olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(102)-285/2022 №-li iş üzrə 08.02.2022-ci il tarixli Qərarı). “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinə əsasən aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsi tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh X3 Xidmətinə qarşı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində cəlb edilməklə “birdəfəlik ödənişin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar