Məhkəmə qərarları › İş №2-1(112)-11070/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11070/2022

22.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11070/2022 22.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “inzibati xəta haqqında protokolun ləğv edilməsi” tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı MMC məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 04 iyul 2022-ci il tarixli, 3(051)-373/2022 saylı protokolun ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC qanunla müəyyən edilmiş qaydada təsis edilərək kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, vergi orqanlarına müvafiq qaydada və müddətlərdə vergi hesabatını təqdim etmişdir. xx.xx.2022-ci il tarixdə məlum olmuşdur ki, cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq Departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsi Cəmiyyət tərəfindən xx.xx.2020-ci il tarixdə xaricə köçürülmüş və 2 il müddət keçsə də 25000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal edilmədiyi və valyuta vəsaitinin geri qaytarılmaması qənaətinə gələrək iddiaçı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən 04 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir. Sözügedən inzibati xəta haqqında protokolu qanunsuz və əsassız hesab edir. Ona görə ki, iddiaçıya istinad edilən inzibati xəta törədilməmişdir. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş pul vəsaitinin hesabına alınmış malların ölkəyə idxalını təsdiq edən bütün sənədlər iddiaçı tərəfindən banka təqdim edilmiş, yuxarıda qeyd edilən protokolda göstərilən bütün valyuta vəsaitinin hesabına alınan malların hamısı ölkəyə idxal edilmiş və həmin malların satışından müvafiq qaydada vergi ödənilmiş, qabaqcadan ödənilmiş qeyd edilən valyuta vəsaitindən xaricdən geri qaytarılmayan hissəsi olmamışdır. Ona görə də cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati xəta haqqında protokolunda göstərilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən törədilmədiyindən, protokol qanunsuz və əsassız tərtib edildiyinə görə cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş həmin inzibati xəta haqqında protokol ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh iclasda iştirak etməmişlər. Məhkəmə hesab edir ki, iddianın məzmunundan göründüyü kimi, tələb inzibati orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətindən irəli gəlir. Belə ki, inzibati tənbeh vermə haqqında protokol mübahisələndirilir. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarı, 2.1-ci bənd) Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı, № 05, 17-ci bənd). İddia ərizəsi hüquqi şəxsin adından lazımi qaydada qaldırılmamışdır (möhürlə təsdiqlənməmişdir), lakin formal xətanın aradan qaldırılması iddianın mümkünlüyünü istisna etmir. Qeyd olunanlara əsasən məhkəmə bu qənaət gəlir ki, İddiaçı MMC-nin hazırkı iddiasına inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Odur ki, iddiaçıya müvafiq tələblə cavabdehin ünvanının olduğu yer üzrə ümumi məhkəməyə müraciət etmək hüququ (qərardan narazı qaldığı təqdirdə apellyasiya instansiya məhkəməsinə şikayət verməklə) izah olunmalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar