Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11072/2022 10.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “müraciətə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 17 dekabr 2019-cu il tarixli 14/A-112/188-019/34 saylı məktubu ilə cavabdeh orqana göndərilən şikayət ərizəsinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi və şikayət ərizəsinə cavab verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək məhkəmə qərarının icra edilməsinə köməklik göstərməsini xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsi ərizəni 17 dekabr 2019-cu il tarixli 14/A-l 12/188-019/34 saylı məktubla baxılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 17 dekabr 2019-cu il tarixli 14/A-112/188- 019/34 saylı məktubu ilə cavabdeh orqana göndərilən şikayət ərizəsinə cavab verilməsini təmin etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Doğrudur, Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 59.1-ci maddəsində qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslərin başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək hüququnu təsbit etmişdir. Oxşar norma İPM-də olmasa da, ümumi prinsiplər nəzərə alınmaqla inzibati icraat zamanı da üçüncü şəxslərin xeyrinə iddia qaldırılması istisna edilmir. Lakin belə bir iddia qaldırmaq üçün iddia qaldıran şəxs başqa şəxsin xeyrinə iddia qaldırmasındakı hüquqi marağını sübut etməlidir, hansı ki, bu maraq həyati əhəmiyyətə malik olmalıdır. Digər hallarda isə iddianı qəbul edilən inzibati akt vasitəsilə hüquqlarının ən azı pozulması ehtimalı olan tərəf qaldıra bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı halda İddiaçının müvafiq tələb irəli sürmək üçün subyektiv hüququ olmamış, İddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Belə ki, iş materiallarından görünür ki, tələbkar X1 nümayəndəsi İddiaçı xx.xx.2019cu il tarixdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Dövlət nəzarəti şöbəsinə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli 2(004)-921/2018 saylı qətnaməsinin icra edilməməsi ilə bağlı Yasamal rayon İcra və Probasiya Şöbəsinin qanunsuz hərəkətlərinin araşdırılmasını xahiş etmiş, qoşma olaraq etibarnamə əlavə etmişdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həmin müraciəti baxılması üçün xx.xx.2019-cu il tarixli 14/A-112/188-019/34 saylı məktubla aidiyyəti üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərmişdir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbycan Respublikası Qanununun: - Maddə 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs;. - Maddə 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti; - Maddə 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - Maddə 36.1. Aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: 36.1.1. inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan; 36.1.2. barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər; 36.1.3. inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər. - Maddə 37.1. fiziki və ya hüquqi (maraqlı) şəxs inzibati icraatda şəxsən iştirak edə bilər və yaxud nümayəndə vasitəsilə təmsil oluna bilər. -Maddə 37.3. nümayəndənin səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilmiş etibarnamə ilə təsdiq olunur. Nümayəndə təmsil etdiyi şəxsin adından icraatla bağlı bütün prosessual hərəkətləri yerinə yetirmək hüququna malikdir. - Maddə 71.1. maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Eyni zamanda “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud bu Qanunun 6.7-ci maddəsində göstərilən qaydada göndərilir. Həmin Qanunun 6.6-cı maddəsinə əsasən yazılı müraciət nümayəndə vasitəsilə təqdim edildikdə müraciətə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin surəti əlavə olunmalıdır. Sadalanan normalardan aydın olur ki, inzibati icraatda nümayəndə özü müstəqil iştirakçı kimi yox, təmsil etdiyi şəxsin (maraqlı şəxsin) adından çıxış edir və onun etdiyi prosessual hərəkətlər, o cümlədən buna cavab olaraq inzibati orqanın etdiyi hərəkətlər (hərəkətsizliklər) təmsil etdiyi şəxsi asılı etməklə təmsil etdiyi şəxs üçün hüquqi nəticələr yaradır. İşdən görünür ki, İddiaçının cavabdehə müraciəti məhz F.Mirzəyevin hüquqları ilə bağlı olmaqla onun adından onun mənafeləri üçün edilmiş, nəticə etibarilə bu müraciət iddiaçı üçün deyil, bilavasitə F.Mirzəyev üçün hüquqi nəticə yaratmaq imkanına malik olmuşdur (oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1179/2020 saylı xx.xx.2020-ci il tarixli qərarında da öz əksini tapmışdır). Lakin İddiaçı hazırkı iş üzrə F.Mirzəyevin hüquqlarının həyata keçirilməsi ilə bağlı onun nümayəndəsi qismində inzibati orqana müraciət etsə də, F.Mirzəyevin hüquqlarının müdafiəsi üçün iddianı öz adından qaldırmış və ümumiyyətlə, onun F.Mirzəyevin nümayəndəsi olması ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-11072/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11072/2022
10.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver