Məhkəmə qərarları › İş №2-1(112)-11072/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11072/2025

06.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11072/2025 06.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Maştağa yolunun sağ tərəfi, Məmmədyarov küçəsində 0,29ha torpaq sahəsinə verilmiş (1262077 nömrəli, reyestr nömrəsi **********82, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il) dövlət reyestrindən çıxarışı ləğv edilməsi öhdəliyi cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfindəki 2000 kv metr topraq sahəsi, Bakı şəhəri İcra Hakimiyəti Yaşillaşdırma Təsərrüfatı Birliyi ilə mərhum atası X4 arasında bağlanmış Stasionar Xidmət Obyektinin təşkili haqqında xx.xx.2006-cı il tarixli müqavilə əsasında 10 il müddətinə atasının icarəsinə verilmiş və Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 11 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə atası həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanıtmaqla torpaq sahəsini atasının adına rəsmləşdirilməsi qət edilmişdir. Atası xx.xx.2015-ci ildə vəfat etmiş və o vərəsəlik şəhadətnaməsi almaq üçün Bakı şəhəri 39 saylı notariat kontoruna müraciət etmişdir. Eyni zamanda, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi icra edilməsi üçün Nərimanov rayon icra şöbəsinə göndərilmişdir. İcra şöbəsi sözü gedən gətnaməni ləğv olunmasını əsas gətirərək icraata xitam qərarı vermişdir. Sabunçu Rayon Məhkəməsinin 8(008)- 336/2022 saylı qərardadında Ali məhkəmənin 2-1(102)-1052/2020 saylı qərarına əsasən icra şöbəsinin qərarını ləğv edilmiş və icra vərəqəsi yenidən icra olunması üçün icra şöbəsinə göndərilmişdir. Cavabdeh gürum dövlət reyestrindən çıxarışı verilməsindən imtina edərək Ali məhkəmənin qərarında dövlət reyestrindən çıxarışın verilməsinin öhdəliyin müəyyən edilmədiyini səbəb gətirmişdir. Hal-hazırda qeyd edilən hərəkəthərəkətsizliklə bağlı inzibati məhkəmədə icraatı mövcuddur. Bundan başqa, digər inzibati məhkəmələrdə ona məlum olmuşdur ki torpaq sahəsinə digər fiziki şəxsin adına dövlət reyestrdən çıxarış verilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “...İdarənin arxiv məlumatlarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabarat qəsəbəsi, Zabrat-Maştağa yolunun sağ tərəfi ünvanında yerləşən torpaq sahəsi, Bakı şəhəri Sabunçu rayonu İcra hakimiyyət başçısının xx.xx.2018-ci il tarixli, 34 saylı sərəncamı və torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2018-ci il tarixli, 21 sayı müqaviləsinə əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. Sabunçu Rayon Məhkəməsinin 2- 1140/06 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə mərhum X1 2000 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, sahənin onun adına sənədləşdirilməsi qət edilmişdir, müvafiq qərardan Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş və qərar ləğv edilmişdir. Bu səbəbdən icra sənədi üzrə icraata xitam verilmişdir. Bundan başqa, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(008)- 336/2022 nömrəli qərardadı ilə icraata xitam barədə qərarın ləğv olunması, icra sənədi üzrə tədbirlərin davam etdirilməsi qərara alınmışdır. Lakin icra tədbirlərinin davam etdirilməsi qərara alınsa da, icra sənədinin əsasını təşkil edən 2006-cı il tarixli məhkəmə qərarı ləğv edildiyindən icrası mümkün olmamışdır. İddia ərizəsində qeyd edilən Ali Məhkəmənin 2-1(102)-1052/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərardadı ləğv edilib, iş sonrakı prosesual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilib. Həmçinin, Bakı İnzibati Məhkəməsində İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfində yerləşən 1350 kv.m torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinin mərhum atası X3 məxsus olmasına dair arayışın verilməsi tələbinə dair 2-1(112)-8425/2025 saylı iş mövcuddur, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır.” Tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Aşağıdakılara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılamalıdır: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia verərək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Maştağa yolunun sağ tərəfi, Məmmədyarov küçəsində 0,29ha torpaq sahəsinə verilmiş (1262077 nömrəli, reyestr nömrəsi **********82, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il) dövlət reyestrindən çıxarışı ləğv edilməsi öhdəliyi cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. İstinad edilən Plenum qərarlarındakı hüquqi mövqelərdən görünür ki, reyestrdə aparılmış qeyd və onun əsasında verilmiş çıxarış inzibati akt sayılmır və qeydin aparılması əsas inzibati aktdırsa, həmin inzibati akt, inzibati məhkəmə icraatı qaydasında, qeydin aparılmasına əsas mülki hüquqi əqddirsə, həmin əqdin əsaslılığı mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. İdarənin arxiv məlumatlarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabarat qəsəbəsi, Zabrat-Maştağa yolunun sağ tərəfi ünvanında yerləşən torpaq sahəsi, Bakı şəhəri Sabunçu rayonu İcra hakimiyyət başçısının xx.xx.2018-ci il tarixli, 34 saylı sərəncamı və torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2018-ci il tarixli, 21 sayı müqaviləsinə əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. Belə olan halda iddiaçı hüquqi marağına çatmaq üçün torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənəd olan Bakı şəhəri Sabunçu rayonu İcra hakimiyyət başçısının xx.xx.2018-ci il tarixli, 34 saylı sərəncamını mübahisələndirməlidir. Ümumiyyətlə məhkəmə qeyd edir ki, iddiaçı digər şəxsə dair hüquqmüəyyənedici sənədləri mübahisələndirmək üçün iddia vermək üçün subyektiv hüquqa malik deyildir. İddiaçı sözügedən torpaq sahəsinin onun atası X3 məxsus olduğunu bildirir. İş mateteriallarına əlavə edilmiş məhkəmə aktlarılnda müəyyən edilir ki, İddiaçı cavabdehlər X5, X6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfindəki 2000 kv metr torpaq sahəsinə dair cavabdeh X2 istifadəsinə verilməsinə dair müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş Çıxarışın ləğv edilməsi, eyni zamanda cavabdeh X5 ilə cavabdeh X6 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, cavabdehlərin mübahisəli torpaq sahəsindən və qeyri-yaşayış sahələrindən məcburi qaydada öz hesablarına çıxarılması və iddiaçının həmin sahəyə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-807/2023 nömrəli qətnaməsi ilə, İddiaçı cavabdehlər X5, X6 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərəzi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi barədə idda tələbi rədd edilməsi qət edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi lə Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, Məmmədarov küçəsi, 4A saylı evin yan tərəfindəki 2000 kv metr torpaq sahəsinə X1 mülkiyyət hüququ tanınaraq həmin torpaq sahəsinin onun adına sənədləşdirilməsi qət edilmiş, qətnamə icraya yönəldilmiş, lakin icra edilməmişdir. İddiaçı mübahisəli torpaq sahəsinə hüququnu təsdiq edə bilmədiyindən belə bir iddia qaldırmağa onun subyektiv hüququ olmamışdır. Göründüyü kimi, idiaçının üçüncü şəxsə dair hüquqmüəyyənedici sənədləri mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olması da müəyyən edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adışəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektv hüquq üç elemenin məcmusu kimi qiymtələndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə iddiaçıya hüquqi yardımın edilməsi məsələsinə də hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının elektron kabineti var və iş üzrə aparılmış prosessual hərəkətlər barədə (məhkəmə iclasının təyin edilməsi və s.) iddiaçı tərəf məlumatlı olmuşdur. Lakin iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Bundan başqa, İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Hazırkı iddia tələbində işin inzibati mühakimə icraatında davam etdirilməsinə mane olacaq və məhkəmənin hüquqi yardımına əsasən aradan qaldırılması mümkün ola biləcək nöqsanlar yoxdur. Odur ki, məhkəmə iddiaçının iştirakının təmin edilməsi, məhkəmə iclasının təxirə salınmasına zərurət görmür. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar