Məhkəmə qərarları › İş №2-1(112)-11075/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11075/2023

14.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11075/2023 14.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı1 nüməyəndəsi (qızı) X5 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X18, X6, X19, X20, X14) qarşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X8, X2, X9, X10, X7 ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Nəsimi rayon Polis İdarəsinə vəvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı1 məxsusdur. Həmin yaşayış evi üzərində tam mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiq edilir. X3 (xx.xx.1986), X4 (xx.xx.1954), X19 (xx.xx.1984), X22 (xx.xx.2012), X14 (xx.xx.2010) həmin yaşayış evində (ünvan 1) yaşayış yeri üzrə qeydiyyatdadırlar. Bu isə İddiaçı1 mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. İddiaçı qeyd edir ki, X21, X4, X19, X22, X14 həmin yaşayış evində yaşamır və yaşayış sahəsindən istifadə hüquqları yoxdur. Bunların əsasında X11, X1, X9, X12, X7 iddiaçının mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə aidiyyəti üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 51/2-H-15652 nömrəli cavab məktubu ilə qeyd edilən şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasından imtina edilmiş, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qərarı ilə həyata keçirildiyi bildirilmiş və məhkəməyə müraciət etməyi vurğulanmışdır.

3. İddiaçı2 “İddiaçı1 iddia ərizəsi üzrə” məhkəməyə müraciət edərək X8, X2, X9, X10, X7 ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Nəsimi rayon Polis İdarəsinə vəvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə vəsatət təmin edilmiş və X15 İddiaçı1 cavadeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına birgə iddiaçı qismində iştirakı nəzərə alınmışdır.

5. Nəsimi rayon Polis idarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxslərin ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qərarı əsasında həyata keçirilir. İddiaçıya məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir.

6. Məhkəmənin sorğusuna cavab olaraq Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 41 saylı Mənzil-Kommunal İstismaı Sahəsi tərəfindən ünvanlanan xx.xx.2023-cü il tarixli, 82 nömrəli məktubda bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı, çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, dalan 10 ev 2. ümumi sahəsi 61.12 kv.m olan, 1 otaqlı mənzil İddiaçı1 xüsusi mülkiyyətindədir. Əlavə olaraq qeyd edilir ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş, xx.xx.2004-cii il tarixli, 1347 saylı, qeydiyyat vəsiqəsinə əsasən ünvan 5 ümumi sahəsi 24.0 kv.m olan, 2 otaqlı mənzil X1 xüsusi mülkiyyətindədir. Nəsimi rayonu 41 saylı MKİS-də olan sənədlərə əsasən bildirilir ki, S.Əsgərova küçəsi dalan 10 ev 2, ünvanında qeyd olunan hər iki şəxsin evləri yerləşir. Qeyd olunan şəxslər ailələri birlikdə özlərinə məxsus və xüsusi mülkiyyətlərində olan mənzillərdə yaşamaqla pasport qeydiyyatındadırlar.

7. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə X18, X6, X19, X20, X14 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdirlər.

8. Şifahi dinləmələr (məhkəmənin baxış iclası) zamanı iştirak edən İddiaçı1 qanuni nümayəndəsi (qızı) X16 bildirmişdir ki, ünvan 5 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüquqları İddiaçı1 adına qeydə alınmış və ona çıxarış verilmişdir. Həmin evlə üçüncü şəxslərin yaşadığı ev ayrı-ayrı evlərdir.

II. İddianın növü və mümkünlüyü

9. İPM-dən: 30.1 Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.4. İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır.

10. Məhkəmə iddiaçıların mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olduqlarında prosessual həmiştirakçılığı yolverilən hesab edir.

11. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

12. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

13. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

14. İddiaçı1 cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi xx.xx.2023-cü il tarixli cavabında qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

15. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

16. İddiaçı1 adına ünvan 1 ünvanında yerləşən mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı Çıxarış mövcuddur.

17. X1 adına ünvan 1 ünvanında yerləşən mənzilə dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cii il tarixli, 1347 saylı qeydiyyat vəsiqəsi mövcuddur.

18. Məhkəmə müəyyən etmişdir ki, qeyd edilən evlərin ünvanı eyni göstərilmiş olsa da, ayrı evlərdir və ünvan 1 ünvanı ilə iki mənzil qeydiyyata alınmışdır.

19. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

22. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ...Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur...

23. Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydalarına əsasən: 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda.

24. Həmin ünvan üzrə iki ayrı fərdi yaşayış evi olduğundan və həmin şəxslər iddiaçının razılığı ilə qeyd edilən fərdi yaşayış evinə qeydiyyata alınmadıqlarından cavabdehin imtinası qanunsuz sayılmamalıdır.

25. Odur ki, məhkəmə hesab edir ki, ünvan 1 ünvanı ilə iki fərdi yaşayış evi mövcud olduğundan və iddiaçının həmin evə dair hüquqları digər mülkiyyətçi ilə müqayisədə sonradan qeydə alındığından iddiaçı hüquqi marağına uyğun olaraq özünə məxsus olan daşınmaz əmlaka dair yeni ünvan təyin olunması üçün aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 1 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edə bilər. Ünvanlar üst-üstə düşdüyündən həmin qurum iddiaçının müraciətini müsbət həll etməli və həmin fərdi yaşayış evinə yeni ünvan təyin edildiyi təqdirdə, iddiaçının marağı da təmin edilmiş olacaqdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus evə dair notariat hərəkətləri aparılan zaman notarius tərəfindən də qeyd edilən hal (eyni nömrə ilə iki fərdi yaşayış evinin mövcudluğu) nəzərə alınmalı və notariat hərəkətlərinin aparılmasına maneəçilik yaradılmamalıdır.

26. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar