Məhkəmə qərarları › İş №2-1(112)-1108/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1108/2025

09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1108/2025 09.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiаçı İddiaçı Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 9 yanvar 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1993-cü il tarixli, 1104 №-li Sərəncamına əsasən İddiaçı sahələrarası elmi-istehsalat kooperativinin 10.05.93-cü il tarixli 01-36 №-li məktubunu və Xətai Rayon İcra Hakimiyyəti Başçısının 09.06.93-cü il tarixli 1588 №-li razılıq məktubu nəzərə alınaraq, Xətai rayonu, Gəncə prospektinin 2942 “a” məhəlləsində Biznes mərkəzi kompleksi layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. 32393,64 kv.m torpaq sahəsi üzərində iddiaçının Torpaqdan daimi istifadə hüququna dair JN-0668 KOD 01000003 nömrəli Dövlət aktı tərtib edilmiş və dövlət aktı qeyiyyat kitabında 09 yanvar 2001-ci il 100 nömrəli ilə qeydiyyata alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2017-ci il tarixli, 12 №-li Sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 17/17 /PA-1943-25 saylı tapşırığını, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2016-cı il tarixli, **********39 saylı razılıq məktubunu və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin xx.xx.2017-ci il tarixli, 22-25 saylı müraciətini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, İşlər İdarəsinin və tabelikdə olan idarə və təşkilatların mənzilə ehtiyacı olan əməkdaşlarını mənzillə təmin etmək məqsədilə yaşayış kompleksinin tikintisi üçün Xətai rayonu, Gəncə prospekti ilə İ.Zülfüqarov küçəsinin kəsişməsindəki 2942 A saylı məhəllədə yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin daimi istifadəsinə verilmiş və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 1104 saylı sərəncamı ləğv edilmişdir. İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 1104 saylı sərəncamı ilə ayrılmış 3.2 ha torpaq sahəsinin qanunsuz olaraq alınması əvəzində 30 000 00 (otuz milyon manat) kompensasiya tələbi ilə bağlı cavabdehə müraciət etmiş, lakin müraciəti cavablandırılmamışdır. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.2001-ci il tarixdə Dövlət Aktına əsasən istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə pr., 2942a saylı məhəllədə yerləşən, ümumi sahəsi 3,2 ha torpaq sahəsinin əvəzi olaraq 30 000 0000 (otuz milyon) manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, torpaq sahəsi İddiaçı sahələrarası elmi-istehsalat kooperativinə ayrıldığı vaxtdan daimi istifadəsində olmuşdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 12 nömrəli Sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1993cü il tarixli, 1104 saylı Sərəncamı ləğv edilmiş, həmin torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, İşlər İdarəsinin və tabelikdə olan idarə və təşkilatların mənzilə ehtiyacı olan əməkdaşlarını mənzillə təmin etmək məqsədilə yaşayış kompleksinin tikintisi üçün Xətai rayonu, Gəncə prospekti ilə Zülfüqarov küçəsinin kəsişməsindəki 2942 A saylı məhəllədə yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin daimi istifadəsinə verilmişdir. Kooperativə ayrılmış torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 12 nömrəli Sərəncamı ilə onlardan alınaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə verilsə də, torpağın əvəzində kompensasiya ödənilməmişdir. Kooperativ haqsız olaraq torpağından məhrum olmuşdur. Kompensasiyanın ödənilməsi barədə cavabdeh orqana müraciət olunsa da, bu günədək heç bir cavab verilməmiş, kompensasiya ödənilməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizələri onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati kompensasiya tələbi haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddialar ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçların prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən halıdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1993-cü il tarixli, 1104 №-li Sərəncamına əsasən İddiaçı sahələrarası elmi-istehsalat kooperativinə torpaq sahəsi ayrılmış və 3.2 ha torpaq sahəsinə dair Torpaqdan daimi istifadə hüququ barədə JN-0668 KOD 01000003 nömrəli Dövlət aktı tərtib edilmişdir. Sonradan Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2017-ci il tarixli, 12 №-li Sərəncamına əsasən eyni ünvanda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə 5.0381 ha torpaq sahəsi ayrılmış və həmin Sərəncamla Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1993-cü il tarixli, 1104 №-li Sərəncamı ləğv edilmişdir. İddiaçı MMC, İddiaçı sahələrarası elmi-istehsalat kooperativin çevrilməsi yolu ilə yaradılmış və onun hüquqi varisidir. İddiaçı ona ayrılmış torpaq sahəsinin qanunsuz alınmasına görə 30.000.00 (30 milyon) manat kompensasiya ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciəti ilə bağlı hərəkətsizlik etmiş və hazırkı mübahisə yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən rədd edilməlidir. Belə ki, hazırkı iddianın növü İPM-in 2.2.7-ci maddəsində təsbit edilmiş inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbidir. Məhkəmə qeyd edir ki, iddianın əsaslılığın müəyyən edilməsi üçün ilk addım iddia tələbinin qanuni əsasının müəyyən edilməsindən ibarətdir. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala-qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. İddia tələbinin qanuni əsasını “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 89.1-ci maddəsi və vurulmuş ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normaları təşkil edir. 89.1-ci maddənin tələbinə görə, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 89.1-ci maddəsinin məzmunun dispozisiya şərtlərindən görünür ki, vurulmuş ziyana görə məsuliyyətin yaranması üçün ilk növbədə, inzibati orqanın qanunsuz qərarı və ya qanunsuz hərəkəri olmalıdır. Yalnız bundan sonra Mülki Məcəllənin vurulmuş ziyana görə məsuliyyət müəyyən edən normalarının tələbləri yoxlanıla bilər. İddiaçı hazırkı tələbinin əsası kimi o hala istinad edir ki, cavabdehin xx.xx.2017-ci il tarixli, 12 №-li Sərəncamı ilə ona ayrılmış torpaq sahəsi iddiaçıdan qanunsuz olaraq alınmış, lakin əvəzində heç bir məbləğ ödənilməmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin xx.xx.2017-ci il tarixli, 12 №-li Sərəncamının qanunsuzluğuna istinad edərək kompensasiya tələb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə qeyd edir ki, iddiaçının qanunsuz qərar (və ya hərəkət) kimi istinad etdiyi cavabdehin inzibati aktı ünvanlandığı bütün şəxslər, həmçinin iddiaçı üçün qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Həmin Sərəncam ləğv edilməmiş, geri çağırılmamış, dəyişdirilməmiş, iddiaçı və ya hər hansı bir şəxs tərəfindən mübahisələndirilməmişdir. Hazırkı iddia tələbinin əsaslı olmaması üçün ilk növbədə cavabdehin xx.xx.2017-ci il tarixli, 12 №-li Sərəncamının qanunsuzluğu müəyyən edilməlidir. Qeyd edilən məsələ isə hazırkı iddia tələbinin predmeti deyildir. Məhkəmə, mübahisələndirilmədiyi halda, hazırkı icraat çərçivəsində iddiaçı və digər şəxslər üçün hüquqi qüvvəsini saxlayan və etibarlı olan inzibati aktın qanuniliyinə qiymət vermək səlahiyyəti yoxdur. Nə qədər ki, həmin inzibati aktın qanuniliyi mübahisələndiriməmişdir, inzibati orqanın qanunsuz aktı nəticəsində dəymiş ziyana görə kompensasiya ödənilməsi barədə tələbin qanuni əsasının dispozisiya şərtləri də ödənmir. Aparılmış qiymətləndirməninin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbin rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar