Məhkəmə qərarları › İş №2-1(112)-1109/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1109/2023

14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1109/2023 14.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “hərbi xidmət dövründə alınmış travmanın ağırlıq dərəcəsi haqqında arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2021-ci il tarixdə ona N nömrəli hərbi hissədə xidmət keçərkən xx.xx.1993-cü il tarixdə döyüş vaxtı aldığı yaralanmanın (xəsarətin) ağırlıq dərəcəsi haqqında müvafiq arayışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, Nazirlik iddiaçının müraciətini cavablandırmamışdır. Bundan sonra iddiaçı cavabdehə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin iddiaçının xx.xx.2021-ci il tarixli müraciətinin cavablandırılmasında ifadə olunan hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab olunması və xx.xx.1993-cü il tarixdə aldığı travmanın ağırlıq dərəcəsi haqqında müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra cavabdehin əsl cavabdehlə əvəz olunması haqqında ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası ilə əvəz olunmasını xahiş etmişdir, məhkəmə tərəfindən ərizə təmin edilmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 1992-ci ilin sentyabr ayından 1993-cü ilin may ayınadək N nömrəli hərbi hissənin tərkibində əsgər kimi hərbi xidmət keçmiş, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və xx.xx.1993-cü il tarixdə döyüş vaxtı yaralanmışdır. O, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında müayinə və müalicədə olmuş, AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının Hərbi Həkim Komissiyasının 383 nömrəli, xx.xx.1993-cü il tarixli qərarı ilə ona xx.xx.1993-cü il tarixdən xidmətə yararsız olduğuna görə 30 gün xəstəliyə görə məzuniyyət verilmişdir. Yaralanmanın səbəbi AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının Hərbi Həkim Komissiyasının 211 nöömrəli, xx.xx.2011-ci il tarixli qərarı ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” ifadəsi ilə göstərilmişdir. Lakin ona N nömrəli hərbi hissədə xidmət edərkən xx.xx.1993-cü il tarixdə döyüş vaxtı aldığı yaralanmanın (travmanın) səbəb əlaqəsi haqqında arayış verilməmişdir. N nömrəli hərbi hissədə xidmət keçərkən xx.xx.1993-cü il tarixdə döyüş vaxtı aldığı yaralanmanın (xəsarətin) ağırlıq dərəcəsi haqqında müvafiq arayışın verilməsinə göstəriş verilməsi xahişi ilə o, xx.xx.2021-ci il tarixdə nümayəndəsi vasitəsilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Lakin onun müraciəti bugünə qədər cavablandırılmamış və nəticəsiz qalmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2022-ci tarixli, 11/2534 nömrəli iddiaya münasibət məktubunda bildirmişdir ki, iddiaçı aldığı travmanın ağırlıq dərəcəsi təyin edilməsi haqqında müvafiq sənədi almaq üçün müraciət etdiyi ünvanları düzgün təyin etməmişdir. Belə ki, ehtiyatda olduğundan İddiaçı aldığı travmanın ağırlıq dərəcəsinin təyin edilməsi haqqında müvafiq tibbi sənədi almaq üçün qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin müvafiq rayon idarəsinə müraciət etməli, həmin orqan tərəfindən aldığı travmanın ağırlıq dərəcəsini təyin etmək məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji- Anatomik Mərkəzinə göndəriş verilməli, nəticədə iddiaçı aldığı travma ilə əlaqədar barəsində tərtib edilmiş bütün tibbi sənədlərlə birlikdə göndəriş məktubu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji- Anatomik Mərkəzinə müraciət etməlidir. Mərkəzdə iddiaçının xx.xx.1993-cü il tarixdə aldığı travma ilə əlaqədar Məhkəmə-tibb ekspertinə təqdim edildikdən sonra aldığı travmanın ağırlıq dərəcəsi ilə bağlı ona müvafiq rəy veriləcəkdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) III. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - MN Mərkəzi Hərbi Hospitalının xx.xx.1993-cü il tarixli 883 saylı arayışından görünür ki, iddiaçıya xx.xx.1993-cü il tarixdə aldığı xəsarətə əsasən irinləmə ilə fəsadlaşmış sağ budun aşağı 1/3-nin yumşaq toxumlarının dəlib keçən odlu silahla güllə yaralanması diaqnozu qoyulmuş, iddiaçının xəstəliyə görə 30 gün məzuniyyətə çıxması müəyyən edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Sabunçu Rayon Hərbi Komissarlığının xx.xx.2011-ci il tarixli, 429 nömrəli arayışından görünür ki, İddiaçı 09.1992-ci ildən 05..1993-cü ilə qədər AR Silahlı Qüvvələrində xidmətdə olmuş, xx.xx.1993-cü ildə N saylı hərbi hissə tərkibində aparılan döyüş əməliyyatları zamanı güllə yarası almışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli, 211 nömrəli Qərarından görünür ki, Bakı şəhəri Sabunçu RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu yaralanma- diaqnoz:” irinləmə ilə fəsadlaşmış sağ budun aşağı 1/3-nin yumşaq toxumlarının dəlib keçən odlu silahla güllə yaralanması” (Sabunçu RHK-nin xx.xx.2011-ci il tarixli, 429 nömrəli göndərişi, xx.xx.2011-ci il tarixli 110 nömrəli arayışı, MN MHKH-dan verilmiş xx.xx.1993-cü il tarixli 883 saylı arayışı, MN Mərkəzi Hərbi Klinik Hospitaldan verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” kimi şəhadətləndirilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2023-cü il tarixli, 133 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdə döyüş əməliyyatı zamanı aldığı odlu silah yaralanmasına görə Müdafiə Nazirliyinin Baş Klinik hospitalına daxil olmuşdur. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın cərrahiyyə profilli üzrə Hərbi Həkim Komissiyasının protokollar kitabında onun müalicədən sonra xx.xx.1993-cü il tarixdə şəhadətləndirilərək “Sağ budun aşağı 1/3-nın güllə yaralanmasından sonrakı qranulyasiya edən yarası” diaqnozu qoyularaq Müdafiə nazirinin 1987-ci il tarixdə qüvvədə olan 260 nömrəli əmrinin “Xəstəliklər cədvəli”nın 39”q maddəsinin İ qrafasına əsaən 30 (otuz) gün müddətinə məzuniyyət verilmişdir. Yaralanmanın hərbi xidmətlə səbəb əlaqəsi “Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır" (əsas: Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın 1993-cü il tarixli 441/5 nömrəli cərrahiyyə profilli Hərbi Həkim Komissiyasının protokollar kitabının 43-cü səhifəsində olan 883 sıra sayındakı qeyd). Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın 1993cü il tarixli 441/5 nömrəli cərrahiyyə profilli Hərbi Həkim komissiyasının protokollar kitabının 43-cü səhifəsinin, 883 sıra sayında olan şəxsə (İddiaçı) 291 nömrəli əmrə əsasən sığorta məbləği verilməsi barədə qeyd aparılıb (həmin protokol məktuba əlavə olunmuşdur). - xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının arayışından görünür ki, N nömrəli hərbi hissənin sabiq əsəri İddiaçı Əli oğlu xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. İddiaçı hazırda istinad olunan hallara əsasən aldığı xəsarətin ağırlıq dərəcəsinin müəyyən edilməsi barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2008-ci il tarixli 123 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-Həkim Ekspertizasının keçirilməsi qaydaları haqqında” Təlimatına əsasən: - bənd 174. Hərbi xidmət (hərbi toplanış) dövründə xəsarət almış hərbi qulluqçular, hərbi toplanışa çağırılmış vətəndaşlar hərbi tibb müəssisəsində müalicənin başa çatmasından əvvəl alınmış xəsarətin ağırlıq dərəcəsini müəyyən etmək məqsədi ilə qarnizon və ya hospital HHK-sı tərəfindən şəhadətləndirilməlidirlər. - bənd 175. HHK xəsarətin ağırlıq dərəcəsini hərbi qulluqçularda, hərbi toplanışa çağırılmış vətəndaşlarda sığorta hadisəsinin baş verməsi barədə qərar qəbul edilməsi üçün əsas verən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş ağır, yaxud yüngül xəsarət növlərinin Siyahısına (bundan sonra- Siyahı) (bu Təlimata 19 nömrəli qoşma) uyğun olaraq müəyyən edir. -bənd 176. Xəsarətin ağırlıq dərəcəsi haqqında HHK-nın qərarı HHK-nın iclas protokolları kitabına (bu Təlimata 1 nömrəli qoşma), xəstəlik tarixinə, tibb kitabçasına yazılır və müvafiq arayış blankında (bu Təlimata 20 nömrəli qoşma) rəsmiləşdirilir. Xəsarət Siyahıya (bu Təlimata 19 nömrəli qoşma) aid olmadığı halda arayış tərtib edilmir və bu barədə HHK-nın iclas protokolları kitabında (bu Təlimata 1 nömrəli qoşma) müvafiq qeyd edilir. -bənd 177. Xəsarətlə əlaqədar müalicədə olan hərbi qulluqçuya (hərbi toplanışa çağırılmış vətəndaşa) xəsarətin ağırlıq dərəcəsi barədə qərar çıxarılmadığı halda xəsarətin ağırlıq dərəcəsi onun və ya hərbi hissə komandirinin müraciəti ilə qarnizon HHKsı tərəfindən təyin edilir.Əgər alınmış xəsarətin Siyahıya (bu Təlimata 19 nömrəli qoşma) aid olmadığı müəyyən edilərsə, arayış tərtib edilmir və bu barədə HHK-nın iclas protokolları kitabına (bu Təlimata 1 №-li qoşma) qeyd edilir.” - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 avqust tarixli 269 nömrəli qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”na əsasən 2.1ci bəndinə əsasən sağlamlığın uzun müddət pozulmasına səbəb olan aşağıdakı hallar az ağır xəsarətlərə aid edilir: 2.1.1. sağlamlığın 21 gün və daha uzun müddətdə pozulması ilə nəticələnən xəsarətlər. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-Həkim Ekspertizasının keçirilməsi qaydaları haqqında” Təlimatda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 66 nömrəli qərarına istinad edilsə də, həmin qərar xx.xx.2014-cü ildə ləğv olunmuşdur və hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 avqust tarixli 269 nömrəli qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı” qüvvədədir. Həmin Siyahıda isə sağlamlığın 21 gün və daha uzun müddətə pozulması ilə nəticələnən xəsarətlər az ağır xəsarət kimi qiymətləndirilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı N nömrəli hərbi hissədə xidmət keçərkən Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarət almış, həmin xəsarətə görə xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuş, xx.xx.1993-cü il tarixdə isə xəstəliyə görə 30 gün məzuniyyətə buraxılmışdır. Belə olan halda müəyyən olunur ki, iddiaçınını aldığı bu xəsarət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 avqust tarixli 269 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıya əsasən az ağır xəsarətə uyğun gəlir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı aldığı xəsarətin ağırlıq dərəcəsi barədə arayış verilməsini tələb etməkdə haqlıdır. Məhkəmə onu da qeyd edir ki, mövcud qanunvericilik təhlil edildikdə müəyyən olunur ki, xəsarətin ağırlıq dərəcəsi barədə arayış, adətən, hərbi qulluqçulara sığorta ödənişinin verilməsi üçün tələb olunan sənəddir və işdən görünür ki, iddiaçı aldığı xəsarətə görə 1993-cü ildə sığorta ödənişi almışdır. Lakin məhkəmə hesab edir ki, bu hal, yəni iddiaçının xəsarətə görə sığorta ödənişi alması, ona verilməli olan arayışı tələb etmək imkanından məhrum edə bilməz. Çünki yuxarıda qeyd olunanlardan da aydın olur ki, hərbi qulluqçu xəsarət aldıqda onun ağırlıq dərəcəsinin müəyyən edilməsi və bununla bağlı arayış tərtib edilməsi cavabdeh inzibati orqanın vəzifəsi, belə bir sənədi tələb etmək isə iddiaçının qanundan irəli gələn hüququdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hərbi xidmət dövründə aldığı xəsarətin ağırlıq dərəcəsi haqqında arayış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar