Məhkəmə qərarları › İş №2-1(112)-11091/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11091/2023

28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11091/2023 28.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı müvafiq sərəncam verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı oğu cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil- Kommunal Təsərrüfatı Departamentinə qarşı sərəncam verilməsi tələbinə dair məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 27 il fasiləsiz olaraq Bünyad Sərdarov adına zavodun 9 saylı yataqxanasında yaşayır və həmin evə 1979-cu il tarixdə pasport qeydiyyatına alınmışdır. Mənzildə 1993-cü il tarixədək, yəni məcburi köçkün girənədək yaşamışdır. Məcburi köçkün mənzilə girdiyi üçün orderi ona təhvil verilməmiş, zavodda saxlanılmış, daha sonra isə cavabdehə təhvil verilmişdir. Müraciəti əsasında məcburi köçkün mənzildən çıxarılmışdır. Bundan sonra isə, dərhal həmin mənzilə başqa şəxs girmiş və qanunsuz order almışdır. Orderin əsli ona verilmir, qəsdən gizlədilir. Bu səbəbdən də o mənzilə köçürülməlidiir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, inzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafıq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Məhkəmə iddianın mümkün sayılmaması nəticəsinə gələrkən, qeyd etməyi zəruri hesab edir ki, qeyri-müəyyən ifadə olunmuş iddia tələbinə inzibati məkhəmə icraatı qaydasında mahiyyəti üzrə baxila bilməz. Hazırkı iş üzrə də verilmiş iddia tələbi də küçədə olması nəzərə alınmaqla ən qısa zamanda müvafiq sərəncam verilməsi barədə qərardad qəbul edilməsi formasında qeyd edilməklə qeyri-müəyyən ifadələr işlədilməklə tərtib edildiyindən məhkəmə hesab edir ki, mümkünlük şərti ödənilmir. İddia tələbinin mahiyyətindən isə görünür ki, iddiaçı Bünyad Zərdarov adına zavodunda işləmiş iddiaçının ona 9 saylı yataqxanadan mənzilin verilməsinə əsaslanaraq iddia etdiyi, hazırda başqa şəxsin istifadəsində olan mənzilə köçürülməsi ilə bağlıdır ki, məhkəmə hesab edir ki, Bakı İnzibati Məhkəməsinin icraatında həmin məsələyə ilə bağlı işlərə baxılır və ya baxılmışdır. İddiaçı isə iddia tələbində müxtəlif dəyişikliklər edilməklə mahiyyəti üzrə eyni məsələ barəsində iddia ərizələri ilə məhkəməyə müraciət edərək, eyni hüquqi marağına çatılmasına müxtəlif formada iddia ərizələri verməklə nail olmağa çalışır. Belə ki, Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(112)-1994/2023 saylı iş üzrə qəbul edilmiş 30 yanvar 2023-cü il tarixli qərardaddan görünür ki, məhkəmə hesab etmişdir ki, iddiaçının hüquqi marağı nəticə etibarı ilə yaşadığını iddia etdiyi yataqxanın 70 saylı mənzili, özünün dediyi ilə desək üçüncü şəxslərin hazırda istifadədə olan 305 nömrəli mənzilinin son nəticədə adına sənədləşdirilməsi və həmin mənzilin onun sərəncamına verilməsinədir. Lakin, iddiaçılar isə həmin mənzilə verilmiş orderin cavabdeh tərəfindən alınıb ona verilməsi formasında iddia qaldırmışdır ki, məhkəmə iclasında iddianın dəqiqləşdirilməsindən əlavə, məhkəmənin icraatında olan digər bir iş üzrə də onun hüquqi marağının reallaşdırılmasına yönəlmiş formal-hüquqi baxımdan eyni iddia olmasa da, mahiyyət üzrə eyni hüquqi marağa, yəni mənzilin ona verilməsinə söykənən iddiasının olduğunu, eyni məsələ ilə bağlı fərqli icraatın aparılmasının, həmin icraatlar üzrə eyni növ sorğuların verilməsi, başqa sözlə heç bir fərqləndirmə olmadan eyni növ araşdırmanın aparılmasının zəruri olmaması tərəfin diqqətinə çatdırılmışdır. İlkin olaraq, yuxarıda da qeyd edildiyi kimi Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) icraatında olan 2- 1(112)-122/2023 saylı inzibati iş materialı mövcuddur ki, 03 sentyabr 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş həmin iş üzrə kifayət qədər geniş araşdırma aparılır ki, həmin işə baxılması ilə bağlı məhkəmə iclası ilə hazırkı iclasın vaxtını bir-neçə dəqiqə ayırır. Adıçəkilən iş üzrə də iddianın və iddiaçıların çoxsaylı ərizələrinin mahiyyətindən aydın olur ki, iddiaçının həmin iş üzrə hüquqi marağı da məhz mübahisəli mənzillə bağlı olmaqla mənzilin son nəticədə onun adına rəsmiləşdirilməsi, onun istifadə hüquqlarının bərpasına yönəlmişdir. Həmin iş üzrə də məhkəmənin hüquqi yardımına uyğun olaraq iddiaçıların hüquqi marağına uyğun iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir, son nəticədə baxılan iddia iddiaçının hüquqi marağına uyğun olaraq üçüncü şəxslərin istifadəsində olan mənzillə bağlı kirayə müqaviləsinin iddiaçıların adına bağlanılması ilə bağlı olmuşdur. Həmin iş üzrə də ilkin iddia tələbində də orderin verilməsi formasında da tələb olmuşdur ki, həmin tələb iddiaçının sonrakı ərizələrində yenə təkrarlansa da, iddia tələbinə dəqiqləşmə nəticəsində son nəticədə tələb məhz kirayə müqaviləsinin bağlanılması ilə bağlı olmuşdur. Lakin, iddiaçılar həmin icraatın aparılması ilə kifayətlənməmiş, yenidən məhkəməyə eyni mübahisə predmeti barədə iddia vermiş, bu dəfə iddia formal olaraq orderin alınıb ona təhvil verilməsi ilə bağlı olmuşdur. Halbuki, istər iddia tələbinin formal baxımından, istərsə də mahiyyəti üzrə qiymətləndirməsi baxımından mümkünlük əsaslarının mövcudluğundan söhbət gedə bilməz. Yuxarıda adıçəkilən 2-1(112)-122/2023 saylı inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il saylı qərardadında isə məhkəmə qeyd etmişdir ki, mübahisəli 305 nömrəli mənzilin 70 saylı mənzil olmadığı, ümumiyyətlə həmin binada 70 saylı mənzilin olmadığı, iddiaçıların adına hər hansı orderin mövcud olmadığı, iddiaçıların zavod işçiləri olması, həmin binada qeydiyyatda olmasına baxmayaraq həmin binada heç bir mənzildə yaşamadığı, iddia etdikləri mənzildə nə özlərinin, nə də üçüncü şəxslər yaşayana kimi hər hansı məcburi köçkünün yaşamadığını, əksinə üçüncü şəxslər və ailə üzvlərinin həmin mənzillərin sakini olduğu, arayış və qonşuların izahatları ilə də həmin halların təsdiq edildiyi, iddiaçının təqdim etdiyi sənəd və sübutların nəinki həqiqəti müəyyən etmədiyini, başqa şəxsin adından ərizənin verildiyi, həmin şəxsin isə ərizədə qeyd olunan məlumatları, yəni iddiaçıların iddia etdiyi məlumatları təsdiq etmədiyini, yerli baxışda iştirak edən şəxs və üçüncü şəxsin izahatı ilə desək iddiaçının binada ilkin olaraq mənzil seçimi etdiyini, mənzil seçimi nəticəsində 305 saylı mənzildə qərarlaşdığı, dediyi heç bir arqumentin reallıqda öz təsdiqini tapmadığı nəzərə alındıqda hazırkı iddianın mahiyyəti üzrə baxılması imkanından söhbət gedə bilməz. Belə ki, hər hansı şəxs 305 saylı mənzil hüququ ilə iddiaçıların adıçəkilən mənzilə hüquqları hazırda eynidir. Daha doğrusu hüquqlarının olmamasına münasibətdə eynilik mövcuddur ki, həmin eynilik, yuxarıda da qeyd edildiyi kimi iddiaçıların adıçəkilən mənzilə heç bir hüquqlarının, o cümlədən mülkiyyət və istifadə hüquqlarının olmamasında özünü göstərir. Həmin hüquqların mövcud olmadığı halda, hər hansı subyektiv hüququn mövcudluğundan, beləliklə də iddianın qaldırılmasında mümkünlük şərtinin ödənildiyindən söhbət gedə bilməz. Göründüyü kimi, istər iddia tələbinin qeyri-müəyyən ifadələr işlədilməklə tərtib edilməsi, istər forma baxımından fərqli olsa da eyni hüquqi marağa söykənən məzmun baxımından eyni iddia ərizələri ilə baxılan təkrar məhkəməyə müraciət etmə, istərsə də iddiaçının köçməsini tələb etdiyi mənzilə subyektiv hüququnun olmaması baxımından iddia mümkünlük şərtini ödəmir. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. İPM-nin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 45.5 və 45.5.1-ci maddələrinə əsasən iddia ərizəsinin icraata qəbul edildiyi təqdirdə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim:Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar