Məhkəmə qərarları › İş №2-1(112)-11098/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11098/2023

23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11098/2023 23.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Dövlət Neft Şirkəti) qarşı “torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 06 saylı Sərəncamı əsasında "Torpaqların alqı-satqısına dair" Aktı ilə ona fərdi yaşayış evinin tikintisi üçün Zığ Bələdiyyəsi tərəfindən satılmış və X5 kitabında 21246 nömrə ilə uçota alınmış (A № 277831) – 500 (beş yüz) kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun Dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2000-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ Bələdiyyəsinə ərizə ilə müraciət edərək ona fərdi yaşayış evi tikintisi üçün 500 kv.m torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Adı keçən Zığ Bələdiyyəsinin xx.xx.2000ci il tarixli Sərəncamı ilə İddiaçı yaşayış şəraiti, sosial vəziyyəti, onun bələdiyyənin ərazisində abadlıq işlərində fəal iştirakı nəzərə alınaraq, sonuncunun uzun illər ərzində təsərrüfat qulluğu etdiyi Zığ qəsəbəsi, Göyüşov küçəsi 36 ünvanı yaxınlığındakı 500 (beş yüz) kv.m torpaq sahəsinin fərdi yaşayış evin tikintisi üçün İddiaçı ayrılması, müvafiq alqısatqı müqaviləsilə özgəninkiləşdirilməsi qərara alınmışdır. AR Prezidentinin xx.xx.1997-ci il tarixli, 534-saylı Fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqısı Qaydalarına" olan Əlavəyə uyğun qaydada iddiaçı (alıcı) İddiaçı və Zığ Bələdiyyəsi (satıcı) arasında "Torpaqların alqı-satqısına dair" xx.xx.2000-ci il tarixli Akt imzalanmaqla bu 500 kv.m torpaq sahəsinin müəyyən edilmiş dəyəri iddiaçı (alıcı) tərəfindən tam ödənilməklə alqısatqı əqdi bağlanmışdır. Bu alqı-satqı əqdinin tərəfləri Zığ Bələdiyyəsinin tərtib etdiyi xx.xx.2001-ci il tarixli Akt üzrə bu 500 kv.m. olan torpaq sahəsi, onun ölçülərinin naturada isfadəsi ilə pay bölgüsü aparılmaqla (daimi nişanlar qoyulmaqla) alıcı İddiaçı təhvil verilmişdir. Aktdan göründüyü kimi, həmin torpaq sahəsindən heç bir kommunukasiyalar, o cümlədən "Bakkanalizasiya", qaz xətti, su kəməri, telefon xətti keçmir. Adı keçən torpaq sahəsinin özgəninkiləşdirilməsinin əsaslarının, qaydasının qanunvericiliyin tələblərinə uyğun olmasını nəzərə alaraq, AR Prezidentinin xx.xx.2007-ci il tarixli, 536 saylı Fərmanı ilə təsdiq edilmiş formada (kağız daşıyıcıda) İddiaçı ona aid "Torpaq sahəsinin planı və ölçüsü" barədə AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2010-cu il tarixdə X5 kitabından heç bir üçüncü şəxslərin hüquqları ilə yüklü olmayan və bu torpaq sahəsinin məhz ona İddiaçı aid olmasını təsdiq edən çıxarış verilmişdir. Bundan sonra İddiaçı bu torpaq sahəsi üzrə hüquqyaradan sənədlərlə cavabdehə müraciət edərək onun bu torpaq sahəsi üzərində hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmasını və ona bu barədə müvafiq Çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən imtina etmişdir. Cavabdehin iddiaçının müraciətinə imtinası əsassız və inzibati, mülki qanunvericiliyin tələblərinə ziddir.

3. Cavabdeh orqanın iddiaçının müraciətinə xx.xx.2023-cü tarixli imtina məktubunda bildirilmişdir ki, “elektron kadastr məlumatına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməklə dövlət mülkiyyəti torpaqlarıdır. Həmçinin, qeyd olunan torpaq sahəsinin bir hissəsi su kəmərinin mühafizə zonasında yerləşir. Bundan başqa, qeyd olunan torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiqlənmiş alqı-satqı aktı təqdim edilməmişdir. Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsi və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardı. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir.”

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamış və yerləşmə cizgisində istinad və məsafələr göstərilməmişdir. Həmçinin, torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməklə dövlət mülkiyyəti torpaqlarıdır. Həmçinin, qeyd olunan torpaq sahəsinin bir hissəsi su kəmərinin mühafizə zonasında yerləşir. Bundan başqa, torpaq sahəsinə dair təqdim edilən alqı-satqı aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiqlənməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya **********59 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır.

5. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Suraxanı rayon Zığ Bələdiyyəsi xx.xx.2000-ci il tarixli 06 saylı sərəncamın təsdiq olunmuş surətini məhkəməyə təqdim etmişdir. Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 06 saylı Sərəncamı ilə 500 kv.m torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. Həmin sərəncamda torpaqdan istifadə üçün Zığ Bələdiyyəsi ilə müqavilə bağlanması qeyd edilmişdir.

6. Məhkəmənin sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, torpaq sahəsi mişar daşla hasarlanmış və üç hissəyə bölünmüşdür. Sənəd üzrə sahəsi 500.0 kv.m, faktiki sahəsi isə 580.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməklə dövlət mülkiyyəti torpaqlarıdır. Qeyd olunan torpaq sahəsinin mərkəzindən Azərsu ASC-yə məxsus çirkab boru xətti keçir. Həmçinin sahəsinin bir hissəsi su kəmərinin mühafizə zonasında yerləşir. Eyni zamanda sözügedən ərazinin 404.0 kv.m hissəsinə ləğv edilmiş X3 Komitəsi tərəfindən İddiaçı adına verilmiş kadastr planının baza məlumatı mövcuddur.

7. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli vəsatət təqdim edərək, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-11098/2023 saylı iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir.

8. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin vəsatəti əsasında Dövlət Neft Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Torpaq sahəsinin koodinatları Dövlət Neft Şirkətinə göndərilmişdir.

9. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən müəyinə aktı təqdim edilmişdir. Həmin müayinə aktına əsasən: - Göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 580.0 kv.m təşkil edir. - Torpaq sahəsi dörd tərəfdən mişar daşla hasarlanıb və üç hissəyə bölünüb. - Torpaq sahəsində iki ədəd 2 mərəbəli və bir ədəd 1 mərtəbəli yaşayış evləri mövcuddur. - Torpaq sahəsinin bir tərəfdən 500 mm diametrli yer altı su kəmərləri keçir. Torpaq sahəsinin kadastr planında su kəməri göstərilib və sahə azalaraq 404.0 kv.m təşkil edib.

10. Məhkəmənin sorğusuna əsasən “Azneft” İB-nin X1 Mədəninin daimi istifadəsində olan torpaq sahələrinin 1:5000 miqyasda topoqrafik planından görünür ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ərazilərin hüdudları daxilində yerləşir.

11. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbinin təmin edilməsini xahiş etdi.

12. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi V.Şirəlizadə iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

13. Şifahi məhkəmə dinləmələri zamanı üçüncü şəxs Dövlət Neft Şirkəti iştirak etmir.

II. İddianın növü və mümkünlüyü

14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

15. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

18. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

19. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

20. Məhkəmə araşdırması zamanı əldə olunan məlumatlardan (sübutlardan) müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 06 saylı Sərəncamı ilə İddiaçı istifadəsinə verilmiş 500 kv.m torpaq sahəni Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaq sahəsinin hüdudlarında yerləşir.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi" barədə Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanında qeyd olunmuşdur:

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

22. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndinin 1-ci hissəsinə əsasən ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq, zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədi ilə İNBK-mn marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır.

24. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa əsasən neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) təhlükə potensiallı istehsal obyektləri kateqoriyasına aiddir.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

26. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

27. Məhkəmə qeyd edir ki, təhlükə potensiallı obyektlərin ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonalarının yaradılmasının məqsədləri əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması olduğundan həmin ərazilər yaşayış üçün nəzərdə tutulmamışdır. Odur ki, həmin ərazidə Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 06 saylı Sərəncamı ilə İddiaçı istifadəsinə verilmiş 500 kv.m torpaq sahəninə mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz və iddiaçının hüquqlarına həmin müdaxilə X6 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin 3-cü qaydasına uyğun olmuşdur (mülkiyyətdən isitifadəyə nəzarət). Belə ki, müdaxilə qanuni olmuş, qanuni məqsəd daşımış (əhalinin təhlükəsizliyinin təmin olunması) və zəruri olmuşdur (borunun istismarına lazımi şərait yaradılması).

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

29. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

30. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. Məhkəmə inzibati icraatı zamanı cavabdeh tərəfindən qanunun tələblərinə riayət edilməməsi nəticəsində iddiaçının hüquqlarının pozulması hallarını müəyyən etməmişdir.

32. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

33. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar