Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11099/2023 06.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı1 və digərlərinin cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı1 iştirakı ilə, İddiaçı1 və digərlərinin cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı1 və digərləri cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və onların yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4, İddiaçı2 və onun yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X6 ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsinin cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 və ailə üzvləri olan digər birgə iddiaçılar 10 ildən artıqdır ki, ünvan 1 ünvanında qeydiyyatsız yaşayırlar. Həmin evi X8 Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli sərəncamı əsasında tikmiş və iddiaçının adına xx.xx.2013-cü il tarixdə 80 il müddətinə verilmiş etibarnamə əsasında faktiki olaraq ondan almışdır. Evin əvvəlki mülkiyyətçi Rəna Rəhimova və onun ailə üzvləri həmin evdə pasport qeydiyyatında olmuşlar. 2013-cü ildən etibarən yaşayış sahəsi iddiaçının sahibliyinə keçmiş, müvafiq rüsum və vergiləri ödəməyə başlamışdır. Həmin fərdi yaşayış evinin eskiz layihəsi iddiaçının adına tərtib olunmuş, Lökbatan bələdiyyəsinə iddiaçı tərəfindən əmlak vergisi ödənilir. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı barədə Müqavilə, “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti arasında elektrik enerjisinin alqı- satqısının birtipli” Müqaviləsi və “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” Müqavilə İddiaçı1 ilə bağlanmışdır. Evə dair kommunal xidmətlərin haqqı da iddiaçı tərəfindən ödənilir. Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda da onların qeyd olunan ünvanda ailəlikcə qeydiyyatsız yaşadıqları qeyd olunmuşdur. Bütün bunlara baxmayaraq xeyli müddətdir daimi yaşadıqları və sahibliyində olan ünvan 1 ünvanına qeydiyyat düşə bilmirlər. Əsas problem yaşayış sahəsinə dair dövlət reyestrindən çıxarış verilməmiş olmasıdır. İddiaçı və ailə üzvləri Qaradağ rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatda olmuşdur. Lakin bu yaxınlarda inzibati binadan qeydiyyatdan çıxarılmışlar şəxsiyyət vəsiqələri isə deaktiv edilmişdir. Qaradağ rayon Polis İdarəsinə etdikləri müraciətlər nəticəsiz qalmışdır. Daha sonra iddiaçılar Prezident Administrasiyasına müraciət edərək öz evlərinə qeydiyyata düşməyə köməklik göstərilməsini xahiş etmişdirlər. Həmin idarədən onlara inzibati məhkəməyə müracət etmələri tövsiyə olunmuşdur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iddiaçıya izah edilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu poçt vasitəsilə iddiaçıya təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın mümkün sayılaraq təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbardar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və cavabdeh inzibati orqan tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddia ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki ərizəyə İPM-nin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə tabedir və inzibati mübahisələrlə bağlı qaldırılan iddiaların mütləq qaydada onların məhkəmə icraatının mümkün olub-olmaması məsələsi araşdırma predmeti olmalı və bu kateqoriyadan olan iddiaların İPM-in 35.1-ci maddəsinin müddəalarına uyğun olub-olmamasına hüquqi qiymət verilməlidir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər ödənilmiş olmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə ərizədə qeyd edilənlər ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan sənədlərdən və iddia ərizəsindən görünür ki, İddiaçı1 və ailə üzvləri olan digər iddiaçılar 10 ildən artıqdır ki, ünvan 1 ünvanında qeydiyyatsız yaşayırlar. Həmin evi iddiaçı etibarnamə əsasında faktiki olaraq X2 almışdır. Bütün bunlara baxmayaraq xeyli müddətdir daimi yaşadıqları və faktiki sahibliyində olan ünvan 1 ünvanına qeydiyyata düşə bilməmişdirlər. Bununla bağlı olaraq iddiaçılar məhkəməyə müraciət edərək, göstərdikləri ünvan 1 ünvanına qeydiyyata alınmasını məhkəmədən xahiş etmişdirlər. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Bakı Şəhər Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 93 nömrəli Sərəncamı ilə X7 fərdi yaşayış evinin tikintisi məqsədi ilə Lökbatan qəsəbəsində 600 kv.m torpaq sahəsi verilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhəri 8 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli Etibarnaməyə əsasən, X1 Vəli Hüseyn oğluna etibarnamə verərək, Azərbaycan Respublıkası Qaradağ Rayonu İHB-nın 93 saylı, xx.xx.1998-cı il tarixli qərarına əsasən ona məxsus fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən 600 kv.metr torpaq sahəsini özəlləşdirməyi, buna dair idarə və təşkilatlarda, Azərbaycan Respublikasında Rayon İcra Hakimiyyətlərində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri İdarəsində nümayəndəm olmağı, lazımı sənədləri verməyi, almağı, adına sərəncam, kadastr planı, şəhadətnamə, çıxarış, texniki pasport və sair sənədlər almağı, buna dair ərizə verməyi, imza etməyi, bundan sonra forma 1, forma 2 arayışları almaqla 150.0 kv. metr torpaq sahəsi və evin üzərində sərəncam verməyi tikinti işləri aparmağı, tikintini özəlləşdirməyi, tikintiyə dair bütun sənədləşmə işlərini aparmağı, torpağa və tikintiyə dair çıxarış və texniki pasport almağı, satmağı, bağışlamağı, ipoteka (girov) qoymağı, dəyişməyi, pulu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. İş materiallarına əlavə edilmiş poçt qəbzindən görünür ki, hüquqi yardım məktubu iddiaçının iddia ərizəsində göstərdikləri ünvana göndərilmiş, lakin zərf “ünvan tapılmadı” qeydi ilə məhkəməyə qaytarılmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçıya hər hansı hüququ yardım edilsə belə, onun ərizəsi (tələbi) yenə də mümkünlük şərtlərinin tələblərinə cavab vermir. Belə ki, məhkəmə qeyd edir ki, mübahisəli yaşayış sahəsinin iddiaçıya məxsus olmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd iş materiallarda mövcud deyildir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmədən əvvəl birbaşa məhkəmədə iddia qaldırmışdır. Hazırki iddia da öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə məhkəməyə müraciət etməmişdən əvvəl hüququ pozulmuş şəxs tərəfindən əvvəlcə inzibati orqana hazırki tələb ilə müraciət etməsi eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. Lakin, iddiaçı qeyd edilən iddia tələbi ilə iddia qaldırmazdan əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etməsini təsdiq edən sübutları, eləcə də cavabdehin imtinasını məhkəməyə təqdim etməmişdir. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Belə ki, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Qeyd olunanlara əsasən cavabdehin hərəkəti nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığı halda iddia mümkün saymamaqla məhkəmə tərəfindən qərardad qəbul edilir. Hazırki iş üzrə müəyyən edilir ki cavabdeh inzibati orqana edilmiş müraciət və aldığı imtina məktubu iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, və cavabdeh tərəfindən iddiaçının hüquqların və qanunla qorunan maraqlarınızın pozulduğu aşkar edilməmişdir. Odur ki, cavabdeh orqan tərəfindən iddiaçının qanunla qorunan hər hansı hüquqların pozulduğu, iddiaçının məhkəmədə iddia qaldırdığı tələb ilə əvvəlcə cavabdeh inzibati orqana müraciətinin olmaması, müvafiq müraciət olsa belə mübahisəli yaşayış sahəsinə dair hər qanunvericilikdə nəzərdə tutulmuş hansı sənəd məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia mümkün sayılmamalıdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İddiaçıya izah edilsin ki, iddianın qeyri mümkün sayılması mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı1 və digərlərinin iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-11099/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11099/2023
06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver