Məhkəmə qərarları › İş №2-1(112)-111/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-111/2022

01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-111/2022 01.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 (Abşeron rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “iddiaçının əlilliyinin dayandırılmış tarixdən bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “əlilliyin dayandırılmış tarixdən bərpa edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, 02.08.2012-ci il tarixdə ürək infarktı keçirmişdir. X2 sol mədəciyin aşağı divarının miokart infarktı, kəskin mərhələ dioqnozu ilə həmin xəstəxanada ürək əməliyyatına məruz qalmışdır. Bu əməliyyat yetərincə effektli olmadığıdan İran İslam Respublikasının Təbriz Tibb Universitetinin X4 adına dövlət ürək və damar xəstəlikləri xəstəxanasına müraciət etmişdir. Həmin xəstəxanada ürəyin açıq cərrahi əməliyyatı aparılmış, hər iki ayağından vena damarları çıxarılaraq ürəyin 4 damarını 7 saat ərzində narkoz altında dəyişmişlər. Bu müalicələrin və qəbul etdiyi antibiotiklərin təsirindən iddiaçıda böyrək çatışmazlığı yaranmışdır. Bununla əlaqədar həkimlərə müraciət etmişdimr. Həkimlər onu müayinə edərək ona böyrək dializi diaqnozu qoymuşdular. Həmin dövrdən iddiaçı əmək qabiliyyətini itirmişdir, bu xəstəliklə əlaqədar dəfələrlə xəstəxanada yatıb müalicə almışdır. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komisiyasına müraciət edərək əlilliyin təyin olunmasını xahiş etmişdir. Tibbi-Sosial Ekspert Komisiyası 22.12.2017-ci il tarixdə böyrək daşı xəstəliyi, xronoki böyrək daşı xəstəliyi, xronoki qlomerilonefrit, tez-tez kəskinləşmələri, hər iki böyrəyin büzüşməsi, həftədə 3-4 saat böyrək dializi, proqramlı hemodializ diaqnozu ilə birinci dərəcəli əlillik təyin etmişdir. Həmin dövrdən iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə əlilliyə görə pensiya təyin olunması üçün müraciət etmişdir. İnzibati orqan iddiaçıya pensiya təyin edərkən qərəzli mövqe tutaraq dövlət qulluğunda 25 illik stajını tam nəzərə almadan pensiya təyin etmişdir. Bununla əlaqədar iddaçı 01.03.2018-ci il tarixdə 2 saylı Bakı İnzibati iqtisadi Məhkəməsinə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə 2-1(82)-1701/2018 saylı iş üzrə qəbul etdiyi 01.05.2018-ci il tarixli qərarla iddianı təmin etmişdir. Bu qərarla razılaşmayan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi həmin qərardan apelyasya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsinin 23.10.2018-ci il tarixli qərarı ilə 1-ci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi kassasiya şikayəti vermişdir. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyası Bakı Apelyasiya Məhkəməsinin 23.10.2018-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır. Bütün bu uzun çəkən üzücü və psixoloji təsirə malik olan proseslərin sonunda qərar icra olunmağa başlasa da, cəmi üç aydan sonra Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi iddiaçıya məktub göndərərək, bildirmişdir ki, 22.12.2017-ci il tarixdən əlilliyinizin ləğv olunması ilə bağlı olaraq yaranan 38,144.12 manat artıq alınmış məbləğ Sabunçu rayon şöbəsinin bank hesabına qısa müddətdə ödənilməlidir. Halbuki, Sabunçu rayon şöbəsi iddiaçıya yenidən hesablanan və ödənilməli olan 8,755 manatdan cəmi 1,625 manat ödəniş etmişdir. Onlar qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməmək, qərarın imperativ göstərişindən yan keçmək məqsədi ilə bu dəfə iddiaçının əlilliyini şübhə altına almış və öz səlahiyyətlərindən kənara çıxaraq əliliyini ləğv etmişlər. Halbuki, həmin orqanın belə bir səlahiyyəti yoxdur. Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi əməkdaşlarının bu qanuna zidd əməlləri xəstəliyinin daha şiddətlənməsinə gətirib çıxarmışdır. Hal-hazırda yataq rejimində müalicə alır. O, göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı əlillik vəziyyəti Hacıqabul dəmiryol xəstəxanasının 4086003AABRA saylı göndərişi əsasında 22.12.2017-cı il tarixdə qiymətləndirilmiş və "BöyrəK daşı xəstəliyi, Xroniki böyrək daşı xəstəliyi. Xroniki Qlomerulonefrit,tez-tez kəskinləşmə ilə.Hər iki böyrəyin büzüşməsi. Böyrək dializı, həftədə 3-4 saat proqramlı hemodializ alır" diaqnozu ilə müddətsiz birinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Dəmir Yolları QSC-nin Tibbi- Sanitar Xidmətinin 18.12.2018-ci il tarixli NVS-410 saylı məktubu ilə İddiaçı xəstəliyinə dair Səhiyyə Nazirliyinin müvafiq məlumat bazalarında rəsmi sənədlər aşkar edilmədiyinə görə ona rəsmiləşdirilmiş göndəriş etibarsız edilmişdir. Bununla əlaqədar İddiaçı aid qiymətləndirmə Əlillik altsistemində etibarsız edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə"yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçı əlillik vəziyyəti Hacıqabul dəmiryol xəstəxanasının 4086003AABRA saylı göndərişi əsasında 22.12.2017-cı il tarixdə qiymətləndirilmiş və müddətsiz birinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Göndərişi rəsmiləşdirən “Azərbaycan Dəmir Yolları QSC-nin Tibbi-Sanitar Xidməti tərəfindən əlilliyin təyininə əsas olan 4086003AABRA saylı göndərişin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. İddiaçı əlilliyinin etibarsız edilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Əlilliyin təyininə əsas verən hüquqi sənəd əsassız hesab edildiyinə görə şəxsin əlillik müayinəsi etibarsız edilmişdir. İddiaçı qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən müayinə və müalicə olunduqdan sonra, göndəriş rəsmiləşdirildiyi halda əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasına müvafiq olaraq şəxsin iştirakı olmadan qiymətləndirilib müvafiq qərar veriləcəkdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Odur ki, məhkəmə iddiaçının iştirakı olmadan işə baxmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi G.Musayev iddia ərizəsinə etirazda göstərilən məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İddiaçı sübut qismində şəxsiyyət vəsiqəsinin surətini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinin 23.07.2019-cu il tarixli, **********1 nömrəli məktubunu, Mərkəzi Klinika tərəfindən tərtib edilmiş epikrizi, PTCA-Stent protokolu, Koronar angioqrafiya protokolu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Respublika Əlillərinin Bərpa Mərkəzinin 644 nömrəli xəstəlik tarixindən çıxarışı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatı məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 23 aprel 2020-ci il tarixli, **********5 nömrəli məktubuna əsasən bildirilmişdir ki, ünvan 3 ünvanda qeydiyyatda olan İddiaçı əlillik vəziyyəti Hacıqabul dəmiryol xəstəxanasının 4086003AABRA saylı göndərişi əsasında 22.12.2017-ci il tarixdə qiymətləndirilmiş və “böyrək daşı xəstəliyi, xroniki böyrək daşı xəstəliyi, xroniki qlomerulonefrit, tez-tez kəskinləşmə ilə. Hər iki böyrəyin büzüşməsi. Böyrək dializı, həftədə 3-4 saat proqramlı hemodializ alır" diaqnozu ilə müddətsiz birinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Dəmir Yolları QSC-nin Tibbi- Sanitar Xidmətinin 18.12.2018-ci il tarixli NVS-410 saylı məktubu ilə İddiaçı xəstəliyinə dair Səhiyyə Nazirliyinin müvafiq məlumat bazalarında rəsmi sənədlər aşkar edilmədiyinə görə ona rəsmiləşdirilmiş göndəriş etibarsız edilmişdir. Bununla əlaqədar İddiaçı aid qiymətləndirmə Əlillik altsistemində etibarsız edilmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 38-ci maddəsinə əsasən, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununu tənzimləyir. Həmin Qanunun 3-cü maddəsinə əsasən (3.1.)şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.(3.2) Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.(3.3.) Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (3.3-1). Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.(3.4.) Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.(3.5.) Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. (3.6.) Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə görə, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 3.7-ci bəndinə uyğun olaraq, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İşin faktiki hallarına əsasən, iddiaçının sağlamlıq vəziyyəti 22.12.2017-ci tarixli göndərişi əsasında cavabdeh tərəfindən qiymətləndirilmiş və müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Dəmir Yolları QSC-nin Tibbi Sanitar Xidmətinin 18.12.2018-ci il tarixli NVS-410 saylı məktubu ilə iddiaçının əlilliyi etibarsız hesab edilmişdir. Halbuki iddiaçıya 2017-ci ildən birinci dərəcə əlilliyi müddətsiz təyin olunduğu üçün, qanunvericiliyinin tələblərinə əsasən onun əlilliyinin etibarsız hesab edilməsi qanuna uyğun olmamışdır. Cavabdeh inzibati orqanın fəaliyyəti xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13-cü maddəsində göstərilmişdir ki, (13.1) inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.(13.2) İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.(13.3.) Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 14-cü maddəsinə əsasən, (14.1.) inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur.(14.2. )Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır.(14.3.) Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21.1-ci maddəsinə görə, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 64.2-cü maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Cavabdeh tərəfindən iddiaçının sağlamlıq vəziyyəti 22.12.2017-ci ildə qiymətləndirilmiş, birinci dərəcə əlilliyi müddətsiz təyin edilmiş, lakin təyin edilmiş əlilliyin müddəti bitməmiş iddiaçıya heç bir məlumat vermədən, iştirakını təmin etmədən, ondan xəbərsiz, Azərbaycan Dəmir Yolları QSC-nin Tibbi-Sanitar Xidmətinin cavabdehə ünvanlanmış məktubuna əsasən, altsistem vasitəsilə etibarsız hesab edilmişdir. Halbuki, Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının etibarsız hesab edilməsi yox, ləğvi nəzərdə tutulmuşdur. Belə olan halda cavabdeh iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi halda belə, həmin qərarın etibarsız hesab edilməsi deyil, ləğvi barədə qərar qəbul edə bilərdi. Lakin cavabdehin iddiaçını əyani müayinəyə cəlb etmədən qəbul etdiyi hər hansı qərarı qanuni hesab oluna bilməz. Belə ki, inzibati orqan qüvvədə olan inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövgeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə borcludur. İşin faktiki hallarından məlumdur ki, cavabdeh tərəfindən belə icraat aparılmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı əlilliyinin etibarsızlığı ilə bağlı cavabdehin hərəkətləri qanunsuz olduğundan, iddiaçının etibarsız hesab edilmiş əlilliyi həmin tarixdən bərpa edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, əlilliyinin etibarsızlığı ilə bağlı cavabdehin hərəkətləri qanunsuz olduğundan əlilliyin dayandırılmış vaxtdan bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı əlilliyin dayandırılmış tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar