Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-111/2024 06.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsindəki “255g” saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş, xx.xx.2021-ci il tarixli məktubunda bildirmişdir ki, göstərilən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmayıb. Həmçinin, qeyd edilən ərazinin arxiv cizgisi ilə uyğunsuzluq təşkil etdiyi və bağ sahənin bir hissəsinin Novxanı- Pirşağı magistral yolunun mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Bundan əlavə, təqdim edilən müqavilənin tarixi xx.xx.2005-ci il qeyd edilsədə, idarədə mövcud olan arxiv nüsxəsində xx.xx.2005-ci il tarixi qeyd olunduğu aşkar edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu, Görədil ərazisindəki 35710 saylı müqavilə ilə 255 ”g” nömrəli 12 sot bağ torpaq sahəsinə dair iddiaçıya reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və istismarı Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli, 35710 saylı müqavilə əsasında verilmiş Binəqədi rayonu, Görədil ərazisindəki 0.12 ha, 255 “g” nömrəli bağ torpaq sahəsinə dair hüququn torpaq üzərində mülkiyyət hüquqlarını qeydiyyata almadan vəfat etmiş X7 məxus olması barədə arayışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və istismarı Birliyi Binəqədi rayonu, Görədil ərazisindəki 255 ”g” nömrəli 12 sot bağ torpaq sahəsini 27 Avqust 2005-ci il tarixli 35710 saylı müqavilə əsasında X5, yəni iddiaçının həyat yoldaşının istifadəsinə vermişdir. Qeyd olunan torpaq sahəsi X5 adına ayrıldıqdan sonra həmin əraziyə daş, qum tökdürmüş, abadlıq işləri aparmış və daima hhəmin ərazini bağ sahəsi kimi istifadə etmiş və müntəzəm olaraq həmin torpağın vergisi özü və sonralar iddiaçı, yəni onun arvadı olan İddiaçı tərəfindən ödənilmişdir. X9 vəfat etmiş və xx.xx.2021-ci ildə adına vərəsəlik işi açılmışdır. Bağ qonşuları tərəfindən həmin torpağa sahiblik hüquqları qanuni olaraq tanınmış və heç bir fiziki və yaxud hüquqi şəxs tərəfindən, yəni dövlət və bələdiyyə orqanları tərəfindən bağ sahəsinə hər hansı bir mübahisə yaranmamışdır. Bağ sahəsi 2005-ci ildən bu günə kimi daima istifadələrindədir. Məsələyə aydınlıq gətirilməsi məqsədi ilə dəfələrlə caavbdehə müraciət etsə də, müraciətləri cavabsız qalmış və məsələyə dair heç bir aydınlıq gətirilməmişdir. Binəqədi rayonu Goradil massivi üzrə bağ torpaq sahələrinə dair verilmiş müqavilələr bağ-sıra nömrələri həmin ərazi və ünvan üzrə 255 rəqəmlər və həriflər üzrə ardıcıl davam edir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və qeyd etmişdir ki, göstərilən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. Həmçinin, qeyd edilən ərazinin arxiv cizgisi ilə uyğunsuzluq təşkil etdiyi və bağ sahənin bir hissəsinin Novxanı-Pirşağı magistral yolunun mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Bundan əlavə, təqdim edilən icarə müqaviləsinin tarixi xx.xx.2005-ci il qeyd edilsə də, idarədə mövcud olan arxiv nüsxəsində xx.xx.2005-ci il tarixi qeyd olunduğu aşkar edilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********40 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. a) İddianın mümkünlüyü Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia bağ sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması ilə bağlı arayışın verilməsindən ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. b) İddianın əsaslılığı İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən: Bakı şəhər bağlar İdarəsinin sahə mühəndisi Sərxanov P., Fatmayı kəndi üzrə nümayəndə Yusifov F., 265 saylı bağın sahibi, 271 saylı bağın sahibi və 385 saylı bağın sahibi tərəfindən xx.xx.2005-ci il tarixdə tərtib edilmiş Aktdan görünür ki, Göradil sahəsində 255g saylı bağdan Məmmədov F. öz ailəsi ilə birlikdə istifadə edir, həmin bağa hasar çəkmiş, hər il həmin bağdan istifadə edir. - X6 Bakı şəhər Bağlar İdarəsinə ünvanlanmış xx.xx.2005-ci il tarixli ərizəsindən görünür ki, o, ərizə ilə müraciət edərək, Göradil sahəsində 255g saylı bağından uzun müddət istifadə etdiyindən həmin bağın onun adına sənədləşdirilməsini xahiş etmişdir. - “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, Vətəndaşlara bağ sahələrinin ayrılması barədə» X2 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli 101 nömrəli protokolundan görünür ki, Bakı şəhər İcra hakimiyyətinin 17.03.97-ci il tarixli 233 nömrəli Sərəncamına əsəsən vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələri aşağıdakı vətəndaşların adlarına sənədləşdirilmişdir: 1.150. Goradildəki 255g saylı bağ – X9. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının X2 və İstismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında xx.xx.2005-ci il tarixli 222 saylı sərəncamından çıxarışdan görünür ki, “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, Vətəndaşlara bağ sahələrinin ayrılması barədə» X2 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli 101 nömrəli protokolu təsdiq edilmişdir. - Cavabdehin təqdim etdiyi X2 və istismarı birliyi ilə X9 arasında bağlanmış 35710 saylı, 24 avqust 2005-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 222 saylı Sərəncamına əsasən Binəqədi rayonu, Goradil qəsəbəsində 0,12 ha sahəsi olan 255g saylı bağ sahəsi X5 icarəsinə verilmişdir. İddiaçı hazırda sadalanan sübutlara istinad edərək, sahəsi 0,12 ha olan 255g saylı bağ sahəsinə dair mülkiyyət hüququnun F.Məmmədova məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; - 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən bağ sahəsinin ayrılması barədə sərəncamı və icarə müqaviləsini təqdim edir. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, 255g saylı bağ sahəsinin F.Məmmədova ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur. Belə ki, Bakı şəhər icra Hakimiyyəti tərəfindən iddiaçıya bağ sahəsinin ayrılması barədə protokol və sərəncamdan çıxarışı, cavabdeh isə icarə müqaviləsinin surətini məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 233 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində icarəyə, bağ-tikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşların növbəyə götürülmələri və bağ sahələri ilə təmin edilmələri barədə” Əsasnamənin 1-ci hissəsində qeyd olunmuşdur ki, icarəyə, bağ-tikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşlar X2 və istismarı birliyində növbəyə götürülürlər. Bu məqsədlə Bağlar təsərrüfatı birliyinin nəzdində komissiya təşkil olunur. Komissiya vətəndaşlar tərəfindən Birliyə tədqim olunmuş sənədlərə baxır və vətəndaşların bağ növbəsinə götürülmələri barədə müvafiq Protokol imzalayır. Protokol imzalanan vaxtdan həmin protokolda qeyd edilmiş vətəndaşlar bağ növbəsinə götürülmüş hesab edilirlər. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən Bakı şəhərində bağ sahələrinin verilməsi hazırkı Əsasnamə ilə həyata keçirilir. Vətəndaşlara bağ sahələri ya idarəyə, ya da bağtikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində ayrılır. Dövlət imtiyazlı vətəndaşlar bağ sahələri ilə təmin edilmələrində müəyyən üstünlüklərə malikdirlər. Qeyd edilən Əsasnamənin 4-cü hissəsinə əsasən rəsmi sənədi olmadan 10 ildən artıq müddət ərzində bağ sahəsi götürüb abadlaşdıran vətəndaşların sənədlərinə Bakı şəhər İcra Hakimiyyəti aparatının nəzdində təşkil olunmuş komissiya tərəfindən baxılır və müvafiq sərəncam qəbul edilir. Sərəncama əsasən ümumi torpaq sahəsi 0,12 hektara qədər olduqda həmin bağ sahəsi (yaxud artıq olduqda 0, 12 hektarlıq hissəsi) aidiyyəti vətəndaşın adına təhkim edilir. Bunun üçün Bağlar Təsərrüfat birliyinə aşağıda qeyd olunan sənədlər təqdim edilir: - Bağ sahəsini abadlaşdıran vətəndaşın ərizəsi; - Yaşayış yerindən 2№-li forma arayışı; - İş yerindən arayış, - Üç bağ qonşusunun təsdiq olunmuş qaydada ərizəsi; - Bağlar təsərrüfatı birliyinin mühəndisləri tərəfindən tərtib edilmiş yoxlama aktı; - Bağ sahəsinin planı Göründüyü kimi, 1997-ci ildən qüvvəyə minmiş qanunvericiliyə əsasən bağ sahəsinin rəsmi sənədi olmadan 10 ildən artıq müddət ərzində istifadə edən şəxsin ərizəsi və bağ qonşularının ərizəsi əsasında həmin şəxsin adına rəsmiləşdirilməsi mümkün olmuş və bu rəsmiləşmənin sərəncam vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. İşdən görünür ki, 255g saylı bağ sahəsi iddiaçının ərizəsi, üç bağ qonşusu və Bağlar təsərrüfatı birliyinin mühəndislərinin aktı və Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında iddiaçının adına rəsmiləşdirilmişdir və bu sənədlər hazırda qüvvədədir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ona ayrılmış bağ sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İş materiallarından görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən:
1. bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamasına;
2. qeyd edilən ərazinin arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməsinə;
2. bağ sahənin bir hissəsinin Novxanı- Pirşağı magistral yolunun mühafizə zolağında yerləşməsinə;
3. iddiaçı tərəfindən təqdim edilən müqavilənin tarixi xx.xx.2005-ci il qeyd edilsə də, idarədə mövcud olan arxiv nüsxəsində xx.xx.2005-ci il tarixi qeyd olunduğuna istinad etmişdir. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır. Belə ki, bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritədə əks olunmaması iddiaçının hüquqlarının qeydə alınmaması üçün əsas kimi qəbul edilə bilməz. Çünki, hamıya bəlli olan haldır ki, cavabdehin istinad etdiyi sxematik xəritə iddiaçıya bağ sahəsi ayrılan vaxtdan xeyli əvvəl tərtib edilmiş, həmin dövrlərdə bağ sahələrinin 0,25 ha ayrılması nəzərdə tutulmuş, sonradan həmin sahələr bölünərək digər vətəndaşlara verilmiş, bu zaman yeni verilmiş bağları fərqləndirmək üçün bağ sahələrinin nömrələrinə müvafiq hərflər əlavə edilmişdir. Sonradan bölünmüş, yaxud yeni nömrə əsasında digər bir vətəndaşa verilmiş həmin bağların sxematik xəritəsini tərtib etmək, yaxud mövcud sxematik xəritəni həmin vəziyyətə uyğunlaşdırmaq isə iddiaçının deyil, müvafiq səlahiyyətli dövlət orqanlarının məsuliyyətində olmuşdur. İddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı təqdim etdiyi hüquqmüəyyənedici əsaslar mötəbər olmaqla, hazırda qüvvədədir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ona ayrılmış bağ sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlıdır. Cavabdehin ikinci dəlilinə gəldikdə, məhkəmə tərəfindən ərazinin arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməsi nəzərə alınaraq, cavabdehə həmin ərazinin hansı nömrəli bağın ərazisinə uyğun gəlməsi barədə sorğu verilmiş, cavabdeh xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində göstərmişdir ki, bağların bölgüsünə dair sxematik xəritəsində göstərilən hissədə bağ nömrəsi qeyd olunmamışdır, sonradan ayrılan bağ sahələrinin olması istisna deyil. Göründüyü kimi, cavabdeh iddiaçının göstərdiyi ərazinin arxiv cizgisinə uyğun gəlmədiyini bildirsə də, hansı bağa uyğun gəlməsini göstərə bilməmiş, özü də bağın sonradan ayrılan bağlara aid olmasını qəbul etmişdir. Bağ sahənin bir hissəsinin Novxanı- Pirşağı magistral yolunun mühafizə zolağında yerləşməsinə gəldikdə, işdə olan Azərbaycan Avtomobil Yolları X4 Yollarının Mühafizə Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, sözügedən torpaq sahəsi Novxanı-Pirşağı avtomobil yolunun km 04 + 500 hissəsində sağ tərəfdə yerləşir. Qeyd olunan avtomobil yolu funksional təyinatına görə İİ texniki dərəcəyə ma ik olmaqla təhkim zolağının (torpaq yatağının) eni 15,0 metr müəyyən edilmişdir. Mövcud yolun qeyd olunan torpaq sahəsi yolun hərəkət istiqaməti mərkəzindən 12 5 metr aralı məsafədə olmaqla, yolun təhkim zolağından kənarda yerləşir. Görünüdüyü kimi, cavabdehin bu dəlili də işin halları ilə təsdiq edilmir. Müqavilə nömrəsindəki uyğunsuzluğa gəldikdə, həmin sənədlər iddiaçı deyil, bağ sahəsini ayıran qurum tərəfindən tərtib edilmişdir, buna görə də texniki səhvə yol verilməsi iddiaçının təqsiri kimi müəyyən edilə bilməz. Bundan əlavə, bağ sahəsinin F.Məmmədova ayırılması barədə təkcə müqavilə deyil, həmçinin səlahiyyətli qurumun qüvvədə olan qərarı təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı qüvvədə olan etibarlı hüquqmüəyyənedici sənədləri təqdim etməklə istifadəsində olan bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını tələb etməkdə haqlı, cavabdeh isə bu hüququn qeydə alınmasından imtina etməkdə haqsız olmuşdur. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı:
İddia təmin olunsun. Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 0,12 ha sahəsi olan 255g saylı bağ sahəsinə mülkiyyət hüququnun vəfat etmiş mərhum X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova