Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1110/2023 20.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafə Nazirliyi tərəfindən ona şiddətli töhmət intizam cəzasının verilməsi barədə əmrin və usta məharət dərəcəsinin bir pillə aşağı endirilərək birinci məharət dərəcəsi ilə əvəz olunmasına dair xx.xx.2022-ci il tarixli, 015 nömrəli əmrin ləğv edilməsi, “usta” məharət dərəcəsinin bərpa edilməklə bu barədə yeni məlumat vərəqinin tərtib edilərək DSMF orqanına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı 1992-ci ildən xx.xx.2022-ci ilədək Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. O, Cəmşid Naxçıvanski adına hərbi liseyin X3 Məktəbinin və Çin Xalq Respublikası Quru Qoşunlarının Hərbi Akademiyasının məzunudur. Birinci Qarabağ və Vətən müharibəsi iştirakçısı olmaqla yanaşı bir çox elmi məqalənin metodiki vəsaitin və bir təlimatın müəllifidir. İddiaçı həqiqi hərbi xidmətdə olan zaman uzun illər ərzində heç bir intizam cəzası almamış və xidmətini yüksək səviyyədə təşkil etmişdir. Son üç il ərzində iddiaçının sağlamlığında ciddi problemlər yaranmışdır. Belə ki, iddiaçı Quru qoşunlarının Mühəndis şöbəsinin rəisi vəzifəsinə təyin olunduqdan sonra psixi gərginlik, yuxu və istirahət rejiminin tam pozulması nəticəsində dözülməz baş ağrıları şəklində xəstəliyinin surətlə ağırlaşması halı baş vermişdir. Bu mühitdə iddiaçı sağlamlığının dözülməz həddə olduğunu görərək öz arzusu ilə ordu sıralarından tərxis olunması üçün raport yazmışdır. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisinin xx.xx.2021-ci il tarixli 1/4941 nömrəli göndərişi ilə Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyası tərəfindən iddiaçının hərbi xidmətə yararlılığı yoxlanılmış və xx.xx.2022-ci il tarixli 289 nömrəli Xəstəlik haqqında şəhadətnamə ilə şəhadətləndirilmişdir. Adı çəkilən şəhadətləndirilmə zamanı iddiaçıda müəyyən edilmiş xəstəliklərin hərbi xidmət dövründə alması aşkar edilmiş və Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması qərarına gəlinmişdir. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində məzuniyyətə çıxmaq üçün raportla yuxarı komandanlığa müraciət edilmiş, onun müraciəti təmin edilərək xx.xx.2022-ci il tarixindən 3 aylıq məzuniyyətə buraxılmışdır. İddiaçı məzuniyyətdən qayıtdıqdan sonra Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 0149 nömrəli əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxıldığına görə işlərini və vəzifələrini təhvil vermiş hesab edilmiş, eləcə də, xx.xx.2022-ci il tarixdən şəxsi heyət sırasından bütün növ təminatdan çıxarılmaqla qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinə göndərilmişdir. Bu barədə N nömrəli Hərbi Hissə komandirinin xx.xx.2022-ci il tarixli nizami hissə üzrə 129 nömrəli əmri verilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, o, məzuniyyətdə olarkən intizam nizamnaməsinin və digər müvafiq sənədlərin tələblərini pozmaqla heç bir hüquqazidd əməl və heç bir hüquqi əsas olmadan, o cümlədən bu barədə ona elan olunmadan Quru Qoşunlarının komandanı tərəfindən xidməti vərəqəsinə “Şiddətli töhmət” intizam cəzası verilmişdir. Bunun nəticəsində də, iddiaçıda olan şifahi məlumata əsasən Müdafiə Nazirliyinin 05 nömrəli, xx.xx.2022-ci il tarixli əmrində iddiaçının sahib olduğu “usta” məharət dərəcəsi bir pillə aşağı endirilərək “birinci məharət dərəcəsi” ilə əvəz olunmuşdur. İddiaçı tərəfindən həqiqi hərbi xidmətdə olarkən bilavasitə rəhbərlərinin əmrlərinin və şifahi göstərişlərinin yerinə yetirilməsində hər-hansı bir nöqsana yol verilməmiş və iddiaçıya verilən tapşırıqlar onun tərəfindən tam şəkildə və vicdanla yerinə yetirilmişdir. İddiaçının intizam qaydasında cəzalandırılması barədə əmri ona rəsmi şəkildə təqdim edilmədiyindən eləcə də, şifahi qaydada ona elan olunmadığından bu məsələdən yalnız ehtiyata buraxıldıqdan sonra şifahi qaydada məlumat əldə etmişdir. Bu məlumatı əldə etdikdən sonra iddiaçı tərəfindən Müdafiə Nazirliyinə xx.xx.2022-ci il tarixdə müraciət ünvanlanmışdır. Lakin, həmin müraciətə baxılıb yekun qərar verilməsi barədə hər hansı bir məlumat iddiaçıda yoxdur. İddiaçıya şifahi olaraq məlum olmuşdur ki, xx.xx.2022ci il tarixdə Müdafiə Nazirliyi Quru qoşunları komandanı tərəfindən iddiaçıya şiddətli töhmət intizam cəzası verilmişdir. Bu zaman intizam cəzalarının verilməsi proseduru kobud şəkildə pozulmuşdur. Belə ki, nizamnamə tələbinə uyğun olaraq verilmiş cəza iddiaçıya çatdırılmamış və ya baş zabitlərin müşavirəsində ona elan edilməmişdir. Hazırkı vaxta qədər də adıçəkilən əmrlə tanış edilməmişdir. İntizam nizamnaməsində nəzərdə tutulan cəzalar tərbiyəvi xarakter daşıyır və cəzalandırımış şəxs pozuntularını aradan qaldırdıqdan sonra həmin cəza ləğv edilir. Amma iddiaçı 30 illik nümunəvi xidmətindən sonra ömrünün sonuna qədər bu cəzanı və onun nəticəsində yaranmış hüquqi məhdudiyyətləri (aylıq pensiya təminatının azalması) psixoloji və maddi təsirlərini çəkməli olacaqdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, İddiaçı, N nömrəli hərbi hissədə Mühəndis təminatı şöbəsinin rəisi vəzifəsində xidmət edən zaman yolların vəziyyəti və cəlb olunmuş texnika haqqında məlumatın xx.xx.2022-ci il tarixdə saat 19:30da təqdim olunması tapşırığını vaxtında və dəqiq icra etmədiyi üçün həmin hərbi hissənin qərargah rəisi vəzifəsini icra edən general-mayor Vasif Kazımov tərəfindən N nömrəli hərbi hissə komandirinə raport ünvanlanmışdır. Hərbi hissə komandiri sözü gedən raporta dərkənar qoyaraq İddiaçı “Şiddətli töhmət" elan edilməklə intizam qaydasında cəzalandırılmasını əmr etmiş və sonuncunun adına tərtib olunmuş xidməti vərəqəsinə həmin cəza qeyd edilmişdir. Daha sonra N nömrəli hərbi hissənin komandiri (Müdafiə nazirnin müavini-Quru Qoşunlarının komandanı) general-leytenant Ənvər Əfəndiyev Azərbaycan Respublikası müdafiə nazirinin 2016-cı il 21 may tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 37.1.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq İddiaçı mühəndis ixtisası üzrə “Usta” məharət dərəcəsinin bir pillə endirilməsinə dair Azərbaycan Respublikasının müdafiə nazirinə raport ünvanlamışdır. Sözü gedən raport əsasında Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 015 nömrəli əmri ilə İddiaçı “Usta" məharət dərəcəsi “1-ci məharət" dərəcəsinə endirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən iddiaçıya məxsus xidmət dəftərçəsindən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı: - 1991-ci ildə C.Naxçıvanski adına ibtidai hərbi məktəbi bitirmiş; - xx.xx.1992-ci ildə hərbi xidmətə çağırılmış; - xx.xx.1992-xx.xx.1996-cı illərdə Türkiyənin Hərbi məktəbində müdavim; xx.xx.1996-xx.xx.1997-ci illərdə Türkiyənin İstehkam məktəbində dinləyici olmuş; xx.xx.1997-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində 1-ci müdavimlət taborunun taqım komandiri təyin edilmiş; - xx.xx.2000-ci ildə Müdavimlər bölüyünün komandiri; xx.xx.2001-ci ildə müdavimlər taborunun komandirinin köməkçisi keçirilmiş; - xx.xx.2002-ci ildə Azərbaycan Ali Hərbi Məktəbi Rəisinin sərəncamına verilmiş; - xx.xx.2003-cü ildə Motoatıcı briqada, N №li hərbi hissədə mühəndis istehkam bölüyünün komandiri; - xx.xx.2004-cü ildə Əlahiddə mühəndis-istehkam taboru – N №li hərbi hissənin qərargah rəisinin müavini keçirilmiş; - xx.xx.2005-ci ildə Müdafiə Nazirinin müavinin sərəncamına verimiş və N nömrəli hərbi hissənin mühəndi xidmətinin rəisi təyin edilmiş, - xx.xx.2011-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Hərbi mühəndis kafedrasının baş müəllimi-silsilə rəisi təyin edilmiş; - xx.xx.2012-ci ildə Mühəndis-istehkam ixtisası üzrə 1-ci məharət dərəcəsi verilmiş; - xx.xx.2014-cü ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasında mühəndis təminatı kafedrasının dosenti təyin edilmiş; - xx.xx.2015-ci ildə döyüş və maddi texniki təminat kafedrasının mühəndis təminatı silsiləsinin dosenti keçirilmiş; --xx.xx.2017-ci ildə döyüş təminatı və maddi-texniki təminat kafedrasının mühəndis təminatı silsiləsinin dosenti keçirilmiş; - xx.xx.2018-ci ildə əməliyyat-texniki fakültəsinin döyüş təminatı və maddi-texniki təminat kafedrasının mühəndis təminatı silsiləsinin rəisi-dosent vəzifəsinə keçirilmiş; - xx.xx.2020-ci ildə “Səfərbərlik zamanı yerləşmə Planı”na uyğun olaraq döyüş əməliyyatları başa çatdıqdan sonra öz vəzifəsinə qaytarılmaqla və əvvəlki vəzifə maaşı saxlanılmaqla 6-cı X2 Heyətinin (221 №li hərbi hissə) mühəndis təminatı şöbəsi rəisinin baş köməkçisi keçirilmiş; - xx.xx.2020-ci ildə döyüş əməliyyatları başa çatdıqdan sonra öz vəzifəsinə qaytarılmaqla və əvvəlki vəzifə maaşı saxlanılmaqla Silahlı Qüvvələrin Hərbi Akademiyasının əməliyyat-taktiki fakültənin döyüş təminatı və maddi texniki təminat kafedrasının mühəndis təminatı silsiləsinin rəisi-dosenti vəzifəsinə qaytarılmış; - xx.xx.2021-xx.xx.2022-ci illərdə X1 (201 №li hərbi hissə) mühəndis şöbəsinin rəisi işləmiş; -xx.xx.2022-ci ildə “Hərbi xidməkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinə əsasən xəstəliyə görə ehtiyata buraxılmışdır. - N nömrəli hərbi hissə komandirinin birinci müavininin N nömrəli hərbi hissə komandirinə ünvanladığı xx.xx.2022-ci il tarixli raportdan görünür ki, mühəndis təminatı şöbəsinin rəisi polkovnik İddiaçı yolların vəziyyəti və cəlb olunmuş texnika haqqında məlumatın xx.xx.2022-ci il tarixində saat 19:30 da təqdim olunması tapşırığı, onun tərəfindən vaxtında və dəqiq icra edilmədiyi üçün araşdırmanın aparılmasını və tədbir görülməsini xahiş etmiş, həmin raportun üzərində xx.xx.2022-ci il tarixdə “şiddətli töhmət elan edilsin” qeydi aparılmışdır. - -Polkovnik İddiaçı malik olduğu məharət dərəcəsinin aşağı endirilməsi haqqında xx.xx.2022-ci il tarixli 015 nömrəli əmrindən görünür ki, Quru Qoşunların mühəndis təminatı şöbəsinin rəisi polkovnik İddiaçı müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı tərəfindən “Şiddətli töhmət” elan edildiyini nəzərə alaraq və Azərbaycan Respublikası müdafiə nazirinin 21 may 2016-cı il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 37.1.4-cü yarımbəndini və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında Əsasnamə”nin 5.7.9-cu yarımbəndini rəhbər tutaraq, Quru Qoşunların mühəndis təminatı şöbəsinin rəisi polkovnik İddiaçı malik olduğu “Usta” məharət dərəcəsinin bir pillə aşağı, 1-ci məharət dərəcəsinə endirilməsi barədə əmr verilmişdir. - N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 129 saylı nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, Mühəndis Təminatı şöbəsinin rəisi polkovnik İddiaçı, Azərbaycan Respublikası müdafiə nazirinin 11 fevral 2022-ci il tarixli 0149 nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "v" bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq, hərbi geyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 22 aprel 2022-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinə göndərilmişdir. Polkovnik İddiaçı, 2022-ci ilin yanvar-aprel aylarındakı xidmətinə görə Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını 100 (yüz) faiz həcmində ödənilməsi, polkovnik İddiaçı 2022-ci ildə nəzərdə tutulmuş maddi yardım, 2022-ci il üçün nəzərdə tutulmuş 1 (bir) aylıq vəzifə maaşı həcmində məzuniyyət pulu ödənilib və xəstəliyə görə ehtiyata buraxılması ilə əlaqədar beşaylıq maaş miqdarında birdəfəlik pul müavinətinin ödənilməsi əmr edilmişdir. İddiaçı hazırda onun şiddətli töhmət intizam cəzasının verilməsi barədə əmrin və usta məharət dərəcəsinin bir pillə aşağı endirilərək birinci məharət dərəcəsi ilə əvəz olunmasına dair xx.xx.2022-ci il tarixli, 015 nömrəli əmrin ləğv edilməsini, buna uyğun olaraq “usta” məharət dərəcəsinin bərpa edilməklə bu barədə yeni məlumat vərəqinin tərtib edilərək DSMF orqanına göndərilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 1994-cü il tarixli 67 nömrəli Qərarının 1-ci bəndinə əsasən hərbi qulluqçuların sıravi, komanda və rəis heyətlərinin məharət (tibb hərbi qulluqçularının isə ixtisas) dərəcəsinə görə aylıq vəzifə maaşına aşağıdakı məbləğlərdə əlavələr müəyyən edilsin: 2-ci məharət (ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 15 faiz miqdarında; 1-ci məharət (ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 25 faiz miqdarında; usta məharət (ali ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 35 faiz; -2-ci bəndinə əsasən Azərbaycan Respublikası Müdafiə, Ədliyyə, Fövqəladə Hallar və Daxili İşlər Nazirlikləri, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Xüsusi Dövlət Mühafizə Xidməti və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularının sıravi, komanda və rəis heyətinin məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında əsasnamə təsdiq etsinlər. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2016-cı il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin: -1-ci bəndinə görə bu Əsasnamə hərbi qulluqçulara məharət (tibbi hərbi uçot ixtisaslı hərbi qulluqçulara-ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) və onların məharət (ixtisas) dərəcəsinin endirilməsi, məharət dərəcəsindən məhrum edilməsi qaydalarını müəyyən edir. -2-ci bəndinə görə Şəxsi heyətin yüksək təlim və tərbiyəsi, silah, hərbi texnika və digər texniki vasitələrin saz və işlək vəziyyətdə saxlanmasını təmin və onların istismarında bilavasitə iştirak edən, öz ixtisası üzrə yüksək peşəkarlığa yiyələnmiş və bunu mövqelərdə (atəş və start) idarəetmə məntəqələrində və döyüş növbətçiliyi zamanı praktiki həyata keçirən, yaxud şəxsi heyəti öyrədən zabit, gizir (miçman) heyətinə, müddətdən artıq və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına aşağıdakı məharət dərəcələri verilir: -3-cü məharət dərəcəsi -2-ci məharət dərəcəsi -1-ci məharət dərəcəsi -usta məharət dərəcəsi (hərbi təyyarəçilərə, hərbi şturmanlara, hərbi təyyarəçitəlimatçılara və hərbi şturman-təlimatçılara “snayper” dərəcəsi) -3-cü bəndinə əsasən məharət dərəcəsini vermə hüququna aşağıdakı şəxslər malikdirlər: -3.3. 2-ci məharət dərəcəsi Müdafiə Nazirliyinin baş idarə, müstəqil idarə rəisləri, Silahlı Qüvvələr və qoşun növü komandanları, birlik komandirləri (onların bilavasitə tabeliyində olan hərbi hissə. Müəssisə və təşkilatların hərbi qulluqçularına). -37-ci bəndinə görə müvafiq məharət dərəcəsi vermə hüququ olan vəzifəli şəxs tərəfindən hərbi qulluqçunun məharət dərəcəsi aşağıdakı hallarda endirilir və ya onlar məharət dərəcəsindən (sınaqların nəticələri nəzərə alınmadan və ya sınaqlar keçirilmədən) məhrum edilirlər: 37.1 Bir pillə aşağı endilir: (....) 37.1.4 Azərbaycan Respublikasının müdafiə naziri və onun müavinləri tərəfindən “Şiddətli töhmət” elan edildikdə.(...) -37.2.7-ci bəndinə əsasən Azərbaycan Respublikası Müdafiə naziri və onun müavinləri tərəfində hərbi qulluqçuya “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edildikdə (...) Göründüyü kimi hərbi qullquçuların yüksək təlim, peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə onlara müvafiq məharət dərəcələri verilir. 2-ci məharət dərəcəsi olan zabit və rəis heyətlərinə aylıq vəzifə maaşına 15 faiz məbləğində əlavə verilir. Hərbi qulluqçunun 2-ci məharət dərəcəsinin 1 pillə aşağı salınaraq 3-cü dərəcə məharət dərəcəsinə endirilməsinə əsas həm də Azərbaycan Respublikasının müdafiə naziri müavinləri tərəfindən “Şiddətli töhmət”in elan edilməsidir. Hazırkı işin hallarından görünür ki, iddiaçının olduğu “Usta” məharət dərəcəsinin bir pillə aşağı, 1-ci məharət dərəcəsinə endirilməsinin kökündə məhz ona “Şiddətli töhmət”in elan edilməsi dayanır. Buna görə də ilk əvvəl iddiaçıya “Şiddətli töhmət”in elan edilməsi barədə cavabdehin hərəkətinə qiymət verilməlidir. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsinə əsasən: -43. Hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. -67. əsasən zabitlərə: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla kiçik zabitləri 10 sutkayadək, baş zabitləri 5 sutkayadək həbs etmə; ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) hərbi rütbəsini bir pillə aşağı salma intizam cəzaları verilə bilər. - 100. Bilavasitə rəislər həvəsləndirmələr və intizam cəzaları haqqında şifahi və ya yazılı surətdə komanda üzrə: a) əsgərlərə, matroslara və çavuşlara aid olanları — bölük komandirlərinə və onlara müvafiq şəxslərə; b) müddətindən artıq xidmət çavuşlarına, habelə gizirlərə, miçmanlara və zabitlərə aid olanları — hissə və gəmi komandirlərinə; v) hissə, gəmi komandirlərinə, həmçinin generallara və admirallara aid olanları — yuxarı qərargaha məlumat verməlidirlər. - 101. Bölüklərdən başlayaraq bütün bölmələrdə, hissələrdə, birləşmələrdə, Silahlı Qüvvələrin idarələrində, müəssisələrində həvəsləndirmələrin və intizam cəzalarının uçotu aparılmalıdır. -102. Bu Nizamnamədə nəzərdə tutulmuş, o cümlədən komandir (rəis) tərəfindən bölmənin, hissənin (gəminin) bütün şəxsi heyətinə elan edilmiş həvəsləndirmələr də daxil olmaqla, bütün həvəsləndirmələr və intizam cəzaları (məzəmmətdən başqa) hərbi qulluqçunun xidmət vərəqəsinə qeyd edilməlidir (3 saylı əlavə). Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbindən gğrünür ki, hərbi qulluqçuya həvəsləndirmə və intizam cəzalarının verilməsi inzibati orqanın diskresion səlahiyyəti kimi müəyyən edilmişdir. Diskresion səlahiyyət isə, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlər, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə isə qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Göründüyü kimi, İPM-in 74-cü maddəsi məhkəmə tərəfindən inzibati aktların qanuniliyinin yoxlanılmasını inzibati orqanın öz diskresion səlahiyyətini düzgün, xüsusilə mütənasiblik prinsipinə müvafiq olaraq yerinə yetirib-yetirmədiyinin yoxlanılması ilə məhdudlaşdırmışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli 11/1419 nömrəli məktubundan görünür ki, məharət dərəcəsinin bir pillə aşağı salınması üçün əsas olmuş sənədlərin alınması üçün Müdafi nazirinin müavini – Quru Qoşunlarının komandanına sorğu göndərilmişdir. xx.xx.2022-ci il tarixli 3392 nömrəli cavab məktubundan Müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı tərəfindən xx.xx.2022-ci il tarixdə saat 19:30-dək Laçın və Kəlbəcər rayonlarına döyüş mövqelərində əlaqə yollarının vəziyyəti, yolları qardan təmizlənməsinə cəlb olunmuş şəxsi heyət və mühəndis texnikaları haqqında məlumatın təqdim olunması barədə əmrin verilməsi və bu tapşırığın icrasından sonra məzuniyyətə buraxılmasının tapşırıldığı məlum olmuşdur. xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin birinci müaviniqərargah rəisi vəzifəsini icra edən general-mayor Vasif Kazımov raportla tərəfindən yolların vəziyyəti və cəlb olunmuş texnikalar barədə məlumatların vaxtında təqdim olunmadığı, verilən əmri icra etmədiyi barədə Müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanına məruzə edərək barəsində tədbir görülməsi üçün vəsatət qaldırılmışdır. Yol verdiyi həmin intizam pozuntusuna görə Müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı tərəfindən ona şifahi olaraq “Şiddətli töhmət” elan edilmiş və bu əsasla məharət dərəcəsinin bir pillə aşağı “Birinci” məharət dərəcəsinə kimi endirilməsi üçün Azərbaycan Respublikasının müdafiə naziri qarşısında vəsatət qaldırılmışdır. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 12231 nömrəli məktubundan görünür ki, polkovnik İddiaçı 3 avqust 2021-ci il tarixdən 22 aprel 2022-ci il tarixədək N nömrəli hərbi hissənin mühəndis təminatı şöbəsinin rəisi vəzifəsində xidmət etmiş, Azərbaycan Respublikası müdafiə nazirinin 11 fevral 2022-ci il tarixli 0149 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “v” bəndinə əsasən istefaya buraxılmışdır. N nömrəli hərbi hissədə qeyd olunan vəzifədə xidmət etdiyi dövr ərzində Müdafiə nazirinin müavini-Quru Qoşunların komandanı tərəfindən ön xətt döyüş mövqelərində yolların vəziyyəti və yolların qardan təmizlənməsi üçün cəlb edilmiş texnikaların vəziyyəti barədə 21 yanvar 2022-ci il tarixədək icra olunmalı əmri vaxtında icra etmədiyinə görə N nömrəli hərbi hissə komandirinin birinci müavini-qərargah rəisi tərəfindən təqdim olunum 21 yanvar 2022-ci il tarixli 1167 nömrəli raport əsasında intizam qaydasında cəzalandırılmış, ona Müdafiə nazirinin müavini-Quru Qoşunların komandanı tərəfindən “Şiddətli töhmət” elan edilmişdir. Ona intizam cəzasının verilməsi Müdafiə nazirinin müavini-Quru Qoşunların komandanı tərəfindən şifahi formada və şəxsən polkovnik İddiaçı özünə elan edilmişdir. Polkovnik İddiaçı xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə “Şiddətli töhmət” elan olunduğu Müdafiə nazirinin müavini-Quru Qoşunların komandanının 22 yanvar 2022-ci il tarixli 624 nömrəli raportu əsasında Müdafiə nazirinin 7 fevral 2022-ci il tarixli 015 nömrəli əmri ilə malik olduğu “Usta” məharət dərəcəsi bir pillə aşağı “birinci məharət dərəcəsi”nə endirilmişdir. Polkovnik İddiaçı Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 18 yanvar 2022-ci il tarixli müvafiq arayışına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” qərarı ilə şəhadətləndirilməsinə baxmayaraq 22 aprel 2022-ci il tarixdə istefaya buraxılmış və 18 yanvar 2022-ci il tarixdən 22 aprel 2022-ci il tarixədək ambulator və ya stasionar qaydada müalicə də olmamış, tibbi yardım üçün müraciət etməmişdir ki, bu da onun həmin dövrdə xidməti tapşırıqların icrasına qadir olduğuna, ona öz vəzifələrinin icrası ilə əlaqədar tapşırıq verilməsinin mümkünlüyünə dəlalət edir. Göründüyü kimi, iddiaçıya intizam cəzası onun Müdafiə nazirinin müavini-Quru Qoşunların komandanı tərəfindən verilmiş ön xətt döyüş mövqelərində yolların vəziyyəti və yolların qardan təmizlənməsi üçün cəlb edilmiş texnikaların vəziyyəti barədə 21 yanvar 2022-ci il tarixədək icra olunmalı əmri vaxtında icra etməməsi olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçıya verilmiş həmin intizam cəzasının düzgünlüyünün yoxlanılması, yəni onun həqiqətən ön xətt döyüş mövqelərində yolların vəziyyəti və yolların qardan təmizlənməsi üçün cəlb edilmiş texnikaların vəziyyəti barədə əmri düzgün icra edib etməməsinin müəyyən olunması məhkəmənin səlahiyyətində olmamaqla inzibati orqanın qiymətləndirməsindən asılıdır. Yəni məhkəmə inzibati orqanın yerinə iddiaçının ona verilmiş həmin əmri düzgün icra edib etməməsi barədə nəticəyə gələ bilməz. Bu həm məhkəmənin xüsusi biliyə malik olduğu hal olmamaqla, həm də hakimiyyətlərin bölgüsü prinsipinə ziddir. Bundan əlavə, iddiaçı cavabdeh orqanın ona verilən diskresion səlahiyyətindən qanunsuz istifadə etməsini təsdiq edən hər hansı bir halı məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya elan edilmiş şiddətli töhmətin ləğv edilməsi üçün əsas yoxdur və iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Bu isə özlüyündə iddiaçının digər tələblərinin, usta məharət dərəcəsinin bir pillə aşağı endirilərək birinci məharət dərəcəsi ilə əvəz olunmasına dair xx.xx.2022-ci il tarixli, 015 nömrəli əmrin ləğv edilməsi və “usta” məharət dərəcəsinin bərpa edilməklə bu barədə yeni məlumat vərəqinin tərtib edilərək DSMF orqanına göndərilməsi tələbinin təmin edilməsi üçün əsası da aradan qaldırır. Beləliklə, məhkəmə göstərilənlərə əsasən, işin halları ilə cavabdeh orqanın ona verilən diskresion səlahiyyətindən qanunsuz istifadə etməsinin müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, iş üzrə iddiaçının tələbinin təmini üçün əsas mövcud deyil. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-1110/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1110/2023
20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver