Məhkəmə qərarları › İş №2-1(112)-1110/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1110/2024

08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1110/2024 08.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “yeni məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəmin Şahin qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “yeni məlumat vərəqəsi”nin verilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı yeni məlumat vərəqəinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2007-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis olunmuşdur. Rütbəsi mayor olmuşdur. Axırıncı xidmət yerində N saylı hərbi hissədə tutduğu vəzifə 2006-cı ilə qədər hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini polkovnik-leytenant vəzifəsi olmuş, lakin həmin ildə orduda baş vermiş ştat strukturu dəyişikliyi ilə əlaqədar Q1 zabiti, bölmə rəisinin müavini adlandırılmış və mayor vəzifə və maaşına uyğunlaşdırılmışdır. Bir müddət sonra yəni 2013-cü ildə orduda yenidən ştat struktur dəyişikliyi baş vermiş və həmin vəzifə həm Q1-in tərkibindən çıxarıldı, həm də adı dəyişilərək, belə adlandırıldı: İdeoloji iş və mənəvi psixoloji təminat bölmə rəisi. Vəzifə əvvəlki kimi polkovnik leytenant rütbə və yüksək maaşa uyğunlaşdırıldı. Mövcud təlimat və qanuna uyğun olaraq onun sonuncu mayor vəzifəsinə hesablanmış pensiyası axırıncı polkovnik leytenant vəzifə və maaşına uyğun hesablanması zərurəti yaranmışdır.Bunun üçün Müdafiə Nazirliyinə 31 yanvar 2023-cü il və 12 mart 2023-cü il tarixlərdə müraciət edərək bu işlə əlaqədar onun məlumat vərəqəsi yeniləyərək, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Filialına göndərilməsini xahiş etmişdir.Lakin cavabdeh hər iki müraciətinə imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin müraciəti əsassız olmuş və onun hüquqlarının pozulmasına səbəb olmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş, təqdim edilmiş sərəncamın icrası ilə əlaqədar olaraq iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Etiraza əsasən, iddiaçı ehtiyatda olan mayor İddiaçı Talı oğlu Azərbaycan Respublikası Müdafiə Nazirinin 0473 nömrəli 07 sentyabr 2007-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatmadığına görə) müvafiq olaraq, Artileriya briqadasının (N nömrəli hərbi hissə) şəxsi heyyət bölməsinin Q1 zabiti-bölmə rəisinin müavini (tərbiyə işinin təşkili üzrə) vəzifəsindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq briqada komandirinin 320 nömrəli 10 oktyabr 2007-ci il tarixli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. Həmin tarixə İddiaçı sonuncu təminat xərcliyi onun MN3458 nömrəli haqqı-hesab kitabçasında olan məlumatlara əsasən: vəzifə maaşı-204 manat, rütbə maaşı-48 manat, xidmət əllərinə görə 25 faiz əlavə-63 manat, ikinci məharət dərəcəsinə görə 15 faiz əlavə-30.60 manat ərzaq payı əvəzinə verilən pul kompensasiyası isə 24.75 manat etmişdir. Bu məlumatlar tərəflərindən tərtib olunmuş 58925 nömrəli 28 noyabr 2007-ci il tarixli “məlumat vərəqi”ndə əks olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialına təqdim edilmişdir. Daha sonra tərəflərindən yuxarıda adı qeyd olunan quruma təqdim etdikləri ZE-58925 nömrəli xx.xx.2022-ci il tarixli Məlumat vərəqində bu vəzifənin maaşı-635 manat, xidmət illərinə görə 25 faiz əlavə-196.25 manat, “ikinci məharət” dərəcəsinə görə 15 faiz əlavə-92.25 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64 manat miqdarında göstərilmişdir. İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə, xx.xx.1992-ci il tarixdən xx.xx.2004-cü il tarixədək N nömrəli hərbi hissədə reaktiv artileriya divionunun reaktiv artilleriya batareyanın atəş taqım komandiri, təlim artileriyya divizionu komandirinin şəxsi heyətlə iş üzrə müavini, artileriyya təlim divizionu komandirinin tərbiyəvi işlər üzrə müavini , daha sonra o, 16 avqust 2004-cü il tarxdən ştat kateqoriyası “mayor” olan N nömrəli hərbi hissənin 3-cü tank əleyhinə divizionu komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifəsinə və sonda o, Müdafiə nazirinin 0187 nömrəli 05 aprel 2007-ci il tarixli əmri ilə yenə də ştat kateqoriyası “mayor” olan N nömrəli hərbi hissənin şəxsi heyət bölməsinin zabiti-bölmə rəisinin müavini vəzifəsinə təyin edilmişdir. Bu yerdəyişmələr (xx.xx.1995-ci il tarixdən etibarən) “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq həyata keçirilmişdir. Yəni hər bir vəzifənin ştat kateqoriyası “mayor” olduğundan, onlar bərabər sayılırlar və hər bir vəzifənin vəzifə maaşı bugünədək eyni olaraq hal-hazırda 635 manat təşkil edir. Ümumiyyətlə, İddiaçı sonuncu vəzifəyə (N nömrəli hərbi hissənin şəxsi heyət bölməsinin (Q1) zabiti-bölmə rəisinin müavini təyin olunanda, artıq bu vəzifə yeni ştata keçmiş vəzifə idi, yəni ştat-struktur dəyişikliyi İddiaçı bu vəzifəyə təyin olunmamışdan öncə baş vermişdir. Bundan başqa, İddiaçı xidmət etdiyi dövrdə iddia ərizəsində qeyd etdiyi N nömrəli hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini-bölmə rəisi vəzifəsində xidmət etməmişdir.Yuxarıda qeyd olunanlara əsasən İddiaçı pensiya təyin olunması üçün tutduğu sonuncu vəzifənin, yəni N nömrəli hərbi hissənin şəxsi heyət bölməsinin Q1 zabitibölmə rəisinin müavini vəzifənin təminat xərcliyi barədə məlumatlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialına tərəflərindən təqdim edilmişdir.Bütün bunları nəzərə alaraq bildirilir ki, İddiaçı pensiyasının yenidən hesablanmsı üçün yeni məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialına göndərilməsi qanuna müvafiq deyildir.

4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi (vəkili) iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə məhkəmə tərəfindən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə şifahi məhkəmə baxışı iclasında işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

6. Azərbaycan Respublikası Müdafiə Nazirinin 07 sentyabr 2007-ci il tarixli 0473 nömrəli əmrindən çıxarışa əsasən mayor İddiaçı N №-li h/h şəxsi heyət bölməsinin (Q1) zabiti-bölmə rəisinin müavini vəzifəsinə təyin edilmişdir.

7. Azərbaycan Respublikası Müdafiə Nazirinin N saylı Hərbi Hİssə Komandirinin 10 oktyabr 2007-ci il tarixli 320 nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə” haqqında əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq Müdafiə Nazirinin 0473 saylı xx.xx.2007-ci il tarixli əmrinə əsasən Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış N saylı hərbi hissənin şəxsi heyət bölməsinin Q1 zabiti, BR-nin müavini (tərbiyəvi işlərin təşkili üzrə) mayor İddiaçı xx.xx.2007-ci il tarixdən vəzifə və işini təhvil vermiş hesab olunmuş, hərbi hissənin şəxsi heyəti siyahısından və bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səbail RHK-na göndərilmişdir. 2007-ci il üçün nəzərdə tutulmuş növbəti məzuniyyətin hesabından itifadə etmişdir. 2007-ci il üçün nəzərdə tutulmuş maddi yardımla təmin olunmuşdur. 2007-ci il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiq olmuşdur.

8. 58925 nömrəli məlumat vərəqinə əsasən İddiaçı vəzifə maaşı 204 manat, rütbə maaşı 48 manat, xidmət illərinə görə əlavə 25% olmaqla 63 manat, ərzaq payı əvəzinə kompensasiya 24.75 manat, ikinci ixtisas dərəcəsinə görə 15% hesablanmaqla 30.60 manat müəyyən edilmişdir.

9. ZE-58925 nömrəli məlumat vərəqinə əsasən İddiaçı vəzifə maaşı 635 manat, rütbə maaşı 150 manat, xidmət illərinə görə əlavə 25% olmaqla 196.25 manat, ərzaq payı əvəzinə kompensasiya 64 manat, ikinci məharət dərəcəsinə görə 15% hesablanmaqla 95.25 manat müəyyən edilmişdir.

10. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 05 aprel 2023-cü il tarixli 3-25-8/2-Q-3xx-xx/2023 nömrəli məktuba əsasən bildirilmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır.Sonuncu xidmət yeri olan N nömrəli hərbi-hissə tərəfindən təqdim edilmiş MN№ 034583 nömrəli “Haqq-hesab kitabçası”nda qeyd edilmiş məlumatlara əsasən adına tərtib olunmuş ZE-58925 nömrəli Məlumat vərəqi”ndə onun hərbi xidmətdən buraxıldığı günə tutduğu sonuncu vəzifə üzrə ştat kateqoriyasına uyğun olaraq aldığı təminat xərcliyi haqqında məlumatlar əks olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir. Belə ki, hərbi xidmətdən buraxıldığı günə tutduğu snuncu vəzifənin, yəni ştat kateqoriyası “mayor” olan N nömrəli hərbi hissənin şəxsi heyət bölməsinin zabiti-bölmə rəisinin müavini vəzifəsinn ştat kateqoriyası bugünədək dəyişilmədən “mayor” ştat kateqoriyasında qalmışdır. Hal-hazırda Azərbaycan Ordusunda briqadanın şəxsi heyət bölməsinin zabiti-bölmə rəisinin müavini vəzifəsinin vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 2019-cu il tarixli 387 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavəyə əsasən 635 manat məbləğində müəyyən edilmişdir.Bu səbəbdən də, 28 iyul 2022-ci il tarixli ZE-58925 nömrəıi “Məlumat vərəqi”nin tərəflərindən yenidən tərtib olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsi məqsədə uyğun hesab olunmur.

11. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1714 nömrəli 06 iyul 2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən Azərbycan Respublikası Müdafiə Nazirinin xx.xx.2013-cü il tarixli əmrində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birlik, birləşmə və hərbi hissələrinin döyüş qabiliyyətini artırmaq və təşkilati ştat quruluşunu təkmilləşdirmək məqsədilə xx.xx.2013cü il tarixədək N №-li hərbi hissədə (Artilleriya briqadası) 9/02789 №-li ştata dəyişiklik edilərək Silahlı Qüvvələrin Baş Qərargah rəisi-Müdafiə Naziririnin birinci müavininin 16 dekabr 2013-cü il tarixli rəisinin mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsinin ştata əlavə olunması barədə məlumat vardır.

12. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2360 nömrəli 13 avqust 2024-cü il tarixli məktuba əsasən Azərbycan Respublikası Müdafiə Nazirinin 18 dekabr 2013-cü il tarixli müvafiq əmrində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birlik, birləşmə və hərbi hissələrinin döyüş qabiliyyətini artırmaq və təşkilatı ştat quruluşunu təkmilləşdirmək məqsədilə xx.xx.2013-cü il tarixədək N №-li hərbi hissədə, 9/0279 №-li ştat dəyişikliyinin olması qeyd edilmişdir. Silahlı Qüvvələrin Baş Qərargah rəisi- Müdafiə Nazirinin birinci müavininin 16 dekabr 2013-cü il tarixli təsdiqi ilə ştata əlavə olunmuşdur. Şəxsi heyətlə iş üzrə bölmə (Q1): 1. Briqada komandirinin Şəxsi heyətlə iş üzrə müavini-bölmə rəisi-polkovnik-leytenant hərbi rütbəsində; 2. Bölmə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini-mayor hərbi rütbəsində.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak etmiş iddiaçı və onun nümayəndəsinin (vəkilinin) izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

19. Məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı qanunvericiliyin aşağıda qeyd edilən normalarına istinad etməyi zəruri sayır.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 20. İnzibati orqana müraciət etmək hüququ 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

21. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci bəndinə əsasən Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.

22. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.9cu maddəsinə əsasən hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən hərbi vəzifəlilər – ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşlarıdır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının: Bənd 1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. Bənd 2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Bənd 3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir.

24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Həmin Qanunun 21.2.8-ci maddəsinə əsasən şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət sığorta stajına daxil edilir.

25. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan tələblərini işin faktiki hallarına tətbiq edərək qeyd edir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 2-ci bəndində nəzərdə tutulmuş qaydada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən hesablanır. Həmin Qanunun 20.18-ci maddəsində nəzərdə tutulmuş hərbi qulluqçuların qulluq stajına görə əlavələri səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır.

26. İddiaçı hazırda sözügedən maddənin tələblərinə müvafiq olaraq əmək pensiyasının polkovnik-leytenant vəzifə və maaşı əsas götürülməklə hesablanması və barəsində yeni məlumat vərəqəsinin tərtib edilməsini xahiş edir.

27. İddiaçının tələbinin əsasları məhkəmə tərəfindən cavabdeh inzibati orqana göndərilmiş sorğulara əsasən daxil olmuş məlumatlara və müvafiq əmrlərə əsasən araşdırılmış və araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 0473 №-li əmri ilə 07 sentyabr 2007-ci il tarixdə N №-li h/h şəxsi heyət bölməsinin (Q1) zabiti-bölmə rəisinin müavini təyin edilmiş, daha sonra N saylı Hərbi Hissə Komandirinin 10 oktyabr 2007-ci il tarixli 320 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə” haqqında əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq Müdafiə Nazirinin 0473 saylı xx.xx.2007-ci il tarixli əmrinə əsasən Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

28. İddiaçı təminat xərcliyinin yenidən hesablanaraq yeni məlumat vərəqəsinin məhz polkovnik-leytenant vəzifə və maaşına uyğun hesablanmasını arzulasa da, o, sonuncu dəfə N №-li h/h şəxsi heyət bölməsindən (Q1) zabiti-bölmə rəisinin müavini kimi ehtiyata buraxılmışdır.

29. Halbuki, ştat dəyişikliyi yalnız Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2013-cü il tarixli təsdiqi ilə həyata keçirilmişdir ki, bu tarixdən etibarən briqada komandirinin şəxsi heyətlə iş üzrə müavini-bölmə rəisi –polkovnik leytenant rütbəsi, bölmə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini isə mayor hərbi rütbəsi kimi dəyişdirilmişdir. Göründüyü kimi iddiaçının hərbi xidmət dövründə o, polkovnik-leytenant kimi hərbi xidmət keçməmişdir. Bu isə onun polkovnikleytenant vəzifə və maaşına uyğun olaraq təminat xərcləyinin hesablanması və yeni məlumat vərəqəsinin tələb etmək hüququnu yaratmır.

30. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının təminat xərcliyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının, o cümlədən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin, ən əsası “Əmək pensiyaları haqqında Qanunun” tələblərinə uyğun olaraq təminat xərcliyini müəyyən etmiş və məlumat vərəqəsini tərtib etmişdir.

31. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

32. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

33. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

34. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

35. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

37. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

38. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

40. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

41. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 42.Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 43.Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

44. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

45. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar