Məhkəmə qərarları › İş №2-1(112)-11100/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11100/2024

12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11100/2024 12.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (əri) X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə müraciət edərək Əmlak və torpaq vergisinə görə 1319.70 manat (bir min üç yüz on doqquz manat yetmiş qəpik) borcun ödənilməsinə tələbinə dair Bakı şəhəri, Binəqədi rayonu. Biləcəri Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 03 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 1054 nömrəli xx.xx.2007-ci il tarixli qərarına əsasən Biləcəri Bələdiyyəsi hüdudları daxilində uzun müddətdən bəri istifadə etdiyi, əlavə olunmuş cizgi əsasında 400 kv.m torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi qərara alınmışdır. Lakin bu günədək qeyd olunan torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətinə keçməmişdir. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin torpaq və əmlak borcunun ödənilməsi tələbinə dair 03 nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsinin inzibati ərazisi Bakı şəhəri Biləcəri qəsəbəsi 1 May ünvanında əmlak və torpağa görə 1319.70 manat əmlak və torpaq vergisi ödəməkdən yayındığına görə barəsində tədbir görülməsi üçün qərar Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. Qeyd olunan qərarın qəbul edilməsindən iddiaçının məlumatı olmayıb. Binəqədi rayon İcra şöbəsinin telefon zəngi əsasında iddiaçı xx.xx.2024-cü il tarixdə Binəqədi rayon İcra şöbəsinə getdikdən sonra həmin Qərarın mövcudluğundan məlumatı olmuşdur. Belə ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Biləcəri bələdiyyəsi tərəfindən əmlak və torpağa görə hesablanmış 1319,70 manat vergi məbləğinin hansı hissəsinin torpaq vergisi, hansı hissəsinin əmlak vergisi olması məlum deyildir. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin torpaq və əmlak borcunun ödənilməsi tələbinə dair 03 nömrəli xx.xx.2024-cü il tarixli qərarı tamamilə qanunsuz və əsassızdır. Odur ki, iddiaçı hesab edir ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin torpaq və əmlak borcunun ödənilməsi tələbinə dair 03 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməlidir. Bələdiyyə tərəfindən əmlak və torpaq vergisinin hesablandığı Bakı şəhəri Biləcəri qəsəbəsi 1 May ünvanında əmlak və torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində deyildir. Belə olan halda, xüsusi mülkiyyətində olmayan daşınmaz əmlaklara görə iddiaçıdan əmlak vergisinin tutulması qanunsuz və əsassızdır.

3. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, Biləcəri Bələdiyyəsi tərəfindən fiziki şəxs qismində İddiaçı Əfrasiyyab qızının 1319,70 manat (bir min üç yüz on doqquz manat yelmiş qəpik ) torpaq və əmlak vergi borcunun könüllü ödəməsindən yayındığı üçün Binəqədi rayon Biləcəri Bələdiyyəsi sonuncu barəsində Torpaq və Əmlak, borcunun ödənilməsi tələbinə dair 03 nömrəli xx.xx.2024-cü il tarixli qərar qəbul edib. İddaçı iddiasını Bələdiyyə qərarının qəbul edilməsinə əsas olmuş daşınmaz əmlaklar iddiaçının xüsusi mülkiyyətində olmamasını ilə əsaslandırır. Müxtəlif bəhanələrlə yerli büdcəyə əmlak və torpaq vergisini ödəməkdən yayınmağa çalışır. İddaçı uzun müddətdən bəri istifadə etdiyi 400 kv.m torpaq sahəsinin bugünə qədər mülkiyyətinə verilməməsini qeyd edir. Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 1054 saylı qərarı ilə iddaçınin torpaq sahəsi üzərində subyektiv hüququ yaranıb. Bununla da vətəndaş İddiaçı Əfrasiyyab qızı xx.xx.2007-ci ildə bələdiyyə tərəfindən ayrılmış 400 kv.m torpaq sahəsinə görə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. 2015-ci ildə Respublika bələdiyyələri BAMS (bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi) keçmişdir. Vətəndaşın öz müraciətinə əsasən xx.xx.2018-ci ildə 400 kv.m torpaq sahəsi və 672 kv.m əmlak sahəsinə görə ona YVÖK (yerli vergi ödəyicisinin kodu) açılmışdır. Vətəndaş xx.xx.2022-ci ildə 60 azn vergi borcu ödəmişdir. Hal-hazırda vətəndaşın adına 1319,2 manat vergi borcu mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İddiaçıya 1319,70 manat ( bir min üç yüz on doqquz manat yetmiş qəpik) məbləğində əmlak və torpaq vergisinin bələdiyyənin hesabına ödənilməsi barədə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişləri göndərilmişdir. Həmin bildirişdə, iddiaçı tərəfindən vergi borcunun ödənilməsi barədə Tədiyyə bildirişinin qəbul etməkdən imtina olunması və dəfələrlə telefon əlaqəsi saxlanılmasına baxmayaraq vergi borcunu ödənilməsindən yayınmışdır. Yerli büdcəyə olan 1319.70 manat (bir min üç yüz on doqquz manat yetmiş qəpik) məbləğində borcun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin (Kapital bank 2 saylı, Yasamal filialı, hesab nömrəsi AZ80AİİB********************, VÖEN: 100049292,kod-200048) hesabına ödənilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 203.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyici ləridir. 208.1-ci madəsinə əsasən torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların aftında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. 208.6-cı maddəsinə əsasən müəssisələrin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər haliarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. 3.2. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərçlir. 3.3. Bələdiyyələr Tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən, ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. Həmin qanunun 7.1-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. “Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 43-cü maddəsinə əsasən yerli vergiləri, ödənişləfi, habelə onların ödənilməsi üzrə güzəştləri bələdiyyələr Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və qanunlarına uyğun müəyyənləşdirirlər. Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır. Göründüyü kimi Biləcəri bələdiyyəsi tərəfindən “torpaq və əmlak vergi borcunun ödənilməsinə dair” xx.xx.2021-ci il tarixli 14 nömrəli qərar yuxanda qeyd olunan normalara uyğun qəbul olunub. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Göstərilənlərə əsasən inzibati aktların etibarsız sayılmasına dair əsaslar mövcud qanunvericilikdə konkret göstərildiyindən və iddiaçının hazırkı iddia ilə mübahisələndirdiyi Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin “Torpaq və əmlak, vergi borcunun ödənilməsi tələbinə dair” 03 nömrəli xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65-ci maddəsində göstərilən tələblərdən heç biri mövcud olmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilmə bilməz.

4. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 1054 nömrəli Qərarına əsasən Biləcər Bələdiyyəsi hüdudları daxilində uzun müddətdən bəri istifadə etdiyi əlavə olunmuş cizgi əsasında 400,0 kv.metr torpaq sahəsi ünvan 2 ünvanda yaşayan vətəndaş İddiaçı adına sənədləşdirilmişdir.

5. Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin “Torpaq və əmlak borcunun ödənilməsi tələbinə dair” 29 mart 2024-cü il tarixli 03 nömrəli Qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinin inzibati ərazi Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May ünvanında əmlak və torpağa görə 1319,70 (bir min üç yüz on doqquz manat yetmiş qəpik) manat əmlak və torpaq vergisini ödəməkdən yayınan İddiaçı barəsində tədbir görülməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Binəqədi rayon İcra şöbəsinə göndərilməsi qərara alınmışdır.

6. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli Qərarına əsasən icra sənədi üzrə borclu İddiaçı 1319,7 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Bakı şəhəri Binəqədi rayonu Biləcər Bələdiyyəsinin xeyrinə ödənilməlidir.

7. xx.xx.2024-cü il tarixli, **********4001 nömrəli Tədiyyə Bildirişinə əsasən: İddiaçı 2024-cü il üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən əmlak vergisi 205.44 manat 206.3-cü maddəsinə əsasən torpaq vergisi 2.4 manat hesalanmışdır. Ötən dövrlər üzrə vergi borcu: 928.12 manat Faiz məbləği: 295.28 manat Ödəniləcək məbləğ: 1327.32 manat

8. xx.xx.2024-cü il tarixli, **********4001 nömrəli Tədiyyə Bildirişinə əsasən: İddiaçı 2024-cü il üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən əmlak vergisi 205.44 manat 206.3-cü maddəsinə əsasəm torpaq vergisi 2.4 manat hesalanmışdır. Ötən dövrlər üzrə vergi borcu: 928.12 manat Faiz məbləği: 298.84 manat Ödəniləcək məbləğ: 1330.88 manat

9. xx.xx.2024-cü il tarixli, **********4001 nömrəli Tədiyyə Bildirişinə əsasən: İddiaçı 2024-cü il üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən əmlak vergisi 205.44 manat 206.3-cü maddəsinə əsasəm torpaq vergisi 2.4 manat hesalanmışdır. Ötən dövrlər üzrə vergi borcu: 928.12 manat Faiz məbləği: 317.17 manat Ödəniləcək məbləğ: 1349.21 manat

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (əri) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

11. İddianın növü mübahisələndirməyə dair iddiadır.

12. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

13. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

15. Odur ki, Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin mübahisələndirilən qərarı qeyd edilən əlamətlərə malik olduğundan inzibati aktdır və hazırki iddia mübahisələndirməyə dair iddiadır.

16. Həmin qərarın iddiaçıya cavabdeh qurum tərəfindən nə vaxt təqdim edildiyi, ümumiyyətlə iddiaçının inzibati icraata cəlb edildiyi müəyyən edilmir.

17. İddia mümkündür.

III.Tətbiq edilən hüquq

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu Maddə 56. Kollegial inzibati orqanın iclasının protokolu 56.1. Kollegial inzibati orqanın iclası haqqında aşağıdakı məlumatları özündə əks etdirən protokol tərtib olunur: 56.1.1. kollegial inzibati orqanın adı barədə; 56.1.2. iclasın keçirildiyi vaxt və yer barədə; 56.1.3. iclasın sədri və üzvləri haqqında; 56.1.4. müzakirənin predmeti barədə; 56.1.5. qəbul edilmiş qərar barədə. 56.2. İclasın protokolu iclasın sədri və katibi tərəfindən imzalanır. … Maddə 73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. ... Maddə 81. İnzibati aktların icra edilməsi qaydası ... 81.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. ... Maddə 82. Pul tələblərinin icra edilməsi 82.1. Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur.

19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər 1.1.Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 1.2. Bu Məcəllə ilə Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər müəyyən edilir. ... Maddə 2. Azərbaycan Respublikasının vergi qanunvericiliyi 2.1. Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. 2.2. Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. ... Maddə 4. Azərbaycan Respublikasında vergi sistemi 4.1. Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). ... 4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. ... Maddə 8. Yerli vergilər (bələdiyyə vergiləri) 8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi; 8.1.4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. 8.2. Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. ... Maddə 204. Verginin ödəyiciləri Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Maddə 205. Vergitutma obyekti Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır.

20. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununu Maddə 6. İcra sənədləri 6.1. Aşağıdakılar icra sənədləri sayılır: ... 6.1.8. Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar;

21. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə qanunvericilik 2.1. Yerli (bələdiyyə) vergi və ödənişlərə (bundan sonra - yerli vergilər və ödənişlər) dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. 2.2. Bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. Maddə 3. Yerli vergilər və ödənişlər 3.1. Yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. 3.2. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. 3.3. Bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. 3.4. Bu ödənişlər hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş vergi öhdəlikləri yerinə yetirildikdən sonra onların sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilir. … Maddə 7. Bələdiyyələrin vergi xidməti orqanları, onların hüquq və vəzifələri 7.1. Qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. 7.2. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Maddə 8. Yerli vergilərin tərkibi 8.0. Yerli vergilərə aşağıdakılar aiddir: 8.0.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.0.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin əmlak vergisi;

22. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamə 3.1. Bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: 3.1.1. yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; 3.1.2. yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir; 3.1.3. yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qoruyur, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin edir; ... 3.2. Bələdiyyə vergi xidməti orqanının aşağıdakı hüquqları vardır: 3.2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada fiziki şəxslərdən torpaq və əmlak vergilərini hesablamaq və hesablanmış məbləğin ödənilməsi üçün onlara tədiyə bildirişi göndərmək; ... 3.2.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müəyyən edilmiş hallarda və qaydada yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, yerli (bələdiyyə) vergilər üzrə hesablanmış faizlərin alınması və yerli (bələdiyyə) vergilərin ödəyicilərinə maliyyə sanksiyalarının tətbiq olunması barədə məhkəmədə vəsatət qaldırılması üçün bələdiyyələrə müraciət etmək;

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarı: “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.”

24. İnzibati orqan kimi bələdiyyələr tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Eyni zamanda, bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar icra sənədləri sayılırlar. Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeydən görünür ki, vergi orqanı (hazırkı halda cavabdeh) tərəfindən vergi öhdəliyi ilə bağlı o zaman məhkəmədə iddia qaldırılmalıdır ki, bu, vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması ilə əlaqədar olmuş olsun. Beləliklə, qanunvericiliyin tələblərindən aydın olur ki, vergi orqanı məhkəməyə yalnız siyahıya alınmış əmlakın açıq hərracda satılması ilə bağlı iddia ərizəsi ilə müraciət etmək hüququna malikdir. Digər hallarda vergi borcunun alınması qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmədən kənar həll olunur.

IV.Məhkəmənin mövqeyi

25. X2 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

26. Məhkəmə ilk olaraq qeyd edir ki, mübahisələndirilən qərar iddiaçının mülkiyyət hüququna müdaxilədir və həmin müdaxilə mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyır.

27. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir.

28. Məhkəmə ilk növbədə nəzərə alır ki, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra iddiaçının həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi məqsədilə cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli **********4001 nömrəli nömrəli Tədiyyə Bildiriş(lər)i iş materiallarına əlavə olunmuşdur.

29. Məhkəmə qeyd edir ki, iş materiallarında həm əmlak, həm də torpaq vergisi hesablansa da, inzibati icraat zamanı fərdi yaşayış evinin sahəsini müəyyənləşdirməyə imkan verən hər hansı məlumat müəyyən edilməmiş, eləcə də fərdi yaşayış evinə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

30. Vergi Məcəlləsindən: 59.1. Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. 59.2. Bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir.

31. Odur ki, qanunvericilikdə faizlərin ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilməsinin mümkünlüyü nəzərdə tutulsa da, mübahisələndirilən qərarda faizlərin hansı dövrə münasibətdə tətbiq edildiyi müəyyən edilmir.

32. Bununla belə məhkəmə hesab edir ki, cavabehin torpaq vergisini hesablamaq hüququ olsa da, mübahisələndirilən qərar qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyin tələbləri pozulmuşdur.

33. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 143. Bələdiyyələrin işinin təşkili İ. Bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. Maddə 144. Bələdiyyələrin səlahiyyətləri İ. Bələdiyyələrin iclaslarında aşağıdakı məsələlər həll edilir: 4) yerli vergilərin və ödənişlərin müəyyən edilməsi; Maddə 145. Bələdiyyələrin qərarları İ. Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. İİ. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. İİİ. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir.

34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 55.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial inzibati orqanın qərarı, iclasda iştirak edən üzvlərin yarısından çoxu həmin qərarın lehinə səs verdikdə qəbul edilmiş sayılır. 56.1. Kollegial inzibati orqanın iclası haqqında aşağıdakı məlumatları özündə əks etdirən protokol tərtib olunur: 56.1.1. kollegial inzibati orqanın adı barədə; 56.1.2. iclasın keçirildiyi vaxt və yer barədə; 56.1.3. iclasın sədri və üzvləri haqqında; 56.1.4. müzakirənin predmeti barədə; 56.1.5. qəbul edilmiş qərar barədə. 56.2. İclasın protokolu iclasın sədri və katibi tərəfindən imzalanır.

35. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən kollegial inzibati orqan olan bələdiyyələr fəaliyyətlərini iclaslar vasitəsi ilə həyata keçirirlər və bələdiyyə qərarları səs çoxluğu əsasında (yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu) həmin iclaslarda qəbul edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq isə müvafiq qərarın qəbul edildiyi iclasın protokolu tərtib edilməli, iclasın sədri və katibi tərəfindən imzalanmalıdır.

36. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, cavabdeh orqan tərəfindən İddiaçı münasibətdə əmlak və torpaq vergisinin hesablanmasına dair qərar (xx.xx.2024-cü il tarixli, 03 nömrəli) qəbul edilsə də (qəraın surəti iş materiallarına əlavə olunmuşdur), müvafiq qərarda kollegial iclasın keçirilməsi nəticəsində qəbul edilməsinə dair hər hansı müddəa (iclasın keçirildiyi vaxt, yer, iclasın üzvləri, səslərin sayı barədə məlumatlar və s.) öz əksini tapmamışdır və eyni zamanda kollegial iclasın protokolu mövcud deyildir (qərarda bələdiyyənin iclas protokoluna istinad da yoxdur).

37. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh qurum tərəfindən qəbul edilən qərar inzibati icraat haqqında qanunvericiliyin qeyd edilən tələblərinə uyğun olmadığından iddia təmin edilməli, mübahisələndirilən qərar ləğv edilməlidir.

38. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

39. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı münasibətdə “Torpaq və əmlak borcunun ödənilməsi tələbinə dair” Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 03 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar