Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11101/2022 18.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın dayandırıldığı tarixdən bərpa edilərək ödənməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təyin edilmiş pensiyanın dayandırılmasında ifadə olunan hərəkətlərin əsassız hesab edilməklə dayandırıldığı tarixdən bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə öhdəlik olaraq qoyulması tələbini irəli sürmüşdür. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1982-ci ildən müxtəlif işlərdə işləmiş və xx.xx.2017-cı ildən ona 52 yaşı tamam olmasına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edimişdir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdən sonra da o, əmək fəaliyyətini davam etdirmiş və hazırkı vaxta kimi işləməkdədir. Bir müddət pensiya aldıqdan sonra ona təyin edilmiş pensiya cavabdeh tərəfindən dayandırılmış və dayandırılmazdan əvvəl ona hər hansı xəbərdarlıq edilməmişdir. Cavabdeh özü tərəfindən tam qanuni əsaslarla əvvəl təyin edilən həmin pensiya ödənişini əsassız olaraq qanunsuz hərəkətlər ilə azaltmışdır. O, bu barədə ərizə ilə xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən müraciətdə qeyd edilənlərin icrasından imtina edilmişdir. Hesab edir ki, təyin edilmiş pensiyasının dayandırılmasında ifadə olunan hərəkətlər qanunsuzdur, ona təyin edilmiş pensiya dayandırıldığı tarixdən bərpa edilməli və ödənilməmiş pensiya məbləği bərpa edilərək ödənilməlidir. İddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya bildirilmişdir ki, onun 22 iyun 2022-ci il tarixində daxil olmuş ərizəsinə və əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. İddiaçının əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından pensiya ödənişi dayandırılmışdır. Araşdırma nəticəsində hər hansı qanunvericiliyə zidd hal aşkar ediməyəcəyi təqdirdə əmək pensiyasının ödənişi bərpa olunacaq və dayandırılma müddətində ödənilməmiş pensiya məbləği müvafiq kart hesabına köçürüləcəkdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli iddia ərizəsinə etirazda göstərilmişdir ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi həmin halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır. Fondun Daxili nəzarət departamenti tərəfindən araşdırılma aparıldığı zaman iddiaçının əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından pensiya ödənişi xx.xx.2022-ci il tarixdə dayandırılmışdır. Həmçinin iddiaçının nümayəndəsi və vəkili Vəkil ünvanlanmış cavab məktubunda araşdırma nəticəsində hər hansı qanunvericiliyə zidd hal aşkar edilməyəcəyi təqdirdə əmək pensiyasının ödənişi bərpa olunacağı və dayandırılma müddətində ödənilməmiş pensiya məbləği müvafiq kart hesabına köçürüləcəyi bildirilmişdir. Hesab edir ki, cavabdeh orqanın bu qərarı qanunauyğun olmuşdur və qeyd olunanla görə də iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla (məhkəməyə daxilolma tarixi xx.xx.2022) təqdim edilmiş iddiaçının pensiya işindən görünür ki, ona xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiya işinə əsasən ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin dayandırılması haqqında qərar mövcud deyildir. İddiaçıya əmək pensiyasının ödənişi cavabdehin faktiki xarakterli hərəkəti ilə xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. İddiaçının pensiya işinə əlavə edilmiş qeydiyyat nömrəsi və tarixi qeyd edilməyən və eləcə də natamam imzalı (imzalanması qeyd edilən bütün məsul şəxslər tərəfindən imzalanmamış) olan cavabdehin sənədlərlə iş şöbəsi tərəfindən “əsli ilə düzdür” təsdiqli “Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında” qərar əlavə edilmişdir. Lakin həmin sənəd məcburi rekvizitləri qeyd edilmədiyindən və qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olmadığından məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi iddiaçının ərizəsi əsasında təyin edilmiş pensiyanın 12 may 2022-ci il tarixdən dayandırılmasının qanunsuz hesab edilməklə 12 may 2022-ci il tarixdən bərpa edilərək ödənilməsi kimi dəyişdirilmişdir. Cavabdeh iddianın dəyişdirilməsinə etiraz etməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı dəyişdirilmiş tələbin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. I. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki iddia öhdəliyin icrası haqqqında iddiadır. İddia mümkündür. II. Məhkəmənin mövqeyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunundan: 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə hesab edir ki, müvafiq əsaslar olduqda pensiyanın hüququ olmayan şəxsə təyin edilməsi halında vurulmuş zərərin əvəzi hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti qaydasında tələb oluna bilər. X5 Məhkəməsinin presedent hüququna əsasən: - Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir, bununla belə, pensiyanın bütünlüklə məhrum edilməsi 1 saylı Protokolun 1-ci maddəsinin müddəalarını poza bilər və əksinə, pensiyaya və ya müvafiq müavinətlərə ağlabatan azalmaların bunu etməməsi ehtimalı var. Bununla belə, ədalətli tarazlıq testi mücərrəd olaraq yalnız məruz qalan azalmanın məbləğinə və ya faizinə əsaslana bilməz. Bir sıra işlərdə Məhkəmə bütün müvafiq elementləri konkret hallara uyğun qiymətləndirməyə cəhd göstərmişdir (bax: Stefanetti və başqaları § 59; Domalewski Polşaya qarşı (kk.), №. 34610/97, AİHM 1999V). Bununla da, Məhkəmə hüququn itirilməsinin ayrı-seçkilik xarakteri kimi amillərinə əhəmiyyət vermişdir (Kjartan Asmundsson, § 43); keçid tədbirlərinin olmaması (bax: Moskal işi § 74, burada ərizəçi praktiki olaraq bir gündən digərinə yeganə gəlir mənbəyini təşkil edən erkən pensiya pensiyasının tamamilə itirilməsi ilə üzləşdi və dəyişikliyə uyğunlaşmağın perspektivləri zəif idi); şərtin özbaşınalığı (Klein, § 46), eləcə də ərizəçinin vicdanlılığı (bax: Moskal, § 44) (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113); - Hər hansı xüsusi formada müavinətlərin və ya pensiyaların verilməsi üçün daxili hüquqi şərtlər dəyişdikdə və bu şərtlərin dəyişməsi səbəbindən müvafiq şəxs artıq onları tam təmin etmədikdə, milli qanunvericiliyə əsasən kifayət qədər müəyyən edilmiş, maddi marağın mövcudluğunu yoxlamaq üçün işin fərdi halları, xüsusən də dəyişikliyinin xarakteri ciddi nəzərdən keçirilməlidir. Konvensiyanı özündə birləşdirən əsas dəyərlərə aid hüquqi müəyyənlik və qanunun aliliyi tələbləri bunlardır (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 89); - Məhkəmə əvvəllər qərara almışdır ki, əlavə pensiya müavinətlərinin dəyişdirilməsi və ya dayandırılması “nə özgəninkiləşdirmə, nə də əmlakın istifadəsinə nəzarət tədbiri” təşkil etmir (bax: Aizpurua Ortiz və başqaları İspaniyaya qarşı, № 42430/05, § 48, 2 fevral 2010) və pensiyanın müsadirə yolu ilə azaldılması “nə istifadəyə nəzarət, nə də əmlakdan məhrumetmə”dir (bax: X1rşı (dek.), № 6223/04, AİHM 2005-Xİ ). Məhkəmə hesab edir ki, bu işdə ərizəçinin mülkiyyət hüquqlarına müdaxilə yuxarıda qeyd olunan birinci qaydaya, yəni mülkiyyətdən dinc istifadənin ümumi prinsipinə əsasən nəzərdən keçirilməlidir (Lakiçeviç və digərləri v. Monteneqro və Serbiya, № 27458/06 § 64, 13 dekabr 2011-ci il və Panfile işi § 19) (Fabian Macarıstana qarşı №. 53080/13, 2016 § 64); - Moskal Polşaya qarşı məhkəmə işindən (Ərizə № 10373/05; xx.xx.2009-cu il tarixli qərar): Ərizəçi vicdanla və qüvvədə olan qanuna uyğun olaraq erkən pensiya təyin edilməsi üçün müraciət etmişdir. Səlahiyyətli orqanlar onun müavinət almaq hüququnu təsdiq edən kimi, o, bu qərarı düzgün hesab etməkdə və həyatını buna uyğun təşkil etməkdə haqlı idi. O, pensiya hüququnun səhvən verildiyini dərk edə bilməzdi. Onu pensiya almaq hüququndan məhrum edən qərar onun mülkiyyətinə müdaxilə idi. Müdaxilə qanuni idi və hakimiyyətin səhvini düzəltmək və sosial təminat sisteminin layiq olmayan benefisiarlarına dövlət vəsaitinin vaxtında məhdudiyyət olmadan subsidiya verməyə çağırılmamasını təmin etmək üçün qanuni məqsəd güdürdü. Proporsionallığa gəldikdə, pensiya təyini qərarı müəyyən müddətdə qüvvədə qalmışdı və şübhəsiz ki, ərizəçiyə və onun ailəsinə təsir göstərmişdir. Bununla belə, səhv aşkar edildikdə, müavinətin ödənilməsinin dayandırılması barədə qərar nisbətən tez və dərhal qüvvəyə minir. Ərizəçidən səhvən ödənilmiş pensiyanın qaytarılması tələb olunmaması bu qərarın nəticələrini kifayət qədər yumşaltmadı. Onun pensiya hüququ məhkəmələr tərəfindən cəmi iki ildən sonra müəyyən edilib və bu müddət ərzində o, heç bir pensiya almayıb. Mülkiyyət hüquqları kontekstində yaxşı idarəetmə prinsipinə xüsusi əhəmiyyət verilməli idi. Dövlət orqanlarının, xüsusən də rifah müavinətləri kimi fərdlər üçün həyati əhəmiyyət kəsb edən məsələlərə baxarkən son dərəcə diqqətli davranması arzu edilirdi. Öz səhvlərini aşkar edərək, səlahiyyətli orqanlar öz vəzifələrini vaxtında, lazımi və ardıcıl şəkildə yerinə yetirməmişlər. Ümumi prinsip olaraq, dövlət orqanlarının öz səhvlərini, hətta öz səhlənkarlıqlarından irəli gələn səhvləri düzəltməyə mane olmamalıdır. Başqa cür yanaşma əsassız varlanma doktrinasına zidd olardı. Sosial müdafiə fonduna töhfə verən digər şəxslərə, xüsusən də qanunla müəyyən edilmiş tələbləri yerinə yetirmədiklərinə görə müavinətdən məhrum edilmiş şəxslərə qarşı da ədalətsizlik olardı. Nəhayət, bu, özlüyündə ictimai maraqlara zidd olan qıt dövlət resurslarının yersiz bölüşdürülməsinə sanksiya tətbiq etmək deməkdir. Lakin üçüncü şəxsin təqsiri olmadan, səlahiyyətli orqanların özləri tərəfindən səhvə yol verilmişsə, müavinət alanın üzərinə düşən yükün həddən artıq olub-olmadığını müəyyən etmək üçün fərqli proporsional yanaşma tətbiq edilməli idi. Etiraz edilən tədbir nəticəsində ərizəçi praktiki olaraq bir gündən digər günə onun yeganə gəlir mənbəyi olan erkən pensiya pensiyasının tam itirilməsi ilə üzləşmişdi. Üstəlik, onun yeni iş tapmaqda xeyli çətinlik çəkməsi riski var idi. Yalnız üç ildən sonra o, yeni müavinət əldə edə bildi (əvvəlki tarifdən 50% az). Buna görə də, cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmişdir və ərizəçinin üzərinə qoyulan yük həddindən artıq olmuşdur. Məhkəmə hesab edir ki, pensiya ödənişinin dayandırılmasına dair inzibati akt iddiaçının dinlənilmə hüququ təmin edilməklə pensiyaçının fərdi hallarına uyğun olaraq (yaşı və digər gəlirlərinin müəyyən olunması) cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq pozulmasına səbəb olmadıqda və vətəndaşın üzərinə həddindən artıq yük qoyulmadıqda qəbul edilə bilər. III. Qeyd edilənlərin hazırki işə tətbiqi Cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulan halların mövcudluğu sübut edilməmiş və həmin hallara istinad edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmadan, sadəcə, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. İddiaçının pensiya ödənişi dayandırılarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə cavabdeh tərəfindən əməl olunması müəyyən edilməmişdir. Cavabdeh özü də bu barədə heç bir dəlil irəli sürməmişdir. Halbuki, İPM-in 14.1-ci maddəsinin tələbinə görə, bu cür inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya təyin edilmiş pensiyanın xx.xx.2022-ci il tarixdə dayandırılmasını şərtləndirən hallar barədə sənədlər iddiaçının pensiya işində mövcud olmamış, bu barədə pensiyanın dayandırılmasından əvvəl və dayandırılarkən inzibati icraat aparılmasını təsdiq edən heç bir dəlil və sübut məhkəmə araşıdırması zamanı da təqdim etməmişdir. Məhkəmə icraatı zamanı iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsinə əsas olan inzibati aktın inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməsi də öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilsin. İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin xx.xx.2022-ci il tarixdən dayandırılması qanunsuz hesab edilsin və pensiyanın ödənilməsinin dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa edilərək ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-11101/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11101/2022
18.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver