Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11101/2023 28.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əvvəlki dövr üzrə əmək pensiyasının təyin edilməsi və ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əvvəlki dövr üzrə əmək pensiyasının təyin edilməsi və ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 28 iyul 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1958-ci il tarixdə Gürcüstan SSR-nin Dmanisi rayonunun Ormaşen/Ormeşən kəndində anadan olub. xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport- Qeydiyyat İdarəsi (indiki Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi) tərəfindən "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi” ilə təmin edilib. Həmin vəsiqənin etibarlılıq müddəti xx.xx.2010-cu il tarixdə bitmişdir. İddiaçıya xx.xx.2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ona vətəndaşlığı olmayan şəxs kimi Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçıya xx.xx.2015-ci il tarixdə vətəndaşlığı olmayan şəxs kimi Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin müddəti bitdiyi üçün iddiaçıya əmək pensiyasının ödənilməsi dayandırılıb. İddiaçı 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti vasitəsi ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün vəsatət verib. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2022-ci il tarixli, 3654 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilib. 26 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilib. Şəxsiyyət vəsiqəsi ilə təmin edildikdən sonra xx.xx.2023-cü il tarixdə 3 saylı Bakı DOST Mərkəzinə müraciət edib və pensiya ödənişi xx.xx.2023-cü il tarixdən bərpa edilib. İddiaçı 3.04.2023-cü il tarixdə Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək 1.12.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə ona əmək pensiyasının təyin edilməsi və həmin dövr üzrə ödənilməyən əmək pensiyasının hesablanaraq ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Onun müraciətinə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixli məktubla aşağıdakı məzmunda cavab vermişdir: “Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqənizin etibarlılıq müddəti xx.xx.2020-ci il tarixində bitdiyi üçün sizə təyin olunmuş yaşa görə əmək pensiyasının ödənişi xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. Həmçinin Azərbaycan Respublikası vətəndaşı kimi şəxsiyyət vəsiqəsini xx.xx.2023-cü il tarixində aldığınız üçün yaşa görə əmək pensiyanızın ödənişi həmin tarixdən 308,11 manat məbləğində olmaqla bərpa edilmişdir. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 manat məbləğində maddi yardım nəzərdə tutulmuşdur. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Bildiririk ki, 2022-ci il tarixində əmək pensiyası, həmçinin 200 manat məbləğində maddi yardım almadığınız üçün Qanunun 26.4-cü maddəsi əsasında 2023-cü il üzrə maddi yardımın pensiyanızın üzərinə əlavə edilərək indeksləşdirilməsi mümkün hesab olunmayıb. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, ərizənizdə qeyd etdiyiniz xx.xx.2020ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövrdə daimi yaşamaq üçün icazə vəsiqəniz və ya şəxsiyyət vəsiqəniz olmadığı üçün sizə həmin dövrlər üzrə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur". İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi və həmin dövr üzrə ödənilməyən əmək pensiyasının hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbinin həcmi azaldılmışdır). İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası əsassız və qanunsuzdur və onun hüquqlarını kobud şəkildə pozur. İş materialları ilə təsdiq olunur ki, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildiyi tarixə qədər o, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxs olub. Vətəndaşın və yaxud vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədinin olub-olmasından asılı olmayaraq onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş hallar yarandığı andan onlar əmək pensiyasını almaq hüququnu əldə etmiş olurlar. O, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə 26 yanvar 2023-cü il tarixdə təmin edilsə də, bu, onun həmin tarixdən əvvəl Azərbaycan Respublikasının vətəndaşı olmadığı anlamına gəlmir. Azərbaycan Respublikası Prezidenti onu, məhz Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olduğu üçün Azərbaycan Respublikası vətəndaşlığına qəbul edib. Göründüyü kimi, onun həm Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildiyi tarixə qədər, həm də Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildiyi 16 dekabr 2022-ci il tarixdən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edildiyi 26 yanvar 2023-cü il tarixə qədər əmək pensiyası təminatı hüququ olub. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən 26.xx.xx.2023-cü il tarixli məktubla imtina etmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubun iddiaçıya hansı tarixdə təqdim edilməsi barədə sübut təqdim etmədiyindən, məhkəmə iddiaçının qanunla müəyyən edilmiş müddətdə iddia verməsi qənaətinə gəlir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçıya xx.xx.2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və ödənilmişdir. İddiaçının xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin müddəti bitdiyi üçün iddiaçıya əmək pensiyasının ödənilməsi dayandırılmışdır. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2022-ci il tarixli, 3654 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edildikdən sonra pensiyası bərpa edilmişdir. İddiaçı hazırkı tələbində pensiyanın dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsini və xx.xx.2023-cü il tarixədək olan dövr üzrə ona ödənilməyən əmək pensiyasının hesablanaraq ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə iddiaçının həmin dövrdə qanuni əsaslarla Azərbaycan Respublikasında yaşamamasını əsas gətirərək iddiaçının müraciətini təmin etməkdən imtina edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız və qanunvericiliyin tələbərinə uyğun olmadığından iddia tələbi təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Qeyd edilən normandan da göründüyü kimi, əmək pensiyası təminatı hüququna malik olma şəxsiyyəti təsdiq edən sənədlə şərtləndirilmir. Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin də Azərbaycan Respublikasının vətəndaşları kimi pensiya təminatı hüququna malikdirlər. Çünki pensiya təminatı hüququ konstitusion hüquq olmaqla, qazanılmış hüquqdur. Vətəndaşın və yaxud vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədinin olub-olmasından asılı olmayaraq onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş hallar yarandığı andan əmək pensiyasını almaq hüququnu əldə etmiş olurlar. Baxılan işin hallarına əsasən iddiaçı xx.xx.2022-ci il tarixə qədər Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxs olub. Həmin tarixdən isə o, Azərbaycan Respublikasının vətəndaşıdır. Cavabdeh imtina məktubundan və iddia tələbinə etirazda iddiaçının vətəndaşlıq əldə edənə kimi Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşamamasını göstərmişdir. Məhkəmə cavabdehin iddia tələbinə etirazının əsası kimi istinad etdiyi bu halla razılaşmayaraq qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası vətəndaşlığına xx.xx.2022ci tarixdə qəbul edilmişdir. Bu, iddiaçının həmin tarixdən əvvəl Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşamasının təsdiqidir. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına gəbul edilə bilər. Göründüyü kimi, yalnız Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Yuxarıda qeyd olunanlardan aydın görünür ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinin tələblərini tam ödədiyi - Qanunun müəyyən etdiyi şəxslərin kateqoriyasına düşdüyü üçün - Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxs olduğu üçün, iddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib. İddiaçı Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxs olmasaydı, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməzdi. Bununla da görünür ki, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildiyi tarixə qədər iddiaçının Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxs statusu tanınıb və bu halın sübuta ehtiyac yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin pensiya təminatı hüququ təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının Azərbaycan Respublikasında vətəndaşlığı olmayan şəxs kimi müvəqqəti yaşamaq icazəsinin müddətinin bitməsi, iddiaçıya AR vətədaşlığının verilməsi ilə aradan qalxmışdır. İddiaçı isə ona vətəndaşlıq verildikdən sonra cavabdehə müraciət etmişdir. Yəni iddiaçı ona ödənilməyən dövrlər üçün pensiya təyin edilməsi və ödənilməsi ilə bağlı cavabdehə müraciət edərkən, artıq onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi və beləliklə də, müvəqqəti yaşamaq icazəsinin olmadığı dövrlərdə Azərbaycan Respublikası ərazisində daimi olaraq yaşaması halı təsdiq edilmiş və cavabdehin imtina əsası aradan qalxmışdır. Lakin buna baxmayaraq cavabdeh yenə də həmin hala istinad edərək aradan qalxmış formal əsaslara söykənərək vətəndaşı pensiya hüququndan məhrum etməsi qəbuledilməzdir. Əks yanaşma iddiaçının konstitusion və qazanılmış hüququ olan pensiya təminatının formal və qanuna söykənməyən əsaslara istinad edilərək məhdudlaşdırılmasına gətirib çıxarar. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsi: İ Hissə. Hər kəsin sosial təminat hüququ vardır. İİİ Hissə. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasında hüquq və vəzifələrin bir qismi yalnız Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulduğu halda (misal üçün Konstiusiyanın 56-cı maddəsində təsbit edilmiş “seçki hüququ” yalnız Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuşdur), bəzi hüquqlar vardır ki, Konstitusiyada “hər kəs” ifadəsi ilə başlayaraq bütün şəxslərə şamil edilmişdir. Konstitusiyanın istinad olunan 38-ci maddəsindən də görünür ki, sosial təminat hüququ yalnız Azərbaycan Respublikasının vətəndaşları üçün deyil, hər kəs üçün nəzərdə tutuluşdur. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə iddiaçıya əmək pensiyasının təyin edilməsi və həmin dövr üzrə ödənilməyən əmək pensiyasının hesablanaraq ödənilməsi tələbi əsaslıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi və həmin dövr üzrə ödənilməyən əmək pensiyasının hesablanaraq ona ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-11101/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11101/2023
28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver