Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11104/2025 08.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı təyin olunmuş əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, X3 xx xxxxxxx 1957-ci il tarixində Cəbrayıl rayonunda anadan olmuşdur. 15 avqust 1978-ci il tarixindən Cəbrayıl rayonu, Minbaşılı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsi üzrə əmək fəaliyyətinə başlamış, rayon işğal edilənə kimi həmin məktəbdə çalışmışdır. İşğal dövründə orta aylıq əmək haqqı ilə 2006-ci ilə qədər pedaqoji fəaliyyəti dayanıb. 1 oktyabr 2006-cı il tarixindən 2010-cu ilədək Dirili Qurbani adına Soltanlı kənd tam orta məktəbində, 2010-2019-cu illərdə Bakı Avropa Liseyində eyni vəzifə üzrə çalışmışdır. 1 sentyabr 2020-ci il tarixindən 23 avqust 2021-ci ilədək İdrak liseyi Bakı filialında kafedra müdiri, sonuncu tarixdən 28 iyun 2022-ci ilədək İdrak liseyi Sumqayıt filialında icraçı direktor vəzifəsində çalışmışdır. Qeyd olunmuş tarixlər üzrə müvafiq məlumatlar həmçinin əmək kitabçasında da qeyd olunmuşdur. 20 oktyabr 2022-ci il tarixindən etibarən pensiyaçıdır. Lakin cavabdeh qurum yuxarıda qeyd olunmuş uzun müddətli əmək fəaliyyətini nəzərə almadan ona əvvəlcə cəmi 382,94 manat pensiya təyin etmiş, sonradan müvafiq indeksləşdirilmə nəticəsində pensiya məbləği 527,99 manata çatdırılmışdır. Uzun müddətli əmək fəaliyyətini və pensiya kapitalını nəzərə alaraq hesab edir ki, ona təxminən 1000 manat manat məbləğində əmək pensiyası təyin edilməlidir. Əmək pensiyasının yenidən hesablanaraq ona ödənilməsi barədə cavabdeh quruma müraciət etsə də, həmin qurum xx.xx.1978-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək çalışdığı müddətin əmək kitabçasında onun doldurulma qaydasına uyğun doldurulmaması əsası ilə müraciətinin təmin olunmasından imtina etmişdir. Hesab edir ki, cavabdeh qurumun həmin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, ilk növbədə hər kəsə məlum olduğu kimi, Cəbrayıl rayonu 1993-cü ildə işğal olunduğundan, ona məxsus əmək kitabçası da həmin rayonda qalmışdır. Məhz bu səbəbdən hazırda təqdim edilmiş əmək kitabçasında bu məlumat sadə formada qeyd olunmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, həmin dövr - yəni xx.xx.1978-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan müddət üzrə əmək fəaliyyətində olmağı işin mübahisəsiz halıdır. Cavabdehin ona 12 may 2025-ci il tarixində təqdim edilmiş 7 aprel 2025-ci il tarixli imtina məktubunda da onun həmin dövr üzrə əmək fəaliyyəti mübahisələndirilməyərək imtinanın əsası kimi yalnız əmək kitabçasının qanunvericiliyə uyğun doldurulmamasına istinad edilmişdir. Halbuki, əvvəla nəzərə almaq lazımdır ki, Cəbrayıl rayonunun işğal olunması və ona məxsus əmək kitabçasının həmin rayonda qalması onun təqsirindən baş verməmişdir. Eyni zamanda, əmək pensiyasının hesablanması üçün nəzərə alınmamış həmin dövr üzrə əmək fəaliyyəti digər əsaslarla da sübut edilir. Belə ki, Cəbrayıl rayon X11 İcraiyyə Komitəsinin Xalq Təhsili Şöbəsinin 6 oktyabr 1994-cü il tarixli 215 nömrəli arayışı və Cəbrayıl rayon Dövlət Arxivinin 5 mart 2025-ci il tarixli məktubu ilə onun xx.xx.1978-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan müddət üzrə Cəbrayıl rayonu, Minbaşılı kənd orta məktəbində çalışmağı təsdiq edilir. Bununla yanaşı, əmək fəaliyyətinə başladığı vaxt həmin məktəbdə çalışan X4, X6 ilə, X9 və X7 hazırda əlaqələri mövcuddur və həmin şəxslərin məhkəmə iclasına şahid qismində dəvət ediləcəyi halda bu faktı təsdiq edəcəklərinə əmindir.
3. Cavabdehin imtina məktubu onunla əsaslandırılmışdır ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 22-1.1-ci maddəsinə əsasən sizə xx.xx.2022-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.1-22- 1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Bildiririk ki, xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış 34813,00 manat (2022-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyanızın məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 382.94 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 439,23 manata, xx.xx.2024-cü il tarixindən 488,43 manata, xx.xx.2025-ci il tarixindən 527,99 manata çatdırılmışdır. Bildiririk ki, təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən, xx.xx.1974-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil aldığınız illər də nəzərə alınmaqla xx.xx.2006cı il tarixinə kimi faktiki sığorta stajınız 16 il 2 ay 11 gün olduğu halda, sizə Qanunun 22- 1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1978-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək (Cəbrayıl rayonu işğal olunduğu tarixədək) olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma və işdənçıxma əmri, əmr tarixləri qeyd edilməyib, eyni zamanda möhürlə təsdiqlənməyib) həmin dövrün sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Müraciətinizin araşdırılması zamanı məlum olmuşdur ki, sizə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilərkən xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 34813,00 manat nəzərə alınmalı olduğu halda, 35550,77 manat nəzərə alınmışdır. Bu səbəbdən yaşa görə əmək pensiyanızın məbləğində xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək artıqödəmə müəyən edilmişdir.”
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd olunmuşdur ki, iddiaçı H. X12 yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı ərizə ilə müraciət etmişdir. Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli 3-17-1/2-A-74111/2025 nömrəli məktubunda müraciətin müsbət həllinin mümkün olmadığı qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01 07.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilib. Yuxarıda qeyd edilən Qanunun (bundan sonra - Qanun) 1.1-ci maddəsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1974-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinə kimi faktiki sığorta stajı 16 il 2 ay 11 gün olduğu halda, ona Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və xx.xx.2006cı il tarixindən 01 07 2022-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 36323 manat pensiya kapitalı əsasında iddiaçının əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 393,42 manat müəyyən edilmişdir. Sözüqedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 439,23 manata, xx.xx.2024-cü il tarixindən 488,43 manata, xx.xx.2025-ci il tarixindən 527,99 manata çatdırılmışdır. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunaniarın ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 22-1.3cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Qanunun tələbindən göründüyü kimi, vətəndaşa əmək pensiyası təyınatının aparılması onun işlədiyi idarə, müəssisə və ya təşkilatdan aldığı əməkhaqqı ilə şərtəndirilmişdir. Belə ki, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1978-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək (Cəbrayıl rayonu işğal olunduğu tarixədək) olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma və işdənçıxma əmri, əmr tarixləri qeyd edilməyib, eyni zamanda möhürlə təsdiqlənməyib) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il qərarının 3.2-ci bəndinə görə işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: işçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Həmin Qaydalara əsasən İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1978-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün qeyd olunan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçının müraciətinin araşdırılması zamanı məlum olmuşdur ki, ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilərkən xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 34813,00 manat nəzərə alınmalı olduğu halda, 35550,77 manat nəzərə alınmışdır. Bu səbəbdən yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2022-ci il tarixindən xx.xx.2025ci il tarixinədək artıqödəmə müəyyən edilmişdir. Beləliklə, iddiaçının öz tələbinin əsası kimi əsaslandığı əmək kitabçasındakı məlumatların əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirmədiyi nəzərə alındıqda, iddiaçının xx.xx.1978-ci il tarixindən xx.xx.1993-cü il tarixədək iş stajının qəbul edilməsi istisna edilir. Qeyd olunanlardan görünür ki, iddiaçının mübahisəli illərə dair müvafiq dövrlər üzrə doldurulma qaydalarına riayət edilməməsi əmək kitabçasının mötəbər sübut kimi qəbul olunması və əmək pensiyasının təyin olunması zamanı stajın hesablanmasında zəruri şərt kimi çıxış etməsini istisna edir.
5. Əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə pensiya təyin edilmişdir.
6. Məhkəmənin şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
8. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
9. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
10. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
11. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
12. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 4.2. Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.1. baza hissəsindən;(xx.xx.2017-ci ildə ləğv edilmişdir) ; 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən.
14. Həmin Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
15. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.
16. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
17. İddiaçının pensiya işindən müəyyən edilir ki, inzibati orqan ilk dəfə iddiaçıya avtomatlaşdırılmış qaydada (Qanunun 22-1.1. massəsinə uyğun olaraq) 20 oktyabr 2022ci ildə 388.05 manat məbləğində yaşa görə əmək pensiyası təyin etmiş, bundan sonra inzibati orqan inzibati icraat aparmaqla iddiaçının müraciəti əsasında iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2025-ci il tarixdə qərar qəbul etmiş, əmək pensiyası təyin edilərkən xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 34813,00 manat nəzərə alınmalı olduğu halda, 35550,77 manat nəzərə alındığından xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək artıqödəmə müəyyən edilmişdir.
18. İddiaçıya xx.xx.2022-ci il tarixdə avtomatlaşdırılmış qaydada 16 il 2 ay 11 gün sığorta stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilmişdir, o, xx.xx.2024-cü il tarixdə cavabdeh orqana müraciət edərək 25 il iş stajının olmasını əsas gətirmiş və nəzərə alınmayan dövrün iş stajına əlavə edilməsini xahiş etmiş, nəticədə nəzərə alınan iş stajının müddəti olduğu kimi saxlanılaraq və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının yalnış hesablanması səbəbilə artıq ödəmə müəyyən edilərək bu barədə məktub ünvanlanmışdır.
19. Məhkəmə müəyyən edir ki, cavabdeh qurum tərəfindən iddiaçıya yaşa görə əmək pensiyasının təyinatı zamanı iddiaçının əmək kitabçasındakı 1978-1993-cü il tarixlərdə işlədiyi dövrlər sığorta stajına daxil edilməmişdir. Belə ki, əsas gətirilmişdir ki, əmək kitabçasında xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu, işə daxilolma və işdənçıxma əmri, əmr tarixləri qeyd edilmədiyi, eyni zamanda möhürlə təsdiqlənmədiyi üçün həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır.
20. İddiaçının mübahisələndirilən 1978-1993-cü illərdə işlədiyi dövrlərə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir.
21. İddiaçının 040587 nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.1978-ci il tarixindən Cəbrayıl rayonu, Minbaşılı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, xx.xx.1993-cü il tarixdə rayonun işğalı ilə əlaqədar Nazırlər Kabinetinin qərarına uyğun olaraq işləməyən işçi kimi orta aylıq əmək haqqı almışdır.
22. Cəbrayıl rayon Dövlət Arxiv İdarəsinin xx.xx.2025-ci il tarixli məktuna əsasən Cəbrayıl rayon xx.xx.1993-cü il tarixində işğal olunan zaman Cəbrayil rayon Təhsil Şöbəsinin Minbaşlı kənd orta məktəbin xx.xx.1978-ci ildən avqust 1993-cü ilə kimi olan arxiv sənədləri işğal zonasında qalmışdır. Lakin Təhsil Şöbəsinin arxiv sənədərinə baxış keçrərkən, Minbaşlı kənd orta məktəbin əmək haqqı cədvəllərinə əsasən avqust 1993-cü il tarixli cədvəlində X2 ali təhsilli, stafkası 1928, dərs saatı 22, 5 günlük əmək haqqısı 576,73 man olmuşdur. Odur ki, 1993-1994-cü illərdə tarifləşmə siyahısı aşkar olunmadı. Cəbrayıl rayon Maliyyə şöbəsinin arxiv sənədlərinə baxış keçirərkən, X1 1995-ci ildə tarifləşmə siyahısında iş stajı 17 il, dərs saatı 20, stafkası 39496, əmək haqqısı 56414 göstərilmişdir.
23. Cavabdehin imtinasından göründüyü kimi cavabdeh iddiaçıya məxsus əmək kitabçasında 1978-1993-cü illərdə işə daxil olma və işdən çıxma əmrlərinin olmaması və işəgötürənin möhürü ilə təsdiq olunmaduğu bildirir ki, məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır.
24. Məhkəmə cavabdehin həmin dəlillərini əsassız hesab edərək qeyd edir ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
25. Məhkəmə qeyd edir ki, iddiaçının 1978-ci il tarixdən Cəbrayıl rayon Minbaşılı kənd orta məktəbdə ixtisası üzrə müəllim işləməsinə dair Cəbrayıl rayon Dövlət Arxivinin arayışı mövcuddur. Belə ki, Cəbrayıl rayon Dövlət Arxivi tərəfindən verilən arayışa əsasən Təhsil Şöbəsinin arxiv sənədərinə baxış keçrərkən müəyyən olunmuşdur ki, Minbaşlı kənd orta məktəbin əmək haqqına dair avqust 1993-cü il tarixli cədvəlində iddiaçının ali təhsilli, dərs saatları və günlük əmək haqqısı barədə məlumatlar mövcuddur.
26. Göründüyü kimi iddiaçının Cəbrayil rayon Minbaşlı kənd orta məktəbində müəllim vəzifəsində işləməsi həmin arxiv sənədi ilə sübut edilmiş və Cəbrayıl rayonunu xx.xx.1993cü il tarixində işğal olunan zaman Cəbrayil rayon Təhsil Şöbəsinin Minbaşlı kənd orta məktəbin xx.xx.1978-ci ildən avqust 1993-cü ilə kimi olan arxiv sənədləri işğal zonasında qaldığı bildirilmişdir.
27. İddiaçının 1978-1993-cü illərdə Cəbrayıl rayonu Minbaşılı kənd orta məktəbdə işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının işə götürmə barədə əmri əmək kitabçasında qeyd olunduğundan işdən çıxması isə məlum hadisələrə əsasən əmək kitabçasında qeyd olunmadığından sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Həmin məlumatların məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir.
28. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarında “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Eynilə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
29. Beləliklə, qeyd edilən müddəaları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının əmək kitabçasında onun işə qəbul olunması haqqında qeyd göstərildiyindən iddiaçının fakt təsdiqi qaydasında məhkəməyə müraciət etməli olduğuna dair mövqe də əsaslı deyildir. Çünki iddiaçının Qaydaların 3.2.2-ci bəndində təsbit edilmiş imkandan istifadə etməklə məhkəmə qaydasında hüquqi əhəmiyyətli fakt kimi iş stajını müəyyən etdirməsi, başqa sözlə, hüquqi faktın təsdiqinə dair ərizənin uğurlu olması mümkün görünmür. Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada almaq imkanına malik olduğuna görə məhkəmə hüquqi əhəmiyyətli faktı müəyyən etməkdən imtina etməli olacaqdır.
30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim olunan əmək kitabçası onun həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
31. Həmçinin cavabdeh tərəfindən həmin əmək kitabçasında göstərilən məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir.
32. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
33. MPM-in 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
34. İ Qarabağ müharibəsi zamanı Cəbrayıl rayonun işğalı hamiya bəlli hadisələrdir. Odur ki, sözügedən dövrə aid əmr kitablarının işğal zonasında qaldığı üçün hüququnun təmin olunmasından imtina onun üzərinə həddən artıq yük qoyulmasıdır. Qeydlərin həqiqiliyi digər sübutla təsdiqlənir (Dövlət Arxivi tərəfindən verilmiş arayış) və məhkəmədə şübhə doğurmur.
35. Odur ki, məhkəmə hesab edir ki, müvafiq qayda İnzibati Prosessual Məcəllədə müəyyən edilmədiyindən və bu həmin məcəllədə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı üçün hamıya bəlli olan faktların sübutetmə yükündən azad edilməsi məsələsinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
36. Nəticə etibarilə iddiaçının yaşa görə pensiyanın yenidən hesablanması ilə bağlı “qanuni gözləntisi” var. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir.
37. İPM-in 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər.
38. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. xx.xx.1978-xx.xx.1993-cü illərdə Cəbrayıl rayonu Minbaşlı kənd orta məktəbdə işlədiyi dövrün sığorta stajına daxil edilməklə İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva