Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11107/2022 03.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, inzibati məhkəmə icraatına cəlb olunmuş X5 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs X10 cəlb olunmaqla) «bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi» barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsində bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və X2 Departamenti X3 və İstismarı Birliyi ilə İddiaçı oğlu arasında Sabunçu rayonu, Ləhiş bağları ərazisindəki 5831 nömrəli bağın istifadəyə verilməsi haqqında 31817 saylı 5 avqust 2003-cü il tarixli müqavilə bağlanmışdır. Bununla da, həmin bağ sahəsi iddiaçının tam şəkildə istifadəsinə verilmişdir. Bu günədək iddiaçı bağa lazımi qayğı və diqqət göstərərək onu kənar təsirlərdən qorumaq məsədilə hasara almışdır. O, həmin bağ sahəsinə hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan ona 22 noyabr 2018-ci il tarixli **********46 nömrəli “daşınmaz əmlakın üzərində hüquqların qeydiyyata alınmasından imtina edilməsi barədə” bildiriş göndərmişdir. İçtina barədə bildirişdə göstərilmişdir ki, guya arxiv əsasında eyni nömrəli bağ sahəsinə başqa şəxsin adına order mövcuddur və eyni ərazi barəsində İdarəyə müraciət daxil olmuşdur, bundan başqa, bağ sahələri ümumi hasar daxilindədir, ara sərhədləri şərtidir, mərzləmə işləri aparılmamışdır. Lakin imtina barədə bildirişdə göstərilən bu xüsusatların heç biri reyestrdən çıxarışın verilməməsi üçün əsas deyil. 27 oktyabr 2001-ci il tarixdə X3 və X11 bağları üzrə böyük mühəndisi M.Ə.Ağakişiyev, sahə mühəndisləri A.S.Məmmədov və T.Ə.Ələkbərovun imza ilə təsdiq etdikləri həmin tarixli akt əsasında müəyyən olunmuşdur ki, əraziyə yoxlama baxış keçirilməsi zamanı 1988 – 1992-ci illər ərzində verilmiş torpaq sahələrinin bir çoxu istifadəsiz qalmış, həmin ərazilər antisanitariya vəziyyətinə düşmüş və zibilliyə çevrilmişdir. Həmin dövr ərzində torpaq sahələrində heç bir abadlıq, tikinti, çəpərləmə işləri aparılmamışdır, ərazi nəzarətsiz qaldığından, həmin bağ sahələrinin başqalarının istifadə verilməsi qeyd edilmişdir. Həmin aktlardan göründüyü kimi, iddiaçının istifadəsinə verilən bağ sahəsi baxımsız qaldığından, ona ayrılmışdır. Bu müddət ərzində iddiaçı həmin torpaq sahəsinə öz vəsaiti hesabına daş hasar çəkdirmiş, oraya darvaza qoydurmuşdur. Heç bir dövlət orqanı bununla bağlı ona qadağa qoymamışdır. Onunla bağlanmış bu müqavilə tam hüquqlu sənəd olmaqla onun bağ sahəsi üzərində istifadə hüququnu tanıdır. İddia ərizəsinə əlavə edimiş 27 oktyabr 2001-ci il tarixli akt isə, digər şəxslərin həmin torpaq sahəsinı istifadə hüququnun mahdudlaşdırılması bildirilir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139- 1.1.1, 139.1.1.7, 146.1-ci maddələrinə, İPM-in 2.2.3-cü maddələrinə əsaslanaraq, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 0,12 ha ölçüdə 5831 saylı bağ sahəsinə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Balı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 22 fevral 2019-cu il tarixli məktubunda bildirilir ki, iddiaçı X7 iddiası etirazla qarşılanır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İdarənin arxiv əsaslarında eyni nömrəli bağ sahəsinə dair digər şəxsin adına order mövcuddur və həmin ərazi ilə bağlı müraciıt daxil olmuşdur. Bundan başqa, 5830, 5831 və 5832 nömrəli bağ sahələri ümumi hasar daxilindədir, ara məsafələri şərtidir və mərzçəkmə işləri tam aparılmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya 22 noyabr 2018-ci il tarixli **********52 nömrəli cavab məktubu ünvanlanmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 176-cı maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65, 68, 109-cu maddələrinə, İPM-in 38.2, 48.2-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 7.1, 8.0.7, 9.1.2, 10, 11-ci maddələrinə, «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamının müddəalarına əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İnzibati mübahisəyə mahiyyəti üzrə 14 may 2019-cu il tarixdə baxılmış və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin tarixli 2-1(82)-900/2019 saylı qərarı ilə iddia təmin edilərək, Bakı ŞİH başçısı Aparatı X3 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 5 avqust 2003-cü il tarixli 31817 saylı müqavilə əsasında iddiaçıya ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 5831 saylı bağ sahəsinə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2171/2019 saylı iş üzrə 8 oktyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-900/2019 saylı iş üzrə 14 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 nömrəli Fərmanının 1ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi təşkil edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. X1 Bakı İnzibati Məhkəməsinə ərizə təqdim edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-900/2019 saylı iş üzrə 14 may 2019-cu il tarixli qərarının ləğv edilməsini və onun inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. Ərizədə bildirilmişdir ki, Bakı ŞİH başçısının 21 oktyabr 1992-ci il tarixli 1694 saylı sərəncamı ilə Bakı Şəhər XDS İK-nın 14 iyun 1986-cı il tarixli 195 nömrəli qətnaməsinə əsasən ona (ərizəçi S.Həsənovaya) Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 106 nömrəli bağ tikinti kooperativinin nəzdində 5831 nömrəli bağ sahəsi ayrılmış və 107 saylı order verilmişdir. Ərizəçi həmin bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin qurum məsələnin həllindən imtina etmiş və bildirmişdir ki, İdarənin arxiv əsaslarında eyni nömrəli bağ sahəsi ilə bağlı digər şəxslə bağlanmış müqavilə mövcuddur və həmin şəxsin sözügedən bağ sahəsinə dair müraciəti daxil olmuşdur. Müəyyən olunmuşdur ki, göstərilən bağ sahəsi Bakı ŞİH başçısının 30 iyul 2003-cü il tarixli sərəncamı ilə İddiaçı adlı şəxsə verilmişdir. 21 oktyabr 1992-ci il tarixli 1694 saylı sərəncam qüvvədə olduğu halda, heç bir əsas olmadan bağ sahəsinin İddiaçı verilməsi 30 iyul 2003-cü il tarixli 381 saylı qanunsuz sərəncam verilməklə onun hüquqları pozulduğundan, ərizəçi əvvəlcə Bakı ŞİH-ə müraciət etmiş, lakin müraciətə baxılmamışdır. Bundan sonra o, Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin iddia üzrə işin icraatında müəyyən olunmuşdur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-900/2019 saylı iş üzrə 14 may 2019-cu il tarixli qərarı ilə İddiaçı Cəlil qızının iddiası təmin olunaraq, 3 avqust 2003-cü il tarixli 31817 saylı müqavilə əsasında ayrılmış Bakı şəhəri, Ləhiş bağlar massivində yerləşən 5831 saylı bağ sahəsinə iddiaçının hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin məhkəmə qərarı qanuni qüvvəyə minmiş və İddiaçı müvafiq çıxarış verilmişdir. Ərizəçinin həmin məhkəmə mübahisəsi ilə bağlı məlumatı olmamış, məhkəmə tərəfindən də işə cəlb olunmamışdır. Nəticədə sözügedən iş üzrə məhkəmə qərarı onun maraqlarına toxunaraq, mülkiyyət hüquqları pozulmuşdur. Göstərilənlərə və İPM-in 28-ci maddəsinə əsaslanaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-900/2019 saylı iş üzrə 14 may 2019-cu il tarixli qərarının ləğv edilməsi və onun (ərizəçi S.Həsənovanın) inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlbi xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qərardadı ilə X5 ərizəsi təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-900/2019 saylı iş üzrə 14 may 2019-cu il tarixli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş və X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İşin şifahi məhləmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş X10 gəlmiş, tərəflər gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş X10 iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və X2 Departamenti X3 və İstismarı Birliyi ilə İddiaçı oğlu arasında Sabunçu rayonu, Ləhiş bağları ərazisindəki 5831 nömrəli bağın istifadəyə verilməsi haqqında 31817 saylı 5 avqust 2003-cü il tarixli müqavilə bağlanmışdır. İş materiallarındsan görünür ki, X3 və X11 bağ massivindəki 106 nömrəli BTK-nın 107 nömrəli orderi ilə Ləhiş bağ massivindəki 0,12 ha ölçüdə 5831 saylı bağ sahəsi Bakı Şəhər XDS İK-nın (ŞİH) 21oktyabr 1992-ci il tarixli 1694 nömrəli sərəncamına istinadən X8 ayrılmışdır. İş materiallarında olan Bakı ŞİH başçısı aparatının 17 oktyabr 2018-ci il tarixli H-384-112 nömrəli arxiv arayışının surətindən görünür ki, Bakı ŞİH başçısının “bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair” 21 oktyabr 1992-ci il tarixli 1684 nömrəli sərəncamı ilə Ləhiş bağ massivindəki 106 nömrəli BTK-da bağ sahəsi ayrılan vətəındaşların siyahısında (2.107-ci) X5 da adı göstərilmişdir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Sabunçu rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. İnzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Sabunçu rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPMin 8.1.1-ci maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Sabunçu rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydadageri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.2). İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur (maddə 64.3). Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur (maddə 64.4). Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yoluilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (maddə 324.1). Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (maddə 324.2). Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü hissəsinə əsasən bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, eləcə də kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bu əsaslar sırasında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiKollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərinalınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraathaqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Məhkəmə araşdırılması ilə müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivndə yerləşən 0,12 ha sahəsi olan 5831 saylı bağ sahəsinə dair iki şəxsin adına ayrı-ayrı hüquqmüəyyənedici sənəd mövcuddur: 1) İddiaçı ilə Bakı ŞİH X4 və İstismarı Birliyi arasında bağlanmış 5 avqust 2003-cü il tarixli 31817 nömrəli müqavilə; 2) X3 və İstismarı Birliyinin 106 nömrəli BTK-nın Bakı Şəhər XDS İK-nın (ŞİH) 21 oktyabr 1992-ci il tarixli 1694 nömrəli sərəncamı əsasında üçüncü şəxs X8 verilən 107 nömrəli orderi. Sözügedən 5 avqust 2003-cü il tarixli 31817 nömrəli müqavilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 ha ölçüdə 5831 saylı bağ sahəsinin İddiaçı istifadəsində olmasını təsdiqləyən əqddir. Sözügedən bağ sahəsinə dair həmin müqavilə ləğv edilmədiyindən və etibarsız sayılmadığından, qüvvədədir. Lakin digər tərəfdən həmin bağ sahəsinə dair X3 və İstismarı Birliyinin 106 nömrəli BTK-nın 107 nömrəi orderinə və Bakı Şəhər XDS İK-nın (ŞİH) 21 oktyabr 1992-ci il tarixli 1694 nömrəli sərəncamına (müvafiq hissədə) münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, üçüncü şəxs X10 da etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, order və sərəncam geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından həmin order və sərəncam (müvafiq hissədə) mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı ilə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş X10 faktiki olaraq eyni bağ sahəsinə iddialı olduqlarından və hər iki şəxsə verilən hüquqmüəyyənedici sənədlər – müqavilə və order qüvvədə olduğundan, lakin müvafiq bağ sahəsi üçüncü şəxs X8 daha əvvəlki tarixdə (sərəncama görə 21 oktyabr 1992-ci il tarixdə) ayrıldığından, inzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin “başqa şəxsin adına order mövcud olması” səbəbi ilə iddiaçının baö sahəsinə hüququnun qeydiyyata alınmasından imtinası qanuna zidd sayıla bilməz. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs X10 cəlb olunmaqla) «bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 68 – 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs X10 cəlb olunmaqla) «bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-11107/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11107/2022
03.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver