Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11107/2024 12.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların ünvan 1 ünvanında 2A saylı mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 2A saylı mənzildə iddiaçılar ailə üzvləri ilə birlikdə yaşayırlar, həmin mənzil Binəqədi rayon İcra Hakimiyyətinin 210 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamı ilə daimi yaşayış üçün 3 nəfərdən ibarət ailə tərkibi olmaqla İddiaçı1 ayrılmış, mənzil kirayəsi müqaviləsi bağlanılmaqla onun adına sənədləşdirilmişdir. Qeyd olunan vaxtdan ailə üzvləri ilə birlikdə həmin mənzilə köçərək yaşamalarına və mənzilə sahiblik etmələrinə baxmayaraq, Binəqədi rayon Polis İdarəsi onun və ailə üzvlərinin həmin mənzilə pasport qeydiyyatına alınmalarından imtina etmişdir. İddiaçılar hesab edirlər ki, imtina əsassızdır və onların mənzil hüquqlarının, həmçinin konstitusion hüquqlarının məhdudlaşdırılması deməkdir. İddiaçıların, yəni sərəncamda adları qeyd olunan şəxslərin pasport qeydiyyatına alınmaları barədə müraciətlərinə Binəqədi rayon Polis İdarəsi tərəfindən 2-13-46 2-A-17041 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla imtina verilmişdir. İddiaçılar hesab edirlər ki, imtina əsassızdır və iddia təmin olunmalıdır. Onların qeyd etdiklərinə görə, inzibati orqan hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin tələblərinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqında dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi və.s sənədlər olmadığından pasport qeydiyyatına alınmaları yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər. Göründüyü kimi inzibati orqan hesab edir ki, hüquqmüəyyənedici sənədlər əsasında iddiaçıya ayrılmış ünvan 1 ünvanında yerləşən 2A saylı mənzilə pasport qeydiyyatına alınmaları yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında mümkündür. Lakin inzibati orqan tərəfindən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 5-ci maddəsinin 2-ci bəndində yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və.s nəzərə alınmamışdır. Bu səbəbdən də iddiaçılar hesab edirlər ki, inzibati orqanın müraciətlərinə verdiyi imtina əsassızdır. Qeyd olunanları əsas gətirərək, iddiaçılar məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 2A saylı mənzilə pasport qeydiyyatına alınmaları öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etmişdirlər.
3. İddiaçı1 müraciətinə cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, "“Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin tələblərinə əsasən qeyd olunan ünvana siz və ailə üzvlərinizin qeydiyyata alınmağınız üçün müvafiq sənədlər-mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqında dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd təqdim edilməlidir. Əks təqdirdə göstərilən ünvana qeydiyyata alınma tərəfimizdən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiqdir."
4. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 210 nömrəli xx.xx.2020-ci il tarixli sərəncamının surətindən görünür ki, ARDNŞ-ın rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin 14 oktyabr 2020-ci il tarixli birgə iclasının 06 nömrəli protokol qərarı nəzərə alınaraq ünvan 2 ünvanında 1-ci mərtəbədə yerləşən, yaşayış sahəsi 28,52 kv.m., ümumi sahəsi 47,73 kv.m olan 2 otaqlı 2A nömrəli mənzil daimi yaşayış üçün İddiaçı1 3 nəfərdən ibarət ailə tərkbinə (özü İddiaçı1, arvadı İddiaçı2, oğlu İddiaçı3) ayrılmış və həmin mənzil İddiaçı1 adına sənədləşdirilmişdir.
5. 02 aprel 2024-cü il tarixli Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin kirayəsi haqqında birtipli müqavilənin surətindən görünür ki, kirayə verən X1 və kirayəçi İddiaçı1 arasında kirayə müqaviləsi bağlanmış, kirayəçi və ailə üzvləri olan həyat yoldaşı İddiaçı2 və oğlu İddiaçı3 ünvan 2, ev 2a nömrəli mənzilin 28,52 kv.m yaşayış sahəsindən müddətsiz istifadə etmələri nəzərdə tutulmuşdur.
6. SOCAR-ın **********80040020A00216 nömrəli, 21 dekabr 2016-cı il tarixli sərəncamının 2.1-ci bəndinə əsasən Sosial İnkişaf İdarəsinin balansında olan ünvan 1 ünvanında, 5 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 1140,00 kv.m qeyri-yaşayış sahəsi və həmin binanın qarşısında olan 88,69 kv.m əlavə tikili (yardımçı bina) təyinatı dəyişdirilərək yaşayış sahəsinə keçirilmişdir.
7. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və ANQSİHİ Respublika Komitəsinin 14 oktyabr 2020-ci il tarixli birgə iclasının 06 nömrəli protokolundan çıxarışa əsasən ünvan 2 ünvanındakı 5 mərtəbəli yaşayış binasında giriş 1, mərtəbə 1, ümumi sahəsi 47,73 kv.m, yaşayış sahəsi 28,52 kv.m olan 2 otaqlı 2A nömrəli mənzil İddiaçı1 3 nəfərdən ibarət ailə tərkibinə daimi yaşayış üçün ayrılmışdır.
8. Azərbaycan Respublikasıının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barəsində məlumatın aşkar edilmədiyi qeyd olunmuşdur.
9. Cavabdeh Binəqədi rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.
10. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
12. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
13. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
14. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
15. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır
16. İddia mümkündür. Belə ki, iddiaçılar iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdurlar.
III. Məhkəmənin mövqeyi
17. Cavabdeh qurumun imtinası iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 1 ünvanındakı 2A saylı mənzildə kirayə müqaviləsinə əsasən faktiki olaraq yaşayırlar.
18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz.
19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür .
20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış şayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
22. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçılar qeyd edilən mənzildə yaşayırlar. Belə ki, Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 210 nömrəli xx.xx.2020-ci il tarixli sərəncamına əsasən ünvan 2 ünvanında 1-ci mərtəbədə yerləşən, yaşayış sahəsi 28,52 kv.m., ümumi sahəsi 47,73 kv.m olan 2 otaqlı 2A nömrəli mənzil daimi yaşayış üçün İddiaçı1 3 nəfərdən ibarət ailə tərkbinə ayrılmış, 02 aprel 2024-cü il tarixli Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin kirayəsi haqqında birtipli müqavilə ilə kirayəçi və kirayə verən arasında müqavilə bağlanmış, daimi yaşamaq üçün iddiaçıların istifadəsinə verilmişdir. Eyni zamanda məhkəmə iclasında İddiaçı1 tərəfindən təqdim edilən sərəncam və protokolun əsillərinə baxış keçirilmişdir.
23. Beləliklə, məhkəmə hesab edir ki, müvafiq qeydiyyat “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmanın məqsədlərinə uyğun olmaqla iddiaçının uçota alınması, onun başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmağa xidmət etdiyindən iddia təmin edilməlidir.
24. Qeyd edilən yanaşma X2 məhkəməsinin təcrübəsinə də əsaslanır. X2 Konvensiyasının 8ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. X2 Konvensiya orqanlarının məhkəmə təcrübəsinə görə, 8-ci maddənin mənası daxilində "mənzil" anlayışı qanuni əsaslarla yaşanılan və ya hüquqi olaraq rəsmiləşdirilmiş yaşayış sahələri ilə məhdudlaşmır. "Mənzil" daxili qanunvericiliyə uyğun olaraq müəyyən edilməyən müstəqil (avtonom) bir anlayışdır. Müəyyən bir yaşayış yerinin 8-ci maddənin 1-ci bəndinin təminatlarının qüvvədə olduğu bir "mənzil" olub-olmaması faktiki hallardan, yəni müəyyən bir yerlə kifayət qədər və sabit əlaqələrin mövcudluğundan asılıdır. (Bax Prokopovich v. Russia xx.xx.2004, ərizə №58255/00, § 36, Buckley v. the United Kingdom, qərar xx.xx.1996 г., Qərar və qərardadlar toplusu 1996- İV, §§ 52-54 и Komissiyanın xx.xx.1995-ci il hesabatı § 63; Gillow v. the United Kingdom, xx.xx.1986, Seriya А №109, § 46; Wiggins v. the United Kingdom, № 7456/76, Komissiyanın xx.xx.1978-ci il tarixli qərarı, Qərarlar və məruzələr (DR) 13, səh. 40).
25. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
26. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh qurumun imtinası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.
27. Göstərilənlərə əsasən və İPM-in 2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 1 ünvanındakı 2A saylı mənzilə qeydiyyata alınmaları öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva