Məhkəmə qərarları › İş №2-1(112)-1111/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1111/2021

10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1111/2021 10.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi, eyni zamanda vəkili Nümayəndə (Ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi ev 26, mənzil 6; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: 14 saylı Vəkil Bürosu, vəkil), cavabdehin nümayədəsi X4 (Ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Hacıbababəyov küçəsi ev 1a; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri), 3-cü şəxs X5 (Ünvanı: Bakı şəhəri, İ.Dağıstanlı küçəsi ev 57, mənzil 69; ixtisası: ali təhsil; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası Elmlər X3) iştirakları ilə, iddiaçı - İddiaçı2 cavabdeh - Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə 3-cü şəxs - X10 qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçılar X6 və İddiaçı1 cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı (3-cü şəxs: X10) X2 Rayon İcra Hakimiyyətinə aid olan torpaq sahəsini zəbt edərək fərdi yaşayış evi tikmək istədiyi torpağa dair M.Ə.Rəsulzadə qəsəbə bələdiyyəsi tərəfindən qanunsuz olaraq fərdi yaşayış evi tikintisinə dair torpağa verdiyi 25.03.2005-ci il tarixli 50 saylı qərarın və alqı-satqı aktının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. 02.11.2020-ci il tarixli məhkəmə iclasında iddiaçı X6 əsl İddiaçı2 ilə əvəz edilmişdir. Məhkəmənin 02.11.2020-ci il tarixli qərardadı ilə 27.11.2020-ci il tarixdə yerində müayinə təyin edilmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi İ.Dağıstanlı küçəsi 57 saylı binanın yaxınlığında yerləşən 250 kv.metr torpaq sahəsi hasara alınmış sağ tərəfdə fərdi yaşayış evi tikilmiş. Arxa tərəfdə isə doqquzmərtəbəli yaşayış binası mövcuddur. Ərazidə heçbir tikili mövcud deyil. İş üzrə 17.02.2021-ci il tarixli məhkəmə iclasında iddiaçıların “X8 Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən torpağa fərdi yaşayış evinin tikintisinə dair verilmiş 25.03.2005-ci il tarixli 50 saylı qərarın etibarsız sayılması barədə qərar qəbul edilməsi”nə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 10.03.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddia tələbi İddiaçı1 münasibətdə mümkün sayılmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İPM-in 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə iddiaçının subyektiv hüququ ilə bağlı aşağıdakıları qeyd edir: 27.11.2020-ci il tarixdə yerində müayinə zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən qərarla ayrılmış torpaq sahəsi hasarlanaraq Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi İ.Dağıstanlı küçəsi 57 saylı binaya bitişik yerləşir. Həmçinin, yerində müayinə zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahəsi ilə qeyd edilən bina arasında mövcud qanunvericiliklə nəzərdə tutulmuş ara məsafəsi saxlanılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 2-ci bəndinə əsasən bu Qaydalar yaşayış məntəqələrinin baş və müfəssəl planlarının layihələrinin hazırlanması, həm yeni, həm də tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə tikintiyə icazə verilməsi zamanı binalar arasında, binalarla tikinti ərazilərinin sərhədləri arasında saxlanılmalı olan məsafələri müəyyən edir. Həmin Qaydaların 3-cü bəndinə əsasən tikinti ərazisinin sərhədləri daxilində binanın xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. İddiaçı2 isə yuxarıda qeyd edilən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi İ.Dağıstanlı küçəsi 57 saylı binanın sakini və həmin binada yerləşən mənzilin mülkiyyətçisi olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının sakini olduğu binanın yaxınlığında müvafiq ara məsafəsi gözlənilmədən ayrılmış torpaq sahəsinə dair inzibati aktın mübahisələndirilməsi üçün subyektiv hüququ mövcuddur. Məhkəmə hazırkı iddianın müəyyən etmə və ya tanınma haqqında iddia növünə aid olduğunu və cavabdehin ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. İddia ərizəsində bildirilmişdir ki, M.Ə.Rəsulzadə qəsəbə bələdiyyəsi ilə 27 may 2004-cü il tarixdə iddiaçıya məxsus olan binanın 1-ci mərtəbəsində yerləşən mənzilinin arxasında (binanın arxasında) yerləşən 150 kvm torpaq sahəsi üçün 20 il müddətə olmaqla icarə müqaviləsi bağlayaraq həmin torpağı istifadə edir. Qeyd edir ki, X10 iddiaçıların ünvan 2 binada 4-cü blok 8-ci mərtəbədə yaşamasına baxmayaraq binanın arxasında yerləşən ünvan 2, mənzil 3-də qeydiyyatda olmaqla yaşayan İddiaçı1 bağ kimi istifadə etdiyi torpaq sahəsini (4 sota yaxın torpağı) zəbt edərək sonradan M.Ə.Rəsulzadə qəsəbə bələdiyyəsinin həbs olunan keçmiş sədrindən saxta yolla guya alqı satqı ilə həmin torpağa fərdi yaşayış evi tikintisinə dair 25.03.2005-ci il tarixli 50 saylı qərar və alqı satqı aktı əldə etmişdir. Bildirir ki, X10 həmin saxta yolla əldə etdiyi Binəqədi rayon icra Hakimiyyətinə aid olan torpaq sahəsində çoxlu sayda mişar daşları tökməklə fərdi yaşayış evi tikmək istəyir və bununla əlaqədar gecə ilə iddiaçıların icarəyə götürüb bağ kimi istifadə etdikləri torpaqla onun zəbt etdiyi torpaq arasında olan turba və setkaları onalrın evdə olmasından sui-istifadə edərək sökmüş və 2 metrdən artıq olaraq onların icarəyə götürüb bağ kimi istifadə etdikləri torpağa keçərək zəbt etmişdir. İddiaçılar dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq X10 öz qanunsuz əməllərini davam etdirir. Belə ki, zəbt edərək fərdi yaşayış evi tikdiyi torpağa giriş çıxışı hasara almaq yolu ilə bağlamaqla binanın zirzəmisinə giriş-çıxışı və binanın telefon qovşağına giriş olan saxlanc yerinə girişçıxışı, digər komunal xətlərə giriş-çıxışı bağlamaqla gələcək yaranan təhlükəli və fövqalədə anlarda müvafiq dövlət qurumlarının həmin binanın zirzəmisinə giriş-çıxışı və binanın telefon qovşağına giriş olan saxlanc yerinə giriş-çıxışı, digər komunal xətlərə girişçıxışı mümkün olmayacaqdır. Bildirir ki, X10 zəbt edərək mənzil tikmək istədiyi torpaq Binəqədi Rayon İcra Hakimiyyətinə aid olan torpaq sahəsidir və həmin torpaq sahəsi binaya tam yapışıq vəziyyətdədir. Cavabdeh X10 tərəfindən tikinti və şəhərsalma qaydaları pozularaq qanuna zidd tikinti işləri aparılır. Cavabdeh fərdi yaşayış evinin tikintisini başlamaqla ünvan 2 ünvanda yerləşən binada bir çox mənzildə yaşayan ailələrin hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 07.09.2019-cu il qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 3 ünvan da yerləşən 1 nömrəli mənzil İddiaçı2 Tariel qızının xüsusi mülkiyyətindədir. İş materiallarından görünür ki, Dövlət Arxivinin Bakı Filialı məhkəmənin sorğusuna cavab olaraq Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 50 nömrəli 25.03.2005-ci il tarixli Qərarının və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin “X1 istifadəsində olan torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı - satqı yolu ilə mülkiyyətinə satılması haqqında” 50 nömrəli 25.03.2005-ci il tarixli Qərarına əsasən ünvan 3, mənzil 69-da yaşayan X1 M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Dağıstanlı küçəsində yaşadığı 57 saylı binanın yaxınlığında yerləşən, daş hasara alaraq uzun müddət bağ sahəsi kimi istifadə etdiyi 250 kv.m. torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı - satqı yolu ilə mülkiyyətinə verilməsi barədə 05.03.2005-ci il tarixli ərizəsinə, bələdiyyənin Yerli büdcə və iqtisadiyyat daimi komissiyasının 23.03.2005-ci il tarixli rəyinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Dağıstanlı küçəsi 57 saylı binanın yaxınlığında yerləşən 250 kv.m. torpaq sahəsi əlavə edilmiş eskizə uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün alqı - satqı yolu ilə X1 mülkiyyətinə verilmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti məhkəmənin sorğusuna cavab olaraq 29.12.2020-ci il tarixli **********12 nömrəli məktubla mütəxəssis rəyi məhkəməyə göndərilmişdir. İş materiallarından görünür ki, yerində müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi İ.Dağıstanlı küçəsi 57 saylı binanın yaxınlığında yerləşən 250 kv.metr torpaq sahəsi hasara alınmış sağ tərəfdə fərdi yaşayış evi tikilmiş. Arxa tərəfdə isə doqquzmərtəbəli yaşayış binası mövcuddur. Ərazidə heçbir tikili mövcud deyildir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə göndərilmiş mütəxəssis rəyində göstərilmişdir: “Mübahisələndirilən torpaq sahəsinə baxış keçirilərək, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdırma təqdim edilmiş sənədlərə və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmışdır. Mübahisələndirilən həyətyanı torpaq sahəsi hasara alınmış, içərisində yaşayış evi mövcud olmaqla faktiki sahəsi 196 kv.m təşkil edir (mübahisələndirilən həyətyanı torpaq sahəsinin koordinatlarını və digər texniki parametrlərini, eləcə də elektron kadastr məlumatlarını əks etdirən sxemlər əlavə edilir). Elektron kadastr məlumatlarına əsasən mübahisələndirilən torpaq sahəsi 25.03.2005-ci il tarixə kimi və hal-hazırdada yaşayış məntəqəsinin hüdudları daxilində yerləşməklə Dövlət mülkiyyəti torpağıdır. Mütəxəssis rəyində göstərilənlərlə yerində müayinə zamanı müəyyən edilənlər arasında (tikili ilə bağlı) ziddiyyət mövcud olduğundan, mütəxəssis rəyini vermiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mühəndisi İ.Şərifovun məhkəmə iclasında iştirakının təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən mütəxəssis rəyini vermiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mühəndisi İ.Şərifov öz izahatında bildirmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə göndərilmiş 29.12.2020-ci il tarixli **********12 nömrəli mütəxəssis rəyinin bir hissəsində texniki yalnışlığa yol verilmişdir. Belə ki, mübahisəli torpaq sahəsinin içərisində tikili (yaşayış evi) mövcud deyildir. Digər hissələrdə hər hansı yalnışlığa yol verilməmişdir. Belə ki, araşdırma təqdim edilmiş sənədlərə və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmışdır. Mübahisələndirilən həyətyanı torpaq sahəsi hasara alınmış, faktiki sahəsi 196 kv.m təşkil edir. Elektron kadastr məlumatlarına əsasən mübahisələndirilən torpaq sahəsi 25.03.2005-ci il tarixə kimi və hal-hazırdada yaşayış məntəqəsinin hüdudları daxilində yerləşməklə dövlət mülkiyyəti torpağıdır. Həmçinin, mütəxəssis bildirmişdir ki, torpaq sahəsinin ölçülərini müəyyən etmək üçün vurulan dəmir mıxçaların yerinin, həmin torpaq sahəsinin ətrafında müəyyən ölçüdə dəyişdirilməsi torpaq sahəsinin mülkiyyət növünün dəyişməsinə səbə ola bilməz, çünki həmin torpaq sahəsi və onun ətrafında yerləşən torpaq sahələri ümumilikdə elektron baza məlumatlarına əsasən dövlət mülkiyyəti torpağıdır. Göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 50 nömrəli 25.03.2005-ci il tarixli qərarı ilə ayrılmış torpaq sahəsinin həmin qərardan əvvəl və hal-hazırda dövlət mülkiyyəti kimi göstərilmiş ərazidə yerləşməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən mübahisələndirilən qərar ona məxsus olmayan torpaq sahəsi barədə qəbul edilmiş, yəni həmin torpaq üzərində müvafiq qərar qəbul etmək səlahiyyəti olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 65.3-cü maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmçinin məhkəmə qeyd edir ki, həmin torpaq sahəsi ilə bağlı müvafiq qərar qəbul etmək səlahiyyəti olsa da belə qüvvədə olan maddi hüquq normaları tələbləri pozulmaqla qərar qəbul edilmişdir. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 33cü maddəsinə əsasən bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. Bələdiyyələr bələdiyyə mülkiyyətini idarə edirlər. Bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan əmlak barəsində mülkiyyət hüququnu bələdiyyələr, Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali həyata keçirir. Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 4-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə aiddir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"nin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Həmin Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 50 nömrəli 25.03.2005-ci il tarixli Qərarının qəbul edilməsi zamanı yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə riayət edilməməsi, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən X9 ayrılan torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Həmçinin, məhkəmə qeyd edir ki, mübahisələndirilən qərar qəbul edilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, yəni ayrılmış torpaq sahəsi əvvəllər (bələdiyyə qərarı qəbul edilənədək) və hal-hazırda dövlət mülkiyyətində olan torpaq sahəsi olması, torpaq sahəsi cavabdeh tərəfindən üçüncü şəxsə ayrılarkən bələdiyyə mülkiyyətində olmaması, həmin torpaq sahəsi ayrılarkən digər daşınmaz əmlaklarla, yəni iddiaçıların mükiyyətçi olduqları mənzillərin yerləşdiyi bina ilə qanunvericilikdə nəzərdə tutulmuş ara məsafəsinin gözlənilməməsi, həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən X9 ayrılan torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, 25.03.2005-ci il tarixli 50 saylı qərar Bakı şəhəri Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən ona məxsus olmayan torpaq sahəsi barədə qəbul edildiyindən, yəni həmin torpaq sahəsi üzərində Bakı şəhəri Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin müvafiq qərar qəbul etmək səlahiyyəti olmadığından, mübahisələndirilən qərar etibarsız hesab edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ƏBinəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin “X1 istifadəsində olan torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı - satqı yolu ilə mülkiyyətinə satılması haqqında” 50 nömrəli 25.03.2005-ci il tarixli qərarı etibarsız hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin “X1 istifadəsində olan torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı - satqı yolu ilə mülkiyyətinə satılması haqqında” 50 nömrəli 25.03.2005-ci il tarixli qərarı etibarsız sayılır. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar