Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1111/2022 19.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (baş mütəxəssis, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək fəaliyyətini nəzərə alaraq 29 sentyabr 2015-ci il tarixdən ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən 06 aprel 2021-ci il tarixindən iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Belə ki, iddiaçı 05 may 1976-cı il tarixdən bu günə qədər müxtəlif peşələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşlədiyi vəzifələr bütünlüklə ağır şəraitdə olmuş və 12 il 6 aydan çox güzəştli iş stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007ci il tarixli 12 nömrəli qərarına əsasən iddiaçının 12 il 6 aydan çox güzəştli sahələrdə əmək stajı və 25 ildən çox ümumi əmək stajı vardır. Bu səbəbdən də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək stajına malik olduğuna görə ona 57 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı ərizə ilə 06 aprel 2021-ci il tarixdə cavabdehə müraciət etmiş və **********8 saylı, 14 aprel 2021-ci il tarixli məktubla bildirilmişdir ki, əmək kitabçasında 01 oktyabr 2001-01 oktyabr 2003-cü illəri əhatə edən dövrdə "xxxx" MMC-də işlədiyi dövrlərdə müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sığorta haqları ödənilmədiyi müəyyən edilmişdir. Cavabdeh inzibati orqanın iddiaçının xahişini təmin etməkdən imtina etməsi qanunsuzdur. Çünki işlədiyi illərin hər biri onun əmək fəaliyyətini təsdiq edən əmək kitabçasında öz əksini tapmışdır. Onun ümumilikdə 25 ildən artıq əmək stajı mövcuddur ki, onunda 13 ildən artıq bir müddətini zərərli əmək şəraitində çalışmışdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçı 06 aprel 2021-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə cavabdehə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 21 iyun 1976-cı il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında 01 oktyabr 2001-01 oktyabr 2003-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq, həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrü onun iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (12 il 1 ay 11 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1958-cı il təvəllüdlüdür. İşdə olan cavabdeh tərəfindən verilmiş 14 aprel 2021-ci il tarixli, **********8 saylı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 25 fevral 2021-ci il tarixli **********1 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 06 aprel 2021-ci il tarixində daxil olmuş müraciətinə baxaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 1.0.2 və 21.1-ci maddələrinə istinad olunaraq bir daha bildirilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi 21 iyun 1976-cı il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2001-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrü onun iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (12 il 1 ay 11 gün) təşkil edir. İşdə olan iddiaçıya məxsus НЗ № ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 02 noyabr 1976-cı il tarixdən 02 noyabr 1978-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət texniki peşə təhsili komitəsi tərəfindən 22 iyul 1976-cı il tarixdə verilmiş № 287816 saylı diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1973-cü ildə Bakı şəhəri 11 saylı orta texniki peşə məktəbinə daxil olmuş və 1976-cı ildə həmin məktəbin tam kursunu tornaçı peşəsi üzrə bitirmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən verilmiş 04 iyun 2021-ci il tarixli, **********598300 saylı məktubdan görünür ki, "xxxx" MMC-nin xx.xx.2001-xx.xx.2003-cü tarixdə vergi ödəyicisi kimi qeydiyyatda olubolmaması barədə məlumatın təqdim edilməsinə dair müraciətə baxılmış və bildirilmişdir ki, xx.xx.2021-ci il tarixə olan vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən "xxxx" MMC-nin ********* nömrəli 9 rəqəmli VÖEN-lə xx.xx.2001-ci il tarixdə qeydiyyata alınması və xx.xx.2004-cü il tarixdən ********** nömrəli 10 rəqəmli VÖEN-lə əvəz olunması bardə məlumat müəyyən edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 3201 saylı, 02 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı "xxxx" MMC-də xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək 6-cı dərəcəli boru quraşdırıcısı vəzifəsində işləmişdir. İşlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 27-ci bölməsinin “polad və dəmir beton konstruksiya quraşdırılması üzrə quraşdırıcı” sətrinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ yaranmışdır. İşdə olan SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş 29 noyabr 2021-ci il tarixli, AR 01-ink/4bə saylı arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1994-cü ildən xx.xx.1996-cı il tarixədək “Neft Daşları” NQÇİ-nin Qaz kompressoru sahəsində Qaz mühərrikli kompressorların təmiri üzrə çilingər peşəsində işləmişdir. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi haqqında 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarındakı 1 saylı Siyahısının X bölməsinin 2-ci yarımbölməsinin “a” bəndinə (1100000a-18547) əsasən dəniz şəraitində güzəştli şərtlərlə iş stajına aiddir. Dəniz şəraitində güzəştli şərtlərlə iş stajı 01 il 11 ay 27 gün təşkil edir. İşdə olan Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyəti “Azərmetal” Topdansatış Ticarət Birliyi tərəfindən verilmiş 2016/06-09 saylı, 09 iyun 2016-cı il tarixli arayışdan görünür ki, İddiaçı “Azərmetal” Topdansatış Ticarət Birliyində 11 iyul 1991-ci il tarixdən (47 saylı, 17 iyul 1991-ci il tarxli əmr) 5-ci dərəcəli çilingər-təmirçi qəbul edilmiş, xx.xx.1992-ci il tarixdən (10 saylı, 18 yanvar 1992-ci il tarixli əmr) 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə keçirilmişdir. 24 avqust 1992-ci il tarixdən (93 saylı, 25 avqust 1992-ci il tarixli) 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə keçirilmiş, 06 may 1993-cü il tarixdən (29/k saylı, 13 may 1993-cü il tarixli əmr) 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsinə keçirilmişdir. 04 yanvar 1994-cü il tarixdən (1/k saylı, 04 yanvar 1994-cü il tarixli əmr) öz xahişi ilə işdən azad edilmişdir. 16 sentyabr 1997-ci il tarixdən (45/k, 19 sentyabr 1997-ci il tarixli əmr) təkrar elektrik qaynaqçısı vəzifəsinə qəbul olunmuş və 09 dekabr 1998-ci il tarixində (09 dekabr 1998-ci il tarixli, 111/k saylı əmr) öz xahişi ilə işdən azad olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 35-ci bəndi üzrə (ümumi peşələr) yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verilir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş 23 noyabr 2020-ci il tarixli, 05- 1346-EA saylı arayışdan görünür ki, İddiaçı "xxxx" ASC-də 18 yanvar 1979-cu il tarixdən (7/k saylı, 18 yanvar 1979-cu il tarixli əmr) 2-ci dərəcəli çilingərelektromontajçı vəzifəsinə qəbul edilmiş, 20 mart 1980-ci il tarixdən (57 saylı, 18 mart 1980-ci il tarixli əmr) 3-cü dərəcəli çilingər-elektromontajçı vəzifəsinə keçirilmişdir. 05 aprel 1982-ci il tarixdən (77 saylı, 29 aprel 1982-ci il tarixli) ikinci peşə verilmiş və zərərli peşə sayılan 2-ci dərəcəli əl ilə elektro qaynaqçı peşəsinə keçirilmiş, 01 oktyabr 1985-ci il tarixində (185 saylı, 27 sentyabr 1985ci il tarixli əmr) 3-cü dərəcə verilmişdir. 01 oktyabr 1988-ci il tarixdən (92 saylı, 01 avqust 1988-ci il tarixli əmr) əməyin ödənilməsinin yeni şərtlərlərinin tətbiqi ilə əlaqədar 3-cü dərəcəli əl ilə elektro qaynaqçı peşəsində hesab edilmişdir. 01 iyul 1989-cu il tarixində (200 saylı, 14 iyul 1989-cu il tarixli əmr) 4-cü dərəcə verilmişdir. 21 fevral 1991-ci il tarixində (8/k saylı, 20 fevral 1991-ci il tarixli əmr) Azərbaycan SSR ƏM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına əsasən ümumi işləri 35-ci bəndi üzrə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verilir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 23 noyabr 2020-ci il tarixli, 05-B46-6A saylı arayışdan görünür ki, Dövlət Əmlak Komitəsinin 198 saylı, 26 aprel 2001-ci il tarixli qərarına əsasən "xxxx" zavodu "xxxx" ASC-nə çevirilmişdir. İşdə olan iddiaçıya məxsus 21 iyun 1976-cı il tarixdə doldurulmuş, ИТ-İ № ******* saylı əmək kitabçasının tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1973-cü ildən 1976-cı ilə qədər PTM-də təhsil almışdır. xx.xx.1976-cı il tarixdən Bakı şəhəri Leyt.Şmidt adına Zavodun İnstrumental sexinə istehsalat təcrübəsi keçmək üçün 2-ci dərəcəli tornaçı qəbul edilmiş, 02 avqust 1976-cı il tarixdə peşə məktəbini bitirməsi ilə əlaqədar 3-cü dərəcəli tornaçı keçirilmiş və xx.xx.1976-cı il tarixdə işdən azad edilmişdir. xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək Sovet ordusunda xidmət etmişdir. xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək Bakı şəhəri Leyt.Şmidt adına Zavod İnstrumental sexdə 3-cü dərəcəli tornaçı, xx.xx.1979-cu ildən xx.xx.1991-ci ilədək Bakı Yüksək Gərginlikli Avadanlıqlar Zavodu 1 nömrəli sexində 2-ci dərəcəli elektrik quraşdırıcı-çilingər, 3-cü dərəcəli elektrik quraşdırıcı-çilingər, 2ci dərəcəli əl qaynağının elektrik qaynaqçısı, 3-cü dərəcəli əl qaynağının elektrik qaynaqçısı, əl qaynağının 4-cü dərəcəli qaynaqçısı işləmişdir. xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək briqadir qaynaqçı işləmişdir. xx.xx.1991-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Təch. İd. “Azərmetal” Birliyi Təmir qrupuna 5-ci dərəcəli çilingər-təmirçi qəbul edilmiş, TKİ Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının 29 noyabr 1991-ci il tarixli 2 nömrəli Qərarına əsasən “Azərmetal” birliyi TKİ SC "xxxx" Kommersiya Şirkəti adlandırılmışdır. xx.xx.1992-ci il tarixdən təmir qrupuna 4-cü dərəcəli elektrik qaynaqçı vəzifəsinə təyin edilmişdir. Maddi Sərvətlər Nazirliyinin xx.xx.1992-ci il tarixli 49 nömrəli əmrinə və struktur bölünməsinə əsasən "xxxx" Kommersiya şirkəti yenidən qurularaq, “Azərmetal” İdarəsi adlandırılmışdır. xx.xx.1992-ci il tarixdən 5-ci dərəcəli elektrik qaynaqçı təyin edilmiş, xx.xx.1994-cü il tarixdən işdən azad edilmişdir. xx.xx.1994-cü il tarixdən Neft Daşları İdarəsinin Qaz-kompressor sexinə qaz-motor kompressorlarının 4-cü dərəcəli çilingər-təmirçisi qəbul edilmiş, xx.xx.1995-ci il tarixdən qaz-motor kompressorlarının 5-ci dərəcəli çilingər-təmirçisi peşəsi verilmiş, xx.xx.1996-cı il tarixdən işdən azad edilmişdir. xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Azərmetal” Birliyinin təmir qrupunda elektrik qaynaqçısı vəzifəsində işləmişdir. xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" MMC-də elektrik qaynaqçısı vəzifəsində işləmişdir. xx.xx.2003-cü il tarixdən xx.xx.2012-ci il tarizədək "xxxx" ASC-də çilingər vəzifəsində işləmişdir. xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək “X4 Treyd” MMC-də texniki departamentinin istehsalat şöbəsinə 6-cı dərəcəli quraşdırıcı-çilingər vəzifəsində işləmişdir. xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" MMC-də 6-cı dərəcəli quraşdırıcı vəzifəsində işləmişdir. xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək SDL Denholm LTD şirkətinin filialında quraşdırıcı peşəsində işləmişdir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx xxxxxxxx 1958-cı il təvəllüdlü olmaqla, hazırda pensiyaçı deyildir. O, 57 yaşı tamam olduğu 29 sentyabr 2015-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" MMC-də işlədiyi dövr üzrə həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi, bununla da qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlərin əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi əsası ilə ümumi və güzəştli iş stajına hesablanmadığı, bununla da güzəştli iş stajının 12 il 6 aydan az (12 il 1 ay 11 gün) təşkil etdiyi əsası ilə pensiya təyin edilməsindən imtina edilmişdir. Lakin məhkəmə araşdırması nəticəsində iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq müddətə ümumi iş stajına malik olması və həmin stajın 12 il 06 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına aid olduğu müəyyən edildiyindən, ona cavabdeh tərəfindən imtina edilməsi əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. Hazırki mübahisə üzrə ilk növbədə iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" MMC-də elektrik qaynaqçısı peşəsində işlədiyi dövrün onun sığorta stajına hesablanmaması mübahisələndirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 31 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Göründüyü kimi 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı X5 əmək kitabçası və əmək kitabçası olmadığı halda isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmçinin cavabdeh imtinasında "xxxx" MMC-nin xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövr üzrə sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqlarını ödəmədiyini qeyd etsə də, lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən verilmiş 04 iyun 2021-ci il tarixli, **********598300 saylı məktubdan görünür ki, vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən "xxxx" MMC xx.xx.2001-ci il tarixində qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" MMC-də elektrik qaynaqçısı peşəsində işləməsi ona məxsus əmək kitabçası ilə təsdiq olunduğundan, həmin əmək kitabçasında olan qeydin mötəbərliyinə şübhələr mövcud olmadığından həmin dövrün iddiaçının sosial sığorta stajına hesablanmasından imtina edilməsi barədə cavabdehin mövqeyi əsassız olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" MMCdə işlədiyi elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXXİİİ Ümumi peşələr adlı bölməsinin (kod ********) 23200000— 19906 kodu altında müəyyən edilmiş əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğundur və həmin peşə üzrə iddiaçının güzəştli iş stajı 02 il təşkil edir. Cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtina edilməsinə dair verdiyi imtina məktubunda, həmçinin iddiaya dair verilmiş yazılı etirazında iddiaçının 01 yanvar 2006-cı il tarixədək 25 il ümumi iş stajının olduğunu mübahisələndirməmiş, yalnız onun xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" MMC-də elektrik qaynaqçısı peşəsində işlədiyi dövr nəzərə alınmadan, güzəştli iş stajının qanunvericiliklə müəyyən edilmiş 12 il 6 aydan az müddət, yəni 12 il 1 ay 11 gün təşkil etdiyi əsası ilə ona pensiya təyin edilməsindən imtina etdiyini göstərmişdir. Lakin sonradan məhkəməyə ünvanlanmış 01 aprel 2022-ci il tarixli məktub əsasında İddiaçı Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlara əsasən onun ümumi iş stajının 20 il 3 ay 2 gün, güzəştli iş stajının isə 12 il 01 ay 11 gün (xx.xx.1982-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1994-cü il və xx.xx.1997-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər) olduğunun müəyyən etdiyini göstərmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının təhsil aldığı və həqiqi hərbi xidmətdə olduğu dövr də hesablanmaqla, xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" MMC-də elektrik qaynaqçısı peşəsində işlədiyi dövr nəzərə alındığı halda onun 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı mövcuddur və həmin stajın 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı üzrə nəzərdə tutulan sahədə işləmişdir. Buna görə də ona 57 yaşı tamam olduğu 29 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin təyin edilməlidir. Məhkəmə iddiaçının iddia tələbinin 29 sentyabr 2015-ci il tarixdən yaranacaq fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı ona pensiya hüququnun yarandığı 29 sentyabr 2015-ci il tarixdən yaranmış fərqin ödənilməsini tələb etsə də, lakin iş materiallarında olan sənədlərdən görünür ki, o, 02 dekabr 2020-ci il tarixdə ona pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməli olduğundan, keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulduğundan, iddiaçının müraciətindən əvvəlki üç ildən əvvələ olan dövr üçün, yəni pensiya hüququnun yarandığı 29 sentyabr 2015-ci il tarixdən pensiya hesablanması barədə dəlili əsassızdır və hesablana bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli Qərardadının 75 və 76-cı bəndlərinə görə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Kollegiya nəticədə qərara almışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qanunvericiliyin, o cümlədən Qərardadın tələblərindən göründüyü kimi müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış olsa belə, əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarına istinadən işin faktiki halı ilə bağlı bildirir ki, iddiaçının əmək pensiyası hüququ 2017-ci il 1 iyul tarixdən əvvəl yaranmışdır. İddiaçı həmin vaxta qədər pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etməmişdir. Müraciət etdiyi təqdirdə buna dair, müraciət edə bilmədiyi halda isə üzrlü səbəbləri barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qanunvericiliyin tələblərinə əsasən pensiya almaq hüququ olan şəxsin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün pensiyanın ödənilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddiaçının pensiya təyin edilməsi üçün müraciət etdiyi 02 dekabr 2020-ci il tarixdən əvvəlki üç il üçün, yəni 02 dekabr 2017-ci il tarixdən bu günədək yaranmış pensiya fərqinin hesablanmaqla ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya 57 yaşı tamam olduğu 29 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və 02 dekabr 2017-ci il tarixdən bu günədək yaranmış pensiya fərqinin hesablanmaqla ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu 29 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilsin və 02 dekabr 2017-ci il tarixdən bu günədək yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1111/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1111/2022
19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver