Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11114/2024 10.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 10 dekabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasına dair cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğv olunmasını xahiş etmişdir. Sonradan iddiaçı (nümayəndəsi və vəkili vasitəsilə) tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim olunaraq, məhkəmədən, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********7 №-li “Əmək pensiyasının yenidən hesablanması” barədə qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, mülki aviasiya sahəsində, o cümlədən xx.xx.1981-ci ildən etibarən “X7” şirkətində bort operator vəzifəsində işləyir. Ona cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin ona təyin edilmiş əmək pensiyası 2022-ci ilin dekabr ayında dayandırılmışdır. Qeyd olunmalıdır ki, şəxsin pensiyası dayandırılarkən “İnzibati icraat haqqında” AR Qanunun normalarına riayət olunmuşdur. Belə ki, ilk öncə ona pensiya ödənişinin dayandırılmazdan əvvəl onun mülahizəsinin dinlənilməsi üçün cavabdeh inzibati orqanın qəbul mərkəzinə dəvət olunması ilə əlaqədar məktub ünvanlanmışdır. Həmin məktuba əsasən onun inzibati icraatda mövqeyi dinlənilmiş lakin irəli sürdüyü əsaslar nəzərə alınmadan pensiya ödənişinin dayandırılması barədə qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqanın mövqeyi onunla əsaslandırılmışdır ki, bort operatorlar və böyük bort operatorlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli qərarında qeyd edilmişdir. Lakin Nazirlər Kabinetinin 231 nömrəli, xx.xx.2006-cı il tarixli qərarında həmin vəzifələr uçuş və uçuş sınaq heyəti üzvlərinin sırasında mövcud olmamışdır. Hesab edir ki, cavabdeh inzibati orqanın mövqeyi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 231 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarının 2.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafiq olaraq Mülki Aviasiyanın uçuş və uçuş sınaq heyyətində işləyən hava gəmisinin və digər uşuş aparatlarının heyət üzvlərinin (kapitan, ikinci plot, naviqator, şturman, bort mühəndisi, bort mexanik, bortradis, və digər uçuş mütəxəssisləri) güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər. Göründüyü kimi qanunvercilik uçuş heyətinin əhatə dairəsini tam şəkildə konkretləşdirməmiş və uçuş heyətinin üzvlərinin müəyyən olunmasını açıq saxlamışdır. Cavabdeh inzibati orqan tərəfindən araşdırma aparılarkən AZAL QSC-yə sorğu verilmiş və həmin QSC tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, bort operatorlar uçuş heyəti üzvlərinə daxil deyildir. İlk növbədə qeyd olunmalıdır ki, hazırda AZAL QSC-də bort operator vəzifəsi mövcud deyildir. İkincisi araşdırma aparılmış şəxslərin heç biri AZAL QSC-nin işçisi deyillər və onlar X7 şirkətinin əməkdaşlarıdırlar. Buna görə də, AZAL QSC tərəfindən verilmiş arayışı əsas götürməklə şəxslərə təyin olunmuş pensiyanın dayandırılması əsassızdır. Bunun əvəzinə cavabdeh tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyindən aydınlaşdırıcı arayış alınması daha məqsədə uyğun olardı. Çünki bu Agentlik mülki aviasiya sahəsində dövlət tənzimlənməsini həyata keçirən yeganə səlahiyyətli şəxsdir. Tərəflərindən həmin Agnetliyə kollektiv şəkildə müraciət ünvanlanmış və həmin müraciətə əsasən bort operator vəzifəsinin uçuş heyətinə aid olması öz təsdiqini tapmışdır. Eyni zamanda Beynəlxalq Mülki Aviasiya Təşkilatı olan İATA-nın eləcə də Agnentlik tərəfindən təsdiq edilmiş normativ sənədlərdən görünür ki, bort operatorlar uçuş heyətinin sırasına daxildir. Qeyd edilənlərdən görünür ki, ona ilkin təyinat düzgün şəkildə həyata keçirilmiş və həmin təyinatın əsassızlığına dair DSMF orqanı tərəfindən irəli sürülmüş əsaslar qanuni olmamışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-235735/2024 saylı iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazı): Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3- 17-1/2-235735/2024 saylı iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydalan"nın 2-ci bəndində hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri), uçuş təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı, pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bort mexanik, təlimatçı bortradist) uçuş saatlarına görə güzəştli şərtlərlə əmək pensiyasının hüququ olan kateqoriyaya aid edilir. Bort operator vəzifəsi isə sözügedən Qaydalarda nəzərdə tutulmayıb. Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Mülki aviasiya bəndində (21.3) hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçıbortoperator və hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi vəzifələri nəzərdə tutulub. İddiaçı xx.xx.1981-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Bakı aeroportunda bort bələdçisi və bort operatoru vəzifələrində işlədiyi nəzərə alınaraq, “Əmək pensiyaları haqqında” Qanunun 9.3- cü maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə müəyyən edilmiş mülki aviasiya uçuş və uçuş sınaq heyətinə aid vəzifələrinə uyğunlaşdırılmaqla ona qanunazidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Bununla əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə tərəflərindən aidiyyəti üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə sorğular ünvanlanıb. Cavab olaraq, uçuş heyəti üzvü və heyət üzvü anlayışlarının fərqli mənalara malik olduğu, bort operatorların hava gəmisinin idarə edilməsi ilə məşğul olmadıqları və buna görə də uçuş heyəti üzvləri hesab edilmədikləri bildirilib. Eyni zamanda, sözügedən məktubda bort operatorlarının Qanunun 9.3-cü maddəsinə və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə deyil, Qanunun 9.1-ci maddəsinə əsaslanaraq Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq siyahıya uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malik olduqları göstərilib. Bakı İnzibati Məhkəməsi "xxxx" MMC tərəfindən təqdim edilmiş “İİ-76" tipli hava gəmilərinin Uçuş istismarı üzrə Təlimata istinad etmişdir. Belə ki, həmin Təlimat ilə istehsalçı tərəfindən müəyyən olunmuş tələblər nəzərə alınmaqla "xxxx" MMC tərəfindən istismar olunan “İL 76” tipli hava gəmilərinin uçuş heyətinə (ekipajına), o cümlədən “hava gəmisinin bort operatoru” vəzifəsi daxil olunduğu göstərilmişdir. Bununla bağlı bildirilir ki, qeyd olunan Təlimat normativ hüquqi akt deyil, texniki normativ hüquqi aktdır. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.22-ci maddəsinə əsasən, texniki reqlamentlər, bərqərar olmuş təcrübəni əks etdirən texniki məcəllələr, standartlar, o cümlədən Azərbaycan Respublikasının dövlət standartları, sahə standartları, texniki şərtlər, aviasiya qaydaları, zoogigiyena, baytarlıq, baytarlıq-sanitariya normaları və qaydaları, sanitariya normaları və qaydaları, gigiyena normativləri, farmakopeya məqalələri və normaları, yanğın təhlükəsizliyi qaydaları, texniki, sənaye, nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi normaları və qaydaları, təhlükəli yüklərin təhlükəsiz daşınması normaları və qaydaları, yerin təkinin qorunması və səmərəli istifadəsi normaları və qaydaları, ixtisaslaşdırılmış məlumat kitabçaları, texniki-iqtisadi məlumatların dövlət təsnifatı, dövlət statistika müşahidələrinin formaları və onların doldurulmasına dair göstərişlər, statistik göstəricilərin formalaşdırılması və hesablanması qaydaları, dövlət statistika müşahidələrinin təşkil edilməsinə və aparılmasına dair təlimatlar texniki normativ hüquqi aktlar hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı isə normativ hüquqi aktdır və texniki normativ hüquqi aktdan daha üstündür. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir. Həmin Qanunun 2.8-ci maddəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı tətbiq edilir. Həmin Qanunun 2.9-cu maddəsinə əsasən nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. Həmin Qanunun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyri- müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. Qanunvericiliyin normalarının məzmunundan da göründüyü kimi normativ hüquqi aktlar arasında ziddiyyət təşkil etdikdə, həmin ziddiyyətlərin aradan qaldırılması bu məsələdə normayaratma orqanı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin və ya Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aiddir. Həmçinin, “Beynəlxalq Mülki Aviasiya haqqında” Konvensiyaya (Çikaqo 7 dekabr 1944-cü il) “Personalın Şəhadətnamələndirilməsi” adlı 1 saylı Əlavədə bort operator vəzifəsi “uçuş heyəti üzvündən başqa digər personal”ın tərkibinə daxil edilməmişdir. Qeyd olunan beynəlxalq və milli qanunvericilik normalarına əsasən, “hava gəmisinin bort operatoru” vəzifəsinin “uçuş heyəti”, həmçinin “uçuş heyəti üzvündən başqa digər personal” kimi təsnifləşdirilmədiyini və Vahid X1 “Fəhlələr” kateqoriyasında müəyyənləşdiyini nəzərə alaraq, “digər uçuş mütəxəssisi” hesab edilmədiyi məktubda açıq aşkar göstərilmişdir. Göstərilənlərə əsasən aydın olur ki, ölkənin ən böyük aviadaşıyıcı şirkəti olan “AZAL”ın, Azərbaycan Respublikası ərazisində mülki aviasiya sahəsində dövlət nəzarətini və tənzimlənməsini həyata keçirən icra hakimiyyəti olan Mülki Aviasiya Agentliyinin məsələ ilə bağlı rəsmi mövqeyinə məhəl qoymadan, sadəcə hava gəmisinin istismarı qaydaları haqqında Təlimata əsaslanmaqla iş üzrə məhkəmədə analoji qərarlar qəbul edilmişdir. Yuxanda qeyd olunan normativ aktlardan analoji işlər üzrə, inzibati orqanın və məhkəmənin sorğularına verilmiş cavablardan da göründüyü kimi, bort operatoru vəzifəsi zərərli və ağır iş şəraitində yerinə yetirilən vəzifə hesab olunur. Bu fakt cavabdeh tərəfindən mübahisələndirilmir. Belə ki, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda həmin vəzifə nəzərdə tutulub. Mübahisənin predmeti ondan ibarətdir ki, qeyd olunan 12 nömrəli Qərarla təsdiq olunmuş Siyahıda bort operator vəzifəsi birbaşa və qeyd-şərtsiz nəzərdə tutulduğu halda, həmin vəzifədə işləmiş şəxsə həmin Siyahıya əsasən Qanunun 9.1-ci maddəsi ilə deyil, vəzifənin adının nəzərdə tutulmadığı Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarına əsasən Qanunun 9.3-cü maddəsi ilə pensiya təyinatının həyata keçirilməsi qanunauyğun hesab olunmamasıdır. Belə olan halda, məhkəmə qarşısında belə bir sualın qoyulması zərurəti yaranır ki, hansı normativ akt və ya müddəa pensiya təyinatını həyata keçirən orqana əsas verir ki, Nazirlər Kabinetinin qərarında birbaşa nəzərdə tutulmuş müddəaya deyil, hər hansı təyyarənin uçuş təlimatına baxaraq, bort operatorunu uçuş heyəti üzvü kimi hesab edib, Qanunun 9.3-cü maddəsinə əsasən pensiya təyinatını həyata keçirsin? Ümumiyyətlə, məhkəmələr tərəfindən mübahisənin bort operatorlarının uçuş heyəti üzvü olub-olmamasının müəyyən edilməsi kimi qiymətləndirilib, bu istiqamətdə həll olunması da ağlabatan deyil. Belə ki, bir təyyarə üçün bort operatoru heyət üzvü hesab oluna, digər bir təyyarə üçün isə uçuş təlimatında ekipaja daxil edilməyə də bilər. Məsələyə istehsalçıların tələbləri baxımından deyil, qanunvericiliyin normaları baxımından yanaşmaq lazımdır. Yəni, Nazirlər Kabinetinin 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahıda bort operatoru vəzifəsi nəzərdə tutulmasa idi, o zaman məhkəmələr həmin vəzifənin 231 nömrəli Qərarda göstərilən digər uçuş mütəxəssisi hesab olunub-olunmaması məsələsinə qiymət verməkdə haqlı hesab oluna bilərdi. Baxılan halda isə qanunverici orqan bort operatorunu mülki aviasiya sahəsində zərərli və ağır iş şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid edib (12 nömrəli Qərar) və həmin vəzifədə işləyənlərin güzəştli pensiya hüququ cavabdeh tərəfindən qəbul edilir və mübahisələndirilmir. Digər tərəfdən belə bir sual meydana çıxır ki, analoji işlər üzrə məhkəmələrin mövqeyindən çıxış etsək, o zaman 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda göstərilən bort operatorları kimlərdir və onlara pensiya təyinatı nə zaman aparılmalıdır? İnzibati orqan öz səlahiyyətlərinə aid olan məsələyə baxarkən qanunvericilik aktında birbaşa nəzərdə tutulmuş normanı tətbiq etdiyi halda, məhkəmə qərarı hansı əsasla inzibati orqanın mövqeyinin əleyhinə olmuşdur? Çünki baxılan işlərdə konkret normativ tənzimləmə mövcuddur. Yəni burada qanunun boşluğundan söhbət gedə bilməz (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.9-cu maddəsi). Əlavə olaraq, 12 nömrəli Qərarda bort operatorları ilə yanaşı bort bələdçisi, təlimatçı bort operatorlar, bütün adlarda mühəndislər vəzifələri nəzərə də qeyd olunub. Məhkəmələrin mövqeyindən çıxış etsək həmin vəzifələrdə işləmiş şəxslərə də 12 nömrəli Qərarda nəzərdə tutulması nəzərə alınmadan, 231 nömrəli Qərara əsasən pensiya təyin olunmalıdı. Bu isə birbaşa maddi hüquq normalarının pozulması deməkdir. Normativ aktlar arasında (Nazirlər Kabinetinin 12 nömrəli və 231 nömrəli qərarları) ziddiyyət də yoxdur. Sözügedən Təlimatla Nazirlər Kabinetinin 12 nömrəli Qərarı arasında ziddiyyətin olduğunu fərz etsək belə, əvvəla Təlimat texniki xarakterli akt olduğuna görə, Nazirlər Kabinetinin Qərarı daha üstün qüvvəyə malikdir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.1-ci maddəsi). İkincisi, yeni normativ hüquqi akt eyni məsələ üzrə əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.5ci maddəsi). Əlavə olaraq “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən inzibati orqan tərəfindən maraqlı şəxslərin əlverişli mövqeyinə olan etimadı qorunmalıdır. Buna görə də qanunverici məhkəmələrə tam səlahiyyət verir ki, 67.5-ci maddənin ilkin şərtlərinin ödənilib-ödənilmədiyini yoxlasınlar. Başqa sözlə qanunsuz əlverişli inzibati akt “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları nəzərə alınmaqla ləğv edilə bilər. Bu müddəalarda müəyyən edilmiş qanunçuluq və hüquqi sabitlik, yəni etimad hüququnun qorunması prinsipləri arasında ortaq mövqe tapılmalı və bu iki prinsipin izlədiyi mövqe tarazlaşıdırılmaqla qərar qəbul edilməlidir. Bu nöqteyinəzərdən yanaşdıqda görürük ki, 67.5-ci maddədə etimad hüququna istinad edilə bilməyən halları müəyyən edən şərtlər də nəzərdə tutulur. Məhkəmələr təyin edilmiş əmək pensiyasının dayandırılması barədə qərarlar qəbul edərkən həmin istisna halları da hər bir halda nəzərə almalıdırlar. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı bu qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməli idi. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra - İPM) 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Normanın məzmununa görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Hazırkı halda maddi hüquq normaları cəhətdən iddiaçının pensiya təyinatı düzgün aparılmadığından inzibati orqanın mübahisələndirilən qərarı formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Qeyd edilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının “bort operator” vəzifəsində işlədiyi və uçuş saatlarına görə vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququna yenidən baxılması üçün 16 dekabr 2022-ci il tarixində sürətli poçt vasitəsi ilə göndərilməklə 27 dekabr 2022-ci il tarixinədək Mərkəzi Filiala dəvət edilmişdir. Maraqlı şəxsin mülahizəsinin dinlənilməsi “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun qaydada həyata keçirildi. Bu barədə 2 nüsxədə akt tərtib edildi. Aktın bir nüsxəsi Mərkəzi Filialda saxlanıldı, ikinci nüsxəsi isə haqqında inzibati icraat aparılan maraqlı şəxsə təqdim olundu. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyasından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, iddiaçıya son üç il üzrə 78793,14 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Əlavə olaraq, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hesab edirlər ki, prosessual müddət ötürüldüyündən iddia mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin mümkün sayılmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabeh səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdeh nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh inzibati orqanın nümayəndəsi X4 iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********7 №-li “Əmək pensiyasının yenidən hesablanması” barədə qərarının ləğv edilməsinə nail olmaqdan ibarətdir. İşin faktiki hallarına görə, iddiaçıya əvvəllər müvafiq növdə pensiya təyin olunsa da, sonradan həmin pensiya ayrıca inzibati aktla dayandırılmışdır. Hazırda iddiaçı onun xeyrinə olan əlverişli inzibati akt əsasında təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması ilə bağlı qəbul edilmiş inzibati aktı mübahisələndirir. İddiaçının iddiası “inzibati aktların ləğvi”, yəni “mübahisələndirilməsi” ilə bağlı olsa da, məhkəmə hesab edir ki, əslində həmin iddiaya “öhdəliyin icrası haqqında” iddia kimi yanaşılmalıdır. Belə ki, təcrübədə pensiya təyinatını aparan orqana qarşı müvafiq növdə pensiyaların təyin edilməsi ilə bağlı iddialara məhz “öhdəliyin icrası” haqqında iddia növləri kimi baxıldığı üçün və həmin öhdəliyin icrası olaraq qəbul edilən qərarların mübahisələndirilməsi ilə bağlı iddialara da həmin icraat çərçivəsində qiymət verildiyi üçün öhdəliyin icrası prizmasından yanaşılmalıdır. Baxmayaraq ki, iddia tələbi məhz “inzibati aktın ləğvi”nə yönəlmişdir ki, nəzərə almaq lazımdır ki, həmin inzibati akt “öhdəliyin icrası” barədə aparılan inzibati icraatda qəbul edilmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının konstitusion hüququ olan “sosial təminat” hüququ heç bir halda məhdudlaşdırıla bilməz və ona əvvəllər təyin edilmiş pensiyanın dayandırılması ilə bağlı qəbul edilmiş inzibati akt onun sosial təminat hüququna birbaşa müdaxilə olduğu üçün həmin inzibati aktın mübahisələndirilməsi ilə bağlı ona məhkəmədə sosial təminat hüququnun müdafiəsi naminə lazımi şərait yaradılmalıdır və bu zaman heç bir halda “ümumi qaydalar” prinsipindən çıxış edilərək, yəni iddiaya növünə görə “mübahisələndirmə haqqında iddia” növü olduğu üçün məhz bu iddialar üzrə qanunla müəyyən edilmiş 30 günlük iddia müddəti şamil oluna bilməz. Odur ki, iddiaçının sosial təminat hüququna müdaxilə zəminində qəbul edilmiş inzibati aktların ləğvi ilə bağlı qaldırılan iddialara “öhdəliyin icrası” haqqında iddia növü kimi baxılmalıdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Məhkəmənin müvafiq sorğusu əsasında Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 07 avqust 2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı aid pensiya işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2007-ci il tarixli, 300 № li Qərarının təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2006-cı il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.3- cü maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006cı il tarixli 231 nömrəli Qərarı ilə müəyyən edilmiş mülki aviasiya uçuş və uçuş sınaq heyətinə aid vəzifələrinə uyğunlaşdırılmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, № **********7 saylı Qərarın təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı pensiya məbləği 3183 manat, 20 qəpik təşkil edir. Ona xx.xx.2015-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “0-dan hesablandı – bort operator (xx.xx.2009-xx.xx.2005 tam tutulma, xx.xx.2015-xx.xx.2022 artıqvermə)” əsası ilə yenidən hesablanmış və yenidən hesablanmış pensiya məbləği 758 manat, 09 qəpik müəyyən olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, № 272-ÇS-SWA/CD saylı cavab məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 14 iyul tarixli 204 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası “Mülki aviasiya haqqında beynəlxalq Konvensiya”ya qoşulmuşdur. Dövlətimizin İCAO-nun üzvü olduğunu rəhbər tutaraq, bu təşkilatın mülki aviasiya sahəsi ilə bağlı tələblərinə tərəfimizdən riayət edilməsi zəruridir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununun 23.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı hökumətlərarası müqavilələr həmin müqavilələrin Azərbaycan Respublikası üçün məcburiliyinə razılığın ifadə olunduğu normativ hüquqi aktlardan daha üstün hüquqi qüvvəyə malikdir. Həmin Qanunun 23.4-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, həmin müqavilələrdə əks etdirilmiş normaların tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul olunmasını tələb edən hallar istisna olmaqla, birbaşa tətbiq edilməlidir. Uçuş ekipajı sayına və tərkibinə görə uçuş istismarı üzrə rəhbərlikdə (təlimatda) və ya uçuşlara yararlılıq sertifikatına aid olan digər sənədlərdə göstərilmiş tələblərdən aşağı olmayan tələblərə cavab verməlidir (“Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya”ya 6 nömrəli Əlavə, Hissə İİ, bənd 2.7.1 – “Təyyarənin uçuş ekipaj”). “İl-76” tipli hava gəmilərinin “Uçuş istismarı üzrə Təlimat”ı ilə istehsalçı tərəfindən müəyyən olunmuş tələblər nəzərə alınmaqla "xxxx" MMC tərəfindən istismar olunan “İL 76” tipli hava gəmilərinin uçuş heyətinə (ekipajına), o cümlədən “hava gəmisinin bort operatoru” vəzifəsi daxil olunmuşdur. Xüsusi ilə qeyd etmək lazımdır ki, hava gəmisinin bort operatoru “Uçuş istismarı Təlimatı”nın tələblərinə uyğun olaraq, hətta belə qalxmaenmə zamanı uçuş heyətinin rəhbəri (hava gəmisinin kapitanı) tərəfindən hava gəmisinin idarə edilməsi və ya iştirakı ilə bağlı müvafiq göstərişləri və komandaları yerinə yetirir. Göstərilənləri nəzərə alaraq hesab edirlər ki, bort operatoru tərəfindən həyata keçirilən işlərin mürəkkəbliyi və bununla bağlı məsuliyyət, onun fəaliyyəti ilə bağlı mövcud yüksək milli və beynəlxalq tələblər, hava gəmilərinin idarə olunmasında iştirak edilməsi məsələləri bu işçinin uçuş heyətinin üzvü kimi tanınmasını birmənalı təsbit edir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, № **********8 saylı məktubunda göstərilmişdir ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Əmək pensiyası hüququnun araşdırılması ilə əlaqədar sözügedən maddənin tələbləri nəzərə alınmaqla onun pensiya ödənişi 1 iyul 2022-ci il tarixindən dayandırılmışdır. Qanunun 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 2-ci bəndində hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri), uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı, pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bort mexanik, təlimatçı bortradist) uçuş saatlarına görə güzəştli şərtlərlə əmək pensiyasının hüququ olan kateqoriyaya aid edilir. Bort operator vəzifəsi isə sözügedən Qaydalarda nəzərdə tutulmayıb. Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Nəqliyyat” bölməsinin (21) Mülki aviasiya bəndində (21.3) hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bort operator və hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi vəzifələri nəzərdə tutulub. Göründüyü kimi, bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. X5 rayon şöbəsi tərəfindən bort bələdçisi və bort operatoru vəzifələrində işlədiyi xx.xx.1981-xx.xx.2005-ci il tarixləri arasındakı müddət nəzərə alınmaqla xx.xx.2006-cı il tarixindən uçuş saatlarına əsasən sözügedən Qanunun 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyası və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydalar əsas götürülməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bununla əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə tərəfindən aidiyyəti üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə sorğular ünvanlanmışdır. Cavab olaraq uçuş heyəti üzvü və heyət üzvü anlayışlarının fərqli mənalara malik olduğu, bort operatorların hava gəmisinin idarə edilməsi ilə məşğul olmadıqları və buna görə də uçuş heyəti üzvləri hesab edilmədikləri bildirilmişdir. Eyni zamanda, sözügedən məktubda bort operatorlarının Qanunun 9.3-cü maddəsinə və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarına deyil, Qanunun 9.1-ci maddəsinə əsaslanaraq Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq siyahıya uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malik olduqları göstərilmişdir. Qeyd edilənləri nəzərə alaraq, onun pensiyası Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun qaydada 57 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixindən yenidən hesablanmaqla pensiya məbləği hazırda 758,09 manat müəyyən edildi. Qanunun 9.3-cü maddəsinə əsasən ona artıq ödənilmiş pul vəsaitləri ilə 9.1-ci maddəsinə əsasən ödənilməli olan pul vəsaitləri əvəzləşdirildikdən sonra qalıq borc məbləği 260.596,58 manat təşkil edir. Sözügedən pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməyinizi xahiş edilmişdir. Əlavə olaraq cari ilin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan ümumilikdə 3890,45 (3790,45 (758,09x5) pensiya+100,00 (50,00+50,00) maddi yardım) manat pul vəsaitinin cari ayda pensiyası (758,09 manat) üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür. Həmçinin iştirakı ilə 27 dekabr 2022-ci il tarixində qəbul keçirilərək yuxarıda göstərilənlər barədə ona ətraflı məlumat verilməklə mülahizələrinin dinlənilməsinə dair birgə akt tərtib olunmuşdur. Tətbiq edilən hüquq. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. ... Maddə 9.3 Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) ... Maddə 59. Mülki aviasiya uçuş və uçuş-sınaq heyətinin pensiya hüququnun müəyyən edilməsi şərtləri Kişilər azı 25 il, qadınlar azı 20 il uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışdıqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilər azı 20 il, qadınlar azı 15 il bu vəzifələrdə çalışdıqda xidmət illərinə görə pensiya hüququna malikdirlər. Uçuş və uçuş-sınaq həyətində işləyənlərin iş stajlarının hesablanması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydaları Bənd 2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: 2.1. hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri) Bənd 3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: 3.1. təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür; 3.2. avia-kimyəvi işlərdə, aerofotoçəkilişlərdə, keşikçəkmə, atmosferi zondla tədqiqetmə zamanı və digər xüsusi xarakterli iş növlərində vertolyotların sıravi ekipaj üzvləri, təyyarələrin sıravi ekipaj üzvləri, habelə komanda-uçuş, inspektor, təlimatçı heyətlərinin üzvləri və uçuş heyətində digər mütəxəssislər üçün ümumi sığorta stajı - uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 10-a, alınan nəticə isə 12 aya bölünür. Bu Qaydaların 3.1-ci və 3.2-ci bəndlərində nəzərdə tutulmuş sığorta stajının hesablanması qaydası mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanlara yaşa görə əmək pensiyası təyin edilərkən həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla tətbiq edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Qanunun müəyyən etdiyi qaydaları 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; .... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət .... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. … Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. … Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. … Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. … Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. … Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Məhkəmənin mövqeyi. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********7 saylı Qərarının ləğv edilməsinə yönəlmişdir. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, bort operatoru vəzifəsində işləmiş şəxslərə “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən deyil, həmin Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Bundan başqa, cavabdeh iddiaçıya xx.xx.2007-ci il tarixdə pensiya təyin edilərkən onun stajının məhz uçuş saatlarına uyğun hesablandığını bildirir. Cavabdeh bu halı iddiaya qarşı etirazında açıq şəkildə etiraf və təsdiq etmişdir. Başqa sözlə, iddiaçıya pensiyanın “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən təyin edilməli olduğu nəticəsinə gəlinəcəyi təqdirdə, onun tələb olunan staja malik olduğu qəbul edilməlidir. Çünki cavabdehin əsas dəlili stajın toplanmadığı ilə bağlı deyildir, o, iddiaçının ümumiyyətlə, “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olmadığını bildirir. Cavabdeh bu zaman ona istinad edir ki, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Nəqliyyat” bölməsinin (21) Mülki aviasiya bəndində (21.3) hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bort operator və hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçıbort bələdçisi vəzifələri nəzərdə tutulub. Məhkəmə cavabdehin sözügedən mövqeyinin əsassızlığı ilə bağlı özünün mövqeyini aşağıdakılarla əsaslandırır. “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən pensiya təyin edilə bilməsi üçün şəxsin məhz uçuş heyət üzvü kimi fəaliyyət göstərməsi şərti ödənilmiş olmalıdır. Belə ki, uçuş heyət üzvü və heyət üzvü anlayışı fərqli olmaqla qeyd edilən şəxslər uçuş zamanı müxtəlif əmək funksiyalarının yerinə yetirilməsi ilə məşğul olurlar. Onların həyata keçirdikləri əmək funksiyalarının xarakteri, ağırlığı və mürəkkəbliyi birbirindən fərqli olduğu üçün qanunverici yalnız uçuş heyət üzvünə aid şəxslərin güzəştli şərtlərlə əmək pensiyası hüquqlarının “Əmək pensiyaları haqqında” Qanunun 9.3- cü maddəsinə əsasən yaranacağını qəbul etmişdir. Nəzərə almaq lazımdır ki, qüvvədən düşmüş “Aviasiya haqqında” Qanunun 1.0.14cü maddəsində hava gəmisinin ekipajına belə anlayış verilmişdir - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyət. Göründüyü kimi sözügedən qanunvericilik aktı hər iki qrupa (həm uçuş heyət üzvü, həm də heyət üzvü) daxil olan şəxslərin hava gəmisinin ekipaj üzvlərini təşkil edəcəyini təsbit etmişdir. Bununla belə, uçuş heyət üzvünə daxil olan şəxslər hava gəmisinin idarə edilməsi, heyət üzvləri isə idarə edilməli ilə bağlı olmayan digər xidmətlərin göstərilməsinə dair vəzifələri icra edən şəxslərdirlər. Eyni zamanda, qeyd olunmalıdır ki, “Aviasiya haqqında” hazırda qüvvədə olan 22 dekabr 2023-cü il tarixli yeni Qanun da məsələyə dair oxşar yanaşmanı mənimsəməklə daha aydın tənzimləmələr gətirmişdir. Belə ki, sözügedən Qanunun 1.1.49 və 1.1.76-cı maddələrində kabinə heyəti və uçuş heyəti anlayışları fərqləndirilmişdir. Kabinə heyəti – uçuş heyətinin üzvü kimi çıxış etməyən, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə istismarçı və ya hava gəmisi kapitanının (komanda verən pilotunun) verdiyi vəzifələri yerinə yetirən şəxsdir. Uçuş heyəti isə – uçuş xidməti vaxtı hava gəmisinin uçuş əməliyyatının həyata keçirilməsi üçün əsas vəzifələri yerinə yetirmək məqsədilə təyin edilmiş və şəhadətnamə verilmiş şəxslərdir. Qanun uçuş əməliyyatına belə bir anlayış vermişdir– hava daşımaları ilə əlaqədar hava gəmilərinin həyata keçirdiyi əməliyyatlar. Beləliklə, sadalanan normalardan da göründüyü kimi həm iddiaçıya pensiya təyin edilərkən, həm də hazırda qüvvədə olan qanunvericilik normaları uçuş heyət üzvlərini heyət üzvlərindən (kabinə heyəti) açıq şəkildə fərqləndirmiş, onların müxtəlif əmək funksiyası yerinə yetirən şəxslər olduğunu qəbul etmişdir. Uçuş heyət üzvü kimi fəaliyyət göstərən şəxslərə isə stajla bağlı şərtlər ödənildiyi halda “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən əmək pensiyası təyin oluna bilər. Belə olan halda, aydınlaşdırılmalı olan məsələ iddiaçının bort operator kimi işlədiyi vəzifələrin uçuş heyət üzvü hesab edilib-edilməməsi ilə bağlıdır. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarının 2.1-ci bəndində həmin şəxslərin dairəsinə daxil olanların bir qismi sadalansa da (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist) bitkin siyahı tərtib edilməmiş, digər uçuş mütəxəssislərinin də uçuş heyətinə aid edilməsinin mümkünlüyü qəbul edilmişdir. Belə olan halda, bort operatorlar digər uçuş mütəxəssisləri kimi o halda, uçuş heyətinə daxil olacaqlar ki, onlar hava gəmilərinin idarə edilməsi (uçuş əməliyyatının həyata keçirilməsi) ilə bağlı əmək funksiyalarını yerinə yetirmiş olsunlar. Hava gəmilərinin idarə edilməsi (uçuş əməliyyatının həyata keçirilməsi) ilə bağlı əmək funksiyalarının yerinə yetirilib-yetirilmədiyinin müəyyənləşdirilməsi üçün isə həmin şəxslərin hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslər qrupuna daxil olub-olmadıqlarına baxmaq lazımdır. Bu məsələyə münasibətdə hazırkı işin məhkəmələr tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçının yerinə yetirdiyi bort operator vəzifəsi hava gəmisinin istismarçısı tərəfindən məhz həmin qrupa aid edilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən təsdiq olunmuş əmrə əsasən xx.xx.1985-ci ildən qüvvəyə minmiş “İL-76 T (TD)” hava gəmisinin “Uçuş təlimatının” ikinci nəşrinin 1.1-ci bəndinin “Təyyarə haqqında qısa məlumat”, ikinci yarımbəndinin redaksiyasına uyğun olaraq “İL-76 T (TD)” hava gəmisinin ekipajı 7 (yeddi) nəfərdən ibarətdir: 1. hava gəmisinin komandiri; 2. hava gəmisinin pilotu; 3. naviqatoru; 4. bortmühəndisi; 5. bortradisti; 6. böyük bortoperatoru; 7. bortoperatoru. Bundan başqa, hava gəmisinin istismarçısı "xxxx" MMCnin 07 mart 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, “İL 76” tipli hava gəmilərinin “uçuş istismarı üzrə təlimat”ı ilə istehsalçı tərəfindən müəyyən olunmuş tələblər nəzərə alınmaqla "xxxx" MMC tərəfindən istismar olunan İl 76 tipli hava gəmilərinin uçuş heyətində (ekipajına), o cümlədən “hava gəmisinin bort operatoru” vəzifəsi daxil olunmuşdur. Xüsusilə qeyd edilmişdir ki, hava gəmisinin bort operatoru “uçuş istismarı təlimatı”nın tələblərinə uyğun olaraq, qalxmaenmə zamanı uçuş heyətinin rəhbəri, yəni hava gəmisinin kapitanı tərəfindən hava gəmisinin idarə edilməsi və ya iştirakı ilə bağlı müvafiq göstərişlərin və komandaları yerinə yetirir. Göstərilənlər nəzərə alınaraq hesab edilmişdir ki, bort operatorlar tərəfindən həyata keçirilən işlərin mürəkkəbliyi və bununla bağlı məsuliyyət, onun fəaliyyəti ilə bağlı mövcud yüksək milli və beynəlxalq tələblər, hava gəmilərinin idarə edilməsində iştirak edilməsi məsələləri bu işçinin uçuş heyətinin üzvü kimi tanınmasını birmənalı təsbit edir. Nəhayət, "xxxx" MMC-dən əldə edilmiş uçuş istismarı təlimatın 4.1.3-cü bəndində də göstərilmişdir ki, uçuş heyəti üzvlərinə aşağıdakı şəxslər daxildirlər - pilotlar, şturman, bort mühəndis, bortradist və bort operatorlar. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə həm də etimad hüququnun tələbləri baxımından da qiymət verilməlidir. Bununla bağlı qeyd etmək lazımdır ki, qüvvədə olan əlverişli inzibati aktın, yəni şəxsin əmək pensiyasının təyin edilməsi barədə qərarın ləğv edilməsi onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməli, icraat çərçivəsində pensiyanın düzgün təyin edilib-edilməməsini və bunun səbəblərini müəyyən etməli, təzələnmiş icraatın nəticəsi kimi yeni qərar qəbul edərkən həm də etimad hüququnun qorunması prinsipinin tələblərini, xüsusən də “İnzibati icraat haqqında” Qanunun 67.5-67.13-cü maddələrinin müddəalarını nəzərə almaqla davranmalıdır. Hazırkı işdə inzibati orqan mübahisələndirilən qərarı qəbul edərkən, yəni iddiaçıya əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2007-ci il tarixli qərarı ləğv edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddəalarına da riayət etməmişdir. Həmin normaya görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən halların məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Bu mənada, hazırkı iş üzrə “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hal mövcud olmadığından, cavabdeh qanunsuz olduğunu iddia etdiyi əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2007-ci il tarixli qərarı yalnız həmin qərarın ləğv olunmasını şərtləndirən halların ona məlum olduğu gündən 1 il ərzində ləğv etmək hüququna malikdir. Cavabdeh müddətlə bağlı şərtə riayət etməmiş, xx.xx.2007-ci il tarixli qərarı 15 ildən artqı bir müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixli qərarla ləğv etmişdir. Nəzərə almaq lazımdır ki, keçən 15 il müddət ərzində cavabdehin qanunsuz olduğunu iddia etdiyi inzibati aktın ləğv olunmasını şərtləndirən hallar barədə məlumatlı olmaması inandırıcı və ağlabatan görünmür, eləcə də səmərəli idarəçilik anlayışı ilə uzlaşmır. Xüsusən ona görə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı 24 iyul 2017ci il tarixdə DSMF-nin Sabunçu şöbəsinə ərizə ilə müraciət edərək təqdim etdiyi sənədlərə əsasən pensiyasının yenidən hesablanasına dair sərəncam verilməsini xahiş etmişdir. Bununla bağlı, DSMF-nin Sabunçu şöbəsi tərəfindən onun pensiyasının yenidən hesablanmasına dair müraciətinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada icra edilməsinə dair göstəriş verilmiş, bundan sonra cavabdeh iddiaçının pensiyasının məbləğini yenidən hesablamışdır. Beləliklə, ən azından həmin vaxt cavabdeh iddiaçıya əmək pensiyasının təyin edilməsinə dair xx.xx.2007-ci il tarixli qərarın ləğv olunmasını şərtləndirən hallar barədə məlumatlı olmaq imkanına malik olmuşdur, yaxud malik olmalı idi. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın qeyd edilənlərə əsasən pensiyanın yenidən hesablanması nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması haqqında qərar ləğv olunmalıdır. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrinə rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********7 saylı qərarı ləğv edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-11114/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11114/2024
10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver