Məhkəmə qərarları › İş №2-1(112)-11114/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11114/2025

23.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11114/2025 23.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı bağ sahəsinə dair icarə müqaviləsinin bağlanması barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən, hazırda cavabdehin tabeliyində olan “X3 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin balansında olan bağ sahəsinin 1987-ci ildə “Kirovneft” Neft-Qaz Çıxarma İdarəsinin (sonradan “X16”) Mənzil Kommunal Kontoru tərəfindən ona icarəyə verilmiş hissəsinə onunla icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən, 1988-ci ilədək “Kirovneft” Neft-Qaz Çıxarma İdarəsinin işçisi kimi həmin İdarənin Mənzil Kommunal Kontorunun balansında olan və həmin dövrdə sağlamlıq mərkəzi adlandırılan bağ sahələrindən birini 1987-ci ildə o dövrdəki qanunlar çərçivəsində icarəyə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq 1992-ci ilin fevral ayının sonuna kimi yay mövsümündə ailəvi orada yaşamaqla icarə haqqını, kommunal ödənişləri vermişdir. Bütün bunlardan əlavə icarəyə götürəndən sonra təmir-bərpa işləri apararaq xeyli xərc çəkmişdir. Çünki, hələ 1985-i ildən bina qəzalı vəziyyətə düşmüdür və yaşamq üçün təhlükəli idi. 1992-ci ilin fevral ayının 26-da baş vermiş Xocalı hadisələri ilə bağlı qaçqın düşmüş 4 ailəyə yardım göstərmək, onları ailəli uyğun yerə yerləşdirmək, müvəqqəti məskunlaşdırılmasına yardım göstərmək barədə rayon rəhbərliyi tərəfindən NQÇİ-nin rəhbərliyinə göstəriş verilmişdir. Bununla əlaqədar qaçqın düşmüş və problemlərinin həlli onlara həvalə edilmiş 4 ailənin iş qabiliyyətli üzvlərini işlə təmin etmişlər və onun qanuni istifadəsində olan bağ sahəsini müvəqqəti yaşaması üçün həmin ailələrdən birinə vermişdir. Həmin ailənin Səttar adlı başçısı ilə mütəmadi əlaqə saxlamış və torpaqların azad edilməsi uzun müddət aldığından onun çıxmasını tələb etməmişdir. Sonuncu dəfə ora gedəndə bəlli olmuşdur ki, bağ evi uçduğuna görə Səttar və ailə üzvlərinə Pirşağı qəsəbəsində ayrı ev verilmiş, uçub dağılmış ev və içərisindəki əmlakı, o cümlədən sənədləri məhv olmuşdur. Qalıqlar içərisində sənədlərini müşahidə edə bilməmişdir. O da, məlum olmuşdur ki, “Binəqədi” NQÇİ-nin Mənzil Kommunal Kontorunun balansındakı əmlaklar əvvəlcə AR DNŞ-nin “Sosial İnkişaf İdarəsinin”, daha sonra isə 2012-ci ildən Əmlak Komitəsinin balansına verilmişdir. Odur ki, bağladığı icarə müqaviləsinin əslinin ona verilməsinə yardım edilməsinə, əgər müqavilənin əsli tapılmazsa mövcud icarə müqaviləsinin şərtləri daxilində yeni müqaviləsi bağlanması xahişi ilə cavabdehə müraciət etmişdir. Əlində rəsmi müqavilə olmadığından yenidən xərc çəkib bağ evini bərpa edə bilmir. Qeyd etdiyi faktlar “Binəqədi” NQÇİ-nin sabiq əməkdaşları X1, X5, X8 tərtib etdiyi akt, yuxarıda göstərilən evdə yaşamış qaçqın X9, təmir ustası X2 məlumatları ilə təsdiq edilir və bu şəxslər məhkəmədə həqiqəti söyləməyə hazırdırlar. Cavabdeh isə ona ünvanladığı 21 aprel 2025-ci il tarixli məktubunda müqavilənin arxivdə tapılmamasını əsas gətirərək icarə müqaviləsi bağlanılmasından imtina edir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən, hazırda cavabdehin tabeliyində olan “X3 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin balansında olan bağ sahəsinin 1987-ci ildə “Kirovneft” Neft-Qaz Çıxarma İdarəsinin (sonradan “X16”) Mənzil Kommunal Kontoru tərəfindən ona icarəyə verilmiş hissəsinə onunla icarə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən, 1992-ci ilədək keçmiş Binəqədi Neft NQÇİ-nin Sosial İnkişaf İdarəsinə məxsus olmuş, icarə müqaviləsi əsasında istifadəsində olmuş və Xocalıdan olan qaçqın ailəsinin məskunlaşdığı sağlamlıq mərkəzinə dair bağlanılmış icarə müqaviləsinin yenilənməsi, icarə müqaviləsi tapılmazsa mövcud icarə müqaviləsi şərtləri daxilində onunla yeni müqavilə bağlanmasına köməklik göstərilməsi barədə xx.xx.2025-ci il tarixli müraciətinə Əmlak Məsələləri Dövlət Xidmətinin 3-21-3/2-Ə-0753-8/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla cavab verilərək iddiaçının müraciətində qeyd olunan sahəyə dair onunla bağlanılmış icarə müqaviləsinin Xidmətin arxivində aşkar edilmədiyi, eyni zamanda qeyd olunan ünvanda yerləşən, Xidmətin tabeliyindəki “X6 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin balansında olan əmlak kompleksinin və onun yerləşdiyi torpaq sahəsinin “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq sənədləşdirilməsinin nəzərdə tutulduğu bildirilmişdir. İddiaçı “Kirovneft” Neft-qaz çıxarma İdarəsinin Mənzil Kommunal Kontoru tərəfindən sağlamlıq mərkəzi adlanan bağ sahələrindən birinin ona icarəyə verildiyini iddia etsə də, bunu təsdiq edən icarə müqaviləsini məhkəməyə təqdim edə bilməmişdir. Bununla iddiaçı onunla iddianın predmeti olan əmlaka dair həqiqətən də icarə müqaviləsinin bağlanılıb-bağlanılmamasını, bağlanılmışdırsa hansı şərtlərlə və hansı müddətə bağlanılmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Bildirirlər ki, qeyd olunan əmlak kompleksi kimi müəssisə və onun yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2014-cü il tarixli məktubu ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilmişdir. Komitənin tabeliyində olmuş İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin (hazırda Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “X4 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin) 316 nömrəli, xx.xx.2014-cü il tarixli əmri ilə həmin əmlak Mərkəzin sərəncamına qəbul edilmişdir. Sözügedən qeyri-yaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilərkən, həmin əmlakın iddiaçınn icarəsində olmasına dair hər hansı sənəd və ya məlumat təqdim edilməmişdir. Beləliklə, iddiaçının mübahisəli əmlak üzərində icarə hüququnun mövcud olmasına dair hər hansı sübut mövcud deyildir. Bundan əlavə bildirilmişdir ki, iddiaçının tələbi mülki qanunvericiliyə uyğun deyildir. Belə ki, mülki qanunvericiliyə əsasən fiziki və hüquqi şəxslər müqavilə bağlamaqda azaddırlar və qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla hər hansı şəxsi müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Yuxarıda istinad olunan qanunvericilik normalarına əsasən mülki hüququn subyektləri müqavilələr, o cümlədən özlərinə məxsus əmlaklar barədə müqavilələr bağlamaqda sərbəstdirlər və onlar müqavilə bağlamağa məcbur edilə bilməzlər. Bu səbəbdən, iddiaçının onunla alqı-satqı müqaviləsi bağlanılmasına Əmlak Məsələləri Dövlət Xidmətinin məcbur edilməsi barədə tələbi əsassızdır. Eyni zamanda, iddiaçının onun icarəsinə verilməsini tələb etdiyi ərazidə məcburi köçkün və qaçqın ailələri məskunlaşmışdır. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli 298 nömrəli Sərəncamına əsasən məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədi ilə yeni qəsəbələrə və evlərə köçürülənədək, mülkiyyətindən asılı olmayaraq, 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən istifadə hüquqları müdafiə olunur. Beləliklə, məcburi köçkünlərin məskunlaşdığı obyektlərin icarəyə verilməsi və ya özəlləşdirilməsi, həmin obyektlərdə və onların yerləşdiyi ərazidə məskunlamış ailələrin köçürülməsindən və obyektin tam boşaldılmasından sonra həyata keçirilə bilər. Şərh edilənlərdən göründüyü kimi, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə işdə iştirak edən cavabdehin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı hazırki işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki: - Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən 21 aprel 2025-ci il tarixli, 3-21-3/2-Ə-0753-8/2025 nömrəli məktubla imtina edilmişdir. - Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən verilmiş 07 avqust 2025-ci il tarixli, 3-21-3/2-34872/2025 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən torpaq sahəsinin İddiaçı adına hüquqi qeydiyyatdan keçməsinə dair məlumat aşkar edilməmişdir. - Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən verilmiş 17 sentyabr 2025-ci il tarixli, 3-21-3/2-15703/2025 nömrəli məktubla bildirilmişdir ki, “Kirovneft” Neft-qazçıxarma İdarəsinin Mənzil Kommunal Kontoru tərəfindən sağlamlıq mərkəzi adlanan bağ sahələrinin hər hansı birinin İddiaçı icarəyə verilməsinə dair Xidmətdə sənədlər mövcud deyil. Eyni zamanda bildirilmişdir ki, Dövlət Neft Şirkətinin xx.xx.2014-cü il tarixli, AR DNŞ/14-1000/10/ƏF-05-000057 nömrəli məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivi ünvanında yerləşən “Delfin” Uşaq düşərgəsinin inzibati binası xx.xx.2014-cü il tarixli, 316 nömrəli əmri ilə Xidmətin tabeliyində “X4 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin balansına qəbul edilmişdir və müvafiq sənədlərin surətləri təqdim edilmişdir Beləliklə məhkəmə araşdırması zaman müəyyən edilmişdir ki, iddiaçı Binəqədi Neft NQÇİ-nin Sosial İnkişaf İdarəsinə məxsus olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən bağ sahəsinin ona icarə müqaviləsi əsasında ayrıldığını, onun istifadəsində olduğunu, lakin, Xocalıdan olan məcburi köçkün ailələrinin məskunlaşması səbəbindən hazırda istifadəsində olmadığını, həmin məcburi köçkün ailəsinin artıq sözügedən bağ sahəsində yaşamadığını bildirərək sözügedən bağ sahəsinə dair onun yeni icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etsə də, məhkəmə araşdırması zamanı iddiaçının adına sözügedən bağ sahəsinə dair icarə müqaviləsinin bağlanmasıi lə bağlı hər hansı sübut aşkar edilməmişdir. Sözügedən bağ sahəsi Dövlət Neft Şirkətinin xx.xx.2014-cü il tarixli, AR DNŞ/14-1000/10/ƏF-05-000057 nömrəli məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivi ünvanında yerləşən “Delfin” Uşaq düşərgəsinin inzibati binası xx.xx.2014-cü il tarixli, 316 nömrəli əmri ilə Xidmətin tabeliyində “X4 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin balansına qəbul edilməklə hazırda dövlət mülkiyyətindədir. Yəni, cavabdeh həmin əmlak üzərində ona sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmaqla mülkiyyət hüququna malikdir və bu hüquq qanunla qorunur. Mübahisəli torpaq sahəsi dövlət müliyyəti olduğundan cavabdeh inzibati orqan iddiaçı qarşısında mübahisəəndirilən torpaq sahəsinin ona satılması və ya icarəsinə verilməsi ilə bağlı öhdəlik daşımır və bu onun hüququdur. İddiaçının arzuladığı tələbə uyğun inzibati aktın qəbulu ilə bağlı vəzifəsinin cavabdehin üzərinə qoyulması onun hüquqlarına birbaşa müdaxilə hesab olunur. Belə olduqda isə, cavabdehin həmin əmlaka dair icarə müqaviləsinin bağlanılmasından imtina etməsi iddiaçının hüquqlarını pozmur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbləri baxımından əsaslandırılmış iddia tələbi kimi qəbul edilməsi və onun hazırki iddia tələbini irəli sürməsi ilə bağlı subyektiv hüququ istisna edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddidanın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. X11: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı, ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar