Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11115/2024 27.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, X7 Əmir oğlunun sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş idarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: "X10 Company" MMC (Əvvəlki adı ilə "X3" MMC) ilə "xxxx" MMC arasında tikinti malın (şebel, qravij) satışı ilə bağlı xx.xx.2022-ci il tarixli müqavilə bağlanmış, müqavilə qiyməti - malın dəyəri 102036.0 manat müəyyənləşdirilmiş, ona uyğun ƏDV-si 18366.48 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə "X3" MMC-nin (hazırki "X10 Company" MMC) riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********466600 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2023-cü ilin iyul ayı üzrə əlavə dəyər vergisi üzrə 18.366.48 manat əlavə vergi hesablanmışdır. Bakı Şəhəri Lokal Gəlirlər Baş idarəsi xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********466600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərar ilə vergi ödəyicisinə 2023-cü ilin iyul ayı üzrə 18366.48 manat əlavə dəyər vergisi hesablanmışdır. Lakin iddiaçı tərəfindən qeyd edilən dövr üzrə xx.xx.2024-cü il tarixdə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-56482/2024 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2023-cü ilin iyul ayı üzrə əlavə dəyər vergisi üzrə 18.366.48 manat əlavə vergi hesablanmışdır. İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavbdehin iyul 2023 ƏDV vergisi üzrə xx.xx.2023-cü il tarixli, **********466600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi (vəkili) “Cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş 2023 iyul ƏDV dövrü üzrə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-56482/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsinə dair müvafiq qərar qəbul edlməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli 2-1(112)-11115/2024 saylı qərardad ilə iddiaçının nümayəndəsinin (vəkili) “Cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş 2023 iyul ƏDV dövrü üzrə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-56482/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsinə dair müvafiq qərar qəbul edlməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən qəbul edilmiş iyul 2023 ƏDV vergisi üzrə xx.xx.2023-cü il tarixli, **********466600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ilə müəssisəyə 18366.48 manat, əlavə vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış vergi məbləğləri əsassız olaraq hesablanmışdır. Belə ki, qəbul edilmiş qərarın əsası olaraq kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı Cəmiyyət tərəfindən 2022-ci ilin aprel ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBV seriyalı, 315505 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdiriİməyə əsas vermədiyi müəyyən edilmişdir. Qeyd edilən elektron qaimə-faktura üzrə 18 366.48 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq, 2023- cü ilin iyun ayı üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması kənarlaşmanın yaranmasına səbəb olması qeyd edilmişdir. İddiaçı tərəfindən vergi orqanına bu barədə dəfələrlə şikayət və məktublar ilə müraciət edilməsinə baxmayaraq, vergi orqnaı tərəfindən şikayətlərə məhəl qoyulmamışdır. İnzibati qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilməsinə baxmayaraq, 28 noyabr 2023-cü il tarixli **********066200 saylı inzibati şikayətin təmin edilməməsi haqqında qərara əsasən tələb təmin edilməmişdir. "X3" MMC-dən xx.xx.2022 tarixli 04/22 nömrəli müqavilə və xx.xx.2022 tarixli EBBV 315505 nömrəli e-qaimə əsasında alınmış xidmətlər (sərf olunan materiallar), şirkətimiz və sifarişçi (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)) arasında olan xx.xx.2021-ci il tarixli MCL-X 01/1021 nömrəli müqavilə və onun ayrılmaz hissəsi olan smetanın 3-cü bəndində, xx.xx.2021-ci il tarixli MCL-X 02/1021 nömrəli müqavilə və onun ayrılmaz hissəsi olan smetanın 3-cü, 5-ci və 8-ci bəndlərdə, xx.xx.2022-ci il tarixli MCL-X 03-0322 nömrəli müqavilə və onun ayrılmaz hissəsi olan smetanın meydança N1 və N2 də 24-cü bəndlərdə qeyd olunmuş işlərə aiddir. Həmçinin, “X3” MMC (VÖEN: **********) ilə müqavilə bağlamamışdan öncə Dövlət Vergi Xidmətinin taxes.gov.az portalında riskli vergi ödəyicisi olmadığını yoxlayaraq və ona istinad olaraq “X3” MMC (VÖEN: **********) və "xxxx" MMC arasında 10 yanvar 2022-ci il tarixdə müqavilə bağlanmışdır. Bu müqavilə əsasında xx.xx.2022-ci il tarixdə mallar təhvil alınaraq təhvil-təslim aktı tərtib olunmuş və xx.xx.2022-ci il tarixdə EBBV315505 nömrəli elektron qaimə alınaraq eyni gündə 102 036.00 AZN məbləğində cari hesabdan, 18 366.48 AZN məbləğ isə ƏDV depozit hesabından köçürmə olunmuşdur. xx.xx.2023-cü il tarixində Dövlət Vergi Xidmətinin xəbərdarlıq məktubunda bildirilib ki, bu vergi ödəyicisi xx.xx.2023-cü il tarixli **********958900 nömrəli qərara əsasən riskli vergi ödəyicisi ehtimal edilir. Lakin iddiaçı “X3” MMC ilə əməliyyat apardığı müddətdə sonuncu riskli vergi ödəyicisi olmamışdır. Yuxarıda qeyd edilənlər ilə bağlı iddiaçı tərəfindən vergi orqanına məlumat verilməsinə və əlaqəli sənədlər qoşma olaraq təqdim edilməsinə baxmayaraq vergi orqanı həmin halları nəzərə almaqdan yayınmışdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.1ci bəndinə əsasən bu Meyarlar Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir; 2.1.1-ci bəndinə əsasən, bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 3.1-ci bəndinə əsasən, vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur; 3.1.2-ci bəndinə əsasən, vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) əməliyyatlar riskli əməliyyat hesab olunur. Vergi Məcəlləsinin: 13.2.69-cu maddəsinə əsasən, vergi üstünlüyü - vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma, 13.2.70-ci maddəsinə əsasən, vergidən yayınma sxemi-vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat, 13.2.71-ci maddəsinə əsasən, vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisivergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri, 3.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Belə ki, "X10 Company" MMC (Əvvəlki adı ilə "X3" MMC) (VÖEN: **********) tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixləri aralığında e-qaimə fakturalar əsasında 14842326,69 manat dəyərində təqdim edilmiş daş materialı, qırmadaş, qum, çınqıl, atsep, ballans və s. mallar, MMC-nin alışında (və ya idxalında) müəyyən edilməmişdir. Vergi ödəyicisinin ünvan 1i ünvanında X2 (VÖEN **********) icarəyə götürülmüş karxanası mövcud olsa da, X6 X1 əldə edilmiş məktuba (**********811500) əsasən, Agentlik tərəfindən "X3" MMC-yə yer təkindən istafadəyə icazə sənədi ("Dağ-mədən ayırması Aktı”) verilmədiyi bildirilmişdir. Həmçinin, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən yerin təkindən istifadə hüququ verən icazənin sahibi icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. Yuxarıda qeyd olunan məktubda X2 icarəyə götürülmüş Zaqatala rayonu ərazisində yerləşən "Talaçay” qum-çınqıl yatağında 2022-ci il üzrə 6786 kub.m faydalı qazıntı hasilatı aparıldığı bildirilmiş, xx.xx.2023-cü il tarixə həmin yatağın ehtiyatının 133214 kub.m olduğu bildirilmişdir. Qeyd olunanlara əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 10365097,5 manat dəyərində mallar artıq həcmdə təqdim edildiyi üçün aparılmış əməliyyatın riskli hesab edilməsi barədə bildiriş göndərilmiş, aparılmış əməliyyatların qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinin və riskli halların nümayəndənin iştirakı ilə yenidən araşdırılması üçün aparılmış əməliyyatlar barədə məlumatların və təsdiqedici sənədlərin lazımi qaydada təsdiq edilmiş surətlərinin vergi orqanına təqdim edilməsi, əks halda aparılan əməliyyatlara uyğun olaraq qanunamüvafiq qərar qəbul olunacağı bildirilmişdir. Vergi ödəyicisi tərəfindən qeyd olunan məsələ ilə əlaqədar vergi orqanına əsaslı sənədlər təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən müvafiq araşdırmalar apararaq, xx.xx.2022-xx.xx.2023-cü il tarixi aralığında aparılmış 14842326,69 manat dəyərində "Daş materialı, qırmadaş, qum, çınqıl, atsep, ballans və s." malların satışının həyata keçirildiyi, həmin malların 4477229.19 manat hissəsinin alışının müəyyən edildiyi, qalan 10365097,5 manat dəyərində malların isə alış sənədinin olmadığı müəyyən edildiyi üçün aparılmış əməliyyat riskli hesab edilmişdir. Aparılmış araşdırma zamanı "xxxx" MMC tərəfindən əmtəəsiz əməliyyatlar çərçivəsində ƏDV bəyannaməsində (04.2022 ) əvəzləşmə üçün təqdim edilmiş EBBV seriyalı 315505 nömrəli elektron qaimə-faktura üzrə "X10 Company" MMC (Əvvəlki adı ilə "X3" MMC) ilə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 18366.48 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq, cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,00 manat olması nəticəsində 18366.48 manat kənarlaşma yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********295000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2023-cü ilin iyul ayı ƏDV bəyannaməsi üzrə 18 366.48 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********714800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən, əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Tərəflərin iştirakı və izahatları: Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia mümkündür. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********466600 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2023-cü ilin iyul ayı üzrə əlavə dəyər vergisi üzrə 18.366.48 manat əlavə vergi hesablanmışdır. Sonradan vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş, iddiaçıya “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-56482/2024 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2023-cü ilin iyul ayı üzrə əlavə dəyər vergisi üzrə 18.366.48 manat əlavə vergi hesablanmışdır. Mübahisənin yaranmasının səbəbi "xxxx" MMC ilə "X10 Company" MMC (Əvvəlki adı ilə "X3" MMC) arasında aparılmış qarşılıqlı əməliyyatlar zamanı alınmış malların nəzərə alınmamasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. İş materiallarında olan sənədlərdən (müqavilələrdən, üzləşmə, təhvil-təslim aktlarından, ödəniş sənədindən, elektron qaimədən, qərardan, kommersiya qurumlarının dövlət reyestrinə daxil edilən məlumatdan və s.) görünür ki, Azərbaycan Futbol Federasiyaları Assosiyası ilə "xxxx" MMC arasında Şəki şəhəri 8 saylı məktəbin həyətində süni ot örtüklü meydançanın qurulması və PVC oturacaqlarının quraşdırılması ilə bağlı xx.xx.2021-ci il tarixli; İsmayıllı rayonunda süni ot örtüklü mini meydançanın asfalt-beton əsasının və metal qoruyucu hasarın tikintisi işləri ilə bağlı xx.xx.2021-ci il tarixli; Gəncə şəhər stadionu ərazisində 2 ədəd təbii ot örtüklü futbol meydançasının istinad divarının, metal tor setkadan hasarının və ot örtüyü əsasının hazırlanması işlərinin aparılması ilə bağlı xx.xx.2022-ci il tarixli müqavilələr bağlanmış, görülümüş işlər təhvil verilmişdir. "X10 Company" MMC (Əvvəlki adı ilə "X3" MMC) ilə "xxxx" MMC arasında tikinti malın (şebel, qravij) satışı ilə bağlı xx.xx.2022-ci il tarixli müqavilə bağlanmış, müqavilə qiyməti - malın dəyəri 102036.0 manat müəyyənləşdirilmiş, ona uyğun ƏDV-si 18366.48 manat müəyyən edilmiş, satılmış mallar təhvil verilmiş, malın dəyəri (ƏDV-si ilə birlikdə) ödənilmiş, aparılmış əməliyyat ilə bağlı elektron qaimə verilmiş, sonradan xx.xx.2023-cü il tarixdə "X3" MMC-nin (hazırki "X10 Company" MMC) riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmişdir. "xxxx" MMC ilə "X10 Company" MMC (Əvvəlki adı ilə "X3" MMC) arasında aparılmış qarşılıqlı əməliyyat Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamışdır. Vergi Məcəlləsindən: 13.2.82. riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV ... 175.11. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İlk öncə qeyd edilməlidir ki, iddiaçı riskli vergi ödəyicisi hesab edilən "X3" MMC (hazırki "X10 Company" MMC) ilə apardığı əməliyyata görə xx.xx.2022-ci il tarixdə EBBV 315505 nömrəli elektron qaimə verilmişdir. Lakin vergi ödəyicisi “X3” MMC barəsində xx.xx.2023-cü il tarixdə “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar həmin əməliyyatlar apardıqdan ən azı 1 il sonra riskli vergi ödəyicisi hesab edilmişdir. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən “riskli vergi ödəyicisi” anlayışı daxil edilmişdir. Belə ki, həmin tarixdən Məcəlləyə daxil edilən 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Qanunvericilik “əmtəəsiz əməliyyat” termininə Məcəllədə hüquqi izah versə də (əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” termininə Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən isə əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Yuxarıda qeyd edildiyi kimi, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının alışında (və ya idxalında) məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Vergi Məcəlləsinin 16-cı maddəsi vergi ödəyicisinin vəzifələrini təsbit etmiş, həmin vəzifələrin arasında (iddiaçının qarşılıqlı əlaqədə olduğu dövrdə) malların alınması zamanı satıcının idxalında və ya onun tərəfindən rəsmi qaydada həmin malların alınmasının araşdırılması göstərilməmiş, o cümlədən rəsmi qaydada alış sənədləri olmayan satıcıdan malların alınmasını qadağan edən də hər hansı imperativ norma mövcud deyildir. Cavabdeh vergi orqanı iddiaçıya ƏDV hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şirkətin (mal aldığı şəxsin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatda həqiqətən malların təqdim edilməsinin baş tutub-tutmaması ilə bağlı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 56482/2024 saylı qərar ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X8
Məhkəmə qərarları › İş №2-1(112)-11115/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11115/2024
27.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver