Məhkəmə qərarları › İş №2-1(112)-11115/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11115/2025

02.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11115/2025 02.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçılar İddiaçı1 və Qanuni nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, X2, X3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin qoyulmasına dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçılar İddiaçı1, X8, X9 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ümumi fərdi yaşayış evi üzrə qeydiyyata alınması ilə bağlı cavabdeh orqanın üzərinə öhdəlik quyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X4 ilə X10 arasında xx.xx.2025-ci il tarixdə Alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1.-ci bəndinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsinin 719/1 nömrəli. xx.xx.2007-ci il tarixli qərarına əsasən X1 bələdiyyəsi ərazisində yerləşən, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 160 kv.m torpaq sahəsinin və üzərindəki tikilini xx.xx.2025-ci il tarixədək özəlləşdirməyi, bununla bağlı Abdurrahmanova Afaq ilə alqı-satqı müqaviləsi bağlamağı öz öhdəsinə götürmüşdür. Nəticədə, ünvan 1 ünvanında yerləşən ev özgəninkiləşdirilərək Abdurrahmanova Afaqın mülkiyyətinə keçmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanı üzrə qeydiyyata alınmaları ilə bağlı iddiaçı X4 və digər iddiaçılar - əri Qanuni nümayəndə, oğlu X5 və oğlu X6 adından Binəqədi Rayon Polis İdarəsinə müraciət edilmişdir. xx.xx.2025-ci il tarixli məktubla müraciətlərin təmin edilməsindən imtina edilmişdir. İddiaçılar hesab edir ki, inzibati orqan tərəfindən qəbul edilmiş akt əsassız olmaqla subyektiv hüquqları pozduğu üçün ləğv edilməlidir.

3. Cavabdeh tərəfindən iddiaçılara ünvanlanmış məktublarda qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş ‘'Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd: (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir. Əks təqdirdə, müraciətlə bağlı qeydiyyata alınma mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsi məqsədəmüvafiqdir.

4. Reyestrdə 3M-798 nömrə ilə qeyd olunan xx.xx.2025-ci il tarixli İlkin alqı-satqı müqaviləsinə əsasən X10 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsinin 7191 nömrəli xx.xx.2007-ci il tarixində verilmiş qərara əsasən satıcı X7 Binəqədi bələdiyyəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 160 kv.m torpaq sahəsini və üzərindəki tikilini alıcı İddiaçı1 satılmasl barədə gələcəkdə alqı-satqı müqaviləsinə dair razılığa gəlmişdirlər.

5. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia tələbinin təmin edilməsi xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

6. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

7. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi xx.xx.2024-cü il tarixli cavabında qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

8. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

9. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

10. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

11. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir.

12. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

13. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir.

14. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.

15. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının qeydiyyata alınmağı tələb etdiyi mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyildir. Belə ki, mübahisələndirilən mənzilə dair İddiaçı1 və X10 arasında xx.xx.2025-ci il tarixli ilkin-alqı satqı müqaviləsi bağlanılmışdır. İlkin alqı-satqı müqaviləsində Binəqədi bələdiyyəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 160 kv.m torpaq sahəsinin və üzərindəki tikilinin X7 Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 7191 nömrəli xx.xx.2007ci il tarixli qərarı ilə ayrıldığı qeyd olunsa, mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməmişdir. Faktiki olaraq tərəflər arasındakı ilkin alqı-satqı müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış mənzilə dair bağlanılmışdır.

16. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının qeydiyyata alınmağı tələb etdikləri evin ünvan göstəricisi yoxdur və həmin fərdi yaşayış evi ilə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılıqlarının (əlaqənin) mövcudluğu müəyyən olunmur.

17. Lakin məhkəmə müəyyən edir ki, iddiaçılar faktiki olaraq Binəqədi rayonun inzibati ərazisində qeydiyyatsız yaşayır. Belə ki, şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məqsədilə qeydiyyatı zəruridir. Şəxsiyyət vəsiqəsinin deaktiv statusu vətəndaşın dövlət və cəmiyyət qarşısında qeyd edilən vəzifələrini icra etməsi və ya konstitusion hüquqlarını həyata keçirmə imkanını mümkünsüz edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamında qeyd edilir ki, yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Odur ki, iddiaçının polisin inzibati binasında qeydiyyata alınmaları üçün müraciət etmək hüququ vardır.

18. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

19. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası qanunsuz deyil, bu səbəbdən iddia təmin edilməməlidir.

20. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar