Məhkəmə qərarları › İş №2-1(112)-11124/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11124/2024

12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11124/2024 12.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun SosialÖdənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının Füzuli rayon Şükürbəyli kənd orta məktəbdə işlədiyi xx.xx.1980-ci il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1992-ci ildən xx.xx.1993-cü il tarixədək və Füzuli rayon 19 saylı məktəbdə xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi dövrləri sığorta stajına daxil edilməsi və pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1959-cu il tarixdə anadan olmuşdur. 1980-ci ildə X2 institutu bitirdikdən sonra Füzuli rayon Təhsil Şöbəsinin 15. 08.1980-ci il tarixli, 32 nömrəli əmrinə əsasən Füzuli şəhər 2 nömrəli qiyabi orta məktəbinə və Füzuli rayon Şükürbəyli kənd orta məktəbinə ixtisası üzrə (riyaziyyat) müəllimi təyin edilmişdir. Füzuli rayonu 1993-cü ildə işğal olunduqdan Füzuli rayon Təhsil Şöbəsinin xx.xx.1993-cü il tarixli, 09 nömrəli əmri ilə Füzuli rayonunun işğalı ilə əlaqədar olaraq məcburi köçkün statusu daşıyan şagirdlər üçün təşkil edilmiş Füzuli rayonu 19 nömrəli orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini, eyni zamanda ixtisası üzrə müəllim təyin edilmişdir. Füzuli rayon Təhsil Şöbəsinin 02. 09. 2002-ci il tarixli, 3 nömrəli əmrinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Lakin iddiaçıya 14. 01. 2024-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilərkən Füzuli rayon Şükürbəyli kənd orta məktəbdə işlədiyi 15. 08. 1980-ci il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1992- ci ildən xx.xx.1993-cü il tarixədək və Füzuli rayon 19 saylı məktəbdə xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi dövrləri sığorta stajına daxil edilməmişdir. Həmin dövrlərdə işləməsi barədə cavabdehə sənədlər təqdim edilsə də, cavabdeh bunları nəzərə almamışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası tam əsassız və qanunsuzdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin İddiaçı təqdim etdiyi sənədlərə baxiş keçirilərkən onun xx.xx.1980-xx.xx.1993-cü illər ərzində Füzuli şəhər 2 nömrəli qiyabi orta məktəbində və Füzuli rayonu Şükürbəyli kənd orta məktəbində, xx.xx.1993-xx.xx.1996-cı illər ərzində Fizuli rayonu 19 nömrəli orta məktəbdə işlədiyinə dair heç bir sənəd tapılmadığından pensiyanın yenidən hesablanması zamanı sözügedən dövrlər nəzərə alınmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddələrin məzmunundan da göründüyü kimi şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmən dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1- ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə və tələbin dəqiqləşdirilməsinə dair ərizədə göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. A-İ № 003411 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1976-1980-ci illərdə “riyaziyyat” ixtisası üzrə Y.Məmmədəliyev adına X3 İnstitutunda təhsil almışdır. Əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1980-ci il tarixdə Füzuli şəhər 2 nömrəli qiyabi orta məktəbinə və Füzuli rayonu Şükürbəyli kənd orta məktəbinə ixtisası üzrə (riyaziyyat) müəllim təyin edilmiş, xx.xx.1993-cü il tarixdə Füzuli rayonu 19 nömrəli orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini, eyni zamanda ixtisası üzrə müəllim təyin edilmiş və xx.xx.2002-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.2002-ci il tarixdə S.Həsənov adına 63 saylı orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmiş və xx.xx.2022-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.2022-ci il tarixdə 53 nömrəli orta məktəbə riyaziyyat müəllimi təyin edilmiş və xx.xx.2024-cü il tarixdə onun əmək müqaviləsinə xitam verilmişdir. Füzuli rayon Təhsil Şöbəsinin xx.xx.1980-ci il tarixli, 32 nömrəli əmrindən görünür ki, iddiaçı Azərbaycan SSR Maarif Nazirliyinin 1980-cı il, 121 №-li vəsiqəsi ilə sərəncama gəlmiş ali təhsilli riyaziyyaat müəllimi ixtisası üzrə Füzuli şəhər 2 nömrəli qiyabi orta məktəbinə və Füzuli rayonu Şükürbəyli kənd orta məktəbinə təyin edilmişdir. Füzuli rayonu Şükürbəyli kənd orta məktəbi tərəfindən verilmiş 317 №-li, xx.xx.1987-ci il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1987-ci il tarixədək ixtisası üzrə müəllim işləmişdir. Füzuli rayonu Şükürbəyli kənd orta məktəbi tərəfindən verilmiş 353 №-li, xx.xx.1988-ci il tarixli arayışdan görünür ki, iddiaçı 1987-1988 tədris ilində Şükürbəyli kənd orta məktəbində ixtisası üzrə müəllim işləmişdir. Füzuli rayonu Şükürbəyli kənd orta məktəbi tərəfindən verilmiş 515 №-li, xx.xx.1991-ci il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Şükürbəyli kənd orta məktəbində ixtisası üzrə müəllim işləmişdir. Füzuli rayonu 19 nömrəli orta məktəbi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, 89 №-li arayışdan görünür ki, iddiaçı xx.xx.1993-cü il tarixdən fasiləsiz olaraq xx.xx.2002-ci ilə kimi Füzuli rayonu 19 nömrəli orta məktəbdə tədris işləri üzrə direktor müavini işləmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Regional Təhsil İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-29-38/2- 924/2024 nömrəli arayışdan görünür ki, iddiaçı Füzuli rayon Təhsil Şöbəsinin xx.xx.1980ci il tarixli, 32 nömrəli əmrinə əsasən Füzuli şəhər 2 nömrəli qiyabi orta məktəbinə və Füzuli rayonu Şükürbəyli kənd orta məktəbinə ixtisası üzrə (riyaziyyat) müəllim təyin edilmişdir. Füzuli rayon Təhsil Şöbəsinin xx.xx.1993-cü il tarixli, 09 nömrəli əmri ilə Füzuli rayonunun işğalı ilə əlaqədar olaraq məcburi köçkün statusu daşıyan şagirdlər üçün təşkil edilmiş Füzuli rayonu 19 nömrəli orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini, eyni zamanda ixtisası üzrə müəllim təyin edilmişdir. Füzuli rayon Təhsil Şöbəsinin xx.xx.2002-cı il tarixli, 3 nömrəli əmrinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh tərəfindən verilmiş imtina məktubundan görünür ki, iddiaçıın xx.xx.2024cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, yenidən hesablama zamanı onun pensiya məbləği dəyişməmişdir. Pensiyası qanunvericiliyə uyğun olaraq hesablanmışdır. Beləliklə, işin faktiki hallarından göründüyü kimi iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmiş, lakin onun xx.xx.1980-xx.xx.1993-cü illər ərzində Füzuli şəhər 2 nömrəli qiyabi orta məktəbində və Füzuli rayonu Şükürbəyli kənd orta məktəbində, xx.xx.1993-xx.xx.1996-cı illər ərzində isə Fizuli rayonu 19 nömrəli orta məktəbdə işlədiyi müddət onun sığorta stajına daxil olunmamışdır. İddiaçı hazırda həmin dövrlərin onun sığort stajına daxil edilməsi nəticəsinə nail olmaq istəyir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmiş və bu halı iddiaçının həmin dövrdə işləməsini təsdiq edən sənədlərin olmaması ilə əlaqələndirmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. -Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. -Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə cavabdehin imtina dəlillərinə münasibətdə qeyd edir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69.1-ci maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Normaların tələblərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. Məhkəmə cavabdehin imtinası ilə bağlı ilk növbədə bildirir ki, indiki halda cavabdeh inzibati orqan əmək kitabçasının mötəbərliyini şübhə altına alırsa, bu halı sübut etmək öhdəliyi məhz cavabdeh inzibati orqanın üzərinə düşür. Cavabdeh inzibati orqan isə əmək kitabçasında qeyd olunan xx.xx.1980-xx.xx.1993-cü illər ərzində Füzuli şəhər 2 nömrəli qiyabi orta məktəbində və Füzuli rayonu Şükürbəyli kənd orta məktəbində, xx.xx.1993xx.xx.1996-cı illər ərzində Fizuli rayonu 19 nömrəli orta məktəbdə işlədiyi müəssisəyə dair sənədlərin olmamasına istinad edərək həmin dövrləri sığorta stajına daxil etməmişdir. Ümumiyyətlə məhkəmənin mövqeyi o istiqamətdə formalaşmışdır ki, əmək haqqı cədvəllərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özüözlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. İddiaçının məsuliyyət sferasına aid olmadığı və təqsirkar davranışına bağlı olmadığı hallarda, onun əmək kitabçasında qeyd edilən iş stajının cavabdeh tərəfindən yoxlanılmasının bu və ya digər səbəbdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı olmayan hal kimi nəzərə alındıqda, onun hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Məhkəmə, iş üzrə tərəflərin təqdim etdiyi sübutları ətraflı araşdıraraq və müvafiq hüquqi tələbləri nəzərə alaraq, belə nəticəyə gəlir ki, cavabdeh iddiaçının mübahisəli dövrlərdə əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sənədlərin mövcud olmadığını əsas gətirsə də, bu yanaşma təqdim edilmiş sənədlərin mahiyyətinə və onların hüquqi qüvvəsinə kifayət qədər qiymət verilmədən formalaşdırılmışdır. İddiaçı tərəfindən təqdim olunmuş arayışlardan və əmrlərdən aydın şəkildə görünür ki, iddiaçı 15 avqust 1980-ci il tarixindən 31 may 1993-cü il tarixinədək Füzuli şəhəri 2 nömrəli qiyabi orta məktəbində və Füzuli rayonu Şükürbəyli kənd orta məktəbində, həmçinin 1 sentyabr 1993-cü il tarixindən 1 iyun 1996-cı il tarixinədək Füzuli rayonu 19 nömrəli orta məktəbində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu barədə əmrlər və digər rəsmi sənədlər təqdim edilmişdir. Eyni zamanda Məhkəmə qeyd edir ki, təqdim edilmiş sənədlərin əl yazma olması onların mötəbərliyini şübhə altına alacaq əsas kimi qiymətləndirilmir, çünki həmin dövrə aid sənədlərin əl yazma formada olması hüquq münasibətləri baxımından normal praktikadır. Həmin sənədlərdə göstərilən məlumatları Qarabağ Regional Təhsil İdarəsi kimi səlahiyyətli bir qurum tərəfindən təsdiqlənməsi də onların mötəbərliyini və hüquqi qüvvəsini gücləndirir. Məhkəmə həmçinin nəzərə alır ki, əmək fəaliyyətinin müəyyən dövrlər üzrə təsdiq edilməsi üçün təqdim olunan sənədlərin təsdiqlənməsi, sübutetmə yükünü iddiaçının xeyrinə dəyişdirən əsaslı amillərdən biridir. Belə olan halda, iddiaçının təqdim etdiyi sübutlar onun iddiasının hüquqi əsaslılığını və faktiki doğruluğunu təsdiq edir. Məhkəmə, iddiaçının təqdim etdiyi iddia ərizəsinin formal ifadə tərzindən irəli gələn texniki uyğunsuzluqları, o cümlədən sığorta stajına daxil edilməli olan dövrlərlə bağlı edilən səhvləri nəzərə alsa da, həmin ərizənin ümumi məzmununu, iddiaçının hüquqi maraqlarını və irəli sürülmüş tələbini dəyərləndirməklə, işin həqiqi hüquqi mahiyyətini müəyyən edir. Belə ki, iş materiallarından, xüsusən də iddiaçının təqdim etdiyi əmək kitabçasından görünür ki, o, 15 avqust 1980-ci il tarixindən 31 may 1993-cü il tarixinədək Füzuli şəhəri 2 nömrəli qiyabi orta məktəbində, Füzuli rayonu Şükürbəyli kənd orta məktəbində, həmçinin 1 sentyabr 1993-cü il tarixindən 1 iyun 1996-cı il tarixinədək Füzuli rayonu 19 nömrəli orta məktəbində əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının hazırkı hüquqi məqsədi, həmin dövrlərin onun sığorta stajına daxil edilməsindən ibarətdir. Məhkəmə, tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamaq şərti ilə iddianın əsl məzmununu və irəli sürülmüş tələbin həqiqi hüquqi mahiyyətini nəzərə almağa borcludur. Buna əsasən, məhkəmə müəyyən edir ki, iddiaçının əmək kitabçasında əks olunan dövrlər onun sığorta stajına daxil edilməli olan dövrlərdir və bu məsələyə dair irəli sürülmüş tələb hüquqi əsaslara malikdir. Bu səbəbdən, məhkəmə cavabdehin iddiaçı tərəfindən təqdim edilən sənədlərin mötəbərliyini şübhə altına almasını əsassız hesab edir və iddiaçının mövqeyinin təsdiq olunmasına yönəlmiş hüquqi nəticəni qəbul edərək hesab edir ki, iddiaçının 15 avqust 1980-ci il tarixindən 31 may 1993-cü il tarixinədək Füzuli şəhəri 2 nömrəli qiyabi orta məktəbində və Füzuli rayonu Şükürbəyli kənd orta məktəbində, həmçinin 1 sentyabr 1993-cü il tarixindən 1 iyun 1996-cı il tarixinədək Füzuli rayonu 19 nömrəli orta məktəbində əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə yanaşı, həmçinin müvafiq əmr və arayışlar ilə təsdiq olunduğundan, həmin dövrlər onun sığorta stajına daxil edilməli və əmək pensiyası yenidən hesablanmalıdır. «İnzibati icraat haqqında» Qanununun: -15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı 15 avqust 1980-ci il tarixindən 31 may 1993-cü il tarixinədək Füzuli şəhəri 2 nömrəli qiyabi orta məktəbində və Füzuli rayonu Şükürbəyli kənd orta məktəbində, həmçinin 1 sentyabr 1993-cü il tarixindən 1 iyun 1996-cı il tarixinədək Füzuli rayonu 19 nömrəli orta məktəbində işlədiyi dövrlərin sığorta stajına daxil edilməsisi və pensiyanın yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar