Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11127/2023 29.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına qarşı “pensiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına qarşı “pensiyanın ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddia tələbinə dair dəqiləşmə verilərək iddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə 28 fevral 2023-cü il tarixli qərarda 12-ci qrafada təyin olunma tarixində 1 yanvar 2020-ci il tarixinin 15 yanvar 2019-cu il tarixi ilə əvəz edilməsi və ödənilməmiş pensiya fərq məbləğinin 15 yanvar 2019-cu il tarixdən 01 yanvar 2020-ci il tarixədək hissəsinin ödənilməsinin cavabdehə həvalə edilməsi xahiş edilmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2018-ci il tarixdə öz arzusuna əsasən ehtiyata buraxılmışdır. Qanunvericiliyin tələbinə əsasən səhhəti ilə əlaqədar daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Lakin, Müdafiə Nazirliyinin səhvi səbəbi ilə az maaşlı vəzifəyə keçirilmənin xəstəliklə bağlı olması göstərilməmiş, məhkəmə qərarı əsasında isə buna dair iddia təmin edilmişdir. Cavabdehdə bununla bağlı məlumat olmasına baxmayaraq keçmiş dövr üçün ödənilməmiş pensiya fərqinin hesablanaraq ödənilməsi təmin edilməmişdir. Nəzərə alınmalıdır ki, Müdafiə Nazirliyinə 07 fevral 2019-cu il tarixdə müraciət edilmişdir, Nazirlik tərəfindən yeni məlumat vərəqəsi göndərildiyi tarixdən, yəni mart 2023-cü ildən geriyə 3 il-mart 2020-ci il tarixinədək fərq ödənilməlidir. Lakin, 2019-cu ilin fevral ayından 2020-ci il mart ayınadək məbləğ ödənilməmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əmək pensiyası Nazirliyin yeni məlumat vərəqəsi əsasında hesablanmış, 30 yanvar 2023-cü il tarixdə ödəmələr barədə müraciət edildiyi nəzərə alınmaqla keçmiş 3 il üçün, yəni 30 yanvar 2020-ci il tarixdən ödənişlər aparılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 07 fevral 2019-cu il tarixli Müdafiə Nazirliyinə iddiaçının müraciətindən görünür ki, əmrdə dəyişiklik edilərək səhhəti ilə bağlı hərbi hissəyə keçirilməsi xahiş edilmişdir. Cavabdehin məktubundan görünür ki, hesab edilmişdir ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulduğudnan müraciətin təmini mümkün deyildir. Bakı Apellyasiya Məhkəməsinin qərarından görünür ki, iddiaçının Müdafiə Nazirliyinə qarşı iddiası təmin edilərək əmrdə müvafiq dəyişiklik edilərək xidməti mənafeyi naminə səhhəti ilə əlaqədar olaraq sözlərinin əmrə əlavə edilməsi cavabdehə həvalə edilmişdir. Əmək pensiyasının yenidən hesablanması barədə qərardan görünür ki, iddiaçıya əmək pensiyası 15 yanvar 2019-cu il tarixdən təyin edilmiş, ödənişlər isə 01 yanvar 2020ci il tarixdən aparılmağa başlanılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1- 1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli Qərardadının:
75. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarından göründüyü kimi 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır.
76. Beləliklə, müəyyən olunur ki, sözügedən qanun normasının qəbul edilməsi ilə əmək pensiyaçılarının hüquqi vəziyyətlərinə təsir edən yeni məzmunda normativ tənzimləmələr həyata keçirilmişdir. Bu yeni normanın əmək pensiyası hüquqları 2017-ci il 01 iyul tarixdən sonra yaranan şəxslərə münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, həmin tarixədək hüquqlarının yaranmasına baxmayaraq pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün qanunvericilikdə dəyişiklik edilənədək müraciət etməmiş, başqa sözlə, hüquqlarını reallaşdırmamış şəxslərin hüquqlarının həyata keçirilməsinə münasibətdə bu normanın tətbiq edilməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirilməlidir. Bunun üçün isə ilk növbədə dövlətin sosial təminat hüququ sahəsində qanunvericilik tənzimləmələri həyata keçirərkən nəzərə almalı olduğu prinsiplərə diqqət yetirilməlidir. Kollegiya nəticədə qərara almışdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qanunvericiliyin, o cümlədən Qərardadın tələblərindən göründüyü kimi müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış olsa belə, əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinin əvvəlki redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərdilər. Qeyd edilən maddəyə 2017-ci il 10 mart tarixli Azərbaycan Respublikasının Qanunu (1 iyul 2017-ci il tarixindən qüvvəyə minmişdir) ilə edilmiş dəyişikliyə əsasən, bu maddədən “heç bir müddət məhdudiyyəti olmadan” sözləri çıxarılmış, həmçinin yeni məzmunlu 32.1-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Ali Məhkəmənin İnzibati Kollegiyası 8 oktyabr 2020-ci il tarixli qərardadı ilə qeyd edilən maddənin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə də münasibətdə tətbiq edilməsini qərara almışdır. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Məhkəmələr tərəfindən bu növ iddialara baxılan zaman, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 17 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqelərinə riayət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu onu da göstərməyi vacib hesab edir ki, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Yuxarıda qeyd olunan normativ tələblər baxımından hazırkı işin faktiki halları onunla bağlıdır ki, iddiaçı ona 15 yanvar 2019-cu il tarixdən hərbi qulluqçu kimi əmək pensiyası məlumat vərəqəsi tərtib edilməsinə baxmayaraq ödənişlərin az olması ilə bağlı düzgün hüquqi müdafiə vasitəsi seçərək onun barəsində qəbul edilmiş əmrdə dəyişikliyə məhkəmə qərarı əsasında nail olaraq əmrdə xidməti mənafeyi naminə səhhəti ilə əlaqədar olaraq sözlərinin əlavə edilməsinə nail olmuşdur ki, bunun nəticəsində tərtib edilmiş yeni məlumat vərəqəsinə əsasən iddiaçıya təyin edilmiş əmək pensiyası artırılmaqla yenidən hesablanmışdır. Lakin, cavabdehin əmək pensiyasının yenidən hesablanması barədə qərarından görünür ki, iddiaçı 15 yanvar 2019-cu il tarixdən pensiya təyin edilməsinə baxmayaraq artırılan məbləğin ödənişi müraciətin əvvəlki 3 illik dövr üzrə məhdudlaşdırılmasına istinad edilərək 01 yanvar 2020-ci il tarixdən ödənilməsi barədə mövqe nümayiş etdirilmişdir. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.5 Təminat xərcliyi (pul təminatı) dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ başa düşülür. 9.6 Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın:
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir.
3. Bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir.
4. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Qanunvericiliyin tələbindən də göründüyü kimi hərbi qulluqçuların əmək pensiyasının yenidən hesablanması ilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar iddiaçının xidmət etdiyi orqan tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli, təqdim olunmuş məlumatlar əsasında da əmək pensiyası adıçəkilən qurum tərəfindən yenidən hesablanmalıdır. Göründüyü kimi müvafiq məlumat vərəqi Fonda təqdim edilmədən iddiaçının birbaşa olaraq Fonda müraciət etməsi səmərəli hüquq müdafiə vasitəsi kimi çıxış etmir. İşin faktiki halları ilə də müəyyən olunur ki, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə Dövlət Sərhəd Xidmətinə əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciət etmiş, müraciətinin təminindən imtina edilmişdir. İddiaçı da bundan məhkəməyə müraciət etmiş, məhkəmə çəkişmələrindən sonra tələbinin təmin edilməsinə nail olmuşdur. Beləliklə, əmək pensiyasının yenidən hesablanması ilə bağlı məhkəmə qərarının icrası üçün məlumatın Fonda gec daxil olması iddiaçının təqsiri ucbatından olmamış, əsaslı tələbinə inzibati orqan və məhkəmə tərəfindən baxılması ilə əlaqədar olmuşdur. Konstitusiya Məhkəməsinin yuxarıda adıçəkilən qərarında isə konkret olaraq göstərilmişdir ki, müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmaması nəzərə alınmalıdır. İşin faktiki hallarından isə görünür ki, hazırkı iş üzrə də əmək pensiyasının yenidən hesablanaraq əvvəlki müddət üzrə ödənişlərin edilməsi ilə bağlı iddiaçının cavabdehə müraciəti məhz onun iradəsindən asılı olmayan səbəblərdən, yəni digər dövlət orqanının əsassız imtinası səbəbindən olmuşdur. Halbuki, həmin orqan tərəfindən müraciət təmin edilənədək hazırkı cavabdehə qarşı iddianın əsaslılığı mümkün olmayacaqdır ki, bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarından sonra iddiaçı yeni məlumat vərəqəsinin tərtib edilməsinə nail olmuşdur ki, digər inzibati orqanın iddiaçının iradəsindən asılı olmayan səbəblərə əhəmiyyət vermədən 3 illik müddətlə bağlı məhdudiyyəti tətbiq etməsi iddiaçının mülkiyyət hüququnun pozuntusu ilə nəticələnmişdir. Halbuki, iddiaçı 01 yanvar 2020-ci il tarixdən əvvəldən həmin ödənişlərin edilməsinə nail olmağa çalışmış, cavabdeh isə həmin halı nəzərə almamışdır. Odur ki, cavabdeh iddiaçının ödənişlərin edilməsi ilə bağlı müraciətinin 2023-cü ilin yanvar ayından müəyyən etməsində qanunsuz və əsassız mövqe nümayiş etmiş, əvvəlki məhkəmə icraatının predmeti olan iddia tələbinin məzmununun hazırkı mübahisə üzrə əhəmiyyətini anlamadan, iradəsindən asılı olmayan hallara əhəmiyyət vermədən müraciətin təminindən imtina etmişdir. Halbuki, işin faktiki hallarından görünür ki, iddiaçı ona pensiya təyin edildiyi 15 yanvar 2019-cu il tarixdən ilkin ödənişin edilməyə başlanıldığı 01 yanvar 2020-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin ödənilməsi hüquna malik olmuşdur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-889/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarda da qeyd edilmişdir ki, söhbət təkcə bilavasitə pensiya təyin edən orqana deyil, həm də əmək pensiyası hüququnun reallaşdırılması (pensiyanın təyin edilməsi və ya təyin edilmiş pensiyanın yenidən hesablanması) prosesində buna səlahiyyətli olan digər inzibati orqana – hazırkı halda, təminat xərcliyinə dair məlumatın verilməsi üçün qulluq etdiyi orqanın müvafiq qurumuna müraciətdən gedir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 3-cü bəndinə əsasən, bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə 28 fevral 2023-cü il tarixli qərarda 12-ci qrafada (ötən dövrlər üzrə təyin olunmuş pensiya məbləğləri haqqında məlumat) təyin olunma tarixində 1 yanvar 2020-ci il tarixinin 15 yanvar 2019-cu il tarixi ilə əvəz edilməsi və ödənilməmiş pensiya fərq məbləğinin 15 yanvar 2019-cu il tarixdən 01 yanvar 2020-ci il tarixədək hissəsinin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov