Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11131/2024 16.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Cavabdeh İB-nin Qaz paylaşma stansiyasına və iddiaçıya məxsus həyətyanı sahəyə bitişik ümumi istifadədə olan boş torpaq sahəsinə cavabdeh tərəfindən qanunsuz olaraq çəkilən tor setkanın sökülməsi və həmin əraziyə ötən il əkilmiş fidan (şiv) ağacların qismən ətrafdakı boş ərazilərə köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Cavabdeh İB-nin Qaz paylaşma stansiyasına və ona məxsus həyətyanı sahəyə bitişik ümumi istifadəsində olan boş torpaq sahəsinə cavabdeh tərəfindən qanunsuz olaraq çəkilən tor setkanın sökülməsi və həmin əraziyə ötən il əkilmiş fidan (şiv) ağacların qismən ətrafdakı boş ərazilərə köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.2016-cı ildə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu yolu ayrıcında yerləşən “Xəyal” kafesinin arxasında ev tikdirmək niyyəti ilə 0,015 ha həyətyanı torpaq sahəsi almış, sonra da oranı daş hasara almışdır. Bu torpaq sahəsinin arxası və sağ tərəfi şəxsi evlərlə əhatə olunmuşdur. Sol tərəfində, iddiaçının torpaq sahəsinə perpendikulyar, 8-9 metr aralıda Cavabdeh İB-nin Qaz Paylaşma stansiyası yerləşir. İddiaçının aldığı torpaq sahəsi ilə stansiyanın arasında orada yaşayanların ümumi istifadəsində olan təxminən 4-5 sot boş torpaq sahəsi yerləşir. Bu torpaq sahəsi dəniz tərəfdən Qobuya gedən yolun hasarına, sol tərəfi stansiyanın ərazisinə, arxadan iddiaçının torpaq sahəsinin hasarına söykənir. Sağa “Xəyal” kafesi tərəfə isə ümumi gediş-gəliş yoludur. Həm də Qobu-Lökbatan şosse yoluna gedən maşın yoludur. İddiaçının sağ tərəfindəki qonşusu, iddiaçı və stansiya bu sahədən həm piyada gediş-gəlişi, həm də avtomobil yolu, yükdaşıma və maşın yolu kimi istifadə edirdilər. İddiaçının torpaq sahəsinin hasarından həmin boş torpaq sahəsinə darvaza və piyada qapı yolu açılmışdır. Bu yolla Lökbatanın mərkəzinə gələn şosse yola çıxırlar. Bu şosseyə yeganə çıxış yoludur. 2021-ci ilin sonlarında Qaz paylaşma stansiyası qonşuları və iddiaçını xəbərdar etmədən həmin ümumi istifadədə olan boş sahəni iddiaçının həyətyanı sahəsinin hasarı boyu tor setka ilə hasara almış, stansiyanın ərazisinə qatmışdır. Daha sonra isə cərgə ilə şiv (fidan) ağaclar əkmişlər. İddiaçının torpaq sahəsinin sağ tərəfindəki qonşularının hasarları boyu sahəyə isə toxunulmamışdır. Yeganə olaraq iddiaçının həyətyanı sahəsinə bitişik olan ərazi Qobu yolu daş hasarına qədər tor setka ilə hasara alınmışdır. Bununla da faktiki olaraq iddiaçının həyətyanı sahəsinə gedən istər piyada, istərsə də avtomobil yolu tam bağlanmışdır. İddiaçı yolun özbaşına bağlanmasını biləndən sonra öncə Qaradağ rayon Qaz İdarəsinin rəisinə şikayət etmişdir. İddiaçıya bununla bağlı Baş İdarəyə müraciət etməsini bildirmişlər. Bundan sonra iddiaçı Cavabdeh rəhbərliyinə şikayət ərizəsi yazmış, hasarın sökülməsini xahiş etmişdir. Ancaq iddiaçının yazılı müraciətinə Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədovun xx.xx.2024-cü il tarixli yazılı “xidməti məlumat” cavabında göstərilir ki, "Araşdırma zamanı məlum oldu ki, qeyd olunan torpaq sahəsi 2000-ci il tarixdən strateji obyekt olan Qaradağ rayonu, X2 məntəqəsinin ərazisi kimi istifadədir və Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı İdarəsinin Departamentinin balansında və istismarındadır". İddiaçıya xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. Belə ki, iddia ərizəsindən də göründüyü kimi, tələb mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı maneələrin aradan qaldırılmasına yönəlmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddia tələbi xüsusi hüququn araşdırma predmetinə daxil olduğundan inzibati məhkəmə araşdırmasının predmeti qismində çıxış edə bilməz. İddiaçı hazırkı tələb üzrə ərazi aidiyyəti tələbləri nəzərə alınmaqla daşınmaz əmlakın yerləşdiyi yer üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsində) iddia qaldırmaq hüququna malikdir. Hüquqi yardım məktubunda həmçinin qeyd olunmuşdur ki, hazırkı iddia üzrə iddiaçının subyektiv hüquqa malik olub-olmaması məsələsinin də araşdırılması zərurəti yaranmışdır. Belə ki, iddiaçı mübahisəli torpaq sahəsinə münasibətdə hər hansı hüquqmüəyyənedici və ya hüquqlarını təsdiq edən sənədə malik deyil. Məhkəmənin xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubunda iddiaçıya qeyd olunanlara münasibət bildirməsi təklif olunmuş, lakin ötən müddət ərzində münasibət bildirilməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək qanuna müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər-hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyil. Belə ki, iddia tələbi inzibati icraat çərçivəsində deyil, mülki mühakimə icraatı qaydasında yaranan hüquq münasibətinə əsaslanır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir. Xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədirlər, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İddia ərizəsindən də göründüyü kimi, tələb cavabdehin ümumi (publik) hüquq sahəsindəki qərarı, hərəkəti və ya hərəkətsizliyi, qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirməsi və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etməsi ilə bağlı deyildir. İddia tələbi ümumi istifadədə olan yola cavab tərəfindən çəkilmiş tor setkanın sökülməsi və əkilmiş ağacların ətrafdakı boş ərazilərə köçürülməsi ilə bağlıdır ki, bu halda da iddia mülki xarakter daşımaqdadır. Bu isə ümumi hüququn tənzimetmə predmetinə aid olan məsələ kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 15-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi mülkiyyət hüququnun həyata keçirilməsinə törədilən maneələrin aradan qaldırılmasına, mülki hüquqların həyata keçirilməsinə yönəlik tələb olmaqla xüsusi hüququn tənzimetmə predmetini təşkil etdiyindən iddia mümkün sayılmamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinə qanunvericiliyin yuxarıda sadalanan normalarının tələbləri izah olunmuş və dinlənilmə hüququ təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının tövsiyəsinə uyğun olaraq iddiaçıya izah edir ki, o, hazırkı iddia tələbi ilə mülki mühakimə icraatı qaydasında ümumi məhkəməyə müraciət edə bilər. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdehnə qarşı “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Cavabdeh İB-nin Qaz paylaşma stansiyasına və iddiaçıya məxsus həyətyanı sahəyə bitişik ümumi istifadədə olan boş torpaq sahəsinə cavabdeh tərəfindən qanunsuz olaraq çəkilən tor setkanın sökülməsi və həmin əraziyə ötən il əkilmiş fidan (şiv) ağacların qismən ətrafdakı boş ərazilərə köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X4.
Məhkəmə qərarları › İş №2-1(112)-11131/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11131/2024
16.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver