Məhkəmə qərarları › İş №2-1(112)-11138/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11138/2022

21.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11138/2022 21.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi Nümayəndə (ünvan 1 ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydinin bərpa edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 01 mart 1950-ci ildə Ermənistan SSR, Aşağı Kilsə kəndində doğulmuş İddiaçı doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin Nəsimi rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı səhəri 1 saylı Bakı "Asan Xidmət" X4 müraciət edərək doğum haqqında akt qeydinin bərpa olunmasını xahiş etmiş, lakin sonuncu xx.xx.2022-ci il tarixli 05/Q-745/İ3 saylı cavab məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı qərarına istinad edərək imtina etmişdir. İddiaçı imtinanı əsassız hesab edir. Belə ki, doğum haqqında şəhadətnamənin sözügedən orqana təqdim edilməsinə baxmayaraq, doğum haqqında akt qeydinin bərpa edilməsindən əsassız imtina edərək, qeyd etmişdir ki, “...doğum haqqında şəhadətnamədə araşdırma nəticəsində adda ziddiyyət olduğu aşkar edilmişdir. Belə ki, doğum haqqında şəhadətnamədə iddiaçının adının "Pürüzə" olduğu halda, şəxsiyyət vəsiqəsində iddiaçının adı "Firuzə" qeyd edilmişdir. Bu səbəbən kifayət qədər əsas olmadığı üçün ərizənin təmin edilməsi mümkün olmamışdır". İddiaçı qeyd edir ki, şəxsiyyət vəsiqəsi alınan zaman müvafiq quruma nikah haqqında şəhadətnamə və keçmiş SSRİ pasportu təqdim edilmişdir. Lakin, şəxsiyyət vəsiqəsi verilən zaman texniki səhvə yol verilərək, ad “Pürüzə" əvəzinə, "Firuzə" kimi qeyd edilmişdir. Bununla yanaşı, inzibati orqana müraciət edilən zaman doğum haqqında şəhadətnamə ilə yanaşı, nikah haqqında şəhadətnamə də təqdim edilmişdir. Həmin sənəddə də adı "Pürüzə" kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümaəyndəsi iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni hüquqi əhəmiyyətli fakt olan doğum faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum akt qeydinin bərpa olunması ilə bağlıdır. İddiaçı doğum haqqında akt qeydinin bərpası ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən arzuladığı faktiki xarakterli hərəkətlər həyata keçirilmədikdən sonra, seçdiyi yer üzrə Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı iddia qaldırmışdır. İrəli sürülmüş iddia öhdəliyin icrası növündə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN xidmət” X2 01 avqust 2022-ci il tarixli, 05/Q/ -745/15 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılaraq, iddiaçı tərəfindən şöbəyə doğum haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə) təqdim olunmasına baxmayaraq, doğum haqqında şəhadətnamədə araşdırma nəticəsində iddiaçının adında ziddiyyət olduğunun aşkar edildiyi, doğum haqqında şəhadətnamədə iddiaçının adının “Pürüzə" olduğu halda, şəxsiyyət vəsiqəsində “Firuzə” qeyd edildiyi bildirilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları”nı müəyyən edən əsas müddəaların birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası Qaçqınlar Cəmiyyəti İctimai birliyi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 116 №li arayışdan görünür ki, Ermənistan Respublikasının Quqark rayonundan gəlmiş və hal-hazırda Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, ev 76 ünvanda yaşayan İddiaçı həqiqətən məcburi köçkündür, evi və əmlakı məhv edilmişdir. Əsas: şəxsiyyət vəsiqəsi, hərbi bilet, AQC-nin vəsiqəsi, status vəsiqəsi. - Kirovakan rayonunun Aşağı Kilsə kənd soveti tərəfindən xx.xx.1951-ci il tarixdə verilmiş 3Ж №189974 saylı doğum haqqında şəhadətnamənin Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 01 mart 1950-ci il tarixdə Kirovakan rayonunun Aşağı Kilsə kəndində doğulmuşdur. X1, anası X5r. Milliyyəti azərbaycanlıdır. - Ermənistan SSR, Quqark rayonu, Hallavar kənd soveti tərəfindən 07 may 1970-ci il tarixdə verilmiş İ-3Ж №280728 saylı Nikah haqqında şəhadətnamənin Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1950-ci il tarixdə Ermənistan SSR, A.Kilsə kəndində doğulmuş X6 xx.xx.1947-ci il tarixdə Ermənistan SSR, Quqark rayonunda doğulmuş X8 ilə nikaha daxil olmuş, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında 07 may 1970-ci il tarixdə, 18 nömrə ilə qeyd edilmişdir. - Elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə olunan məlumatlardan görünür ki, İddiaçı xx xxxx 1950-ci il tarixdə, Quqark rayonunda doğulmuşdur. Ona Nəsimi RPİ tərəfindən AZE ******* nömrəli, xx.xx.2005-ci il tarixli şəxsiyyət vəsiqəsi verilmişdir. - İddiaçıya məxsus Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşı pasportunun surətinin məhkəmə təqdim edilməsi barədə məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4/2052 nömrəli məktubda vətəndaşların pasportlarının ümumiyyətlə Azərbaycan Respublikası Dövlət Arxivlərinə mühafizə üçün verilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda iddiaçının şöbəyə təqdim etdiyi sənədlərdə şəxsiyyət vəsiqəsində adının “Firuzə" kimi, doğum haqqında şəhadətnaməsində isə “Pürüzə” qeyd edildiyinin aşkar edildiyi və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunun təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edildiyi, lakin iddiaçının təqdim etdiyi sənədlər arasında ziddiyyət olduğundan doğum haqqında akt qeydinin bərpasının qeydiyyat şöbəsində mümkün olmadığı bildirilmişdir. İşin faktiki hallarından görünür ki, 01 mart 1950-ci il təvəllüdlü İddiaçı ona məxsus doğum və nikah haqqında şəhadətnamələrdə adının “Pürüzə” olduğuna istinad edərək, doğum akt qeydinin bərpa edilməsini istəyir. İddiaçı mövcud tələbi ilə bağlı Qeydiyyat Şöbəsinə müraciət etsə də, sonuncu tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə istinad olunaraq müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas olaraq iddiaçının təqdim etdiyi sənədlər əsasında ziddiyyət olduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİ hissəsinə əsasən qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarilxi, 03 nömrəli Qərarından: Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; - 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır; - 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; - 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; - 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: - 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. - 14-cü bəndinə əsasən, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. - 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. - 16-1-ci bəndinə əsasən, xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir. - 16-3-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsi barədə qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən ilkin akt qeydinin olduğu qeydiyyat orqanına (Ermənistan Respublikası istisna olunmaqla) məlumat göndərilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən sübutlar doğum haqqında akt qeydinin bərpası üçün kifayət edir. Belə ki, doğum və nikah haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən iddiaçının adının “Pürüzə” kimi qeyd olunduğu məlum olur. Odur ki, iddia təmin edilməli, 01 mart 1950-ci il tarixdə Kirovakan rayonunun Aşağı Kilsə kəndində doğulmuş iddiaçının doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 01 mart 1950-ci ildə Ermənistan SSR, Kirovakan rayonu, Aşağı Kilsə kəndində doğulmuş X3 doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyi Nəsimi rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar