Məhkəmə qərarları › İş №2-1(112)-11138/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11138/2025

17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11138/2025 17.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 1539 saylı, 07 sentyabr 1998-ci il tarixli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 557 saylı evin yanında ayrılmış 200 kv.metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 1539 saylı, 07 sentyabr 1998-ci il tarixli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 557 saylı evin yanında ayrılmış 200 kv.metr torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-4268/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsindəki 557 saylı evin yanında yerləşən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 1539 saylı, 07 sentyabr 1998-ci il tarixli sərəncamının iddiaçıya məxsus olması faktı təsdiq edilmişdir. O, bundan sonra cavabdehə yenə müraciət etsə də, bu dəfə cavabdeh hərəkətsizlik göstərərək müraciətinə cavab verməmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair təqdim edilən ilkin hüquqi sənədlərdə vətəndaşın soyadı “Saleqi” kimi qeyd olunduğu halda, vətəndaşın şəxsiyyət vəsiqəsində soyadı “Salehi” kimi yazılmışdır. Həmçinin elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinə dair yerləşmə cizgisində qeyd edilən torpaq sahəsi ilə faktiki sahənin konfiqurasiyasında uyğunsuzluq mövcuddur. Torpaq sahəsinə dair təqdim edilən yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməmişdir. Bundan başqa inventarlaşdırma işləri aparılan zaman qeyd edilən fərdi yaşayış evinin divarlarının bir hissəsinin qonşu mənzillə ümumi istifadə olunduğu məlum olmuşdur. Əlavə olaraq, sənəd üzrə torpaq sahəsinin ölçüsü 0,02 ha qeyd edilsə də, faktiki 0,0109 ha təşkil edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İddiaçıya şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 1539 saylı, 07 sentyabr 1998-ci il tarixli sərəncamı və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 1539 saylı, 07 sentyabr 1998ci il tarixli sərəncamına əsasən iddiaçıya fərdi yaşayış evi tikmək üçün Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 557 saylı evin yanında yerləşən 200 kv.metr torpaq sahəsi ayrılmışdır. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə məhkəməyə (koordinatlar ilə birlikdə) təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən sözügedən torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 0,02 hektar, faktiki 0,0109 ha təşkil edir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda müvafiq sənədlərin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verildiyindən sorğunun cavablandırılmasının mümkün olmadığı bildirilmişdir. İddia ərizəsinə əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin 2(010)-4268/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçının hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsi təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsindəki 557 saylı evin yanında yerləşən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 1539 saylı, 07 sentyabr 1998-ci il tarixli sərəncamının İddiaçı məxsus olması faktının təsdiq edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.8.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.8.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndində “yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar” öz əksini tapmışdır. İşdən görünür ki, iddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 1539 saylı, 07 sentyabr 1998-ci il tarixli sərəncamı ilə ona ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 557 saylı evin yanında yerləşən 200 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsini xahiş edir. Cavabdehin imtinasının əsasları ondan ibarət olmuşdur ki, torpaq sahəsinə dair təqdim edilən ilkin hüquqi sənədlərdə vətəndaşın soyadı “Saleqi” kimi qeyd olunduğu halda, vətəndaşın şəxsiyyət vəsiqəsində soyadı “Salehi” kimi yazılmışdır. Fərdi yaşayış evinə dair yerləşmə cizgisində qeyd edilən torpaq sahəsi ilə faktiki sahənin konfiqurasiyasında uyğunsuzluq mövcuddur. Torpaq sahəsinə dair təqdim edilən yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməmişdir. İnventarlaşdırma işləri aparılan zaman qeyd edilən fərdi yaşayış evinin divarlarının bir hissəsinin qonşu mənzillə ümumi istifadə olunduğu məlum olmuşdur. Sənəd üzrə torpaq sahəsinin ölçüsü 0.02 ha qeyd edilsə də, faktiki 0,0109 ha təşkil edir. İlk öncə məhkəmə qeyd edir ki, torpaq sahəsinin iddiaçıya qanuni əsaslarla ayrılmasını təsdiq edən müvafiq sərəncamın nüsxəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə təqdim edilmişdir və həmin sərəncamın mötəbərliyi məhkəmədə şübhə doğurmur. Cavabdehin imtina əsaslarına münasibətdə isə qeyd edilməlidir ki, həmin əsaslar iddiaçının tələbinin təmin edilməməsi üçün əsas deyildir. Belə ki, torpaq sahəsinə dair təqdim edilən yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməməsi müvafiq orqanın səlahiyyətlərinə aiddir və bunda iddiaçının təqsiri olmadığından, bu hal onun ziyanına şərh edilə bilməz. Eyni zamanda, ilkin hüquqi sənədlərdə vətəndaşın soyadının “Saleqi” kimi qeyd olunduğu halda, şəxsiyyət vəsiqəsində soyadı “Salehi” kimi yazılması da imtina üçün əsas deyil. Belə ki, soyada baxdıqda aydın olur ki, söhbət eyni şəxsdən gedir və onun soyadındakı hərfin fərqli şəkildə qeyd edilməsi onun başqa bir şəxs olmasına dəlalət etmir. Cavabdeh isə bunun əksini sübut edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, Suraxanı Rayon Məhkəməsinin 2(010)-4268/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 1539 saylı, 07 sentyabr 1998-ci il tarixli sərəncamının iddiaçıya məxsus olması faktının təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bununla yanaşı qeyd edilməlidir ki, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən iddiaçının istifadəsində olan torpaq sahəsinin faktiki ölçüsü 109 kv.m göstərilmişdir ki, “Torpaq islahatı haqqında” Qanunun yuxarıda qeyd edilən müddəalarına əsasən həmin sahənin iddiaçının mülkiyyətinə verilməsi üçün hər hansı maneə mövcud deyildir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 557 saylı evin yanında yerləşən 109 kv.metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə olunmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 557 saylı evin yanında yerləşən 109 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) həvalə olunsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar