Məhkəmə qərarları › İş №2-1(112)-11139/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11139/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11139/2024 29.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı və qanuni nümayəndəsi X6, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı “praktiki sağlam olmasına dair arayışın verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı X10 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı “İddiaçı praktiki sağlam olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iş üzrə iddiaçı X10 əsl İddiaçı ilə əvəz edilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası DİN-nin Polis Akademiyasına imtahan verərək 483,9 bal toplamış və qanunda nəzərdə tutulan normativləri müvəffəqiyyətlə vermişdir. Lakin, tibbi müayinədən keçən zaman həkim kardioloq Lalə xanım Abdullayevanın qərəzli mövqe tutması səbəbindən tibbi arayışın verilməsində çətinlik yaradılmışdır. Belə ki, Lalə xanım əvvəlcə ürəyində qüsur aşkar edildiyi barədə arayış versə də, sonradan verdiyi arayışla sağlam olmağını bildirməklə əvvəlki arayışı təkzib etmişdir. Azərbaycan Respublikası DİN Baş Tibb İdarəsinin rəisi cənab Mahmud Yusifov xx.xx.2023-cü il tarixli məktubu ilə məlumat vermişdir ki, sizin iştirakınızla xx.xx.2023-cü il tarixdə konsilium keçirilmişdir və komissiyanın müayinəsindən keçərkən onda "hiss dəstəsinin sol ayaqcığının ön-şaxə blokadası; hiss dəstəsinin sağ ayaqcıq blokadası diaqnozu öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı praktiki sağlamdır və hesab edir ki, həkimlərin səhvi və qərəzli davranışı ucbatından Azərbaycan Respublikası DİN-nin Polis Akademiyasına daxil ola bilməmişdir. Belə ki, həkim kardioloq Lalə xanım Abdullayeva onun ürəyinin həm sağlam, həm də qüsurlu olmasına dair arayış vermişdir. Ona görə də hesab edir ki, praktiki sağlam olmağına dair arayışın verilməsi vəzifəsi Azərbaycan Respublikası DİN Baş Tibb İdarəsinin üzərinə qoyulmalıdır.

4. İddiaçının qanuni nümayəndəsi X6 müraciətinə cavab olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “DİN-in Polis Akademiyasına qəbulla əlaqədar Tibb İdarəsinin Xüsusi həkim komissiyasında müayinələrdən keçərkən oğlunuz İddiaçı elektrokardioqramma müayinəsinin nəticəsinə əsasən “Hiss dəstəsinin sol ayaqcığının önşaxə blokadası; Hiss dəstəsinin sağ ayaqcıq blokadası ilə (Bifaskulyar blokada)” diaqnozu təyin edilmişdir. Daha sonra İddiaçı EXO KQ və xx.xx.2023-cü il tarixdə isə təkrar EKQ müayinəsinə cəlb olunmuşdur. Hospitalın həkim-kardioloqu, professor X2 iştirakı ilə konsilium keçirilmiş, diaqnoz öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə Tibb İdarəsinin XHK-da şəhadətləndirilərək Polis Akademiyasında əyani təhsil almaq üçün yararsız hesab edilmişdir.”

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiaçının Milli Aviasiya Akademiyasının “hüquq” fakultəsi üzrə ali təhsil adığını bildirdi. İddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

8. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır... 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar.

10. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

11. İddia ərizəsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası DİN-nin Polis Akademiyasına daxil olmaq məqsədilə onun praktiki sağlam olmasına dair arayışın verilməsi xahiş edir.

12. Məhkəmə araşdırılması nəticəsində müəyyən edildi ki, iddiaçı 2022/2023-cü il tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanından keçmiş, xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsinə - Polis Akademiyasına müraciət etdikdə isə Tibb İdarəsinin XHK-da şəhadətləndirilərək orada əyani təhsil almaq üçün yararsız hesab edilmişdir. Hazırda isə Milli Aviasiya Akademiyasının “hüquq” fakultəsində ali təhsil alır.

13. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 1007 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsindən: Ümumi Müddəalər: 1.1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası (bundan sonra - Akademiya) ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları: 1.6. Ali təhsil müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun оlan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci və 26.5- 3-cü maddələrində göstərilən hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Ali təhsil müəssisələrinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə mərkəzləşdirilmiş qaydada bu Qaydaların 3-cü hissəsində göstərilən iki mərhələdə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən həyata keçirilir. 2.3. Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olmaq istəyənlər müvafiq təhsil müəssisəsində yaradılmış SQK-ya sağlamlıq və fiziki vəziyyətləri haqqında arayış və özləri haqqında məlumat təqdim etməlidirlər. 4.1. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi abituriyentlərin bütün ixtisas qruplarına imtahan nəticələri elan olunduqdan sonra aparılır. 4.3. Abituriyentlər ali təhsil müəssisələrinin imtahan verdikləri ixtisas qruplarına aid ixtisaslarını seçir, onları istədikləri ardıcıllıqla elektron ixtisas seçimi ərizə formasına daxil edir və təsdiqləyirlər. 5.6. Xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər ilk növbədə həmin ali təhsil müəssisələrinin müvafiq ixtisası üzrə müsabiqədə iştirak edirlər. Abituriyent yalnız bir xüsusi təyinatlı ali təhsil müəssisəsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər. Müsabiqədən keçməyən abituriyentlərə həmin ixtisas qrupuna daxil olan digər ixtisaslar üzrə keçirilən müsabiqədə ümumi qaydada iştirak etmək imkanı verilir.

15. Məhkəmə tərəfindən iddiaçının ali təhsil müəssisəsində təhsil almasına maneə yaradan hallar, başqa sözlə qanunla qorunan maraqlarının pozulması müəyyən olunmur, əksinə ali təhsil müəssisəsinə qəbul olaraq təhsilini davam etdirməsinə baxmayaraq, o, əvvəlki tədris ilində verdiyi imtahanla xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsinə qəbul olmaq məqsədi ilə sağlamlıq barədə arayışın verilməsini xahiş edir.

16. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir.

17. X11 Məhkəməsinin presedent hüququna əsasən: -"Mübahisə" sözü (Fransız dilində "contestation") formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X9rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). -"Mübahisə" real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər. - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). -Mülki "hüquq" un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X7rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X3rşı, § 38). -Məhkəmə yerli qanunvericiliyə əsasən "ictimai hüquq" sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi "contestations sur (des) droits et obligations de caractère sivil" nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki "... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi" mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94).

18. Hazırkı mərhələdə məhkəmə müəyyən edir ki, iş üzrə “real” mübahisə mövcud deyil, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halı müəyyən olunmur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbinə baxılması zərurəti yaranmır, iddia mümkün sayılmamalıdır.

19. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

20. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar