Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1114/2021 11.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçı Rüstəmova Nailə Əkbər qızının (ünvan 1 ünvanında qeydiyyatdadır, ixtisası mühəndis, pensiyaçıdır) cavabdehin nümayəndəsi Hüseynova Gülbəniz Ağahüseyn qızının (Cəbrayıl rayonunda qeydiyyatdadr, ixtisası hüquqşünas, mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı Rüstəmova Nailə Əkbər qızının cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Nəsimi rayon şöbəsinə) qarşı “əmək pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Rüstəmova Nailə Əkbər qızı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” və “xxxx” müəssisələrində işlədiyi illərin nəzərə alınması ilə əmək pensiyasının yenidən hesablanması və ödınilməmiş fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinı xahiş etmişdir. İddiaçı Rüstəmova Nailə Əkbər qızı öz tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2017-ci ilin fevral ayından 190 manat əmək pensiyası alır. 2020-ci ilin aprel ayının sonlarında cavabdehə müraciət edərək bildirmişdir ki, onun pensiyası düzgün hesablanmır və pensiyasının düzgün hesablanmasını xahiş etmişdir.Lakin onun müraciəti təmin edilməmişdir.Cavabdehin iddiaçıya ünvanlanmış məktubunda göstərilmişdir ki, iddiaçıya 01.01.2006-cı ilə qədər 15 il 4 ay iş stajı nəzərə alınmaqla 07.05.2015-ci ildən 135,93 manat 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir.31.01.2017-ci ildə pensiyası yaşa görə əmək pensiyası növünə keçirilmişdir.31.01.2018-ci ildən işdən azad edilməyinin səbəbi ilə pensiyasının məbləği yenidən hesablanmışdır.Hazırda iddiaçının pensiyası 260,84 manat təşkil edir.İddiaçı əmək veteranıdır və əmək pensiyası 350-400 manat təşkil edir.İddiaçı hesab edir ki, pensiyası yenidən hesablanaraq ödənilməyən fərq ona ödənilməlidir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, iddiaçı 25.11.1992-ci ildən 01.06.1993-cü ilə qədər “xxxx” KMdə, 02.06.1993-cü ildən 25.05.1999-cu ilə qədər “xxxx” özəl firmasında işlədiyini və sosial sığorta haqlarını ödədiyini iddia edir.İddiaçının işlədiyini iddia etdiyi “xxxx” KM adında bir neçə fərqli hüquqi şəxs qeydiyyatdan keçmişdir, iddiaçının işlədiyini iddia etdiyi “xxxx” özəl firması isə hüquqi şəxslərin qeydiyyat reyestrindən keçməmişdir.İnternet vergi idarəsində olan məlumata əsasən “xxxx” MMC 02.06.2005-ci ildə qeydiyyatdan keçmişdir.Milli Arxiv İdarəsinin 24.11.2020-ci il tarixli cavabına əsasən isə adları qeyd edilən müəssisələrin arxiv sənədləri Milli Arxiv İdarəsinə və İdarənin Bakı filialına təhvil verilməmişdir.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilən 08.12.2020-ci il tarixli cavab məktubuna əsasən bu müəssisələr barədə məlumat aşkar edilməmişdir. Göstərilənlərə əsasən iddiaçının iddiası əsassızdır.Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cаvаbdеhin nümayəndəsi Hüseynova Gülbəniz Ağahüseyn qızı iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1957-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. Cavabdehin Nəsimi rayon şöbəsinin iddiaçıya ünvanlanmış 30.04.2020-ci il tarixli məktubuna əsasən iddiaçıya 01.01.2006-cı il tarixə qədər 15 il 4 ay iş stajı nəzərə alınmaqla hüququnun yarandığı 07.05.2015-ci il tarixdən 135 manat 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir, 31.01.2017-ci il tarixli ərizəsinə əsasən pensiyası 01.03.2017-ci ildən 2-ci qrup əlillikdən yaşa görə əmək pensiyası növünə keçirilmişdir, 31.01.2018-ci ildən işdən azad olmağı səbəbindən pensiyasının məbləği yenidən hesablanmışdır, pensiyasının məbləği 01.02.2018-ci ildə 217,19 manat, 01.01.2019-cu ildə 223,72 manat, 01.01.2020-ci ildə 260,84 manat təşkil edir. İddiaçının əmək kitabçasına əsasən iddiaçı 28.07.1980-cı ildən 03.08.1984-cü ilə qədər Bakı çörək ticarəti müəssisəsində 06.08.1984-cü ildən 03.02.1992-ci ilə qədər mərkəzi konstruktor texnoloji bürosunda, 03.02.1992-ci ildən 03.08.1992-ci ilə qədər TMM Dövlət Komitəsində,03.08.1992-ci ildən 25.11.1992-ci ilə qədər Ali Diplomatiya Kollecində, 25.11.1992-ci ildən 01.06.1993-cü ilə qədər “xxxx” KM-də, 02.06.1993-cü ildən 25.05.1999-cu ilə qədər “xxxx” KM-də, 20.12.2002-ci ildən 19.03.2007-ci ilə, 16.08.2007-ci ildən 02.09.2010-cu ilə qədər Bakı Telefon Rabitəsi İstehsalat Birliyində, 14.09.2010-cu ildən 31.01.2018-ci ilə qədər Xətai telefon qovşağında işləmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının pensiya işindəki sənədlərin surətlərinə əsasən iddiaçı 28.03.2018-ci ildə cavabdehin Nəsimi rayon şöbəsinə müraciət edərək təqdim etdiyi sənədlər əsasında pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 26.09.2020-ci il tarixli, **********8 nömrəli, 30.09.2020-ci il tarixli, **********4 nömrəli məktublarına əsasən iddiaçıya 07.05.2015-ci ildən İİ qrup əlilliyə görə 135,93 manat əmək pensiyası təyin edilmişdir, pensiya hesablanması 01.01.2006-cı ilədək olan 15 il 4 ay əmək stajı nəzərə alınmaqla aparılmışdır.2017-ci ildə iddiaçının ərizəsi əsasında pensiya növü yaşa görə əmək pensiyası növünə keçirilmişdir və 193,07 manat müəyyən edilmişdir, 01.02.2018-ci ildə işdən azad edilməsi ilə əlaqədar pensiyası yenidən hesabnaraq 214,60 manata çatdırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Naziriyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 29.12.2020ci il tarixli məktubuna əsasən “xxxx” KM Ədliyyə Nazirliyi tərəfindən 16.03.1993-cü il tarixdə 674 № ilə dövlət qeydiyyatına alınmış hüquqi şəxsdir, “xxxx” Kiçik Müəssisəsi adlı kommersiya qurumu aşkar edilməmişdir, lakin müəyyən edilmiş “xxxx” firması 15.11.1993cü ildə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır, iddiaçıya 01.01.2006-cı i tarixə qədər 15 il 4 ay iş stajı nəzərə alınmaqla hüququnun yarandığı 07.05.2015-ci il tarixdən 135 manat 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir,31.01.2017-ci il tarixli ərizəsinə əsasən pensiyası 01.03.2017-ci ildən 2-ci qrup əlillikdən yaşa görə əmək pensiyası növünə keçirilmişdir, 31.01.2018-ci ildən işdən azad olmağı səbəbindən pensiyasının məbləği yenidən hesablanmışdır, iddiaçının əmək kitabçasına əsasən iddiaçının 2006-cı ilə qədər əmək stajı 20 ildən çoxdur, lakin pensiya hesablanması 01.01.2006-cı ilədək olan 15 il 4 ay əmək stajı nəzərə alınmaqla aparılmışdır.Cavabdeh etirazında bunun səbəbini iddiaçının 25.11.1992-ci ildən 01.06.1993-cü ilə qədər “xxxx” KM-də, 02.06.1993-cü ildən 25.05.1999-cu ilə qədər “xxxx” özəl firmasında işlədiyi müddətlərin həmin müəssisələrin sənədlərinin arxivdə aşkar edilməməsi, “xxxx” KM adında bir neçə fərqli hüquqi şəxsin qeydiyyatdan keçməsi, “xxxx” özəl firmasının isə hüquqi şəxslərin qeydiyyat reyestrindən keçməməsi, “xxxx” MMC-nin isə 02.06.2005-ci ildə qeydiyyata alınması səbəbi ilə nəzərə alınmaması ilə əsaslandırmışdır. Məhkəmə aşağıda göstərilənlərə əsasən cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının təqdim etdiyi sübut - əmək kitabçası ilə onun “xxxx” KM-də və “xxxx” KM-də işləməsi təsdiqlənir və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim olunan əmək kitabçası onun həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh tərəfindən həmin əmək kitabçasında göstərilən məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. Belə olan halda iddiaçının əmək fəaliyyəti ilə bağlı bütün şübhələr iddiaçının xeyrinə şərh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən isə iddiaçıdan həmin əmək kitabçasının mötəbərliyini təsdiq edən əlavə sənəd və ya məlumat tələb edilməsi qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Eyni zamanda işin faktiki hallarına əsasən “xxxx” KM və “xxxx” firması kimi müəssisələr həqiqətən də 1993-cü ildə dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 3.1-ci bəndinə də göstərilmişdir: “Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı...” Həmin Qaydaların 3.2-ci bəndində göstərilmişdir: 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir:3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 169/2020 nömrəli iş üzrə qəbul edilmiş 10.06.2020-cu il tarixli qərarında əks olunmuş mövqeyinə əsasən “İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır”. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin cavabdeh tərəfindən iddiaçının “xxxx” KM-də və “xxxx” KM-də işləməməsi, həmin müəssisələrdə işlədiyi müddətdə əmək haqqından sosial sığorta haqlarının ödənilməməsi barədə heş bir sübut məhkəməyə təqdim edilməmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır, sığortaçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir:..sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək;.. Həmin Qanunun 2018-ci ilin noyabr ayına qədər qüvvədə olmuş 18-ci maddəsinin redaksiyasına əsasən məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırmaq səlahiyyətiin olması nəzərdə tutulmuşdu. Belə olan halda iddiaçının 2000-ci ilə qədər işlədiyi “xxxx” KM və “xxxx” KM tərəfindən məcburi dövlət sosial sığorta haqlarını ödəməsini təmin etmək iddiaçının deyil,məhz cavabdehin vəzifəsi və səlahiyyəti olduğuna görə həmin müəssisələr tərəfindən məcburi dövlət sosial sığortalarını ödəmədiyi halda bunun məsuliyyəti cavabdehin üzərinə düşür və heç bir halda iddiaçının sosial təminat hüquqlarını məhdudlaşdırmamalıdır. Eyni zamanda məhkəmə o halı da qeyd edir ki, 1993-2002-ci illərdə qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının özünün gəlirlərindən könüllü şəkildə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi nəzərdə tutulmamışdır. Bu hüquq və vəzifə müstəsna olaraq onun işlədiyi müəssisələrə aid idi və müəssisələr tərəfindən həmin hüquq və vəzifənin icra edilməməsi nəticəsində iddiaçının məsuliyyətinin yaranması qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 16 may 2000-ci il tarixli “Məcburi dövlət sosial sığorta ödəmələri üzrə borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən kolxozların, sovxozların, təsərrüfatlararası kənd təsərrüfatı müəssisələrinin və kənd təsərrüfatı məhsullarının istehsalı ilə, o cümlədən quşçuluqla məşğul olan digər hüquqi və fiziki şəxslərin (emal müəssisələrindən başqa) 2000-ci il 1 yanvar tarixə ödənilməmiş məcburi dövlət sosial sığorta ödəmələri üzrə borcları və bu borclara tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış peniya) tam məbləğdə ləğv edilmişdir, 3-cü maddəsinə əsasən Dövlət büdcəsindən maliyyələşən təşkilatların və müəssisələrin 2000-ci il 1 yanvar tarixə məcburi dövlət sosial sığorta ödəmələri üzrə borcları və bu borclara tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış peniya) tam məbləğdə ləğv edilmişdir, 4-cü maddəsinə əsasən “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilmiş dövlət müəssisələrinin özəlləşənə qədər olan məcburi dövlət sosial sığorta ödəmələri üzrə borclarının 2000-ci il yanvarın 1-nə qədər ödənilməmiş hissəsi və onlara tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış peniya) tam məbləğdə ləğv edilmişdir. Məhkəmə hesab edir ki, həmin qanunun tələbləri nəzərə alınmaqla qanunvericiliklə qeyd edilən borclar ləğv edildiyi halda iddiaçının 2000-ci ilə qədər olan dövrdə işlədiyi müəssisələrin (“xxxx” KM və “xxxx” KM) sosial sığorta haqlarını ödəyib-ödəməməsi artıq iddiaçıya pensiya təyin edilərək hesablanması üçün əhəmiyyət kəsb etmir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; Həmin Qanunun 32.1-1. –ci maddəsinə əsasən, Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçı ona pensiya məbləğinin yenidən hesablanması üçün cavabdehə 2020-cii ilin mart ayında müraciət etmişdir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, iddiaçı İddiaçı “xxxx” və “xxxx” Kiçik Müəssisələrində işlədiyi dövrlər nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş (2017ci ilin mart ayından) dövr üçün ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı “xxxx” və “xxxx” Kiçik Müəssisələrində işlədiyi dövrlər nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş (2017-ci ilin mart ayından) dövr üçün ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1114/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1114/2021
11.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver