Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1114/2023 10.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı kirayə müqaviləsinin bağlanılması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Yasamal Rayon İcra Hakimiyyətinə qarşı daimi orderlə əvəz edilmə tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Yasamal Rayon İcra Hakimiyyətinin sərəncamı ilə ona verilmiş xidməti mənzil sahəsində övladı ilə birgə yaşayır. Həmin yaşayış sahəsinə xidməti orderin mövcudluğu daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün kifayət etmədiyindən həmin orderin daimi orderlə əvəz edilməsi ilə bağlı müraciət etmiş, lakin müraciətinin təminindən əsassız olaraq imtina edilmişdir. Məhkəmənin qərardadları ilə X1 və Xətai Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin qərardadı ilə iddia tələbinə dəqiqləşmə barədə verilmiş ərizə icraata qəbul edilmiş, cavabdeh əsl cavabdehlə əvəz edilərək Xətai Rayon İcra Hakimiyyəti cavabdeh qismində müəyyən edilmiş və iddia tələbi Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, DOS-3-də yerləşən 7 saylı mənzilin xidməti mənzillər siyahısından çıxarılmaqla iddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanılması barədə sərəncam qəbul edilməsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, DOS-3-də yerləşən 7 saylı mənzilə daimi kirayə müqaviləsinin bağlanılmasının cavabdehə Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmə barədə ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Cavabdeh etirazı onunla əsaslandırır ki, xüsusi təyinatlı mənzil fondundan mənzilin çıxarılması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin razılığının mövcudluğu mütləq şərtdir. Cavabdeh hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi cavabdehin iddiaya cavab verməli olan inzibati orqan olubolmaması iddianın mümkünlük şərtlərindən biridir ki, hazırkı iddia üzrə cavabdeh iddiaya cavab verməli olmayan inzibati orqan qismində çıxış edir. Belə ki, işin faktiki hallarından da müəyyən edildiyi kimi daimi kirayə müqaviləsinin bağlanılması tələb edilən xidməti orderin olduğu mənzil cavabdehin yox Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansındadır. Hər nə qədər Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan iddia ərizəsinə dair məlumatda balansaxlayıcı kimi həmin qurum tərəfindən daimi orderlə əvəz edilməyə münasibətdə hər hansı etirazın olmadığını qeyd edilsə də, məhkəmə hesab edir ki, hazırkı halda daimi kirayə müqaviləsinin bağlanılmasına münasibətdə cavabdeh qismində yerli icra hakimiyyəti orqanının çıxış etməsi yol verilməzdir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, AR MM-nin: 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu. 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın: 1.4. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aşağıdakılar aiddir: - xidməti yaşayış sahələri; 1.8. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi yerli icra hakimiyyətləri öz balansında olan əmlakla bağlı hər hansı sərəncam vermək, o cümlədən balansında olan mənzillərlə bağlı kirayə müqaviləsi bağlamaq, istifadəyə vermək kimi hüquqlara malikdir ki, hazırda mübahisə predmeti olan mənzil isə cavabdehin balansında olmamaqla Müdafiə Nazirliyinin balansındadır. Xüsusi təyinatlı mənzil fonduna aid olan həmin mənzilə dair yerli icra hakimiyyəti orqanı tərəfindən sərəncam verilməsi isə həmin mənzilin yuxarıda adıçəkilən müddəaların tələblərinə uyğun olaraq aidiyyəti qurumlarla razılaşdırmaqla Müdafiə Nazirliyi tərəfindən xüsusi təyinatlı mənzil fondundan çıxarılma barədə inzibati akt qəbul etməsi və həmin mənzilin yerli icra hakimiyyəti orqanının balansına verilməsindən sonra mümkündür ki, hazırkı iş üzrə həmin prosedura əməl edilmədiyi işin halları ilə müəyyən edilir. Qeyd olunan səbəbdən də mənzilin balansaxlayıcı olmayan inzibati orqana qarşı balansında olmayan mənzilə dair daimi kirayə müqaviləsinin bağlanılması ilə bağlı iddia tələbi cavabdehin düzgün müəyyən edilməməsi səbəbindən mümkün olmamışdır. Ümumiyyətlə qeyd edilməlidir ki, mənzilə daimi kirayə müqaviləsinin birbaşa bağlana bilməməsi səbəbindən mütləq qaydada xüsusi təyinatlı mənzil fondundan çıxarılma barədə iddia tələbinə dair müraciət iddiaçının hüquqi marağına uyğundur. Belə ki, iddia ərizəsindən də göründüyü kimi iddiaçının hüquqi marağı son nəticədə mənzilin özəlləşdirilməsinə nail olmaqdır ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsi ilə xidməti mənzillərin özəlləşdirilməsinə yol verilməməsi ilə bağlı konkret tələb müəyyən edilmişdir. Mənzilin xidməti mənzil hesab edilməməsi ilə bağlı prosedur qayda isə yuxarıda adıçəkilən müddəalarla tənzimlənmişdir. Belə ki, bununla əlaqədar xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. Göründüyü kimi iddiaçının hüquqi marağı mənzilin özəlləşdirilməsinə yönəldiyindən onun mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması barədə balanssaxlayıcı inzibati orqan tərəfindən qərarın qəbul edilməsi mütləqdir ki, həmin qərar qəbul edilmədən xüsusi təyinatlı mənzil fondundan mənzilin çıxarılması və bunun məntiqi davamı kimi də yeni balansaxlayıcı olan yerli icra hakimiyyəti orqanı tərəfindən sərəncam verilməsi mümkün olmur. Bu səbəbdən də iddiaçı hazırkı tələblə səlahiyyəti olmayan inzibati orqana müraciət etmək əvəzinə, həmin əmlakın aidiyyəti qurumla razılaşdırmaqla balansından çıxarılması, yəni xüsusi təyinatlı mənzil fondundan çıxarılması və həmin mənzilin cavabdehin balansına verilməsi barədə Müdafiə Nazirliyinə müraciət etməli, müraciət təmin edilmədikdə isə qeyd olunan tələblə bağlı inzibati məhkəməyə müraciət etməlidir ki, iş materiallarından da göründüyü kimi Nazirliyin aidiyyəti İdarəsi etırazının olmaması barədə məhkəməyə iddia ərizəsinə dair məlumat təqdim etsə də, inzibati qaydada iddiaçıya cavab məktubunda bundan imtina etmişdir ki, həmin imtina nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iddia irəli sürmək hüququna malikdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-1114/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1114/2023
10.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver